Dini etiqad azadlığı: din-dövlət-cəmiyyət münasibətlərində mühüm faktor

 

Vicdan azadlığı vətəndaşların istədikləri dinə sitayiş etmək və ya heç bir dini qəbul etməmək və dinlər haqqında sərbəst şəkildə fikirlərini ifadə etmək hüququdur. Geniş mənada vicdan azadlığı, insanın əxlaqi özünənəzarət, cəmiyyət və özü qarşısında öhdəliyi, əməlləri və davranışı ilə mənəvi məsuliyyətini anlamasıdır. Vicdan azadlığı problemi bəşəriyyətin demokratik inkişafının nailiyyəti və günümüzün ən aktual problemlərindəndir.

Bu gün dünyada ən çox müzakirə olunan mövzular fikir, din və vicdan azadlığıdır. Avropa İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyada bu azadlıqlar bu maddələrlə qorunur.

Hər kəsin fikir, vicdan və din azadlığı hüququ var. Bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq, yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir.

Dini etiqad azadlığının təmin olunması din-dövlət-cəmiyyət münasibətlərinin əsasında dayanan mühüm faktordur. Bu münasibətlərin daha da möhkəmlənməsinə çalışmaq əsas vəzifələrdəndir.

VİCDAN AZADLIĞINA GENİŞ TƏMİNAT

Azərbaycanda fikir, söz və vicdan azadlığına geniş təminat verilib. Müstəqillikdən sonra ölkədə dini məsələlərlə bağlı mühüm və ciddi addımlar atılıb. 1992-ci ildə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilib və zaman keçdikcə şəraitə uyğun olaraq, həmin qanuna 1996 və 1997-ci illərdə müvafiq düzəlişlər edilib. Qanuna görə, Azərbaycanda vətəndaş hüququna malik olan hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə fərdi və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir.

Azərbaycan dövləti dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində də bir sıra mühüm islahatlarını həyata keçirib. 21 iyun 2001-ci ildə Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Həmin fərmanla Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddənin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından, dini etiqad azadlığı ilə bağlı olan digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdən ibarətdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə dini durumda gərginlik yaranmaması, dini ayrı-seçkilik meyllərinin milli münasibətlər səviyyəsinin yüksəlməsinə yol verilməməsi, dini mərasim adı altında müxtəlif  antidövlət meyilli şəxs və qrupların qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınması, ictimai təhlükəsizlik və sosial sabitliyin qorunması, din-dövlət münasibətlərinin normal səviyyədə tənzimlənməsi üçün mövcud dini duruma lazımi nəzarəti təşkil edir və bu yolda hər cür neqativ halların qarşısının alınması işində müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

VİCDAN AZADLIĞI TƏBİİ HAQLARDANDIR

Millət vəkili Ceyhun Məmmədov deyir ki, vətəndaş cəmiyyətində, hüquqi dövlətdə vicdan azadlığı təbii haqlardan biri kimi tanınır. İnsanların dini inanclarına hörmətlə yanaşmaq, fərqli dinlərdən olan insanları dini mənsubiyyətinə görə fərqləndirməmək vətəndaş cəmiyyətinin, hüquqi dövlətin əsas əlamətlərindən sayılır: "Vicdan azadlığı dedikdə insanın istədiyi dinə sitayiş etməsi və ya heç bir dini qəbul etməmək hüququ başa düşülür. Bəzi cəmiyyətlərdə vicdan azadlığının sərhəddi müəyyənləşdirilsə də əsl vətəndaş cəmiyyətlərində və hüquqi dövlətdə vicdan azadlığı məhdudlaşdırılmır. Azərbaycanda da vicdan azadlığı var və insanların inancına hörmətlə yanaşılır. Konstitusiyamızda bununla bağlı ayrıca maddə də var. Həmin maddədə qeyd edilir ki, hər kəsin vicdan azadlığı var. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var".

 

DÖVLƏT MƏNAFEYİ NƏZƏRƏ ALINMALIDIR

Mütəxəssislərin fikrincə, din və vicdan azadlığı əslində insan haqlarının ayrılmaz hissəsidir. Vətəndaşların vicdan azadlığının  qorunması insan haqqlarının təminatı deməkdir. İnsan haqları, azadlıqları, həmçinin, din və vicdan azadlığının təmin olunması istənilən cəmiyyət və dövlətin inkişafı baxımından təməl prinsiplərdir. Azərbaycan Respublikasının Konstitusiyası tam mənası ilə vətəndaşlara dini etiqad azadlığı tanıyır və bütün digər əsas qanunlar da bu tələbə cavab verir.

Dini etiqad azadlığının qorunması və müdafiəsi, həmçinin, din-dövlət münasibətlərinin tənzimlənməsindən asılıdır. Şübhəsiz ki, bu məsələdə hər bir dövlətin spesifik xüsusiyyətləri və dövlətdaxili qanunvericilik aktlarının müddəaları nəzərə alınmalıdır. Bununla əlaqədar, din-dövlət münasibətləri şəffaflıq, demokratik dəyərlər və qarşılıqlı əməkdaşlıq kontekstində tənzimlənməlidir. Eyni zamanda, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin olunması, əhalinin əxlaq və sağlamlığının qorunması, habelə konstitusion quruluşa və dövlət mənafeləri kimi bəzi məsələlər nəzərə alınmalıdır.

Din-dövlət münasibətlərinin şəffaf, demokratik dəyərlər, qarşılıqlı əməkdaşlıq şəraitində qurulduğu cəmiyyət və dövlətlərdə dini etiqad azadlığının qorunması və müdafiəsi çox mühüm əhəmiyyət kəsb edir. Bu isə yalnız dünyəvi dövlətin bərqərar olduğu cəmiyyətlərdə tam və azad şəkildə təmin edilə bilər. Çünki dini dövlətdən fərqli olaraq, dünyəvi dövlətdə dinin dövlətdən və təhsildən ayrılması tendensiyası mövcuddur. Bu da, öz növbəsində, dövlət hakimiyyəti orqanlarının dini təsirdən azad olmaqla, dini etiqad azadlığı ilə bağlı məsələlərə neytral mövqedən yanaşmasını şərtləndirir. Din-dövlət münasibətlərinin düzgün tənzimlənməsi dini və siyasi qanunauyğunluğun qənaətbəxş şəkildə formalaşmasına, habelə liberal cəmiyyət və demokratik proseslərin həyata keçirilməsi kontekstində dini etiqad azadlığının qorunması vacibdir.

MƏTBUATIN ÜZƏRİNƏ DÜŞƏN VƏZİFƏ

Mətbuat Şurasının İdarə Heyətinin sədri Əflatun Amaşovun sözlərinə əsasən, Azərbaycanda dini etiqad azadlığı qanunla təsbit edilib: "Azərbaycan vətəndaşı olan hər bir şəxs vicdan və dini etiqad azadlığına malikdir. Bu gün Azərbaycanda böyük tolerantlıq mühiti mövcuddur və bunda mətbuatın da böyük rolu var".

Ə.Amaşov vurğulayıb ki, Azərbaycan mediası dövlətin dini azadlıq və tolerantlıq siyasətini hər zaman dəstəkləyib: "Mətbuat hər zaman dünyəvi və dini dəyərləri özündə birləşdirərək ideoloji məfkurə yaratmalıdır. Müasir mediamız da həmişə bu prinsiplərə sadiq qalıb. Ölkə mediasında bu problemlər mövcud deyil. Jurnalistlərin davranış kondeksində də bu məsələ yer alır. Azərbaycan dövlətinin dini azadlıqlarla bağlı həyata keçirdiyi siyasəti mətbuatda hər zaman dəstəklənib. Hər bir ölkədə əmin-amanlığın yaradılmasında dini toleratlıq mühüm rol oynayır. Bu gün əsrlərlə formalaşmış milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, milli və dini hisslərimizə hörmət etməyən, cəmiyyət daxilində gərginlik yaratmaq, vətəndaşları doğru yoldan sapdırmaq və müxtəlif  dini cərəyanlara yönəltmək istəyənləri cəmiyyətə tanıtmaq kütləvi informasiya vasitələrinin qarşısında duran əsas vəzifələrdən biridir.

Azərbaycan mediası öz mütərəqqi ənənələrini davam etdirərək milli maraqlarımızı və mənəvi dəyərlərimizi hər şeydən uca tutmalı, ümummilli məsələlərdə vahid mövqe ortaya qoymalı, Azərbaycan dövlətçiliyinin və vətəndaş birliyinin əsaslarını sarsıtmaq  istəyən daxili və xarici dairələrə qarşı barışmaz olmalıdır: "Hər bir mətbu orqan din-dövlət, din-cəmiyyət mövzularında yazanda həssaslıq göstərməlidir. Hesab edirəm ki, burada funksional vahid kimi Azərbaycan mətbuatının üzərinə çox böyük vəzifə düşür. Dini təfəkkürün yanlış formalaşdırılmasının ilkin səbəbləri isə ondan ibarətdir ki, dini maariflənmə düzgün qurulmur. Bu isə nəticə etibarilə ayrı-ayrı fərdlərin müxtəlif cərəyanların təsir altına düşməsinə gətirib çıxarır. Buna görə də Azərbaycan mətbuatı bu məsələdə ictimai nəzarət funksiyasını həyata keçirməlidir. Hesab edirəm ki, Azərbaycan mətbuatının bu gün üzərinə düşən əsas vəzifələrdən biri də məhz bu mövzunu keyfiyyətli, obyektiv, elmi əsaslarla işıqlandırmasıdır. Bir də, bütün bunların qarşısını alacaq bir vasitə vardır ki, o da intellektual cəmiyyətdir. Əgər biz intellektual, kreativ cəmiyyət formalaşdırsaq, heç şübhəsiz, bu cür sektaların, cərəyanların da fəaliyyətinə yer olmayacaq".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet .-2022.- 5 iyul.- S.11.