Xəzərin ekoloji mühiti: mövcud durum yeni tədbirləri zərurətə çevirib

 

Xəzər dənizi planetimizin unikal su hövzəsidir və sahilyanı dövlətlərin xalqları üçün qlobal əhəmiyyətə və dəyərə malik olan zəngin təbii sərvətləri ilə məşhurdur. Xəzər dənizi daxili su hövzəsi olaraq, dünyanın ən iri gölü hesab edilir. Dənizin uzunluğu şimaldan cənubadək 1200, eni isə orta hesabla 320 kilometr təşkil edir. Volqa, Ural, Kür və digər çayların hövzəsindən qaynaqlanan dəniz ərazisinin iqlim müxtəlifliyi şimaldan bataqlıq, şərq və qərbdən isə yarıquraq və isti quraq sahillərlə əhatə olunması ilə izah edilir. İqlim dəyişmələri son 30 il ərzində Xəzər dənizinin hövzəsində özünü daha həssas göstərib. Bunun nəticəsində Xəzər dənizinin sahil boyunda yaşayan əhali ciddi iqlim dəyişmələrinin, dənizin su səviyyəsinin tərəddüdünün, sel və quraqlıqların mənfi təsirlərinə daha çox məruz qalıb. Azərbaycanın bütün ərazisində bu müddət ərzində yağıntının miqdarı nəzərəçarpacaq dərəcədə azalıb. Bunun müqabilində isə orta aylıq temperaturun yüksəlməsi gözlənilir. İqlim dəyişmələri səbəbindən Xəzər dənizinin səviyyəsinin düşməsi region üçün potensial təhlükəyə çevrilib. Dənizə tökülən çayların suyunun azalması yağıntıların miqdarının azalması ilə bərabər, həm də çay sularından kənd təsərrüfatının artan tələbatının ödənilməsinə yönəldilməsi ilə də xarakterizə olunur.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyir ki, bioresursların azalması, dəniz mühitinin çirklənməsi kimi antropogen təsirlərlə yanaşı, təbii mənşəli problemlər - iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin uzunmüddətli aşağı düşməsi dəniz ekosistemlərinin deqradasiyasına gətirib çıxarır: "Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə mənfi təsir göstərir. Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindəndir".

Nazirin dediyinə görə, Azərbaycanda da Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün tədbirlər görülür: "Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ekoloji vəziyyətin qiymətləndirilməsi, dənizin bioloji ehtiyatlarının və hidroloji vəziyyətinin öyrənilməsi və dəniz ətraf mühitinə mümkün neqativ təsirlərin müəyyənləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Əlif Hacıyev" elmi-tədqiqat gəmisi ilə mütəmadi ekspedisiyalar keçirilir. Biz bu ekspedisiyaları zamanı toplanmış monitorinq məlumatları bütün maraqlı tərəflərlə bölüşməyə hazırıq. Eyni zamanda, Xəzər dənizində birgə ekoloji monitorinqlərin planlaşdırılması və həyata keçirilməsini təklif edirik. Burada regional əməkdaşlığın, xüsusilə ekoloji problemlərin həllində Xəzəryanı ölkələrin səylərinin birləşdirilməsi üçün hüquqi baza yaradan "Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası"nın mühüm rolunu qeyd etmək lazımdır. İnanıram ki, akademik sektor, müvafiq təşkilatların mütəxəssisləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil ekspertlərin qoşulduğu konfrans Xəzər dənizinin ekoloji problemlərinin müzakirəsi və vəziyyətdən çıxış yollarının araşdırılması üçün platforma rolunu oynayacaq. Bununla yanaşı, Xəzər dənizinin dayazlaşma səbəbləri, onun fəsadlarının yumşaldılmasına yönəlmiş milli uyğunlaşma planları ilə yanaşı regional uyğunlaşma tədbirlərinin müəyyənləşdirilməsi hər bir Xəzəryanı ölkənin dayanıqlı inkişafı üçün böyük əhəmiyyət kəsb edəcək".

Nazir vurğulayıb ki, hazırda Xəzər regionu həll olunmayan ekoloji problemlərin mənfi təsiri ilə bağlı bir sıra çətinliklərlə üzləşir: "Bioresursların azalması, dəniz mühitinin çirklənməsi kimi antropogen təsirlərlə yanaşı, təbii mənşəli problemlər - iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin uzunmüddətli aşağı düşməsi dəniz ekosistemlərinin deqradasiyasına gətirib çıxarır".

Onun sözlərinə əsasən, Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə mənfi təsir göstərir: "Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindəndir".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Dəniz Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib ki, sahil zolağında keçirilən ekoloji monitorinqlər zamanı dənizin sahil zolağında 128 təbii və antropogen axar müəyyən edilib. Bu axarlar vasitəsilə müxtəlif sahələrdə formalaşan tullantı suları Xəzər dənizinin çirklənməsinə səbəb olur: "Xəzər dənizi iri sənaye müəssisələrinin cəmləşdiyi ərazilərdən daha çox çirklənməyə məruz qalır. Buna misal olaraq Sumqayıtçay, Acıdərə axarı, Hövsan kanalı, 32-ci kanal və s. qeyd etmək olar. Bu isə sahil zolağının rekreasiya əhəmiyyətli və digər sahələrində ərazilərin ekoloji vəziyyətinin pozulmasına və antisanitar vəziyyətin yaranmasına səbəb olur. Bu vəziyyət eyni zamanda, ekoturizmin inkişafına da mənfi təsir göstərir".

N.Mahmudovun dediyinə görə, sahil zolağında və ona yaxın ərazilərdə fəaliyyət göstərən müxtəlif xidmət sahələrində formalaşan tullantı suları əksər rayonlarda mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmadığından Xəzər dənizinə axıdılır: "Keçirilən monitorinqlər zamanı həmin ərazilərdən nümunələr götürülərək üzərində təhlillər aparılıb, aparılan təhlillərin nəticələrinə əsasən, çirklənmə normadan artıq müəyyən edilib. Buna əsas səbəb həmin ərazilərdə aidiyyəti qurumlar tərəfindən tullantıların mövcud qanunvericiliklərin tələblərinə uyğun idarə edilməməsidir. Məhz bu səbəbdən antropogen təsirlər nəticəsində dənizin çirklənməsi davam edir. Sahil zolağında fəaliyyət göstərən müəssisələrdə formalaşan tullantı sularının təmizlənməsi məqsədilə qanunamüvafiq qaydada tədbirlər görülür".

İdarə rəisi qeyd edib ki, Xəzər dənizinin sahil zolağında fəaliyyət göstərən obyektlərdə formalaşan bərk tullantıların və tullantı sularının mövcud qanunvericiliyin tələblərinə uyğun idarə olunması istiqamətində aidiyyəti orqanların nümayəndələri ilə müvafiq görüşlər təşkil olunur və onlara bu sahədə lazımi tapşırıqlar verilir: "Hazırda sözügedən tullantıların qanunamüvafiq qaydada idarə edilməsi ilə əlaqədar ərazilərdə birgə monitorinqlərin keçirilməsi gücləndirilib və bu istiqamətdə mütəmadi olaraq monitorinqlər həyata keçirilir".

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, millət vəkili Naqif Həmzəyev hesab edir ki, Xəzər dənizinin səviyyəsinin qorunub saxlanması və ekoloji problemlərinin aradan qaldırılması üçün Xəzəryanı dövlətlərin liderlərinin mütəmadi görüşləri keçirilir.  Xəzərdə suyun səviyyəsinin azalmasının qarşısının alınması və təmizlənməsi sahəsində müəyyən işlər aparılır: "Hökumət nümayəndələri və aidiyyəti qurumlar tərəfindən bu problemlərin həlli ilə bağlı xüsusi komissiyalar yaradılıb və birgə fəaliyyət nəzərdə tutulur. Xəzər dənizinə atılan tullantıların 60 faizi Volqa çayının hesabına düşür. Daha sonra Kür və Ural çayları da bu prosesdə müəyyən dərəcə rol oynayır. Xüsusilə, Ermənistan və Gürcüstan ərazisindən axıdılan kommunal və sənaye tullantıları Kür çayı vasitəsilə Xəzər dənizinə tökülür. Ermənistan və Gürcüstanda müasir korrektorlar, filterlər quraşdırılmayıb. Bu səbəbdən Kür çayına olan axıntıların çoxu Gürcüstan və Ermənistan tərəfindən olur. Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt və Ənzəli şəhərlərindən də Xəzər dənizinə tullantılar axıdılır. Bunların qarşısının alınması, korrektor və filterlər vasitəsilə çirkabların təmizlənməsi, eyni zamanda, bu suların sənayedə istifadəsi zəruridir".

Millət vəkilinin söylədiyinə görə, bizim regionda çayların və şirin suların miqdarı azalmaqdadır:

"Xəzəryanı dövlətlərin liderlərinin Aşqabad görüşündə ekoloji problemlərin həlli ilə bağlı müəyyən məsələlər müzakirə olundu. Təkcə Xəzər dənizinin çirkləndirilməsi yox, onun səviyyəsinin aşağı düşməsi də çox böyük problemdir. Bizim regionda çayların və şirin suların miqdarı azalmaqdadır. Xəzər dənizinə tökülən həmin çayların səviyyəsi azaldığı üçün Xəzər dənizinin səviyyəsinə də təsir göstərir".

N.Həmzəyev vurğulayıb ki, digər dövlətlər də bu məsələnin həllində aktivlik göstərməlidirlər:

"Xəzər dənizinin faunasının qorunması, müəyyən qayda çərçivəsində ovlanması təmin olunmalır. Azərbaycan öz üzərinə düşən işi görür. Digər dövlətlər də bu prosesdə aktivlik göstərməlidir ki, Xəzər dənizində yaşayan balıqların tükənməsi prosesi sürətlənməsin. Əksinə, onların sayının artırılması üçün xüsusi dövlət proqramları həyata keçirilməlidir".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2022.- 8 iyul.- S.13.