Yuqoslaviyaya - indiki üç
ölkəyə səyahət
(Əvvəli dünənki
sayımızda)
Yolboyu avtobus bir neçə dəfə dayandı ki, sərnişinlər
təbii ehtiyaclarını ödəsinlər. Biz salonu tərk
etdikdən sonra sürücü dezodorantla nəfəsdən
korlanmış havanı xeyli yaxşılığa doğru
dəyişə bilirdi. Bu vaxta qədər
biz belə şeyi görməmişdik. Digər
diqqətimizi cəlb edən bir məsələ də
sürücünün arxasındakı çiyinlikdə onun
üst paltarlarının asılması idi. Lyublyanaya çatanda bizdə yorğunluqdan əsər-əlamət
yox idi. Axşam restoranda bir neçə nəfər
gəncin ad günü qeyd edilməli idi. Biz
hamımız məclisə yola geyindiyimiz və əzilmiş
şəkildə olan kostyumda gəlmişdik, onlar da heç
də bahalı deyildi. Sürücü də
ziyafətə dəvət olunmuşdu. O, şux
kostyumda, ağappaq köynəkdə və mavi qalstukda
içəri girəndə biz özümüzü çox
pis hiss etdik. Turistə biz yox, o daha çox bənzəyirdi,
biz də daha çox ona xidmət göstərən
sürücüyə oxşayırdıq.
Yuqoslaviyada
süfrəyə olduqca az çörək
qoyulur, ancaq səhər və günorta yeməyi vaxtı, həm
də şam süfrəsinə ya "conatan" alması,
ya da portağal qoyulurdu. Bakılı erməni
oğlan yalvarıb, öz meyvə payını bizə verilən
çörəklə dəyişirdi, çünki o,
kök və iri gövdəli idi, daim çörəyə
görə ac qalmasından şikayətlənirdi. Səfərdə digər qüsurlar da asanlıqla
üzə çıxır. Böyük
vəzifəli şəxsin köməkçisi və bir
şəhər rayonu partiya komitəsi birinci katibinin qaynı da
bizim qrupun tərkibində idi. Onlar Zaqrebdə
gecə oteldə sözləşmiş, köməkçi vəzifəli
şəxsin qohumuna sillə vurmuşdu. Xoşagəlməz
hadisə səfərin qərargah rəhbərliyinə
çatdırılmış, onların geri göndərilməsi
məsələsi qalxmışdı. Qrupumuzun
rəhbəri komsomolun Mərkəzi Komitəsinin təlimatçısı
olduğu halda, ona yox, mənə müraciət etdilər ki,
qərargah rəhbərliyi ilə görüşüb, məsələnin
cəza ilə nəticələnməsinə imkan verməyim.
Səhər tezdən mən onların
otağına getdim, bildirdim ki, zarafat edəndə, yaramaz hərəkətə
yol veriblər. Lakin az sonra səhvlərini
etiraf edib, bir-birlərini bağışlamışlar. İndi onlar qol-qola gəzirlər və səhər
yeməyi vaxtı siz özünüz bunu müşahidə
edə bilərsiniz. Onlar mənim gətirdiyim
arqumentlərlə razılaşmalı oldular, çünki
bu hadisə onların da nüfuzuna zərbə vura bilərdi.
Yuqoslaviya
Balkan ölkəsi sayılır, o vaxtlar indiki bizim Azərbaycan
ərazisindən dörd dəfə böyük əraziyə
və 2,2 dəfə artıq əhaliyə
malik idi. Altı respublikanın federasiyası idi, Serbiyaya həm
də Voyevodina muxtar diyarı daxil idi, sonralar Kosovoya da Tito tərəfindən
bu status verilmiş, 90-cı illərdə prezident Slobadan
Miloşeviç onu ləğv etmişdi.
Sloveniyanın federasiyadan ayrılıb, özünü
müstəqil elan etməsi ilə, respublikaların
yetişmiş meyvə kimi federasiya ağacından
tökülməsi başlandı. Prezident
Miloşeviç separatizmin qarşısını almaq
üçün silaha əl atsa da, bunun köməyi
olmadı, Xorvatiya və Bosniya-Herseqovina silahlı mübarizə
yolu ilə öz müstəqilliklərinə nail oldular.
ABŞ və Almaniya Yuqoslaviyanın
parçalanmasına loyal yanaşırdı. Almaniya isti dənizə çıxış əldə
etmək istəyirdi, vaxtilə də Xorvatiyadakı ustaşilər
Hitler ordusuna kollaboranist xidməti göstərmişdi.
1999-cu ildə
Kosovo albanları öz müstəqil dövlətlərini
yaratmaq istədikdə, Serbiya buna silah gücü tətbiq etməklə
cavab verdi. ABŞ prezidenti Bill Klinton
Serbiyanın paytaxtı Belqradı hava bombardmanına məruz
qoymaq əmrini verdi və Kosovo
özünü müstəqil elan etdi. Miloşoveç
isə Haaqa məhkəməsinə verildi və dustaqxanada
öldü.
Slavyanlar bu əraziyə VI əsrin ortalarında gəlmişdilər. Sonralar xorvat
torpaqları Macarıstan krallığının tərkibinə
keçmişdi. Əhali əsasən
Bizansın təsiri ilə ortodoks (pravoslav) xristian dinini qəbul
etmişdi. İbadət slavyan dilində
aparılırdı. XII əsrdə serblər
Bizansdan müstəqillik əldə etdilər və Serbiya
Balkan imperiyasına çevrildi. XIVəsrdə isə
Şərqi Yuqoslaviya Osmanlı dövlətinin vassalı oldu
və bir əsr sonra Osmanlı imperiyasına cəlb edilməklə
400 il onun əsarətində
yaşadı. Müsəlman olmayan xalqlar "rəiyyət"
(hərfi mənada "otarılan sürü")
adlanırdı və məhdud hüquqlara malik idi. Ona görə də bir hissə müsəlmançılığı
qəbul etmişdi. Bosniyada xristianlıqdan
imtina edildiyindən əhalinin xeyli hissəsi İslamı qəbul
etdi. Balkanlarda bosniyalılar və həm də
albanların bir hissəsi müsəlmanlara çevrilmişdilər.
Qaçqın slavyan əhali Macarıstan
krallığına üz tuturdu, ona görə də bura
sonralar Voyevodina adlandırıldı. XVIII
əsrin sonunda Çernoqoriya faktiki olaraq müstəqillik
qazandı. 1877-1878-ci illər rus-türk
müharibəsinin nəticəsində Çernoqoriya və Serbiya
müstəqil dövlətlər kimi tanındı. Bosniya-Herseqovinanı isə Avstriya-Macarıstan
işğal etdi. 1912-ci ildə isə iki
Balkan müharibəsindən sonra Makedoniya Osmanlı əsarətindən
azad olundu. 1915-ci ildə Serbiya və
Çernoqoriya Avstriya-Macarıstan tərəfindən
işğal edildi.
Birinci Dünya müharibəsi başa çatdıqdan
sonra, 1918-ci ilin axırında serblərin, xorvatların,
slovenlərin Krallığı meydana gəldi, 1929-cu ildən
isə bu dövlət Yuqoslaviya adlandı.
Ölkədə Kommunist Partiyasının nüfuzu
artırdı, 1937-ci ildə onun rəhbərliyinə
İosip Broz Tito gəldi.
İkinci Dünya müharibəsində Hitler
qoşunları Yuqoslaviya ərazisini işğal etdi. Xalqın
işğalçılara qarşı mübarizəsi
başlandı, xalq azadlıq qüvvələrinin tərkibində
80 min adam vuruşurdu, partizan dəstələrində
isə onların sayı iki dəfə çox idi. 1944-cü ilin sentyabrında ölkə ərazisinin
2/3-si işğalçılardan azad olunmuşdu.
Yuqoslaviya xalq azadlıq Antifaşist veçesinin
sessiyasında, bu qanunverici, icraedici orqan sayılırdı,
yeni Yuqoslaviyanın Serbiya, Xorvatiya, Sloveniya, Makedoniya,
Çernoqoriya, Bosniya və Herseqovinanın bərabər
hüquqlu xalqlarının demokratik respublikası kimi
qurulacağı vəd edildi. 1945-ci ilin
mayında ölkə ərazisi bütünlüklə azad
edildi.
1970-80-ci illərdə respublikalarda və muxtar diyarlarda
millətçi elementlər baş qaldırmağa
başladı və dövlətin gələcəkdə
dağılmaması üçün bünövrə
yaradıldı.
Ölkənin təbiəti çox rəngarəngdir. Burada Mərkəzi
Avropanın mədəniləşdirilmiş landşaftı
özünü büruzə verir. Dunay və
Sava çaylarının arxasında dağlar ucalır, onlar
yüz kilometrlərlə məsafədə uzanır. Xorvatiyada dağlar yaşıllıqdan tam məhrumdur.
Alp dağları Yuqoslaviyanın baş dağ
sistemlərindən biridir. Bu ərazidə
daha çox əhali yaşayır.
Enerji resursları içərisində daş
kömür mühüm əhəmiyyət kəsb edir. Lakin onun
keyfiyyəti aşağıdır. Tuzla
şəhəri yaxınlığında ("tuz"
türk sözüdür - "duz" deməkdir") bol
daş duz ehtiyatları vardır. Ölkədə
mineral bulaqlar olduqca çox idi. Bu da
kurortların inkişafına şərait yaradırdı.
"Yadran" adlandırdıqları Adriatik dənizinin
sahilləri olduqca gözəldir. Xorvatiyanın və
Çernoqoriyanın məşhur turizm mərkəzləri həmin
sahillərdə yerləşir. Mülayim
iqlim də turistlərin istirahəti üçün
mühüm faktor rolunu oynayır.
Voyevodinada isə torpaqların suvarılması, burada
suvarılan əkinçiliyi inkişaf etdirmək ehtiyacı
mövcuddur. Ona görə də biz muxtar diyarın paytaxtı -
Novi Sadda suvarmaya və meliorasiyaya həsr olunmuş konfransda
iştirak etdik. Burada
iştirakçılara bilavasitə mühazirə vaxtı
meyvə şirələri paylanırdı, bu da bizim
üçün təəccüblü
görünürdü. Necə ki,
Xorvatiyada, paytaxt Zaqrebdə gənclərin narazılıq
nümayişi olan mitinqlərin şahidi olduq. Mitinq iştirakçısı olan tələbə
həmyerlimiz bizə danışdı ki, burada SSRİ-dən
fərqli olaraq insan haqları azadlığı vardır və
mitinqdəki iştiraka, hətta ən kəskin
çağırışlara görə də heç kəs
təqib olunmur və cəzalandırılmır.
Serb-xorvat dilində serblər, xorvatlar,
çernoqoriyalılar və müsəlman bosniyalılar
danışırlar. Yazı isə kirill əlifbasına əsaslanır,
xorvatlar isə latın əlifbasından
istifadə edirlər. Xorvatların içərisində
bir neçə etnik qrup vardır. "Qalstuk"
sözü də xorvatların boğazlarına bağladıqları
yaylıq rəmzindən əmələ gəlmişdir,
fransızlar bunu kroatlara (xorvatlara) məxsus olduğuna görə
"krovat" adlandırmışlar, türklər də
qalstuka "krovat" deyirlər. Bosniya və
Herseqovinada isə heç bir millət çoxluğu təşkil
etmir. "Bosniyalı" adlı millət
yoxdur. Yerli əhali türk istilası
vaxtı islamlaşdırılmışdı, bura həm də
çoxlu türklər, həmçinin, ərəblər,
kürdlər, çərkəzlər gəlmişdi,
qonşu ölkələrdən çox sayda müsəlmanlar
axışmışdı. Ona görə
də "müsəlman" sözü millət sinoniminə
çevrilmişdi. Axı İranda da
"müsəlman" ifadəsindən milli mənsubluğu
ört-basdır etmək üçün istifadə edilir.
Bosniya və Hersoqovinada mütənasib
ölçüdə serblər və xorvatlar yaşayır.
Onların dili serb-xorvat dilidir. Slovenlər isə daha çox almanlaşmağa məruz
qalmışlar.
Belqrad Balkan və Dunay şəhəridir. Beş əsr
ərzində Belqrad xristian Qərbi ilə müsəlman
Şərqi arasındakı sərhəd idi. Bu bard şeirlərində də öz əksini
tapır. Başqa şəhərlərdən
götürülmüş qaydalar da unudulmur. Kafedə Vyanada olduğu kimi ofisiant müştəriyə
gətirib qəzet verirdi, kofe içməyə isə
İstanbuldakı kimi rahat-lukum yemək də əlavə
olunurdu.
Yuqoslaviya xalqlarının mədəniyyəti olduqca
müxtəlifdir. Bunun da izahını tarixdə tapmaq
mümkündür. Bu xalqlar müxtəlif
dövlətlərin tərkibində olmuşdu, həm də
pravoslav və katolik dinlərinin təsirinə məruz
qalmışdı, türklərin mədəni təsiri isə
əsasən şəhər sakinlərində hiss olunur.
Bu təsir Bosniya və Herseqovinada daha güclüdür,
mahnı yaradıcılığında şərq motivləri
(məhəbbət janrı) çox hiss olunur, şərq
musiqi alətlərindən geniş istifadə olunur.
Sloveniyada isə vaxtilə alman feodalları hakim sinif
hesab olunurdu.
Burada katolik ibadətləri latın dilində
getdiyi halda, rəsmi və işgüzar dil kimi alman dili
işlənirdi.
Serb ədəbiyyatına gəldikdə ölkəmizdə
B.Nuşiçin "Nazirin xanımı" əsəri
tamaşaya qoyulmuşdur. Heykəltəraşlıq əsərlərinə
gəldikdə Belqrad yaxınlığındakı Avala
dağında qoyulmuş I Dünya müharibəsinin naməlum
əsgərinə qoyulmuş heykəli qeyd etmək
lazımdır. Burada ciddi möhtəşəm
sərdabə və Yuqoslaviyanın müxtəlif vilayətlərini
təmsil edən iri qadın fiqurları təsvir
olunmuşdur.
İndiki
Serbiyanın, xeyli müddət isə Yuqoslaviyanın
paytaxtı olmuş Belqradın əsası 2400 il
əvvəl qoyulmuşdur. Şəhər Sava
çayının Avropanın arteriyası sayılan Dunaya
töküldüyü yerin yaxınlığındakı
yüksək sahildə yerləşir. Bu
şəhər uzun əsrlər ərzində Mərkəzi
Avropa tərəfdən Balkan yarımadasına başlıca
giriş qapısı olmuşdur. Çay
və quru yolların kəsişməsində yerləşən
şəhəri qala qoruyurdu. Bu qala Sava və
Dunay "əqrəbindəki" "Kalemeqdan" təpəsində
yaradılmışdı. Şəhəri tutmaq
üçün qonşu dövlətlər mübarizə
aparmışdılar, onlarla dəfə şəhər əldən
ələ keçmişdi, həm də bu vaxt 39 dəfə
onu dağıtmışdılar, bu iyrənc işdə
İkinci Dünya müharibəsi dövründə alman
nasistləri xüsusən fərqlənmişdilər. Ona görə də Belqradda qədim və orta əsrlər
dövründən heç bir arxitektura abidəsi
qalmamışdır. Burada digər Avropa
paytaxtlarından fərqli olaraq əsas abidələr qədimliyə
malik olmayan kilsələr və saraylardır. Burada kralların və sərkərdələrin
heykəlləri yoxdur. Evlərin
divarındakı xatirə lövhələri və qəbiristanlıqdakı
sinədaşları onları əvəz edir. Onlar da ölkənin azadlığı və
müstəqilliyi uğrunda mübarizə aparmış qəhrəmanlara
həsr olunmuşdur.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2022.- 20 iyul.- S.23.