"Azərbaycan qadını
milli dövlət quruculuğunun fəal
iştirakçısına çevrilib"
Qadın cəmiyyətdə böyük rola malikdir. Hər bir
dövlətin, xalqın inkişafı üçün hər
zaman hərəkətverici qüvvəyə ehtiyacı var və
qadınlar belə bir məsuliyyəti öz üzərinə
götürməyi həmişə bacarıblar. Azərbaycan qadını - ənənələri,
innovativliyi, intellekti və sosial aktivliyi özündə cəmləşdirir.
Onlar, yalnız xalqımızın mənəvi, mədəni
ənənələrin qoruyucusu deyil, həm də
bütün peşə və sahələrdə mühüm
rol oynamaqla müstəqil Azərbaycanın inkişafında fəal
iştirak edirlər. Azərbaycan qadını istənilən
sahədə uğur qazanmaqla yanaşı, çox gözəl
ailə sahibi olmağı və vətənə layiqli vətəndaşlar
yetişdirməyi bacarırlar.
Tarixə nəzər salsaq, görərik ki, cəmiyyətin
inkişafının bütün mərhələlərində
qadınlarımız kişilərlə bərabər
dövlət quruculuğunda, siyasi qərarların verilməsində
fəal iştirak edib, ailələrində də vəzifələrini
layiqincə yerinə yetiriblər.
Məhz Ümummilli lider Heydər Əliyevin qətiyyətli
addımları nəticəsində 1993-cü ildən
qadınların ictimai-siyasi həyata transformasiyası,
onların dövlət idarəçiliyində təmsilçiliyi,
bütün sahələrdə kişilərlə bərabər
hüquqlara malik olması dövlət idarəçiliyi
kursunun prioritet istiqamətlərindən birinə
çevrilib.
Ulu
öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqı
həmişə qadına, onun cəmiyyətin həyatında
oynadığı rola, tutduğu yüksək mövqeyə
böyük hörmətlə yanaşıb: "Xalqın ən
əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən,
torpaq, dil anlayışları ana adı ilə bərabər
tutulub. Qadın adına göstərilən
dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət
abidələrimizdə öz parlaq təcəssümünü
tapıb. Ədəbiyyatımızın və
mədəniyyətimizin görkəmli nümayəndələri
öz əsərlərində Azərbaycan
qadınının mərdliyini, gözəlliyini, mənəvi
saflığını vəsf ediblər".
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul
olunan Konstitusiyası qadınların kişilərlə bərabər
hüququnu təsdiq edib və demokratik dövlət
quruculuğu prosesində onların fəal
iştirakının hüquqi bazasını yaradıb. Qadın
hüquqlarının müdafiəsinə etibarlı zəmin
formalaşdıran Konstitusiyanın 25-ci maddəsində
hamının qanun və məhkəmə
qarşısında bərabərliyi, habelə kişi
ilə qadının eyni hüquq və azadlıqlara malik
olduğu birmənalı şəkildə təsbit edilib.
Azərbaycanda
qadınların hüquqlarının qorunması, onların
ictimai fəallığının təşkili məsələsini
hər zaman diqqət mərkəzində saxlayan Ümummilli
Liderin qadın siyasətinin nəticəsi idi ki, 1998-ci ildə
ölkədə qadınların hüquqlarını
müdafiə etmək və bu sistemi mərkəzləşdirmək
məqsədilə Qadın Problemləri üzrə Dövlət
Komitəsi (hazırda həmin komitə 2006-cı ildən Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi adlanır) yaradıldı. 2000-ci ildə
"Azərbaycan Respublikasında dövlət qadın siyasətinin
həyata keçirilməsi haqqında" imzalanan Fərman
ölkədə qadınların imkanlarını daha da
artırdı. Bu da dövlət idarəçiliyində,
təhsil, səhiyyə və mədəniyyət sahələrində
qadınların sayının artmasına gətirib
çıxardı. Həm dövlət
komitəsinin yaradılması, həm də Fərmanın
imzalanması ölkədə qadın siyasətinin həyata
keçirilməsində yeni mərhələ oldu.
Ölkədə dövlət qadın siyasəti, bu
istiqamətdə Ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu ənənələr bu gün Prezident İlham Əliyev
tərəfindən layiqincə davam etdirilir. Qadınların
cəmiyyətdəki roluna və yerinə, onların dövlət
idarəçiliyində təmsil olunmalarına, irəli
çəkilmələrinə diqqətlə
yanaşılır.
Millət vəkili Rauf Əliyev deyir ki, dövlət
müstəqilliyinin bərpasından sonra Azərbaycan
qadını milli dövlət quruculuğu prosesinin fəal
iştirakçısına çevrilib, ölkənin
sosial-iqtisadi və mədəni potensialının
artırılması üçün dəyərli töhfələr
verib. Azərbaycan
qadını tarix boyu müqəddəs ana şərəfini
uca tutaraq öz mübarizliyi ilə tanınmış,
qadınlarımız ölkənin ictimai-siyasi, mədəni
həyatında fəal iştirak edib, Vətənin müdafiəsində
və dövlətin idarə olunmasında daim fədakarlıq
nümayiş etdirməklə yanaşı döyüş
meydanlarında da şücaət göstərib: "Azərbaycan
qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan
Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək
hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında
yaxından iştirak etməyə başlayıblar. Sürətlə maariflənən
qadınlarımız yüz illərdən bəri
formalaşmış milli dəyərlərə sadiq qalmaqla
ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın
ən etibarlı dayağı olublar. Keçmişimizin
unudulmaz səhifələrindəki möhkəm iradəyə
malik görkəmli qadın şəxsiyyətlərimizin
yüksək ləyaqətinin, ağbirçək
analarımızın müdrikliyinin
daşıyıcıları kimi müasir Azərbaycan
xanımları öz dərin zəkaları və tükənməz
daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə
fədakarcasına xidmət edirlər. Ölkənin
ümumtəhsil müəssisələrində müəllimlərin
81,7 faizi, orta istisas təhsili müəssisələrində
80,9 faizi, ali təhsil müəssisələrində 54,0
faizi, həkimlərin isə 67,0 faizi qadınlardır. Qadınların elmin inkişafında da müstəsna
rolu vardır. Elmi işçilərin 57,6
faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər
doktoru elmi dərəcəsi alanların sayı 2,4 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi
alanların sayı 2,3 dəfə artıb. Azərbaycan
qadınları ölkənin siyasi-iqtisadi həyatında fəal
iştirak edir və onların məşğul əhalinin
ümumi sayındakı xüsusi çəkisi 48,3 faiz təşkil edir. Milli Məclisdə
qadın deputatların sayı artır. Əgər
1990-cı ildə qadın deputatlar ümumi deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini təşkil
edirdisə, bu gün ölkəmizdə qadın
deputatların xüsusi çəkisi 18,5 faiz təşkil
edir. Qadınların reproduktiv
sağlamlığının qorunması dövlət tərəfindən
daim diqqət mərkəzində saxlanılan ən
mühüm məsələlərdən biridir.
Hazırda ölkədə 17 doğum evi, 118 qadın məsləhətxanası
qadınların reproduktiv sağlamlığının
keşiyində durur".
Millət vəkilinin
dediyinə görə, Azərbaycan qadınları
torpaqlarımızın bir hissəsinin işğal altında
olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə
layiqli övlad kimi yetişdirilməsi naminə ağır və
şərəfli vəzifələri layiqincə yerinə
yetiriblər: "Qadınlarımızın aktiv fəaliyyəti
həyatın bütün sahələrində olduğu kimi,
ordu quruculuğundakı xidmətləri də şərəf
və qürur mənbəyidir. Hazırda Azərbaycan
Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı
təhsil müəssisələrində, hərbi tibb
ocaqlarında və digər sahələrdə yüzlərlə
qadın xidmət edir, Vətən qarşısında vəzifə
borclarını şərəf və ləyaqətlə
yerinə yetirirlər".
Azərbaycanda qadın hüquqlarının qorunması,
təbliğ olunması, qadınların dövlət siyasətinin
həyata keçirilməsində və qanunların qəbul
edilməsində iştirakının artırılması
dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla
bağlı məsələlərin həlli
üçün bir çox qanunların qəbul olunması,
mövcud qanunlarda dəyişikliklərin edilməsi, fərman
və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara
üzv olaraq mühüm sənədlərin ölkəmizdə
tətbiq olunması qadın hüquqlarının
reallaşması və təminatı istiqamətində
inkişafın əldə olunmasına təkan verib. Azərbaycan qadını öz iradəsi və mərdliyi,
saflığı və sədaqəti ilə cəmiyyətimizin
həyatında, xalqımızın milli-mənəvi dəyərlər
sisteminin formalaşdırılmasında müstəsna rol
oynayıb.
Millət vəkili Ceyhun Məmmədovun sözlərinə
əsasən, Azərbaycan qadını milli dövlət
quruculuğu işinin fəal iştirakçıları kimi
daim ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında,
elmi potensialının artırılması istiqamətində
və dövlətin idarə olunmasında öhdələrinə
düşən vəzifələri şərəflə
yerinə yetiriblər. Ölkənin qadınları öz iradəsi
və mərdliyi, saflığı və sədaqəti ilə
cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi
dəyərlər sisteminin formalaşdırılmasında
müstəsna rol oynayıblar. Qadınlar
gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə
olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi
yetişməsi naminə üzərinə düşən
ağır yükü şərəflə
daşıyırlar.
Millət
vəkili bildirib ki, dövlət müstəqilliyinin bərpasından
sonra ölkədə qadın hüquqlarının
qorunması, təbliğ olunması, qadınların dövlət
siyasətinin həyata keçirilməsində və
qanunların qəbul edilməsində iştirakının
artırılması dövlət siyasətinin ayrılmaz tərkib
hissələrindən birinə çevrilib: "Dövlət
müstəqilliyinin bərpasından sonra dövlət
qadın siyasətinin davam etdirilməsi sayəsində Azərbaycan
qadınının cəmiyyətdə yeri və nüfuzu
daha da artıb. Azərbaycan qadını milli
dövlət quruculuğu prosesinin fəal
iştirakçısına çevrilib, ölkəmizin
sosial-iqtisadi, intellektual-mədəni potensialının
artırılması üçün dəyərli töhfələr
verib. Bu
gün Ulu öndər Heydər Əliyevin ən layiqli
davamçısı Prezident İlham Əliyev
qadınların cəmiyyətdə mövqelərini möhkəmləndirmələri
üçün hər cür imkan yaradır. Ölkədə
gender bərabərliyi siyasəti uğurla həyata
keçirilir. Prezident cəmiyyətdə qadının rolunun
yüksəldilməsinə yönəlmiş dövlət
siyasətini ardıcıl surətdə uğurla davam etdirir,
respublikamızın inkişafına töhfələrini verən
qadınların əməyi həmişə layiqincə qiymətləndirilir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2022.- 5 iyul.- S.12.