Səfir: "Azərbaycan Qətərdə
ən çox sevilən ölkələrdən biridir"
Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Al Hinzab
"525-ci qəzet"ə müsahibə verib. Müsahibəni təqdim
edirik.
- Cənab
səfir, ilk növbədə Azərbaycan-Qətər
münasibətləri ilə bağlı fikirlərinizi bilmək
maraqlı olardı. Bu münasibətlər
hazırda hansı səviyyədədir?
- Azərbaycanla Qətər arasında əlaqələr
çox yaxşı səviyyədədir və inkişaf etməkdədir. Hər iki
ölkənin rəhbər şəxsləri bu əlaqələrin
inkişafına xüsusi önəm verir. İnanıram ki, yaxın gələcəkdə əlaqələrimiz
daha yüksək səviyyəyə qalxacaq və
qarşılıqlı olaraq inkişaf edəcək.
Qətər və Azərbaycanın maraqları eynidir, əlaqələrimiz
qarşılıqlı hörmət və ehtiram əsasında
qurulub. Bizi islam dəyərləri, adət-ənənələri
birləşdirir. Coğrafi baxımdan da iki dövlət çox uzaq məsafədə
yerləşmir. Əlbəttə ki, ölkələrimiz
arasında əlaqələrin inkişafında bu məqam da
önəmli rol oynayır.
- Məlumdur ki, pandemiya bütün
dünyada dövlətlərarası münasibətlərə
təsir göstərdi. Bu gün vəziyyət
yaxşılaşmağa doğru gedir və canlı təmaslar,
səfərlər baxımından aktivlik müşahidə
olunur. Bu yaxınlarda Azərbaycanla Qətər
arasında hansı səfərlər həyata keçirilib və
yeni səfərlər gözlənilirmi?
- Son
günlər Azərbaycan və Qətər arasında bir
sıra rəsmi səfərlər baş tutub. Ötən ay
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi
növbəti Bakı Forumunda Qətərin mədəniyyət
naziri Şeyx Əbdürrəhman bin Həməd Al Taninin rəhbərliyi
ilə böyük nümayəndə heyəti iştirak
etdi. Həmçinin, iyunun sonunda, Qətərin
Baş prokuroru Azərbaycana səfər etdi. Səfər
çərçivəsində Azərbaycanın Baş
Prokurorluğu ilə
birgə əməkdaşlığa
dair anlaşma memorandumu imzalandı. Bu da
qarşılıqlı təcrübə mübadiləsinin
inkişafına xidmət edən bir addım oldu. Eyni zamanda Qətərin Şura Məclisi (parlament) sədrinin
müavini, xanım. Hamdə bint Həsən
əs-Suleyti və onu müşayiət edən nümayəndə
heyəti Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin
Bakı forumunda iştirak etmək üçün Azərbaycana
səfər etdi. Bundan əlavə Qətərin
nümayəndə heyəti iyun ayının sonunda İslam Əməkdaşlığı
Təşkilatına üzv ölkələrin turizm nazirlərinin
"Turizmin inkişafında yerli cəmiyyətlərin
rolu" şüarı altında keçirilən 11-ci
sessiyasına qatıldı.
Əminik ki, bu səfərlər Qətər Azərbaycan
əməkdaşlığının inkişafına
müsbət təsir göstərəcək. Ümid edirik
ki, növbəti aylarda da belə səfərlər, tədbirlər
davam edəcək.
- Pandemiyadan əvvəl Azərbaycana
ən çox ərəb ölkələrindən turistlər
gəlirdi. Bu sahə ilə bağlı
hazırda iki ölkənin əməkdaşlığı
hansı səviyyədədir?
-Pandemiyaya
görə bütün ölkələrdə ən çox
zərər çəkən sahə turizm oldu. Bu gün Qətərdə turizm baxımından Azərbaycana
böyük önəm verirlər. Şəhərin mərkəzinə
getsəniz, görəcəksiniz ki, Qətərdən gələn
turistlər çoxluq təşkil edir. Azərbaycan
hazırda Qətərdə ən çox sevilən və səfər
etmək arzu edilən ölkələrdən biridir. Bu bir sıra faktorlarla bağlıdır. İlk növbədə adət-ənənələrdəki
oxşarlıq, coğrafi yaxınlıq, Qətər Hava
Yolları ilə birbaşa reyslərin olması. Eyni zamanda Körfəz ölkələrində də
Azərbaycana maraq günü-gündən artır. Burda turizmin inkişafı, digər ölkələrdən
turistlərin cəlbi üçün hər cəhətdən
çox münbit şərait var. Siyasi sabitlik, təhlükəsizlik
yüksək səviyyədədir. Turistlərin
səfəri üçün bunlar önəmlidir. Qətər Hava Yolları hazırda həftədə
7 reys həyata keçirir. Amma pandemiyadan əvvəl
gündə iki reys var idi. Bu da onu göstərir
ki, Azərbaycana maraq həddən artıq çoxdur. Bir çox Azərbaycan vətəndaşının
Qətər Hava Yollarından tranzit kimi istifadə etdikləri
də məlumdur. Bu sahəni inkişaf
etdirmək üçün hər iki tərəfdən maraq
var və bunun üçün müəyyən fəaliyyət
tələb olunur. Yaxın günlərdə hər iki
ölkədən iş adamlarının müştərək
qurum yaradacaqları gözlənilir. İnanıram ki, həmin
qurum turizmin
inkişafına böyük töhfə verəcək.
- Siz azad edilmiş Azərbaycan ərazilərində
olmusunuz. Dağıdılmış məscidləri, məzarlıqları,
tarixi abidələri görmək hansı hissləri
yaradır?
- Səfirliyə Xarici İşlər Nazirliyi tərəfindən
azad edilmiş torpaqların ziyarəti ilə bağlı dəvətlər
gəlib, mən onların hamısını qəbul edib, həmin
ərazilərə səfər etmişəm. Bu səfərlər
zamanı o ərazilərdə baş verənlərin
hamısını görmüşəm. Qətər
də Azərbaycan kimi bütün müqəddəs dəyərləri
dağıdanları pisləyir. Yəni bu
bizim siyasətimizdə yeni deyil. Fərq
etməz, müqəddəs yer deyəndə məscid, ya kilsə
olsun. Müqəddəs ocaqların
dağıdılması insanlara hörmətsizlikdir. Eyni münasibət tarixin
daşıyıcısı olan abidələrə də
aiddir. Onların da
dağıdılması yolverilməzdir.
- Yeri gəlmişkən, bu gün
azad olmuş ərazilərdə sürətlə bərpa-tikinti
işləri gedir. Qətər tərəfi bu
prosesdə hansısa şəkildə iştirak edir?
- Qətər
hazırda üçüncü dövlətdə fəaliyyət
göstərən və prosesdə iştirak edən bəzi
şirkətlərə maliyyə dəstəyi verir. Bu da imzalanmış müəyyən müqavilələr
çərçivəsində həyata keçirilir. Əgər hansısa layihə təklif olunarsa,
yaxından iştirak etməyə hazırıq. Yüksək səviyyədə keçirdiyimiz
görüşlərdə də bəyan etmişik ki, Qətər
bu prosesdə iştirak etməyə hazırdır.
- İqtisadi-ticarət əlaqələri
barədə nə deyə bilərsiniz? Bu sahədə inkişafa nail olmaq üçün
hansı addımların atılması gözlənilir?
-
Ticari-iqtisadi münasibətlər iki ölkənin əlaqələrinin
inkişafında çox böyük rol oynayır. Hər iki ölkə bu sahədə əlaqələrin
yüksək səviyyəyə qaldırılmasında
maraqlıdır. Bizə müəyyən
təkliflər olunub, bir sıra layihələr mövcuddur.
Layihələr hazırda masamızın üzərindədir,
bununla bağlı araşdırma aparırıq. Onların arasında bərpa olunan və alternativ
enerji, qida təhlükəsizliyi ilə bağlı layihələr
də var. Hesab
edirəm ki, həmin layihələr həyata keçiriləndən
sonra bu sahədə çox böyük bir
sıçrayış olacaq. Onların
reallaşmasında hər iki ölkədən böyük
maraq var. Bu layihələr arasında Azərbaycanda süd və
süd məhsullarının istehsalatı müəssisəsinin
yaradılması ilə bağlı layihə də vardır.
- Bu sahə ölkənizdə
inkişaf edib?
- Qətər
bu sahədə inkişaf etmiş ölkələr
sırasındadır. Çünki məlum
Körfəz böhranı zamanı biz bu sahənin
inkişafına xüsusi diqqət yetirdik. Dünyanın bir çox ölkəsindən
mal-qara növlərini gətirdik və onların
artırılması ilə məşğul olduq. Eyni zamanda məhsulların istehsalı
üçün bir çox fabrik və zavod
açıldı. Bu da bizim ərzaq təhlükəsizliyi
proqramı çərçivəsində həyata
keçirildi. Həmin vaxtdan başlayaraq Qətər
bu sahədə çox inkişaf edib. Təkcə
süd və süd məhsullarında deyil, digər ərzaq
məhsulları ilə bağlı da qida təhlükəsizliyi
proqramı üzrə bir sıra mühüm layihələr
həyata keçirib. Təcrübə onu göstərdi
ki, bəzi
böhranları
fürsətlərə çevirmək mümkündür.
Həmçinin, bəhs etdiyimiz böhran bir daha onu göstərdi ki, heç kimə ümid bəsləmə,
öz gücünə inan, özünə arxayın ol. Biz də bu şüardan çıxış edərək
bu işin bünövrəsini qoyduq.
- Qətər iqtisadiyyatının əsasını
neft və qaz hasilatı təşkil edir. Bu
gün xüsusilə Rusiya-Ukrayna müharibəsinə görə
dünyada alternativ enerji mənbələri axtarılır.
Avropa İttifaqı yaxın 9 ay ərzində Rusiya neftindən
imtina ediləcəyini
açıqlayıb. Əsas alternativlərin Səudiyyə
Ərəbistanı, Qətər və Norveç
olacağı gözlənilir. Lakin bunun
üçün lazımi infrastruktur da
yaradılmalıdır. Qətər buna
hazırdırmı?
- Bu
çox yaxşı sualdır. Biz həmişə
deyirik ki, bu problem istehsalçılar arasında birgə fəaliyyət
tələb edir. Açıq
danışaq, hazırda Rusiya qazını əvəz edəcək
elə bir ölkə yoxdur. Əgər bu
gün bütün dünyada enerji mənbələrinin təhlükəsizliyindən
söhbət gedirsə, ixrac və idxal edən ölkələr
arasında həmişə koordinasiya olmalıdır. Hazırda Qətər sıxılmış maye
qazı ən çox ixrac edən ölkədir. Bu sahə Qətərin əsas bazarıdır və
burada götürdüyü öhdəlikləri həmişə
çalışıb ki, yerinə yetirsin. İxrac edən ölkələrlə elə şərtlərlə
işləmək lazımdır ki, layihələr
reallaşsın. Hansısa ölkənin
qarşısında öhdəlik götürmüsənsə,
mütləq onu yerinə yetirməlisən. Maye qazın Avropaya daşınması üçün
bizdə boru xətləri yoxdur. Xüsusi
tankerlər var, onlar vasitəsilə daşımaq
mümkündür. Dünya bazarı bu
sahədə açıqdır. Hər kəs
rəqibdir. Biz də o rəqabətdə
iştirak edirik. Dünyada baş verən
bütün böhranlar enerji təhlükəsizliyinə
öz mənfi təsirini göstərir. Burda
çıxış yolu odur ki, bütün ölkələr
qarşılıqlı şəkildə əməkdaşlıq
edərək böhranı aradan qaldırsın.
- Cari ilin noyabrında Qətərdə
futbol üzrə dünya çempionatı keçiriləcək.
Bununla bağlı aparılan tikinti işlərində insan
haqlarının pozulması iddiasına görə Dohanın ev sahibliyinə qarşı çıxanlar
olmuşdu. Həmin iddialar Qətər hökuməti
tərəfindən araşdırıldı?
- Futbol
üzrə dünya çempionatının keçirilməsi
dünyada baş verən ən mühüm hadisələrdən
biridir. Qətər bu idman növündə yerləşdiyi
regionu təmsil edir. Bu onu göstərir
ki, Qətər ərazicə kiçik olsa da, dünya səviyyəli
böyük bir layihəni həyata keçirməyə
qadirdir. Qətərin 2010-cu ildə bu tədbirə ev sahibliyi edəcəyi məlum olduqdan bu
günə kimi tənqidlərə məruz
qalmışıq. İstər tikintidə
işləyən fəhlələr, istərsə də digər
məsələlərlə bağlı daim bizə
qarşı müəyyən tənqidlər səsləndirilib.
Bu, normal haldır və bizə qarşı bəzi
çağırışlar da var idi. Qətər
bu dövr ərzində orda çalışanların
hüquqlarının qorunması ilə bağlı çox
böyük islahatlar keçirdi. Ölkəmizdə
beynəlxalq səviyyədə ofislər açıldı və
onların vasitəsilə orda çalışanların
hüquqlarının qorunması təmin edildi. Cenevrədə bilirsiniz ki, işçilərin
hüquqlarının qorunması üzrə Beynəlxalq
Əmək Təşkilatı fəaliyyət göstərir.
Onlarla da münasibətlərimiz tənzimlənir.
İşçilərin hüquqlarının
qorunması təşkilatı Qətərdə də fəaliyyət
göstərir. Bu sahədə islahatlar
davam edir. Beynəlxalq təşkilatlar
işçi qüvvəsi ilə bağlı bizim səylərimizi
yüksək qiymətləndirirlər. Düzdür, bu
iftiralar, yalan məlumatlar bizi bir az incidir. Qətər işçi qüvvəsi əməyinin
qiymətləndirilməsi baxımından dünyada birincilər
sırasındadır. İş saatlarına xüsusi nəzarət
var. Ölkədə işçi qüvvəsini cəlb edən
şirkətlərlə ciddi iş aparılır. Qətərdə işləyən əcnəbilərin
maaşının vaxtında ödənilməsinə ciddi nəzarət
var. Həmçinin, qırmızı kitab var ki, hansısa
hüquqi pozuntu olanda, orda qeyd edilir. Bir
sözlə, bu sahədə islahatlar davam edir.
- Cənab səfir, bir müddətdir
Azərbaycandasınız, ölkəmizi necə təsvir edərdiniz?
Azərbaycanda ən çox nələri bəyənirsiniz?
- Ən çox xoşuma gələn sual bu oldu. Burada fəaliyyət göstərdiyim
müddət ərzində çox
xoş təəssüratlarım
yaranıb. Deyirlər ki, hansısa ölkə
haqqında nəsə bilmək istəyirsənsə, birinci gərək
ordakı yerli əhali haqqında təəssüratın
yarana. Hansısa gözəl ölkədə
yaşaya bilərsən, amma önəmlisi insanları necə
olmasıdır. Psixoloji və təhlükəsizlik
baxımından burda çox rahatdır. Mən
əsasən Avropa və ABŞ-da yaşamışam. Orda düşüncə tərzi, mədəniyyət
hamısı bir istiqamətdə idi. Burda
isə ikilidir - həm Şərq, həm Qərb mədəniyyəti
var. Coğrafi və iqlim baxımından da özəl
mövqeyiniz var. Biz qətərlilər Azərbaycanı
sevirik. Burda özümüzü öz ölkəmizdəki
kimi hiss edirik və böyük fərq görmürük.
Pərvanə
SULTANOVA
525-ci qəzet .- 2022.- 14 iyul.- S.10.