"Oğlum deyir ki, kaş, babam Tofiq Bəhramov da vurduğum qolları görərdi"

 

Həmsöhbətimiz dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun elə onun ad-soyadını daşıyan nəvəsi Tofiq Bəhramovdur. Müsahibimizlə mərhum Tofiq Bəhramov, Azərbaycan futbolu və digər bir sıra mövzu barədə danışdıq. 

- Siz özünüz hansı sahədə çalışırsınız?

- Mən hazırda Azərbaycan Dövlət Gömrük Komitəsində işləyirəm.

- Tofiq bəy, babanızı necə xatırlayırsınız?

- Babam ailəsinə çox bağlı, qayğıkeş adam idi. Biz nəvələrini çox istəyirdi. Elə adını da mənə özü verib. Mən onun yeganə oğlan nəvəsiyəm. Babam bizə xatirələrini danışırdı, bizi gəzməyə aparırdı. O vaxt bulvarın yanında yaşayırdıq. Hər axşam gəzməyə çıxırdıq. İndiyə qədər yadımdadır, hamı dönüb bizə baxır, babamla salamlaşırdılar. Mən uşaq idim. Qonşular mənə bəzi əhvalatları danışıblar. Camaat şəhərə gəlib gözləyirdi ki, Tofiq Bəhramov işə nə vaxt gələcək, salamlaşaq. Babam çox çalışqan idi. Həm müəllim işləyirdi, həm də AFFA-nın Baş katibi idi. Lakin mütləq nəvələrinə vaxt, diqqət ayırırdı.

- Babanızın Tofiq Bəhramov olması sizin həyatınızda hansı rolu oynayıb?

- Bu həyatda babam mənim üçün nümunə, mükəmməl insan olub. O, təkcə mənə görə yox, bütün ailəmiz üçün böyük fərəh və qürurdur. Mən də çalışıram ki, onun adını layiqincə daşıyım. Tofiq Bəhramov 20-ci əsrin 60-cı illərində Azərbaycanı dünyada tanıdan fəxri insanlardan biridir.

- Yəqin ki, ailənizin bir çox üzvü bir insan kimi Tofiq Bəhramovu özünə örnək hesab edir.

- Elədir. Tofiq Bəhramov örnək alınası şəxsiyyətdir. Sizə bir söz deyim, mənim oğlum balacadır. Ona Tofiq Bəhramovdan çox danışmışam. Oğlum öz ulu babasını örnək alır. Mənə deyir ki, ata, babam yuxarıdan mənə baxacaq. Hərdən də deyir ki, kaş, baba sağ olardı.

- Babanız dünyada daha çox 1966-cı ildə dünya çempionatının finalında Almaniya ilə matçda İngiltərə millisinin lehinə verdiyi qərarla tanınır. Buna görə də bir çox əcnəbi jurnalistlə müsahibələrinizin olduğunu bilirik...

- Bəli. İngiltərədən müxbirlər gəlirdilər. Qonağımız olur, müsahibə alırdılar. Babamın həmin dünya çempionatında geyindiyi forma bizim evimizdən asılıb. İnanın ki, İngiltərə müxbirləri əsl fanatlardır. Onlar məndən icazə alandan sonra formaya toxunurdular. Böyük Briyaniya kraliçasının verdiyi mükafata da. Hər şeyə çox ehtiyatla yanaşırlar. Bunu sözlə izah etmək mümkün deyil.

- Yəqin ki, siz də futbolla maraqlanırsınız.

- Əlbəttə. Futbolu çox sevirəm.

- Bunda babanızın rolu olub?

- Bəli.

- Bəs hansı komandalara azarkeşlik edirsiniz? Oyunları stadiondan izləyirsinizmi?

- Azarkeşlik etdiyim bir neçə komanda var. Hamı kimi, mən də "Qarabağ"ın oyunlarına gedirəm. "Qarabağ" kimi klubumuz olduğu üçün fəxr edirəm. İstəyərdim ki, "Neftçi" də bizi sevindirsin. İngiltərə Premyer Liqasını izləməyi sevirəm. Sürətli futbolu xoşlayıram. Hesab edirəm ki, İngiltərə futbolu dünyanın ən sürətlisidir. "Çelsi" və "Liverpul"un oyununu çox bəyənirəm.

- Yeri gəlmişkən, "Qarabağ"ın avrokuboklarda ev oyunlarını keçirdiyi stadion da elə babanız Tofiq Bəhramovun adını daşıyır.

- "Qarabağ"ın oyunlarına gedəndə böyük qürur hissi keçirirəm ki, komanda matçlarını babamın adını daşıyan stadionda oynayır.

- Tofiq bəy, hazırkı dövrdə azərbaycanlı futbol hakimlərindən kimi tanıyırsınız?

- Bizim ailəmizin böyük dostu, veteran hakim Rüstəm Rəhimovu tanıyıram. O, babamın həm dostu, həm də tələbəsi olub. Rüstəm müəllimlə tez-tez danışır və görüşürük. Yaxın dostluq edirik. Onunla birlikdə dəfələrlə Moskvaya getmişik, babamın xatirəsinə həsr olunmuş turnirdə iştirak etmişik. Əliyar Ağayevi, Anar Salmanovu, Asim Xudiyevi də tanıyıram. Bu insanlarla birlikdə hər il Tofiq Bəhramovun anım günündə Fəxri xiyabana gedirik, məzarını ziyarət edirik.

- Əliyar Ağayev bu gün Azərbaycanda ən yaxşı ədalət təmsilçilərindən hesab olunur. Tez-tez beynəlxalq oyunlara da təyinat alır.

- Bəli. Əliyara baxanda babamı xatırlayıram.

- Bəs hazırda ölkəmizdə futbol hakimliyi sizi qane edir? Babanız kimi ədalətli hakim olmaq üçün nə lazımdır?

- İnsan gərək öz peşəsinə ürəklə, həvəslə yanaşsın, öz üstündə çalışsın. Siz Tofiq Bəhramova fikir verin, onun meydançada özünü aparmağına, jestlərinə baxın. Hətta saçlarına kimi diqqətlə yanaşırdı. Bu adam özünə baxırdı.

- Azərbaycanın Tofiq Bəhramov kimi hakimləri olub. Amma hakimlər Avropa arenalarında Azərbaycan klublarına, xüsusən də "Qarabağ"a qarşı dəfələrlə haqsızlıq ediblər...

- Bəli. Mən də belə oyunları izləmişəm. İnanın, mənə çox pis təsir edir. Azərbaycan klublarına, xüsusən də "Qarabağ"a qarşı böyük ədalətsizlik ediblər. Lakin biz dürüstük. Elə son dəfə Konfrans Liqasının pley-off-unda "Marsel"lə oyunda Qurban Qurbanov bunu göstərdi. O, bütün Avropa futboluna feyr-pley dərsi keçdi. Qurban Qurbanov göstərdi ki, necə ədalətli olmaq lazımdır.

- Sizcə, Tofiq Bəhramov kimi şəxsiyyətləri daha da tanıtmaq üçün hansı təbliğat işlərini görmək olar?

- Mənim arzum var - istəyirəm, Tofiq Bəhramov, Anatoli Banişevski, Ələkbər Məmmədov kimi şəxsiyyətlər barədə bədii filmlər çəkilsin. Hər kəs onların həyatını, necə böyüdükləri, bu yerlərə necə gəlib çıxdıqlarını öyrənsin. Balaca futbolçular da bu kinolara baxıb, örnək alsınlar. Görsünlər ki, öz üzərində necə işləmək, necə həyat tərzi yaşamaq lazımdır. İstəyirəm, bizim də gözəl, parlaq futbolçularımız olsun.

- Bəs hazırda ailənizdən kimsə futbolla məşğul olurmu?

- Oğlum Bəhram Bəhramov futbolçudur. 2012-ci il təvəllüdlüdür. Hələ 10 yaşı tamam olmayıb. Hazırda "Lammasya Baku"da oynayır. Oğlum bu mövsüm AFFA-nın U-10 liqasında bürünc medal qazanıb. Həm də bir neçə gün əvvəl komandası ilə Antalyada keçirilən turnirdə qızıl medal qazanıblar. Oğlum hərdən deyir ki, kaş, babam da vurduğum qolu görərdi.

- Qeyd etdiniz ki, oğlunuz futbolçudur. Ona görə siz də bir valideyn kimi uşaq futboluna yaxınsınız. Azərbaycanda uşaq futbolunun durumunu necə qiymətləndirirsiniz?

- Azərbaycanda çox istedadlı uşaqlar var. Həm fiziki, həm də texnika baxımından. Uşaq futbolunda məşqçilərin çoxu sırf oyunlardakı nəticəyə köklənir. Mən hesab edirəm ki, bu, düzgün deyil. Belə şeyləri qadağan etmək lazımdır. Uşaq futbolunda nəticəyə oynamaq olmaz. Siz təsəvvür edin, U-10 liqası Hövsanda keçirilir. Valideynlərin biri uşağını Sumqayıtdan gətirir. Uşaq da ehtiyat oyunçular arasında qalır. Baş məşqçi də komandanı ancaq nəticə üçün oynadır, həmin uşağı meydana buraxmır. Bilirsiniz bu, həm uşağa, həm də valideynə necə pis təsir edir? Sonra da valideyn küsür. Heç uşağı futbola gətirmir. Belə olan halda istedadlı uşaqlar itir-batır. Görürəm ki, deyirlər, filan klubun akademiyası var, yaxşıdır. Xeyr. Bizdə nə akademiya var, nə də başqa şey. Gedirlər ordan-burdan güclü uşaqları oğurlayırlar. Məşqçilər valideynlərə deyirlər ki, uşağını gətir, bizim akademiyaya qoy. Bir sual vermək lazımdır ki, sənin nə akademiyan var? Bir şortik, bir də köynək verməklə akademiya olmur. Hakimlər U-10 liqasında ofsayd qərarı verirlər. Axı, U-10 liqasında heç ofsayd yoxdur. Bu, sonradan valideyn və məşqçi səsini qaldıranda yadlarına düşür. Meydançalar da yaxşı vəziyyətdə deyil. Uşaqlar zədə alırlar. Bizim uşaq futbolunun vəziyyəti budur.

- Bəs vəziyyətdən necə çıxmaq olar? Hansı işlər görülməlidir?

- Bütün uşaqlar oynamalıdır. Əks-halda heç bir inkişafdan söz gedə bilməz. Ayrı-seçkilik olmamalıdır. Məşqçi başa düşməlidir ki, uşaq futbolu uşağın əhvalından asılıdır. Uşaq bir gün pis oynaya bilər, bir gün yaxşı. Uşaqlar 13 yaşadək özlərini inkişaf etdirirlər. 13 yaşdan sonra isə məşqçi ondan nəsə istəməli, istiqamət göstərməlidir. Görürəm ki, bizim məşqçilər hər şeyi teorik başa salır. Sən teorik halda, kağız və qələmlə 10 yaşlı uşağa nəyi başa sala bilərsən? Heç nəyi. Uşaq futbolunda proqram olmalıdır. Hansı ki, bizdə yoxdur. Akademiyalar yaranmalıdır. İş sözlə yox, əməllə görülməlidir. Məşqçilər yoxlanılmalıdır. Mən məşqçi görmüşəm ki, uşağın adını bilmir, "ay uşaq" deyə qışqırır. Bunu öz gözümlə görmüşəm. Məşqçi uşağın təhsilindən tutmuş tərbiyəsinə qədər maraqlanmalıdır. Komanda uduzanda bəzi məşqçilər uşaqları yığırlar, sonra onlara qışqırırlar. Belə şey olmaz. Mənim oğlumun məşqçiləri Azər Cabbarov və İlqar Qazıyevdir. İnanın mənə, uşaqların nazı ilə oynayırlar. Uduzanda da, udanda da. Matç vaxtı heç bir uşaq kənarda qalmır, hamını oynadırlar. Uşaq bu şəkildə inkişaf edir, nəticə və medalla yox. Heç bir məşqçi 7, 8, 9 yaşlı uşağa səndən futbolçu çıxmaz deməməlidir. Amma təəssüf ki, bizim dırnaqarası akademiyalarda belə edirlər.

- Siz də futbol azarkeşisiniz. Son olaraq bu haqda danışaq. Ölkədə futbol inkişaf etmir deyə, azarkeşlik də aşağı səviyyədədir. Avrokubok oyunlarına 30 min azarkeş gəlir. Yerli çempionatımızda isə heç 2 min azarkeş olmur.

- Çünki avrokubok oyunları həqiqətən də maraqlı keçir. Azarkeşlərimiz milli komandamızdan görmədikləri qələbəni "Qarabağ"dan gözləyirlər. Ölkə çempionatımız da o qədər sürətli və baxımlı deyil. Buna görə də azarkeşlər oyunlara gəlmək istəmirlər.

 

Nur ZEYNALOVA

Qol.az

 

525-ci qəzet  2022.- 5 iyul.- S.16.