Samuray mənəvi ruhu
yaşayır
Telman ORUCOV
(Əvvəli ötən çərşənbə
sayımızda)
Müharibəyə
başlamaq tarixi də təsadüfi seçilməmişdi.
Bütün alternativlər sıradan çıxdıqdan
sonra və yalnız bütün hərbi və diplomatik
üstnlüklər onun tərəfində olmasına əmin
olduqda müharibəyə başlayan Otto fon Bismark prinsipindən
Azərbaycan Prezidenti İlham Əliyev ustalıqla istifadə etdi.
Diplomatiya səhnəsindəki döyüş, düşmənin
havadarlarını nəzərə aldıqda, heç də
hərb səhnəsindəki döyüşdən az əhəmiyyətli deyildi. Müharibə
isə ən müasir silahlarla və yeni taktiki üsullarla
aparıldı. 2020-ci ilin
payızındakı 44 günlük ağır
döyüşlər düşmən ordusunun
darmadağın edilməsi nəticəsində zəfərlə
başa çatdı.
Müharibənin əsas qəhrəmanı fədakarlıq
göstərərək, özünü hər cür təhlükələrə
atan, həyatını da qurban verməyə hazır olan Azərbaycan
əsgəridir. Samuraylar öz fədakarlıqlarına və
digər mənəvi cəhətlərinə görə
iftixar mənbəyimiz olan əsgərlərimizin prototipi hesab
oluna bilər. Qələbə
bütün ordumuzu şöhrət haləsinə
bürüdü, xalqımızı da arzularının təmizliyi
ilə müqayisə edilə bilən bir zirvəyə
qaldırdı. Onlar ölümə sinə
gərəndə də yalnız Vətən, onun müqəddəs
şərəfi barədə düşünürdülər.
Bu ruh onları vuruşun ən çətin
anında da fədakarlığa, qəhrəmanlığa səsləmişdi.
Yaponlar məğlubiyyətlə üzləşəndə
də samuray ənənəsini yada salmışdılar. Azərbaycan Ordusu isə
axırıncı müharibədə döyüşə
atılanda yalnız qalib gəlmək barədə
düşünürdü və öz ədalətli niyyətinə
məhz igidliklə vuruşaraq nail oldu. Tarix min illər bundan əvvəl
Fermonil keçidində perslərin yüz əlli minlik
ordusuna qarşı vuruşan və həlak olan 300
spartalının qəhrəmanlığını, Romanı
işğal etməyə cəhd edən etrusk çarı
Porsenaya mərdlik və fədakarlıq dərsi verən və
onun geri çəkilməsinə səbəb olan qədim
romalı gənc Stsevolanın igidliyini öz xatirəsində
ilham mənbəyi kimi saxlayır.
300 spartalının b.e.ə. 480-ci ildəki tarixi qəhrəmanlığı,
haqqındakı yazıların və kinofilmlərin
çoxluğuna görə oxuculara yaxşı məlumdur. Ona görə
də bu barədə təkrar geniş məlumat verməyə
ehtiyac yoxdur.
Stsevolaya gəldikdə isə, onun igidliyindən hali
olmaq heç də faydasız deyildir. Axırıncı Roma çarı,
mənşəcə etrusk olan Məğrur Tarkvini b.e.ə.
509-cu ildə taxt-tacdan qovulduqdan sonra, ona kömək etmək
üçün İtaliyanın Kulizidəki, həmçinin,
etrusk olan çarı Porsena Romanı tutmaq istədi, şəhəri
mühasirəyə aldıqda, orada aclıq başlandı. Gənc romalı Mutsi çarı öldürmək
üçün etrusk paltarı geyinib, onun düşərgəsinə
girə bildi. Çarı
tanımadığına görə səhvən başqa
birisini öldürdü. Onu tutub mühakimə
etdikdə, sağ əlini sacayağın altında yanan odun
üstünə tutub, qolunun əti yanana qədər sakitcə
bu vəziyyətdə qaldı. Çar
onun bu fədəkarlığından heyrətə gəldi,
azad edib, ona qılınc da bağışladı. Mutsi qılıncı sol əlilə
götürdü, ona görə də ona "Stsevola" -
"Soloxay" ləqəbi verdilər. Alicənablığa
cavab kimi, o da çara bildirdi ki, düşərgənin ətrafında
300 romalı onu öldürmək üçün gəzir,
sadəcə olaraq, ilk püşk ona
düşmüşdü.
Porsena bu igidlik nümayişindən sonra Roma ilə
sülh bağlamaq qərarına gəldi. Stsevolanın fədakarlığı
Romanı aclıqdan və ən vacibi, işğal təhlükəsindən
xilas etdi.
XXI əsrin ilk rübündə Azərbaycan Ordusunun da qələbəsi
xalqın tarixinə silinməz izlər nəqş etdi. Bu iz zaman
keçsə də, qəhrəmanlığa
çağırışı ilə yaddaşlardan silinməyəcəkdir.
Gələcək nəsillər bu əsgərlərin
dəlisov igidliyinə şərqilər oxuyacaqlar. Ermənilər
tarixi saxtalaşdırıb, ağ yalanlarla öyünmələri
ilə yanaşı,
Azərbaycanda dinc əhalini qıran Andronik
Ozanyanı, Hitlerə xidmət edən xain Qaregin Njdeni saxta qəhrəman
qiyafəsinə geyindirirdilər. Belə iyrənc
nümunələr əsasında tərbiyə olunan Ermənistanın
ordusu Azərbaycan əsgəri qarşısında öz
mütiliyini göstərib, döyüş meydanından
qaçırdı. İnsan cildindəki vəhşiləri,
xainləri milli ehtiram və sitayiş simvoluna çevirənlər
hökmən belə acı nəticələrə sahib
olurlar.
Azərbaycanlılar əsasən, öz mifik qəhrəmanlarını
nümunə hesab edirdi, çünki onlar yüksək mənəviyyata
malik olmaqla, yad xalqlardan olan dinc adamlara qarşı heç
vaxt qəddarlığa yol verməmişdilər. Son müharibə isə
xalqımıza öyünə biləcəyi, iftixar rəmzi
olan canlı və real qəhrəmanlar verdi.
Azərbaycan gəncləri bir əsr əvvəl
ilk müstəqil dövlətin himnində yazılmış
müqəddəs sözlərdə ifadə olunan
"Namusunu hifz etməyə/Bayrağını yüksəltməyə"
can-başla hazır olmalarını mənfur düşmənlə
döyüşdə əyani olaraq göstərdilər.
Azərbaycan dünyada Odlar yurdu kimi tanınır, bu da əsasən,
onun ərazisinin, yer təkinin zənginliyinin nişanəsi
kimi nəzərdə tutulur. Lakin bu, daha çox Azərbaycan
xalqının özünəməxsus təbiətinin, həyat
eşqinin,Vətən sevgisinin, zəhmətə
bağlılığının, işıq saçan səmimiyyətinin
birbaşa rəmzi hesab olunmalıdır. Bu nəcib hissləri
qiymətli sərvət olan irs kimi əcdadlarımızdan,
ata-babalarımızdan qəbul etmişik, onları
yaşatmalı və gələcək nəsillərə
ötürməliyik. Həm də ölkəmizdə
yaşayan digər xalqların nümayəndələrinə
də həqiqi dostluq münasibətləri bəsləyirik,
bunu onlar da daim etiraf edirlər. Xainlərə
isə layiq olduqları cavabı verə bilirik.
Samuraylar bir əsr yarımdır ki, tarix səhnəsini
tərk etmişlər, lakin onların mənəvi ruhu öz
doğma ölkələrində yaşayır. Bizim də qəhrəmanlarımızın
2020-ci ildəki 44 günlük müharibədə göstərdiyi
igidlik heç vaxt yaddan çıxmayacaq, gələcək nəsilləri,
xalqı, onu ucaldacaq yeni nailiyyətlər qazanmağa səsləyəcəkdir.
Yapon xalqı çətinliklərə, təbii fəlakətlərə
qarşı mübarizədə öz yenilməzliyini dəfələrlə
göstərmişdir. Bu adalar ölkəsi Sakit okeanın Odlu
Qövsünün böhranlı hissələrindən birində
yerləşir. Burada zəlzələlər,
sunamilər, tayfunlar arası kəsilmədən bu xalqı
imtahana çəkir. Lakin yaponlar hətta ağır
itkilər versələr də, onlardan üzü ağ çıxmağı bacarır.
2011-ci
ilin martında yaponlar ağır təbii fəlakətlə
- olduqca dəhşətli, 9 bal
gücündə olan zəlzələ və dənizin
dalğasını 14-15 metr hündürlüyə
qaldıran sunami ilə mübarizə aparmalı oldu.
Paytaxtın yaxınlığında yerləşən
"Fukusima-1" atom elektrik stansiyasında təbii kataklizmin əmələ
gətirdiyi qəza ölkəyə böyük təhlükə
törədə bilərdi. Dənizin beş
mərtəbə hündürlüyündə olan
dalğası stansiyanı hədəf
götürmüşdü. Stansiyanın 1 və
3 nömrəli enerji bloklarının reaktorlarında nüvə
yanacağı ərimişdi. 1-ci, 3-cü və 4-cü
enerji bloklarında yanacaq qarışığının
partlayışı baş verdi. 3-cü blokda partlayış daha güclü idi,
4-cü blokun isə binası dağılmışdı.
Uçan radioaktiv elementlər ətraf mühitə
düşdü, bu, Çernobıl qəzasındakı
radioaktiv tullantının 20 faizi miqdarında idi. Daha böyük qəza təhlükəsinə
görə "özünü ölümə məhkum
etmişlərin" dəstəsini yaratmaq ideyası da meydana
gəldi.
Əhalinin xeyli hissəsi şüalanma aldı. Çirklənmiş ərazidən
164 min adam evakuasiya edildi. AES-in sonrakı
istismarının təhlükəsi nəzərə
alınaraq, stansiya 2013-cü ildə rəsmi olaraq
bağlandı, çünki onu stabil təhlükəsiz vəziyyətə
gətirmək üçün 40 il vaxt
lazım gələcəkdi. "Fukusima-1"
faciəsi həm də xalqda hakimiyyətə qarşı
narazılıq yaratdı, mitinqlərdə nüvə
energetikasından bütünlüklə imtina etmək
çağırışları eşidilirdi. Hökumət zərər çəkən adamlara və
kommersiya şirkətlərinə iri məbləğdə
kompensasiya ödədi. 4 nəfərlik ailəyə orta
hesabla 90 milyon ien (900 min ABŞ dolları) pul verildi ki, bunun da
30 faizi adamlara dəyən mənəvi ziyana görə idi.
Yapon energetikləri və yanğın söndürənləri
"Fukusima-1" atom elektrik stansiyasında ölüm-dirim
mübarizəsi aparıb, təbii və antropogen mənşəli
kataklizmlərə qalib gəldilər və ölkəni daha
ağır fəlakətdən xilas edə bildilər. Yaponiyada
Çernobıl dəhşəti təkrar olunmadı, buna
yaponların mütəşəkkilliyi və samuraylara xas olan
fədakarlıqları imkan vermədi.
Baş verən fəlakət onun səbəblərinə
daha dərindən diqqət yetirməyi tələb edir. Yazıçı
Haruki Murakamiyə görə, bunda günahkar, qüvvədəki
sistemə xas olan biabırçı struktur
nöqsanlarıdır. Bu sistemin daxilində heç kəs
məsuliyyət hiss etmir, ehtiyatlılıq, təhlükədən
özünü qorumaq, qəza müjdəçisi olan "səmərəliliklə"
əvəz edilmişdir. Təəssüf ki,
energetika, bütövlükdə dövlət siyasəti
"iqtisadi səmərəlilik" şüarı üzərində
qurulmuşdur.
Əlbəttə, belə bir həqiqət də
mövcuddur ki, təbii sərvətlərə malik olmayan
Yaponiya üçün atom energetikası həyati əhəmiyyət
daşıyan bir zərurətdir. Lakin bu cəhət də
ölkə üçün, xalq üçün iri təhlükələrin
baş verməsi ehtimalına heç cür haqq
qazandırmır. Çernobıl qəzası
bütün bəşəriyyət üçün ibrət
dərsi olmalı idi. Məhz bu qəza
Sovet İttfaqının dağılması üçün
mühüm səbəblərdən biri oldu. Sistem, ierarxiya nə qədər vacib sayılsa da,
digər, daha ciddi problemləri kölgədə
qoymamalıdır. SSRİ-nin məhvinin
acı təcrübəsi bunu yaddan çıxarmamağı
tələb edir. Həm də baş verəndən sonra
onun aradan qaldırılması uğrunda mübarizə olduqca
çətinləşir, az qala "Sizif əməyinə"
çevrilir.
Yaponların ən
ağır sınaqlardan uğurla çıxmasına da təəccüb
etmək yəqin ki, artıqdır. Bunu
anlamaq üçün yaponların təbiətinə,
düşüncə və həyat tərzinə sadəcə
bələd olmaq kifayətdir. Yaponlar bu
mühüm cəhətlərə görə bəlkə də
başqa xalqlardan fərqlənirlər. Sintoist
ideologiyası da bu fikri təsdiq etməyə cəhd edir və
yapon psixiki durumunun və tarixi inkişafın yapon yolunun
müstəsna qaydada təkrar edilməz olduğu tezisini irəli
sürür. Son altı onillikdə isə
Yaponiya iqtisadi inkişafda olduqca böyük yol keçmiş,
heyranedici təkamül göstəriciləri
qazanmışdır. Sintoizm dininə görə,
Günəşi təcəssüm etdirən ali ilahə
Amaterasu darıxanda səma pəncərəsini açıb,
himayə etdiyi öz ölkəsinə və xalqına
baxsaydı, əvvəlki tək adaların təbii mənzərəsindən
deyil, yapon xalqının əli ilə yaradılan,
ağlının və zəhmətinin nəticəsi olan
yeni, tam başqa mənzərədən həzz və ilham
alar, ona sitayiş edən insanlara və onların nailiyyətlərinə
görə iftixar hissləri keçirərdi. O görərdi
ki, Yaponiyanın inkişaf səviyyəsində elə bil ki,
bütün bəşəriyyətin nailiyyətləri əks
olunmuşdur.
Fəlakət baş verəndə yaponların bir-birinə
kömək göstərməsi, milli həmrəyliyi
görünməmiş qaydada yüksəlir. Əgər
yapon başqalarından öyrənməyi qəbahət
saymırsa, biz də yaxşı nümunədən istifadə
etməliyik. Qoy Zevs xeyli uzaqda olan
yaponların başı üzərində tez-tez
ildırım çaxdırsın, bu xalq onun
sınaqlarından da qalib çıxa bilir. Çünki yapon öz doğma torpağını
tərk edən deyil, bu ərazi ona əcdadlarından
qalmışdır. Azərbaycanlı da öz doğma
torpağını əcdadlarından qalmış müqəddəs
irs hesab edir və onu həyatı bahasına
da olsa, qorumağa hazırdır. Mübaliğə etmədən
demək lazım gəlir ki, yapon öz həyatı, fəaliyyəti,
əməli ilə dünya xalqları ailəsində
özünəməxsus yer tutur və Yaponiyadan, yaponlardan
öyrəniləsi şeylər heç də az deyildir.
Əgər dünyada gələcəyi işıqlandırmağa
yönəlmiş məşəlləri qaldırmış
onlarla mifik əl nəzərə çarpırsa, onlardan
biri, yəqin ki, yaponlara məxsusdur. Çünki bu xalq
öz gələcəyinə böyük qayğı ilə
yanaşır, özünə ləyaqətli həyat
qurmağa cəhd edir. Xoş gələcəyi
yaxınlaşdırmağa çalışanlara isə uğur
diləməklə, yeni, daha böyük nailiyyətlərə
imza atmalarını arzu etməklə, biz ümumbəşəri
dəyərlərə hörmət bəslədiyimizi
bildirir, özümüzün həm də dünya vətəndaşı
olduğumuzu nümayiş etdiririk. Qoy, proqress
günəşi, dan şəfəqini bu ölkədən
bütün dünyaya paylayan Günəş kimi heç vaxt
Yaponiyanın səmasından əksik olmasın.
Xalqımıza da belə xoş münasibət bəsləyənlər
ordusu böyük qələbəmizdən sonra az qala həndəsi qaydada
çoxalmışdır, beynəlxalq aləmdə Azərbaycana
rəğbətlə yanaşma meyli xeyli güclənmişdir.
Sərhədlərimizdən kənardakı bizi anlayan və
nailiyyətlərimizə şad olan milyonların
xeyir-duaları, xoş arzuları və səmimi hissləri
bizim kamerton kimi həssas könlümüzdə əks
olunmaqla, əlavə sevinc mənbəyimizə
çevrilmişdir, həm də haqq
işimizin artıq dəstəklənməsi və
xalqımıza qarşı geniş həmrəylik
mühitinin yaranması barədə bizdə möhkəm əminlik
yaratmışdır.
SON
25.12.2021-ci il.
525-ci qəzet .- 2022.- 6 iyul.- S.21.