Yuqoslaviyaya - indiki üç ölkəyə səyahət

 

Rayon komsomol komitəsinin birinci katibi işlədiyim dövrdə Mərkəzi Komitə yanındakı Sovet Gəncləri Komitəsi xarici ölkələrə səfərlər təşkil edirdi. Nədənsə sosialist ölkələrinə getməyə həvəsim, demək olar ki, yox idi. Kapitalist ölkələrinə isə az sayda adamlar gedirdi və bu arealda inhisar komsomol Mərkəzi Komitəsinin işçilərinin əlində idi. Belə yazılmamış bir qanun var idi ki, guya onlar hamıdan savadlı və ağıllıdırlar, ölkəni onlar daha yaxşı təmsil etməyi bacararlar. Əyalət adamlarına isə yuxarıdan aşağı baxırdılar, regionlar sıravi əsgərlərin yaşadığı kazarma hesab olunurdu. Çox nadir hallarda rayonlardan irəli çəkilənlər ancaq təlimatçı vəzifəsi ilə kifayətlənməli olur, həmin pillədə isə "saqqallı uşaqlara"çevrilirdilər.

Yuqoslaviya sosialist ölkəsi adlansa da, əslində, kommunist cəbhəsinə daxil edilmirdi. SSRİ-nin başçılıq etdiyi blokdan hələ Stalinin dövründə uzaqlaşmış, Yuqoslaviya Kommunist İttifaqına "təftişçi" yarlığı yapışdırılmışdı. Ölkə rəhbəri İosip Broz Tito müstəqil siyasət yeritməyə çalışır, daha çox Qərbə meyl göstərirdi. Ona görə də bu ölkəyə səfər mənim üçün maraqlı gəlirdi.

Moskvadan səfər edən komsomol fəallarından ibarət bütöv qatar Macarıstan ərazisindən keçməklə Belqrada gəlib çatdı. Biz tanış olmayan yeni bir aləmə düşmüşdük. Küçələrdə Qərb ölkələrində istehsal edilən gözəl minik maşınları şütüyürdü, hərdən bir gözə dəyən "Qaz-21" Volqa maşını antilopa sürüsünə qatılmış kərgədan təsiri bağışlayırdı. Ölkədə qeyri-adi bolluq, həm də çox ucuzluq mövcud idi, bu əhalinin sosial vəziyyətinin bizimkindən xeyli yüksək olduğunu göstərirdi.

Belqradla tanışlığımız başladı, şəhər o qədər böyük olmasa da, abad idi, baş meydanını "Slaviya" adlı göydələn otel binası bəzəyirdi. Biz Kalamaqdana getdik, bu söz türk dilindən götürülmüş "Qala meydanı" demək idi. Balkanlar, xüsusən Serbiya 1385-ci ildəki Kosovo döyüşündəki ağır məğlubiyyətdən sonra Osmanlının itaəti altına düşmüşdü. Serb millətçisi Osmanlı sultanı I Muradı qətlə yetirmiş, taxt-taca onun oğlu Bəyazid yiyələnmişdi. Serblər tabeliyində olduqları imperiyadan qisas almaq üçün qətl hərəkətinə sonralar da yol vermişdilər. Gənc serb fanatiki Qavrilo  Printsip 1914-cü ilin iyununda Avstriya-Macarıstan imperiyasının şahzadəsi, imperator taxt-tacına namizəd olan Frants Ferdinandı və onun arvadını güllə atəşi ilə qətlə yetirmişdi. Bu hadisə iki ay sonra Birinci Dünya müharibəsinin başlanması üçün səbəb olmasa da, onun üçün bəhanə rolunu oynamışdı.

Serb dilində xeyli türk sözlərinə rast gəlmək mümkündür, onlar şirniyyat hazırlamaqda da türklərin təcrübəsindən geniş istifadə edirlər. Əhalidə tarixin acı xatirəsinə baxmayaraq, türklərə qarşı düşmənçilik, hansısa bir qəzəb hiss olunmurdu. Kalemeqdandan Sava çayının mənzərəsi və şəhərin yeni ictimai mərkəzi çox gözəl görünür. Qalanın divarı üstündə əlində balta olan serbin heykəli ucalır. Meydandakı muzeydə Yuqoslaviya Azadlıq Ordusunun alman nasistlərinə qarşı qəhrəman mübarizəsi geniş nümayiş etdirilir. Muzeyin divarından asılmış xəritədə 1941-ci ilin dekabrında almanlar Moskvanın 27 km-liyində olduğu vaxt partizanların ölkə ərazisinin xeyli hissəsinin alman işğaçılarından azad etdiyi göstərilirdi. Bu dağlıq ölkənin hər qarışı igid partizanların qanı ilə suvarılmışdır. Şəhər əhalisi paytaxtı azad etmiş Sovet əsgərlərinin xatirəsini də əziz tuturlar. Böyük küçələrdən biri paytaxtı azad etmiş ordunun komandanı Marşal F.İ.Tolbuxinin adını daşıyır. Şəhərdəki həlak olmuş Sovet əsgərlərinin qəbirləri səliqə-sahmandan, xilaskara bəslənən insanlıq hisslərindən xəbər verir. Burada tankist Mişa adlandırılan döyüşçünün qəbri belqradlıların xüsusi ehtiram simvoluna çevrilmişdir.

Belqrad hündürlükdə yerləşir, olduqca yaxşı havası vardır, çünki şəhəri qərbdən Avala dağı, şərqdən isə Fruskaqora əhatə edir. Bu dağlarda adamın ciyərləri təmiz oksigenlə dolur, sinə dolusu nəfəs almaq istəyirsən. Avala dağında mənzərəni Yuqoslaviyanı təşkil edən altı respublikanın təcəssümü kimi yan-yana dayanmış qadın heykəlləri bəzəyir. Burada həm də Yuqoslaviyanın azad olunmasının növbəti ildönümü təntənəsində iştirak etməyə gəlmiş və təyyarənin dağa çırpılmasına görə həlak olmuş Sovet İttifaqı Marşalı S.S.Biryuzovun başçılıq etdiyi nümayəndə heyətinin xatirəsi şərəfinə olduqca təsirli memorial yaradılmışdır. Yol qəzaya düşmüş təyyarənin korpusunu təsvir edir, onun qanadları da eyni qaydada əks olunmuşdur. Avala "maneə", "sığınacaq" deməkdir. Dağ Sovet veteran hərbçilərinin taleyində oynadığı rola görə hər iki mənanı doğruldur, həm uçub yerə enmələrinə ölümcül qaydada mane olmuş, həm də ömürlərində onlara sonuncu sığınacağı vermişdi. Fruskoqorada isə adamların istirahəti üçün ağac gövdələrindən stol və oturacaqlar düzəldilmişdir, meşədə dincəlməyə gəlmiş adamlar üçün yaxşı şərait mövcuddur. Mart ayında belə, yaz havası hiss olunurdu, lakin səhərlər Belqradın havasını daş kömür sobalarının qazı korlayırdı.

Yuqoslaviyada tanış olduğumuz ser

blər, xorvatlar və slovenlər SSRİ-yə, onun xalqına olduqca yaxşı hisslər bəsləyirdilər. Belqrad küçələrində bizim Sovet İttifaqından olduğumuzu bildikdə, israrla restorana dəvət edirdilər ki, bir qədəh vinyak içək. Xorvatiyada isə restoranda yeyib-içən qoca kişilər bizim Mixaylonun vətənindən - Azərbaycandan olduğumuzu eşitdikdə, bizi qonaq etməyə çalışdılar. Bizə isə ev sahibləri - balıqçılıq kooperativinin rəhbərliyi kəndin gözəl restoranında bolluğu ilə seçilən ziyafət düzəltmişdi. Biz kənd qocalarının dəvətindən imtina edə bilmədik.

Belqradda bizi təəccübləndirən kinoteatrların rahatlığı oldu. Burada kresloların məxmər örtüyü adamın dincəlməsinə şərait yaradırdı, bizdə isə əvvəllər Bakı kinoteatrlarında oturacaqlar taxtadan olmaqla narahatlıq təsiri bağışlayırdı. Həm də kino zalına palto, ya plaşla girməyə icazə verilmir, teatrlarda olan kimi soyunub onu qarderoba təhvil verirsən. Sonralar Avropanın başqa şəhərlərində, Moskva və Leninqradda mən bu qaydaya rast gəlməmişdim.

Digər xoşagələn bir cəhət isə belqradlıların uşaqların dəcəlliyinə qarşı tolerantlığı idi. Qaraçı uşaqlar tramvayın buksir dəmirinin üstündə oturur, sürətlə gedən tramvaydan tullanıb düşürdülər. Onlara heç kəs acıqlanmırdı. Yaponiya səfirliyinin pəncərəsindən isə biz maraqla bonsaya - karlik kriptomeriya ağacına tamaşa etdik.

Bir neçə gün Belqradda qaldıqdan sonra biz avtobusla Lyublyanaya - Sloveniyanın paytaxtına yola düşdük. Bildirdilər ki, məsafə 600 km-dir, bu, bizi qorxutdu, çünki öz ölkəmizdə bu məsafədə yolu qət etmək heç də asan məsələ deyildi, əslində ölkə daxilində bir istiqamətdə belə uzaq yolumuz da yox idi. Çünki bizdə yollar bərbad vəziyyətdə idi. Lakin bu yol transavropa yolunun bir hissəsi idi, materikin şimalından cənubuna, oradan isə Asiyaya - Türkiyə ərazisinə keçirdi. Aqata Kristinin macəralarını təsvir etdiyi Orient (Şərq) ekspress qatarı Belqraddan və Yuqoslaviya ərazisindən keçdiyi kimi, biz Sovet gəncləri də iki respublika torpaqlarını adlayıb üçüncüsünə, lap İtaliya sərhədinə gəlib çıxmışdıq.

Həm də yol boyu Belqradın özünü gəzəndə olduğu kimi, qu quşununkuna bənzər boynu ona xüsusi gözəllik verən bələdçi qız avtobusdakıları rus mahnılarını oxumağa sövq edirdi, özü bu şərqiləri əzbər bilir, ustalıqla ifa edirdi. Biz azərbaycanlılar isə bu sahədə onlarla ayaqlaşa bilmədiyimizi göstərirdik, bəzən mızıldanırdıqsa, bundan da heç nə alınmırdı, açıq gözə şarpan kompleksimiz bizi özümüzə real qiymət verməyə məcbur edirdi. 

Səfərə getdiyimizdən bir az əvvəl respublika komsomolunun qurultayının başa çatmasının səhəri günü partiya Mərkəzi Komitəsinin bürosu şəhər və rayon komitəsinin katiblərini qəbul etdi. Mənə tapşırıq verilmişdi ki, görüşdə çıxış edim, bundan imtina etmişdim, çünki bir gün əvvəl qurultayda tənqidi çıxış etmiş, Kənd Tikinti Nazirliyini rayondakı bir məktəb binasının inşasını 10 il ərzində başa çatdırmadığına görə ittiham etmişdim. Qurultayın sonunda Ümumittifaq komsomolu Mərkəzi Komitəsinin katibi kimi onun işində iştirak edən Ə.X.Vəzirov mənim çıxışımın ruhunu bəyəndiyini qeyd etməklə yanaşı, şikayətlənməyimi əsassız sayaraq, "komsomolun özü məktəb binasını tikib başa çatdırmalıdır" dedi. Büro üzvləri ilə görüşdə üçüncü mənə söz verdilər. Mən qurultayda tənqid olunmağımla razılaşmadığımı dedikdə, MK-nın birinci katibi V.Y.Axundov mənim tənqidimin haqlı olduğunu bildirdi. Vəzirov istədi ki, mikrofonla nəsə desin, lakin Axundov ona imkan vermədi.

Sonra Vəli Yusifoğlu yekun nitqində bir çox məsələlərə toxundu və süfrə mədəniyyətimizdən danışdı. O dedi ki, bu yaxınlarda Tbilisidə rəsmi tədbirdə iştirak etdikdən sonra, ziyafətin də qonağı olmuşdu. Gürcülər bütün məclis boyu xorla, özüdə polifonik qaydada oxuyurdular. Qayıdanda Qazaxda oldum, təklif etdim ki, bəlkə, biz də süfrə arxasında oxuyaq. Biri təklif etdi ki, mən "Koroğlu" operasından baş qəhrəmanın ariyasını oxuya bilərəm. Buna bənzər, o qədər də uyğun olmayan təkliflər eşidildi. Biz yaxşı ənənələri yaşatmağa da çalışmalıyıq, niyə bizim musiqiyə diqqətimizi yalnız qulaqların inhisarı ilə yekunlaşdırmalıyıq. Biz məclislərdə oxumağı, özü də birgə oxumağı tətbiq etsək, musiqimizin populyarlığının yüksəlməsinə nail ola bilərik. Təəssüf ki, respublika rəhbərinin bu məsələdəki nəsihəti öz real tətbiqini tapmadı, biz məclislərdə yenə əvvəlki tək izafi yeməyi və içməyi şənliyin başlıca əlaməti hesab etməkdən uzaqlaşa bilmirik.

Ona görə də Yuqoslaviyadakı səfər boyu Avropada da yayılan rus mahnılarını oxuya bilmədiyimizə görə öz natamamlıq kompleksimizi gizlədə bilmirdik. Axı avtobusda, ya süfrə arxasında biliyi göstərmək tələb olunmur, məclisə şənlik vermək qabiliyyəti önə çəkilir. Bu məsələdə isə biz geridə qalmaqda davam edirik. Şamaxı rayon partiya komitəsinin birinci katibi Feyruz Mustafayev danışırdı ki, Gürcüstan SSR-nin 60 illiyi təntənələrində iştirak etməyə Heydər Əliyev məni də aparmışdı, çünki bu vaxt artıq o, Sosialist Əməyi Qəhrəmanı idi. Eduard Şevardnadze böyük ziyafət təşkil etmişdi, bir-iki sağlıqdan sonra gürcülər oxumağa başladılar. Məclis yeyib-içməkdən çox filarmoniya zalını xatırladırdı. Heydər Əliyev Feyruz müəllimə müraciət edib deyib ki, biz belə sakit dayanmaqla biabır oluruq, sənin səsin var, bir şey oxu. O, "Ay qara qız" mahnısını avazla oxumağa başlayanda, gürcülər susdular və axırda ona əl çaldılar. Heydər Əliyev raykom katibinə razılıq edibmiş ki, bizi vəziyyətdən çıxara bildin. Amma həmin mahnının ruhu gürcü şərqilərinə heç cür uyğun gələ bilməzdi.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet.-  2022.- 21 iyul.- S.12.