Sonuncu səhər

 

...Hamı üçün adi bir səhər idi.

Onun üçün qeyri-adi...

Bu səhərin qeyri-adiliyi ondaydı ki, Kəlbəcər dağlarının havasını ciyərlərinə çəkirdi.

...Amma sonuncu dəfə!

Ötən il iyulun 4-də adi bir yay səhəri hərbi maşınla  dağların, təpələrin sinəsinə  yaşıl xalı kimi sərilmiş  kənd yolu ilə peşə fəaliyyətini yerinə yetirməyə gedirdi. Həmin gün onun ömrünün son səhəri, getdiyi son yol oldu...

Məhərrəm sonuncu dəfə bu dağların havasını ciyərlərinə çəkib. Sonuncu dəfə hər tərəfi yamyaşıl olan bu təbiəti seyr edib. Kim bilir, həmin anlarda Məhərrəm   barədə düşünürmüş? Evdə qoyub gəldiyi  hər dəfə o qapıdan girəndə "atam gəldi, atam gəldi" deyib həyət darvazasına yüyürən Uğurla Toğrulumu? Onun hər telefon zəngini səksəkə  həsrətlə gözləyən bacı-qardaşınımı? Yoxsa bir ay, ay yarım sonra bölgədəki işini tamamilə yekunlaşdırıb Bakıya dönəcəyini, yenidən üz tutacağı doğma AZƏRTAC-dakı yoldaşlarınımı?

Kim bilir...

Amma həmin gün Susuzluqda işlərini yekunlaşdırandan sonra axşam İstisuya getmək barədə bütün yoldaşları ilə birlikdə razılığa gəlmişdilər. Bəlkə bu barədə düşünürdü?..

Əlbəttə, indi bunu heç kəs söyləyə bilməz.

Kəlbəcərin Susuzluq kəndinə gedərkən yerə basdırılmış tank əleyhinə minanın partlaması nəticəsində içərisində 7 nəfər olan hərbi maşının külü göyə sovruldu. Dəhşətli amansız partlayış nəticəsində iki həmkarımız - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov Azərbaycan Televiziyasının əməkdaşı Sirac Abışov, habelə maşında olan kənd ərazi icra nümayəndəsi şəhid  oldu, mülki şəxslər  yaralandı.

2020-ci ilin noyabrından işğaldan azad edilmiş bölgələrin yaşayış məntəqələrini dolaşaraq peşə fəasliyyətini yerinə yetirən AZƏRTAC-ın müxbirinin ömür yolu həmin gün qırıldı. Bu gözlənilməz faciəli itki ürəkləri göynətdi, dodaqlarda təbəssümü dondurdu, onu tanıyan tanımayan hər kəsi sızım-sızım sızıldatdı.

Məhərrəmin faciəli ölümündən sonra azad edilmiş bölgələrin mina xəritəsinin əldə edilməsi mövzusu daha da aktuallaşdı. Erməni quldur birləşmələrindən minalanmış ərazilərin xəritəsi tələb edildi. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görüldü.

 

17 il işlədiyi AZƏRTAC-ın kollektivi Məhərrəm İbrahimova əbədiyyət heykəli ucaltdı. Onun adına yerində xüsusi guşə təşkil edildi, hər səhər əməkdaşlar həmin guşənin önündən keçəndən sonra işə başladılar, axşam onun qarşısından keçib getdilər.

Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində şəhid-jurnalistin yaşadığı küçəyə onun adı verildi, yaşadığı evə xatirə lövhəsi vuruldu.

Qırx yaşa çatmasına bir il qalırdı...

Bir il yox, hardasa on ay, ondan bir az artıq...

Çata bilmədi...

Hamının yaddaşında, xatirəsində 39 yaşında qaldı...

Onu tanıyanların qəlbində ən xoş zarafatları, özünəməxsus yumoru, səmimiyyəti ilə yaşayan Məhərrəm...

Heç kəsin unutmadığı əziz dost, sevimli yoldaşı, mehriban həmkar...

İbrahimovlar ailəsinin sonbeşiyi...

Qardaşları Əkbər, Əsgər Ələsgərin arxası-dayağı, bacıları Sevda, İradə, Fəridə Azadənin əzizi, həyat yoldaşı Baharın, oğlanları Uğur Toğrulun  ümid yeri...

Onu tanıyan, onunla işləyən hər kəs danışmağa başlayanda bir fikri təkrarlayır: "Məhərrəm ayrı oğul idi..."

 

Doğrudan da elə idi. "Ayrı oğul" tez ayrıldı, vaxtsız getdi...

İndi özü əbədiyyətə qovuşan gözəl bir şairin misrasıdır:

 

"Bir gördün yox oldu adam

Bir gördün fotodu adam".

 

Doğrudanmı adam belə tez yox olur, doğrudanmı adam belə tez fotoya  çevrilir?

Məhərrəm fotoya, daşa, mərmər lövhəyə çevrildi.

Onun adı məzar daşına, xatirə lövhəsinə, küçə adına çevrilsə , həmişə canlı unudulmaz xatirələri ilə  ürəklərdə yaşayır. Həmişə yaşayacaq!

Həyatda elə insanlar olur ki, onlar bu dünyadan köçəndən sonra bir günlük, bir həftəlik xatirələri qalır. Elə insanlar olur ki, onlardan sonra bir aylıq, bir illik xatirələr qalır. Elə insanlar olur ki, onlardan sonra heç bir xatirə qalmır. Elə insanlar da olur ki, onlardan sonra əbədiyaşar xatirələr qalır.

Məhərrəmlə bağlı xatirələr tükənən deyil. Aylar, illər ötsə ...

Onu bizdən ayrılmağa qoymayan, daşın-divarın, lövhənin üzərinə çökməsinə imkan verməyən elə bu canlı həmişə təravətli xatirələrdir...

 

Süleyman QARADAĞLI

 

525-ci qəzet.-  2022.- 7 iyul.- S.14.