Gənclər niyə intihara əl atırlar?

 

Ekspertlər intiharı yaradan səbəblərdən danışırlar

 

Son vaxtlar mətbuatda tez-tez intihar halları ilə bağlı xəbərlər izləyirik. Xüsusilə, gənclərin intiharı seçməsi problemi doğuran səbəblərin araşdırılmasını zərurətə çevirir. Hər il yeni-yeni intihar hadisəsiləri müşahidə olunur. Bir neçə gün öncə mətbuatda 20 yaşlı universitet tələbəsinin intihar etməsi saytların xəbər manşetinə çevrildi. Hansı şəraitdə baş verməsindən asılı olmayaraq bu cinayətin adı özünəqəsd, intihardır. Vəziyyətdən çıxış yolu kimi təhsil müəssisələrində psixoloqların artırılması bu işdə təhsil ocaqlarında psixoloqlarının peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi amili önə çəkilir.

İntihar hadisəsində müəllim-şagird-valideyn üçbucağının hansı tərəfində məsuliyyət payı daha çoxdur?

 

Psixologiya üzrə fəlsəfə doktoru, dosent Rəşid Cabbarov deyir ki, intihar problemi yalnız suisidal risklərin artma dinamikasında deyil, həm onun gözlənilməzliyində həll olunmasının çətinliyindədir: "Valideynlər bunu o zaman hiss etməyə bilərlər ki, zamanında övladları ilə yetərincə ünsiyyət, güvənli münasibət qurmağı bacarmırlar. Suisidal davranışın yaranmasında ailə tərbiyəsi əsaslı mexanizm hesab olunur. İntihar hallarının əksəriyyəti gizli həyata keçirilir. Amma bununla belə, simptomatik göstəriciləri müəyyənləşdirmək mümkündür. Özünə qəsd edən insanın psixoloji durumunun normal olmaması məsələsi birmənalı şəkildə Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarında təkzib edilir. Sui-qəsd edənlərin 60-70 faizi praktik baxımdan tam sağlam şəxslərdir.  Əvvəlcə suisidal fikirlər yaranır, sonra plan intihara cəhd baş verir. Təlimlə bağlı əhval-ruhiyyənin, ailədaxili münasibətlərin pozulması, uğursuz sevgi, psixi vəziyyətin qeyri-adekvatlığı hələ tam formalaşmayan yeniyetmə psixikasını zədələyir. Aqressivliyin, həyəcanın yüksək olduğu hallarda şüurda baş verən daralma zamanı yeniyetmə özünü çıxılmaz vəziyyətdə hiss edir. Dünyanı hələ adekvat dərk edə bilməyən məktəbli hiss etdiyi acılardan xilas olmağın yolunu intiharda görür. Aparılmış tədqiqatlardan belə nəticəyə gəlirik ki, yeniyetmə intiharlarının çoxu köməyə çağırışdır. Yeniyetmələrdə suisidal davranış demonstrativ, affektiv, həqiqi xarakterli olur. Ancaq bir məqamı qeyd etməliyəm ki, məktəblilələr çox zaman ölümə geri qayıdan proses kimi yanaşırlar bu da intihar aktında öz sözünü deyir. Dəqiq məlum deyil ki, intihar nədən baş verir. Amma bir sıra hallarda onun simptomları özünü göstərə bilir. Bu, çox latent planlaşdırılmış prosesdir".

 

Rəşid Cabbarov hesab edir ki, bu məsələdə valideynin rolu da danılmazdır: "Valideynlərin övladlarının əhval-ruhiyyəsinin, davranışlarının dəyişməsini, depressiv vəziyyətdə olduğunu, hansısa problemlə üzləşdiyini hiss edərkən bu vəziyyətə ötəri reaksiya vermələri hələ yaşanmamış bir ömrün yarıda bitməsilə nəticələnməsinə səbəb ola bilər. Yeniyetməliyin insan həyatının ən çətin dövrü olduğunu valideynlər unutmamalı, övladlarının problemlərinə ciddi yanaşmalı, öhdəsindən gələ bilmədikdə isə mütəxəssisə müraciət etməlidirlər".

 

Təhsil İnstitutunun direktor müavini, pedaqoji elmlər namizədi, dosent Ənvər Abbasov bu problemin həllində məktəbi, müəllimi günahlandırmağın yanlış yanaşma olduğunu düşünür. Ənvər Abbasov hesab edir ki, bu hadisələrin baş vermə səbəblərini məktəblə əlaqələndirmək bunu təhsil ocağının üzərinə düşən vəzifə kimi izah etmək doğru deyil: "Belə baxanda ortayaşlı daha yaşlı insanlar da intihar edirlər.  Bəs onlar hansı səbəbdən intihara əl atırlar? Çox güman ki, bu, intihar edənin ekstremal vəziyyət keçirməsilə bağlıdır. O, artıq müəyyən bir hadisədən təsirlənərək çıxış yolunu özünü məhv etməkdə görür. əgər o, bir an dayanarsa, sonradan heç vaxt belə bir hərəkətə yol verməz. Hər halda belə halların baş verməsi insana xas olan keyfiyyətdir. İnsan harada formalaşır? Burada yalnız məktəbi düşünmək doğru deyil. İnsan dünyaya gələrkən öz tipini, xarakterini dünyaya gətirir. Onlar da dəyişməyən müəyyən keyfiyyətlərdir. İnsan eyni zamanda ailədə formalaşır. Mən düşünürəm ki, ailələrin məsuliyyəti daha çoxdur. Bu fikri söyləməklə digər amilləri kənara qoymaq istəmirəm. Əslində, uşaq öz valideynləri ilə ünsiyyətdə daha çox olur, görür götürür. Eyni zamanda indiki müasir sosial mühitdə informasiya texnologiyalarının geniş yayıldığı əsrdə, informasiya mühitində o informasiyaların axınının qarşısını almaq mümkün deyil. Heç kəs uşaqların yanında 24 saat dayanıb durmur. Uşaqlar sosial mühit məktəbdə elə izlənməlidir ki, onlar intihara üz tutmasınlar. Məktəbdə psixoloqlar bununla məşğul olur. Amma bu bütöv müəllimlər tərəfindən aparılmalıdır. Cəmiyyətdə bütövlükdə qarşılıqlı fəaliyyət qurulmalı, ailələr buna hazır olmalıdır. Ailələr öz məsuliyyətini məktəbin üstünə atmamalıdır. Onların özününsistemi olmalıdır". 

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiyaanalitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov cəmiyyətimizdə məişət zorakılığı, ailədə zorakılıq hallarının qarşısının alınması məqsədilə davamlı şəkildə işlərin aparıldığını deyir. Ekspertin sözlərinə görə, ailə siyasətinin gücləndirilməsi, uşaq və qadın hüquqlarının təşviqatı ilə bağlı, həm təşviqat işinin aparılması, həm də qadın və ailə sahibkarlığının yaradılması ilə əlaqədar Avropa İttifaqı, BMT ilə birgə layihələr həyata keçirilir: "2020-ci ilin statistikasına görə, 6 min nəfərə qədər qadına texniki dəstək göstərilib. Onlar kiçikorta sahibkarlıq müəssisələri açıblar. Bu işlər davamlı şəkildə aparılır. Burada əsas məqsəd vətəndaşların maarifləndirilməsidir, uşaqların və qadınların öz hüquqlarını bilməsidir, onların zorakılıqdan azad olmuş cəmiyyətdə yaşamasıdır. Bununla bağlı komitənin özünün zorakılıq hallarının,  psixoloji problemlərin aradan qaldırılması ilə bağlı tədbirləri var. Xüsusilə, pandemiya vaxtında onlayn psixoloji dəstək resurslarından istifadə edilib. Hansı ailələrdə internet əlçatanlığı yox idi, ailələrə zəng layihəsində zənglər edilərək psixoloji dəstək göstərilib. Dövlət Komitəsinin 860 nömrəli qaynar xətti yaradılıb ki, bu telefon vasitəsi ilə ailələrə psixoloji xidmət göstərilir. Dövlət Komitəsi tərəfindən bir neçə istiqamətdə aparılır. Milli qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanır, qadın və uşaq hüquqlarının təkmilləşdirilməsi istiqamətində araşdırmalar aparılır, boşluqlar müəyyənləşdirilir.

 

Ailə institutlarının bu məsələdə rolundan danışan Elgün Səfərov onu da qeyd edib ki, ailə institutu möhkəm olanda problemlərdə də durğunluq yaranır: "Problemlərdə stabillik olanda onun qarşısının alınması da yüngül olur. Ailə institutuna vurulan zərbələr - alkoqol içkilərin istifadəsi, asılılıq vəziyyətinə gətirən narkotik mənşəli vasitələrin istifadəsi, bugünkü gün cəmiyyətimizdə çox aktual olan sonsuzluq problemi ailələrin dağılmasına və məişət zorakılığı hallarının çoxalmasına təsir göstərir. Zorakılıq hallarının aradan qaldırılması preventiv mexanizmdir. Buna görə də operativ xidmətlərin göstərilməsi vacibdir. Bunlardan birini biz təklif etmişdik: "One stop"- "Bir dayanacaq"ın yaradılması. "Bir dayanacaq" sığınacağının yaradılmasında vətəndaşlara hüquqi, sosial, psixoloji xidmətlər göstərilə bilər.

 

Yetkinlik yaşına çatmayan uşaqların narkotik vasitələrə düçar olmasının qarşısının alınması üçün məktəblərdə, universitetlərdə xüsusi təlimlərin keçirilməsi, roliklərin hazırlanması, maarifləndirici bukletlərin çap olunması vacibdir. Bu bir maarifləndirmə istiqamətidir davamlı şəkildə aparılmalıdır.  Əsas məsələ bu gün sosial şəbəkələrdən uşaqların müdafiəsinin təmin olunmasıdır. Bu isə internet təhlükəsizliyinin təmin edilməsi kiber cinayətkarlıqla mübarizədir. Xaricdən maliyyə vəsaiti alan təşkilatların uşaqlara qarşı məqsədli şəkildə layihələri var idi. Belə hallar 2014-cü ildə baş vermişdi. Son on illikdə bu məsələlər çox aktuallaşıb. qədər ki, sosial şəbəkələrə əlçatanlıq güclənir, bunun müsbət elementləri ilə yanaşı mənfi indikatorları da ortaya çıxır. Buna görə uşaqlar üçün mobil tətbiqlər həyata keçirməlidir. Kompüterlərində, telefonlarında git.seyf.az kimi mobil tətbiqlər olmalıdır. Həmçinin internet resurslarında Azərbaycan dilində cizgi filmləri, maarifləndirici resurslar çoxaldılmalıdır".

 

Həyat sərt döngələri, gözlənilməz sürprizləri ilə güclüləri sevir. Güclü, dözümlü olmağa çalışın, özünüzü qoruyun...

 

Dilşad XAQANİQIZI

 

525-ci qəzet.- 2022.- 19 fevral.- S.8.