Uğur olsun, rektor

 

Nə zamansa dahilərin müdrik bir kəlamını oxumuşdum: "İnsan ömrü yazılmamış bir kitabdır. Bu kitabın hər səhifəsini doğulduğu gündən taleyin işığı ilə zaman-zaman sətirlərə köçürür. Qarşıya isə həmişə daşlı-kəsəkli yollar çıxır... Ürəyində, könlündə böyük ilahi sevgi, tanrı təpəri olanlar yorulmaq bilmədən zəhmət dolu zirvələri fəth edərək arzularının arxasınca, istəklərinin dalınca gedir".

Həyatının ən qaynar çağlarından elm yolunu, xalqına xidmət yolunu özünə amal seçən ziyalılardan biri də Azərbaycanda və xarici ölkələrin elmi qurumlarında tanınan görkəmli fitopatoloq, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Milli Elmlər Akademiyasının müxbir üzvü, kənd təssərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərovdur.

Tanınmış alimin, görkəmli ictimai xadimin ömür kitabını səhifələyirik. İbrahim Cəfərov 1956-cı ildə yanvar ayının 20-də Vətənimizin zəngin guşələrindən biri olan Naxçıvanın Şərur rayonunda  doğulmuşdur. Orta məktəb illərində  elm, təhsilə olan marağı, torpaq sevgisi onu Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (ADAU) təhsil almağa həvəsləndirmiş, 1980-1985-ci illərdə həmin institutun fəal tələbələrindən olmuş, Bitki mühafizəsi fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

İnstitut illərində elmə, təhsilə  marağı  tədqiqatçılıq işinə sonsuz  istək yaratmışdır. Bu niyyətlə də 1985-1988-ci illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının  fitopatologiya kafedrasının əyani aspiranturasına daxil olmuşdur. Gərgin elmi axtarışlar nəticəsində 1989-cu ildə namizədlik dissertasiyası müdafiə etmiş, sonralar qazandığı elmi uğurları davam etdirərək, 2006-cı ildə "Azərbaycanın çəyirdəkli meyvə bitkilərinin mikrobiotası" (növ tərkibi, törədicilərin biologiyası, zərərlilik, mühafizə tədbirləri) mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Uğurlu elmi axtarışlar ona böyük  şöhrət gətirmişdir. Elmdə və ictimai həyatdakı özünütəsdiqi   bu fədakar ziyalının nüfuzunu, hörmətini xalq arasında artırmışdı. 2014-cü ildə isə o, AMEA-nın müxbir üzvü  seçilmiş,  elmin bu yüksək mərtəbəsinə ucalmaq şərəfinə nail olmuşdur. Uğurlar uğurları, yüksəliş isə yüksəliş illərini həmişə irəli aparmışdı...

Görkəmli alim İbrahim Cəfərovun həyatının, ictimai fəaliyyətinin ən mühüm dövrlərindən biri də onun Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2013-cü il tarixli sərəncamı ilə doğma universitetə rektor təyin olunmasıdır.

ADAU-nun rektoru, professor İbrahim Cəfərov: "1979-cu ildə o zamankı Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu seçdim və yanılmadım, kolxoz sədri, sovxoz direktoru olmaq istəyirdim, amma tale məni müəllim etdi, kafedra müdiri əvəzi, dekan, tədris işləri üzrə prorektor, nəhayət, ali məktəbdə ən ali vəzifə hesab edilən rektor oldum. Bütün uğurlarım üçün Heydər Əliyev siyasətinə və cənab Prezidentə borcluyam".

Yaxşı xatirimdədir, 80-ci illərin əvvəlləri idi. Universitetin mətbəəsində  işləyirdim. Eyni zamanda hazırda  baş redaktoru olduğum ADAU-nun qəzeti ilə əməkdaşlığım vardı. Gənclik iddiaları coşub-daşırdı. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmağı qarşıma hədəf qoymuşdum. Daha yüksək zirvələr fəth etməyi, ölkənin aparıcı media qurumlarında karyera qurmağı düşünürdüm.

Həmin  dövrlərdə Aqrar Universitetin  qəzetinə mərhum Yaşar Qurbanov rəhbərlik edirdi. Dedilər ki, Aqronomluqda fakültə komsomol təşkilatının hesabat yığıncağıdır, iştirak edib, yazmaq lazımdır. Elə İbrahim müəllimlə  ilk tanışlığımız da məhz həmin dövrə təsadüf edirdi. Fakültə komsomol təşkilatının katibi kimi gənclərin yığıncağında İbrahim Cəfərovun alovlu çıxışının şahidi oldum.Və bu çıxışın təsiri altında bir yazım da ərsəyə gəldi.. Hələ o zaman gənclər təşkilatının  lideri olan İbrahim Cəfərovun  bir vətəndaş və əsl azərbaycanlı kimi mövqeyini və xarakterini müəyyən etdim-gələcəyin alimi və ziyalısı sabaha inamlı addımlarını atmaqdadır. Və heç də yanılmamışdım.. O vaxtdan bu günə 40 illik zaman kəsiyi  keçib, necə deyərlər, bir igidin ömrünə bərabər dövr.  Ağlıma da gətirməzdim ki, tale məni yenidən bu  qocaman elm məbədinə gətirəcək-bu dəfə artıq  nəşrin baş redaktoru kimi. Bu illərin unudulmaz məqamları yada düşdükcə, pillə-pillə zirvələri dəf  edən  alim ömrünün qət etdiyi keşməkeşli  yolların  şahidi olursan. O yollar ki, sərt yoxuşlarını, nabələd  cığırlarını belə unutmaq mümkün deyil. Məhz zaman şəxsiyyəti yetişdirir-deyirlər. İnsan üçün isə zamandan dəyərli heç nə yoxdur. İbrahim Cəfərovun şəxsiyyət, ziyalı və alim kimi formalaşmasında illərin zəhməti dayanırdı.

Bu gün rektor İbrahim Cəfərovun idarəetmə fəaliyyətinin canlı nümunələrini görürük. O, universitet həyatına   bir-birindən fərqli yeniliklər  gətirməklə, qocaman təhsil müəssisəsinin müasirləşməsinə töhfələr verir. Şəffaf tədris mühiti ilbəil keyfiyyət göstəricilərini artırır. Neqativ hallara qarşı yaradılan işgüzar mübarizə tələbə-müəllim münasibətlərini pedaqoji tələblər səviyyəsində inkişaf etdirir, tədrisin keyfiyyəti artır, müəllimlərin əmək haqqı ilbəil yüksəlir. Psixoloji mühitdə ədalət prinsipləri aparıcı rol oynayır. Yeni texnoloji tədris korpuslarının yaradılması  elmi səviyyənin yüksəlməsinə təkan verir.

    Azərbaycanda yeganə kənd təsərrüfatı mütəxəssisləri hazırlayan bu ali məktəbdə elə zəngin maddi-texniki baza yaradılıb ki, bu təməl uğurların artmasına geniş imkanlar açır. Müvəffəqiyyətlərin başlıca səbəbi isə dövlətimizin, ölkə başçısının  aqrar  təhsilə, elmə göstərdiyi qayğı ilə bağlıdır. Yeni tədris korpuslarının inşası, tələbələrin müasir və bütün şəraiti ilə diqqəti çəkən yataqxana ilə təmin olunması, universitetin kitabxana fondunun ilbəil zənginləşməsi tədrisin nəinki keyfiyyətinin artmasına, həm də elmi mühitin aktivləşməsinə stimul yaradır. Müasirlik və yaradıcılıq duyğusu elmi axtarışların bəhrə verməsinə, universitetin  professor-müəllim heyətinin elmi-praktik hazırlığında canlanma yaradır...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  birinci xanım Mehriban Əliyevanın Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinə baş çəkməsi və yeni tədris korpusunda yaradılmış şəraitlə tanış olması rektorun və ümumilikdə, kollektivin həyatında çox mühüm tarixi hadisədir. Hər dəfə tələbə-müəllim heyəti ilə görüşlərində rektor İbrahim Cəfərovun ölkə rəhbərinin universitetimizə səfərləri ilə bağlı təəssüratları  dövlətin aqrar təhsil sahəsində qoyduğu vəzifələr barədə  bölüşdüyü fikirlər kollektivi  yeni  əhval-rufiyyəyə kökləyir, məsuliyyət yükünü  bir daha artırır. Həm də ona görə ki, yeganə ali aqrar təhsil statusu daşıyan universitet artıq beynəlxalq arenaya çıxmaqla, dünyanın bir sıra aparıcı aqraryönümlü təhsil ocaqları ilə sıx əlaqədədir. Müasirləşmə, təhsilə yeni baxış, innovasiyalara doğru dayanmadan irəliləyiş, zamanla durmadan  ayaqlaşma -ən başlıca hədəflərdir. Rektor İbrahim Cəfərov başda olmaqla, Aqrar Universitetin kollektivi qeyd edilən hədəfləri qarşılamağa daim hazırdır.

Rektor qayğılıdır... Onun iş gününün qəribəlikləri çoxdur. Daim tələbələrlə görüşür, onların arzu və təkliflərini eşidir... Baxışlarda xoş təbəssüm, razılıq ifadəsi görəndə sanki qol-qanad açır. Tələbənin dostu olmaq, onların gündəlik problemlərinə biganə qalmamaq humanist hissdir.

İbrahim müəllimin valideynlərlə, tələbələrlə keçirdiyi bir neçə qəbul günlərinin də canlı şahidiyəm. Yaranmış problemlərə, həlli vacib məsələlərə rektor heç vaxt biganə olmayıb. Onun vətəndaşlıq qayğısı ilə əhatə olunmuş mühitdə valideynlərin də, tələbələrin də simasında həmişə razılıq ifadəsi görmüşəm...

Qayğılar təbəssümə və diqqətə bürünəndə yaşamaq asan olur, İbrahim müəllim!

...Rektor dərsə tələsir... O, bir müəllim kimi tələbələrin sevimlisidir.  250-dək elmi əsərin, dərslik və dərs vəsaitlərinin, monoqrafiyaların müəllifi olan görkəmli bir alimin mühazirələrini dinləmək, ondan öyrənmək çox xoşdur. Çünki bu mühazirələrdə elmin dərin qatlarına enən bir alimin dərin zəkası, analitik təfəkkürü tələbələrə nələr demir... İbrahim müəllim bu şərəfli peşəsindən həmişə zövq alır, çünki həyatının ən qaynar, bol-bəhrəli dövrü müəllim sənəti ilə bağlıdır. Uğur olsun, professor!..

Görkəmli alim İbrahim Cəfərovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Aqrar Universitetinin, bir əsrə bərabər tarixi olan  tədris ocağının uğurları ilə yaşayır... Tanınmış bir elm xadiminin ömür kitabının ən parlaq səhifələri bu mötəbər elm məbədində yazılıb... İndi onun sinəsini 3-cü dərəcəli  "Vətənə xidmətə görə"  ordeni də bəzəyir. Bu orden özü də çox böyük rəmzi məna daşıyır. Həyatının ən qaynar illərini xalqına, elmə, təhsilə həsr edən görkəmli alimin  həyat devizi həmişə dövlətçilik, müstəqil Azərbaycan sevgisi olub...

Rektor, həmişə olduğu kimi, yenə də iş gününün  qayğıları ilə yaşayır... Amma xəyalında bir arzusu da var... Bu günlərdə Şuşaya açılan avtobus marşrutu onu bir vətəndaş kimi çox sevindirir... Ürəyindən keçir ki, yaxın vaxtlarda rəhbərlik etdiyi kollektivin üzvləri, tələbələri ilə Şuşaya səfər etsin... Bu arzunu çoxdan gözləyirdi, hamı kimi... Bu da İbrahim müəllimin  Vətən sevdası, Vətən müjdəsidir.

Yolunuz arzularınıza doğru, rektor!

20 Yanvardan çıxan millətin  bir yolu var - Şuşa yolu, Müstəqillik yolu, Həmrəylik yolu!

 

Maarif RZAYEV, ADAU-nun "Aqrar mütəxəssis" qəzetinin baş redaktoru

 

525-ci qəzet .- 2022.- 21 iyul.- S.11.