Yüz illik nifrətin məğlubiyyəti

 

Azərbaycan tarixi, müstəqilliyini öz canından daha əziz tutan minlərlə insanın həyat hekayəsi, zəfər salnamələri ilə zəngindir. Tariximizə qanla yazılan şanlı Zəfər dastanımızdan sonuncusu olan İkinci Qarabağ savaşındakı qələbə bir daha  müstəqilliyimizin necə böyük nemət olduğunu  göstərdi və artıq yaratmış olduğumuz yeni reallıq çərçivəsində hər kəs bilməlidir ki, biz bu müstəqilliyi almamışıq, qanımız bahasına qazanmışıq, qanımız bahasına da qoruyarıq və qoruyacağıq.

Müharibədə sadəcə ordular döyüşmür. Hər bir vətəndaşın özünəməxsus peşə cəbhəsi, müharibənin qazanılmasında maddi-mənəvi rolu vardır. Bu mənada Vətən müharibəsindəki Zəfərimiz təkcə Azərbaycan ordusunun deyil, ordunun torpaqları işğaldan azad etməsi üçün əlverişli zəmini hazırlayan siyasi-diplomatik və iqtisadi cəbhənin də qələbəsidir. Xalqın birliyinin nəticəsidir ki, özünə "yenilməz" deyən və himayədarları tərəfindən bütün hallarda dəstəklənən bir işğal ordusunun 30 ilə yaxın hazırladığı müdafiə ssenarisi 44 gün ərzində tamamilə darmadağın edilmiş oldu.

Müharibə eyni zamanda, haqq səsini duyurmağı özünə şanlı amal bilən jurnalistlərin, qələm sahiblərinin cəbhəsidir. Bu elə bir döyüşdür ki, qılıncların susduğu anda döyüş bayrağını qələm təhvil alır. Bu mənada hər bir yazıçı ictimai cəbhənin əli "silahlı" əsgəridir və onlar da öz ölkələrinin ədəbi keşiyində layiqincə xidmət etməlidirlər. Çünki tarix təkrarlanır. Daha doğrusu, tarixi təkrarladan, necə deyərlər xətalarıdır. Gələcəkdə Azərbaycanın tarixindəki qaranlıq günləri yenidən yaşamaması üçün, hər birimizin borcu, bu günlərin tarixini bilməkdir. Bunun üçün isə ədəbiyyatımız yetərincə zəngin qaynaqlardan birini təşkil edir.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Məmməd Səid Ordubadinin, 1905-1906-cı illərdəki erməni-müsəlman davasından bəhs edən "Qanlı Sənələr" əsəri bu mənada mühüm tarixi mənbə rolundadır. Çünki ermənilərin Azərbaycan torpaqlarındakı mənfur fəaliyyətlərinin tarixi yeni deyil. Azərbaycan, artıq yüz ildən artıqdır, ardıcıl nəsillər şəklində erməni xislətindən əziyyət çəkməkdədir.

Kitab 1905-1906-cı illərdə  baş vermiş erməni-müsəlman davasından gerçək görüşlər və faktlar əsasında bəhs etməklə , yazıçının tərəfsiz mövqedən qələmə aldığı zəngin qaynaqdır. Xüsusilə, Naxçıvan Muxtar Respublikası ilə quru yolunun 100 ilin ardından yenidən açılmasının bir addımlığında olduğumuz bu ərəfələrdə, Naxçıvanın tarixinə də konkret olaraq  bir baxış təqdim edir.

Oxuduqca görürük ki, Xocalı soyqırımının, Gəncə terrorunun, 20-ci əsrin əvvəllərindəki erməni vandalizmindən heç bir fərqi yoxdur; bütün bu hadisələr sadəcə tək bir iradənin və nifrət psixologiyasını milli-şüur olaraq qəbul edən bir millətin şüurlu-qəsdli davranışlarıdır. Sözügedən psixologiyanı yaxşı başa düşmək üçün isə, tarixi bir qədər gerilərək çəkmək və M.S.Ordubadinin yerində analizlərini bugünümüzlə qarşılıqlı şəkildə öyrənmək zəruridir.

1905-ci ilin may ayının əvvəllərindən etibarən Bakıda baş verən erməni-müsəlman toqquşması ölkənin demək olar ki,  dörd bir tərəfindəki qapıbir yaşayan hər iki xalqın nümayəndələrinin gündəlik həyat ritmini pozur. O cümlədən, xüsusilə növbəti illərdə böyük qırğınlara şahidlik edəcək Naxçıvan bölgəsində; müsəlman əhalinin, ermənilərin odlu silahla silahlanmasını və İrəvandakı ermənilərin Naxçıvana axışaraq, erməni evlərində və kilsələrdə gecələr boyunca yığıncaqların olduğunu müşahidə etməsi baş verəcək olan fəlakətlərin xəbərçisi rolunda idi. 1905-ci ilin 5 may tarixində 3 müsəlman Cəhri kənd sakini ermənilərin məskunlaşdığı Şıxmahmud kəndindən keçərkən hücuma məruz qalaraq qətlə yetirilir. Bu xəbərin yayılması ilə kilsələrdə toplaşan erməni qruplaşma üzvlərinin sayında artım müşahidə edilməyə başlayır. Ən maraqlı tərəfi isə budur ki, insanlar uzun illər sıx qonşuluq münasibətlərinə sahib olduqları ermənilərin belə vəhşiləşəcəyini güman etməzdilər, onları çaş-baş qoyan da məhz bu olmuşdu.

Yazıçı Güllü Məmmədovanın "Qan içində İşıq" tarixi  romanında bütün bu vəhşiliklərə baxmayaraq,  müsəlman xalq arasında ermənilərə qarşı yenə də bir ümid işartısının yer aldığı, daha doğrusu onların belə mənfur-terrorçu əməllərinə inana bilmədikləri dövrün psixoloji abu-havası ilə harmoniya şəklində təqdim olunur. Çünki ermənilər qədər dövrün çar idarə sistemi də böyük vəhşiliyə imza atır, ən məsum olanları isə qətliama göz yumurdu və azərbaycanlılar necə şeytan bir düşmənlə qarşı-qarşıya olduqlarını hələ tam dərk etmirdilər.

8 may 1905-ci ildə İrəvan qubernatoru Baranovski, İrəvan şəhər qlavası Ağamalov və Cəfərquluxan Naxçıvanski Naxçıvana daxil olurlar. Ertəsi günü camaat, xüsusilə də Cəhri sakinləri qubernatora şikayətə gedərək, kənd yollarının mütləq əksəriyyətinin erməni silahlılarının əlində olduğunu və bunun təhlükəsinə qarşı hökumət mühafizəsinə keçməsinin önəmindən bəhs edirlər. Təbii ki, ermənipərəst çar hökuməti bu çağırışlara məhəl qoymur. Hətta 11 may gecəsində Baranovski özü şəxsən külli-miqdarda bomba daşıyan ermənini zərərsizləşdirir və bunun ardından bölgədə erməni qaynaqlı olaraq böyük atışmalar olur. Müsəlman əhali yenidən şikayətə gəldikdə isə Baranovski tarixə keçəcək bu cavabı verir: "Onlar əgər sizə atəş açırsa, sizdə onların tapançalarını alın". Bu İkinci Qarabağ müharibəsində ermənilərin Gəncədə türk hərbi təyyarələrinin olmasına görə, heç bir əlaqəsi olmadan, mülki yaşayış bölgələrini raketlərlə vurmasına bənzədi. Bəlkə də mənfur düşmənin elə Gəncəni vurmaqda məqsədi, eyni şəkildə qarşılıq görmək arzusu və bunu bütün dünyaya qarşı propaqanda edərək, ürəklərində qalan "Azərbaycan mülkiləri hədəf alır" rezonansını yaratma xülyası idi.

Ermənilər əksər terrorçu-qətliam qərarlarını kilsələrdə aldıqlarından, müsəlmanların əvvəlcədən xəbər tutması mümkün olmurdu. Eyni zamanda ermənilər terrorçu təşkilatlanma yolu ilə hərbi təlimlər keçirdilər və beləcə odlu silaha rahatca yiyələnirdilər. Digər yandan isə, rus hökumət qurumlarının susqunluğu ilə yanaşı kazak dəstələrinin də ermənilərə böyük canlı qüvvə yardımı göstərməsi, məsələnin daha da alovlanmasına səbəb olur.  Hətta müxbirlərin belə bir qeydi var ki, Naxçıvanda müsəlman dükanlarının əksəriyyət təşkil etdiyi bazar meydanının vəhşicəsinə kazaklar tərəfindən alova verilməsinin ardından, 27-30 noyabr tarixlərində bölgədə yemək üçün heç bir ərzaq tapılmır.

Naxçıvan hadisələrində ermənilərin qarşısının alınması, İrəvandakı erməniləri daha da qəzəbləndirir, hətta erməni hücumlarına istinadən bazar-dükanların bağlanması İrəvanda ticarətin çöküşünə səbəb olur. Müxbir qeydlərində deyilir ki, 23 mayda bazar meydanında erməni iğtişaşlarından xəbərsiz olan müsəlman dükan sahibləri, qonşu erməni mağazalarının yiyəsiz olduğunu görüb onları da qoruyurmuşlar. 24 mayda baş verən  hadisələr nəticəsində isə, 5 kişi ilə yanaşı, 4 qadın və 2 uşaq vəhşicəsinə qətlə yetirilir; yəni Xocalı kimi, yəni Gəncə terroru kimi.

Bəhs olunan dövr üçün güclü maraq doğuran mühüm bir sual ortadadır: - ermənilər bu qədər müasir odlu silaha necə yiyələnmişdilər?

Daşnaksütyun kimi terror təcrübəsi olan ermənilərin, beşatılan, mauzer tüfənglərinə sahib olması, müsəlmanların böyük itkilər verməsinə gətirib çıxarmışdı. 117 il əvvəl aktual olan bu sual, İkinci Qarabağ müharibəsində yenidən Azərbaycanın gündəmini zəbt etməyi bacardı; - bəs həqiqətən ermənilərə bu qədər silah-sursatı, texnika və hərbi vasitələri kim verirdi?

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müharibə dövründə məhv edilmiş və qənimət götürülmüş erməni texnikalarından danışarkən, bu texnikaların ümumi dəyərinin milyardlarla dollar olduğunu və Ermənistana pay verildiyini bildirmişdi. Bu mənada Qarabağ zəfəri təkcə Ermənistanın hərbi-siyasi iradəsi üzərində qələbəsini deyil, Azərbaycana qarşı Ermənistanı kəskin silahlandıran "siyasi ağılın" da məğlubiyyətini özündə ehtiva etməkdədir. Həmin pay verilmiş texnikaların, Zəfər Paradında sərgilənməsi isə bu himayə politikasına verilmiş ən tutarlı cavab oldu deyə bilərik.

Ermənilər 117 il öncə kilsələrdə qətliam qərarları alırdılar. İkinci Qarabağ müharibəsi zamanı isə uşaq bağçalarında, mədəniyyət ocaqlarında , dini obyektlərdə hərbi müşavirələr keçirdilər. Kilsə zənginin sədaları altında edilən dualar, Gəncəyə atılan o raketin qətliam-qırğın hayqırışları altında neçə qat əzildi görəsən?

 Ermənilər hətta Qarabağ müharibəsini din savaşına belə çevirmək istəyində idilər; müharibə dövründə Avropada islama qarşı açıq təhqirlərin artması erməni lobbi fəaliyyətinin nəticələrindən idi. Xristian amilindən istifadə edə bilmədiklərini başa düşdükdə, bu dəfə dinin özünü hədəfə aldılar. Onsuz da tarix boyu heç bir dinə bağlılıqları və hörmətləri olmayıb. Erməni milləti məhz bu səbəbdən də dünyanın ən təhlükəli millətidir, çünki itirəcək heç nəyə sahib deyillər!

Dinə hörmətlərinin olmamasını göstərən ən böyük dəlil Qarabağdakı məscidlərin işğal dövründə düşmüş olduğu vəziyyətdir; bu məscidlər gah yandırıldı, gah da içərisində İslam dinində haram buyurulmuş heyvanlar saxlanılaraq, qəsdli şəkildə hörmətsizlik edilməyə çalışıldı. M.S.Ordubadinin qələmi vasitəsilə görürük ki, bu hörmətsizlik amili də, yüz illik erməni psixologiyasının mənfur məhsuludur. Ermənilər 1905-ci il 31 iyun tarixində Gözəcik kəndinə hücum etdikləri zaman kənddəki məscidin minarələrini də dağıdırlar. Hətta müsəlmanların yaşadığı Uşu kəndinə hücuma keçməzdən əvvəl erməni keşişi əlində xaç ilə piyada firqələrinin arasında gəzərək onları qətliama ruhlandırır və daha çox qan axıdılması üçün vicdanlarına su səpir. İkinci Qarabağ müharibəsi dövründə isə, erməni keşiş əlində avtomat ilə şəkil paylaşaraq 117 il əvvəlki keşişin siyasətini davam etdirmişdi,  yəni dəyişən heç nə yoxdur.

Dinə olan hörmətsizliklərinə daha bir fakt budur ki, 1905-ci ilin 9 iyun tarixində Təkyə kəndinə hücum edən ermənilər, kənd axundunun evini qarət edən zaman 200 cild Quran və bir çox dini kitabı yandırırlar. Qazi xidmətçisi deyirki ermənilər müqəddəs kitabı süngüyə keçirib yandırır, məscidin divarlarını dəlmə-deşik edirdilər.

Erməni qətliamları 13 iyun 1905-ci ildən etibarən Cəbrayıl-Qaryagin bölgəsində də davam edir. Ümumiyyətlə erməni terror qruplaşmalarının Qarabağ bölgəsində bir neçə strateji mərkəzi var idi ki, bir növü qərargah kimi istifadə edirdilər. Bunların arasında ordumuz tərəfindən 16 oktyabr tarixində azad edilən Ağbulaq kəndi və olduqca strateji önəmi olan Xırmancıq kəndi mühümdür. Xırmancıqdan istehkam kimi istifadə edən ermənilər burdan Arış kəndinə doğru yol cızmaq, əgər müsəlmanlar onları geri püskürdərsə isə təkrar Xırmancığa doğru qaçmağı planlaşdırırdılar. Bu arada Füzuli rayonunun Arış kəndi də 15 oktyabrda işğaldan azad edildi.

Erməni qırğınlarının tarixi şahidlərindən biri də Şuşa şəhəri olur. Hətta 18 avqust Şuşada "qanlı gün" olaraq qeyd edilir. Qubernator  Baranovski 19 avqustda Şuşada, məscidin həyətində nitq söyləyərək hər iki xalqı sülhə, əmin-amanlığa səsləyir. Bu çağırışın ardından müsəlmanlar inanaraq silahı yerə qoysa da, ermənilər hətta qubernatorun özünü belə atəşə tuturlar.

Prezident İlham Əliyev tərəfindən dəfələrlə dilə gətirilən, Azərbaycanın tarixi guşəsi olan Zəngəzurda erməni qətliamlarından heç bir şəkildə  kənar qalmır. Ermənilər Qarabağ bölgəsində məğlub olduqdan sonra yerdə qalan qüvvələrini bərpa edərək, İrəvan və Naxçıvan arasında yerləşən müsəlman kəndləri dağıtmaq, beləcə həmin ərazilərdə möhkəmlənmək arzusuna düşürlər. Bu məqsədlə Barabatum və Çəkədək kəndlərində böyük qruplaşmalar yaradırlar, ilk hədəflərdən biri isə mis mədənlərilə zəngin Qatar kəndi olur.

Qatar kəndindən əvvəl isə Qafan dərəsindən toplanan erməni dəstələri müsəlman kəndlərə hücum edərək bazar meydanlarını yandırırlar. Böyük qırğınlardan biri Karxana kəndində gerçəkləşir. Karxana camaatı daha kasıb müsəlmanların yaşadığı yer olduğundan, odlu silahın adı belə yox idi. Hətta bu kənddə Xocalıdakına bənzər bir hadisədə gerçəkləşir; Karxana kəndindəki qırğınlardan qaçan 30-a yaxın qadın, uşaq və yaşlı, kəndin kənar bölgələrində gizlənsələr də, Firuzə adlı qadının südəmər körpəsinin ağlamaq səsini eşidən ermənilər onları taparaq amansızcasına qətlə yetirirlər. Karxana faciəsini eşidən müsəlmanlar, qırğınlardan xilas olmaq üçün Lov, Xələc, Saldaşlı, İncəvar, Daşnov kəndlərini əvvəlcədən boşaldırlar və Qatar kəndinə sığınırlar. 1 avqustda isə Qatar kəndi hər tərəfdən mühasirəyə alınır. Ümumən bu kəndin dörd bir yanı ermənilərin üstünlük təşkil etdiyi kəndlər olduğundan, müəllifin də qeyd etdiyi kimi əlinə silah alan hər erməni sadəcə 10 dəqiqə uzaqlıqda idi. Müsəlmanların qətlinə yüksəklikdən durbinlə şahidlik edən Qatar kənd pristavı isə, erməni vəhşiliklərini gözəl strateji həmlə olaraq dəyərləndirmişdi.

Son olaraq bir məsələni də qeyd edim ki, yazıçılarımızın haqlı şəkildə tənqid etdiyi kimi müsəlmanın hədsiz avamlığı da bu məsələdə də az-çox rol oynamışdır. Hətta özlərini islam qoşunu olaraq təqdim edən ermənilər, dillərində kəlmeyi-şəhadətlə kəndlərdə müsəlmanlar tərəfindən sevinclə qarşılanmış və ən gözləmədikləri anda qətliama məruz qalmışdılar.

Bugünü yaxşı dərk edə bilmək üçün 100 il bundan əvvəli yaxşı başa düşmək lazımdır. Bu gün heç bir halda tarixdən kənar öyrənilə bilməz. Tarix hər şeydən əvvəl, bir millətin özünə inamının ən mühüm qaynaqlarından biridir. Bu mənada Azərbaycanın "Dəmir Yumruq" əməliyyatı müharibə ədəbiyyatlarına mütləq daxil olacaq, öyrəniləcək və nəticələr çıxarılacaq. Ermənilərin bundan sonrakı nəsilləri də bu müharibənin tarixini oxuduqca, "bilik, bacarıq və inam" daşıyan bir xalqın bir yumruq olaraq nələrə qadir ola biləcəyini yaxşı dərk edəcəklər. Yaxın tariximizə qədər, Azərbaycan mövcud reallıqla barışmağa məcbur edilməyə çalışılarkən, nəinki Ermənistan, hətta onların himayədarları belə bu gün yeni yaranmış reallığı qəbul etmək məcburiyyətindədirlər. Azərbaycan müstəqil dövlətdir və ərazi bütövlüyü heç bir halda pozula bilməz. Bu prinsiplərin dərk edilməsi, yeni reallıqla barışılması, nəqliyyat-kommunikasiya dəhlizləri üzərindən qurulacaq iqtisadi əməkdaşlıq, bölgənin qısa müddət ərzində sürətli inkişafına təkan verməklə, ermənilərin nifrət psixologiyasının milli şüurlarından sökülüb-çıxarılmasına da köməklik edəcəyinə ümid edirik. Sülh inkişaf üçün şərtdir. Həm sülh, həm də inkişaf isə, bölgədə ilk növbədə Ermənistanın özü üçün gərəklidir. Ümid edək ki, bu gerçəyi bizim gördüyümüz qədər, erməni xalqı da görməyə və addımlarını bu çərçivədə atmağa başlasınlar.

 

Bahadur HÜSEYNOV Beynəlxalq münasibətlər üzrə magistr

 

525-ci qəzet .- 2022.- 21 iyul.- S.14;15.