Məktəbəqədər təhsil müəssisələrinə qəbulda əsaslı və səmərəli yeniliklər

 

İyulun 18-dən etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçaları) uşaqların qəbulu prosesinə start verilib.

Proses sentyabrın 14-dək davam edəcək. Uşaqların qəbulu "Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi" (www.bq.edu.az) vasitəsilə həyata keçiriləcək. Belə ki, valideynlər sistem üzərində qeyd edilən tarix və saatdan etibarən elektron kabinet yaratmaq imkanı əldə edəcəklər.

İyulun 22-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan şəhər və rayonlar üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab), iyulun 26-dan Bakı şəhəri, avqustun 2-dən isə ölkə üzrə bütün valideynlər uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı növbəyə yazıla biləcəklər.

Valideyn (qanuni nümayəndə) tərəfindən yerləşdirilmiş növbələr 1 ay müddətində boş yerlər olduğu halda sorğuya çevriləcək. Valideyn (qanuni nümayəndə) sorğusu qəbul edildikdən sonra 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

Təhsil Nazirliyindən verilən məlumata əsasən, elektron qəbul sistemi 15-21 sentyabr 2022-ci il tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.

Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölməni və müəssisəni seçərək növbəyə yazıla bilər. Bağçalara qəbul zamanı ümumilikdə valideynlər maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçərək növbəyə yazıla bilər. Növbələrdən hər hansı biri sistem tərəfindən təsdiqlənərək sorğuya çevrilərsə, uşağın digər məktəbəqədər təhsil müəssisələrinə olan növbələri silinəcək. Bundan başqa, valideyn şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib digər seçdiyi məktəbəqədər təhsil müəssisəsinə növbəyə yazıla bilər.

Valideyn məktəbəqədər təhsil müəssisəsi tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəbəqədər təhsil müəssisəsi tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda başqa məktəbəqədər təhsil müəssisəsi seçimi edə bilər. Məlumatda qeyd olunub ki, bəzi kateqoriyadan olan uşaqların qəbulu üzrə üstünlük hüquqları təmin olunacaq. Bunlar şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin övladları,  tək işləyən valideynlərin övladları,  I və II qrup əlillərin övladları,  hərbi xidmətdə olan valideynlərin övladları,  təhsilalan anaların övladları,  çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlardır.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərovanın dediyinə görə, bağçalara qəbulun elektronlaşdırılması insan faktorunu aradan qaldırır. Bu da bağçalara uşaqların qəbul olunmasında hər kəsə bərabər imkanlar yaradacaq:  "Bağçalara qəbul zamanı yaradılan süni maneələr erkən yaşda uşaqların təhsilə cəlb olunmasına mane yaradırdı. Uşaq bağçalarına qəbulda neqativ amillər olduğu danılmaz fakt idi. Uşaqların kimlərinsə tapşırığı ilə bağçaya götürülməsi, yaxud da pul verəndə bağçada uşaq üçün yerin olması kimi faktların olmasını heç kəs dana bilməzdi. Belə hallar da uşaqların bağçalara qəbulunda ayrıseçkilik yaradırdı. İqtisadi və sosial vəziyyətinə görə bəzi uşaqlar bağçaya qəbul olunmurdular. Hesab edirəm ki, uşaq bağçalarına qəbulun elektronlaşdırılması rüşvət faktorunun qarşısını alacaq".

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyir ki, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi qəbulu da müəllimlərin işə qəbulu sistemi ilə aparılacaq: "Mövcud qanunvericiliyə görə, ali təhsilli ibtidai sinif müəllimi də bağçada işləyə bilər. Bu il ilk dəfə Təhsil Nazirliyinin tabeliyində olan dövlət uşaq bağçalarında vakant olan tərbiyəçi və müdirlər üçün namizədlər müsabiqədə iştirak edərək yerləri qazana bilərlər".

Şöbə müdirinin sözlərinə görə, özəl bağçalarda işləmək istəyənlər birbaşa həmin müəssisəyə müraciət edərək işə düzələ bilərlər: "Biz həmin bağçaların fəaliyyətinə qarışa bilmərik".

Elnur Əliyev bildirib ki, hazırda bağçalarda məktəbəhazırlıq qrupları bütün uşaqların məktəbəhazırlıq keçməsinə imkan vermir. Təhsil Nazirliyi istəyir ki, 5 yaşı olan bütün uşaqlar məktəbəhazırlıq keçsin. Bağçalarda da, məktəblərdə də məktəbəhazırlıq qrupları var.

Nazirlik rəsmisi uşaqların bağça yaşının əvvələ alınması ilə bağlı məsələyə aydınlıq gətirib. O qeyd edib ki, Məktəbəqədər təhsil haqqında qanun var: "Orada qəbul qaydaları Nazirlər Kabineti tərəfindən qəbul olunub, yaş qrupları haqda məlumat var. Qaydalarda həm körpələr evi uşaq bağçasına, həm də uşaq bağçalarına hansı yaşda uşaqların qəbul edildiyi qeyd edilib. Orada bağça yaşının əvvələ alınması ilə bağlı hər hansı məlumat yoxdur".

Şöbə müdiri vurğulayıb ki, bağçalar Nazirliyin balansına az müddətdir verilib: "Bu səbəbdən hazırda araşdırma mərhələsindəyik. İnanıram ki, gələcəkdə hansı ərazilərdə yeni bağça inşasına ehtiyac olarsa, bu barədə təkliflər verilə bilər".

Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrində aparılmış monitorinq nəticəsində 11 nəfər bağça müdiri tutduğu vəzifədən azad edilib: "Belə ki, Tərtər rayonunda yerləşən Qazyan kənd körpələr evi-uşaq bağçası, Hacıqərvənd kənd körpələr evi-uşaq bağçası, Bəyimsarov kənd körpələr evi-uşaq bağçası, Hüsənli kənd körpələr evi-uşaq bağçası və Qarağacı kənd körpələr evi-uşaq bağçası, həmçinin, Saatlı rayonu Şirinbəy kənd körpələr evi-uşaq bağçası, Ucar rayonunda yerləşən Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçası və Qarabörk kənd 2 nömrəli körpələr evi-uşaq bağçası, Qax rayonu Meşəbaş kənd 38 nömrəli uşaq bağçası, Lerik rayonunda yerləşən Qosmalian kənd körpələr evi-uşaq bağçası və Hamarat kənd uşaq bağçasının müdirləri ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Monitorinq zamanı sözügedən müəssisələrdə ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili, sənədləşmənin aparılması, sanitar-gigiyena qaydalarına əməl olunması və digər sahələrdə ciddi nöqsan və çatışmazlıqlar aşkar olunub".

Aparılmış yoxlamalar nəticəsində bundan əvvəl 11 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri işində yol verdiyi nöqsanlara görə, 30 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri isə çalışmanın yaş həddinə çatdığı üçün tutduğu vəzifədən azad olunub.

Xatırladaq ki, ötən ilin dekabrında Prezident İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, uşaq bağçalarının 10 ildən sonra Təhsil Nazirliyinin balansına qaytarılması vacib idi. Çünki uşaq bağçaları yerli icra hakimiyyətlərinin balansında olduğu bu 10 il müddətində rüşvət, korrupsiya ocağına çevrilmişdi: "Məktəbəqədər təhsil müəssisələrinin uşaq bağçalarına verilməsi ilə bağçalardan ərzaq oğurlanması, mənimsənilməsi halları da aradan qalxacaq. Məsələn,  Təhsil Nazirliyinin balansındakı internat tipli müəssisələrin ərzaqla təminatında həmişə şəffaflıq nəzərə çarpıb. Bu müsbət halı artıq nazirliyin tabeliyinə verilən uşaq bağçalarında da görəcəyik".

Təhsil eksperti bildirib ki, uşaq bağçalarının Təhsil Nazirliyinin balansına verilməsi nazirliyə hər il birinci sinfə qəbul ediləcək şagirdlərlə bağlı düzgün proqnoz verməyə, öncədən məlumat əldə etməyə imkan yaradacaq: "Nazirlik biləcək ki, gələn il bağçadan 1-ci sinfə nə qədər uşaq gələcək. Plan da bu rəqəmlər üzərində qurulacaq. Bundan əlavə, məktəbəqədər uşaq müəssisələri haqqında zəruri informasiyalar bağçaların proqramına salınacaq. Elə dəyərlər sistemi və biliklər var ki, onlar ibtidai pillədə yox, bağçada öyrədilməlidir. Bu, vahidlik prinsipidir. Nəticədə ibtidai siniflərdə dərs yükü azalacaq".

Digər ciddi problem isə uşaq bağçalarında  ixtisaslı kadrların azlığıdır. Belə ki, indi bağçalarda təkcə nəinki orta ixtisaslı deyil, həm də hətta ali təhsilli kadrlara ehtiyac var. Çünki bağçalarda işləyənlər arasında ali təhsili olmayanlar, orta məktəbi bitirənlər kifayət qədərdir. Kamran Əsədov bildirib ki, bağçaların yerli icra hakimiyyətlərindən alınıb nazirliyə verilməsi bu problemi də həll edəcək: "Artıq məktəblərdə təhsilsiz şəxslər müəllim işləyə bilməyəcəklər. Bu isə bağçalarda məktəbəhazırlıq səviyyəsini yüksəldəcək mühüm amildir".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet  2022.- 20 iyul.- S.9.