Təhsildə inkişaf
və innovasiyalar üzrə qrant müsabiqələri
stimullaşdırıcı amil kimi
Artıq bir neçə ildir ki, Təhsil
Nazirliyinin təşəbbüsü
ilə ölkədə
Təhsildə inkişaf
və innovasiyalar üzrə qrant müsabiqələri keçirilir. Təhsil sahəsində
baş verən mütərəqqi dəyişikliklərin
davamı olaraq bu müsabiqələrin başlıca məqsədi
təhsil müəssisələrində,
təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti, yeni ideyaları stimullaşdırmaqdan
ibarətdir. Müsabiqədə dövlət ümumi təhsil müəssisələri
və təşkilati-hüquqi
formasından asılı
olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji
işçilər iştirak
edə bilər.
Müsabiqə zamanı təhsil müəssisələrinin dövlət-ictimai
uğurlu idarəetmə
modellərinin aşkarlanması,
dəstək verilməsi
və yayılması
mövzusunda təqdim
ediləcək layihələrdə
öyrədici resursların
hazırlanması, yeni
idarəetmə modellərinin
tətbiqi, məktəb
assosiasiyalarının yaradılması,
mübadilə proqramlarının
təşkilinə dair
məsələlər əhatə
olunur.
"Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi"nə "Ümumi
təhsil müəssisələri
kateqoriya"sı üzrə
230, "Fərdi kateqoriya"
üzrə 741 olmaqla,
ümumilikdə 971 layihə
təqdim edilib. Ekspert qrupunun qiymətləndirməsi əsasında
"Ümumi təhsil
kateqoriya"sı üzrə
47, "Fərdi kateqoriya
üzrə" 132 layihə
olmaqla ümumilikdə
ən yüksək
bal toplayan 179 layihə
qrant qazanıb.
Xətai rayonu 287 nömrəli
"Zəkalar" liseyinin
müəllimi Leyla Məcidova V Qrant müsabiqəsində "Biz səninləyik! - Təhsilalanlara psixoloji dəstəyin göstərilməsi"
layihəsi ilə qalib gəlib. O deyir ki, beynəlxalq
araşdırmalara istinad
etsək, görərik
ki, şagirdlərin
80 faizindən çoxu
təhsil müəssisəsinə
sağlam gəlir. Yəni uşaqların psixoloji
sağlamlığı məhz
məktəb yaş dövründə formalaşır,
özündə müsbət
və ya mənfi təsirləri göstərir: "Əlbəttə
ki, psixoloji sağlamlıq bir çox amillərdən -
genetik təsirlərdən,
sosial şəraitdən,
ekologiyadan və səhiyyə sistemindən
asılıdır. Bununla yanaşı,
mütəxəssislər məktəblilərin
sağlamlığının pisləşməsində mənfi
təsirlərin 20 faizdən
40 faizədək təhsil
mühitinə aid olduğunu
düşünürlər. Şəxsiyyətin formalaşmasında təhsil prosesi həlledici rol oynayır. Müəllimlərin məqsədyönlü, planlı fəaliyyəti,
təhsili, peşəkar
yanaşması təbii
meylləri inkişaf etdirmək, şəxsiyyəti
formalaşdırmaq üçün
nəzərdə tutulub.
Bu səbəbdən layihəmizin
məhz bu istiqamətdə olmasını
- məktəbdə sağlam
sosial-psixoloji mühitin
formalaşması üçün
fəaliyyəti əsas
götürdük".
Müəllimin sözlərinə görə,
"Biz səninləyik" layihəsi ümumtəhsil
müəssisələrində 11-15 yaş qrupu şagirdlərə psixoloji
dəstəyin düzgün
formada göstərilməsini
təmin etmək məqsədilə həyata
keçirildi. Niyə məhz 11-15 yaş?
BMT-nin uşaqlara qarşı bullinq haqqında 2006-cı il məruzəsində
də qeyd edilib ki, məktəblərdə
baş verən bullinq hallarının 80 faizi 12-15 yaş qrupunda baş verir. Hər 10 uşaqdan biri
məktəbdə zorakılığa
məruz qalır.
Məktəblərdə fiziki cəzanın
qadağan edilməsinə
baxmayaraq, incitmə, sataşma, qrup şəklində hücumlar
geniş yayılıb.
Adətən məktəbdə
zorakılığa məruz
qalmış uşaqlar
təcavüzkardan qorxduqları,
məktəb müəllimləri
və müdriyyəti
tərəfindən neqativ
reaksiyalardan qorunmaq üçün belə hallar haqqında xəbər vermək istəmir və ya çəkinirlər:
"Bu gün məktəblərdə
zorakılığın qarşısını
almaqla bağlı çətinliklər mövcuddur.
Biz cəza tətbiq
etməkdənsə, preventiv
mexanizmlərin dəstəklənməsini
doğru sayırıq.
Artıq
çoxdan sübut olunub ki, cəzalar
adətən vəziyyəti
daha da mürəkkəbləşdirir.
Müdriyyət və pedaqoqlar
qorxuya, fiziki güc tətbiqinə, təhdidə, təhqirə
əsaslanmayan strategiyadan
istifadə etməlidirlər.
Təqdim etdiyimiz layihədə
məhz bu məqamlar öz əksini ətraflı şəkildə tapıb
- mövcud problem, onun
törətdiyi fəsadlar
və həlli yolları. Layihəmiz qarşıya qoyulmuş
bu problemin həlli mexanizmləri üçün böyük
dəstək göstərib
və davamlı olaraq da tətbiq
olunacaqdır. Layihənin məqsədi
təhsil müəssisəsində
11-15 yaşlı şagirdlərin
həyatı və ya sağlamlığı
üçün təhlükə
yaradan zorakılıq
hallarının qarşısının
alınması üçün
məktəbdə şagirdlər
arasında maarifləndirmə
işlərinin aparılması
və informativ mühitin yaradılmasına
nail olmaqdır. Layihənin
vəzifələrinə Xətai
rayon məktəb psixoloqları
üçün təlimlərin
təşkili, şagirdlərlə
birlikdə sinifdə davranış qaydalarının
formalaşdırılması, onlayn sorğunun təşkili və məlumatların yığılması;
məlumatların təhlili;
alınmış nəticələrin
əsasında bullinq və qısnama davranışının həll
yollarının təklifi,
sinifdə uşaqlar arasında nikbin, şən əhvali-ruhiyyəli
münasibətlərin əldə
olunmasına nail olmaq,
bullinq əleyhinə məktəbdaxili qaydalar toplusunun hazırlanması
daxildir. Layihə, sadəcə şagirdlərlə
araşdırmaya deyil,
müəllim və psixoloqlarla birgə işə əsaslanır.
Bu o deməkdir ki, müəllim və psixoloqlar layihə başa çatdıqdan sonra məktəb mühitində
formalaşmış şagirdin
sosial-psixoloji təhlükəsizliyi
siyasətini layihə
çərçivəsində əldə etdikləri bilik və bacarıqlarla
dəstəkləyə biləcəklər.
Xüsusilə müəllimlərin məktəblərdə bu
yaş qrupları ilə mütəmadi çalışacaqlarını nəzərə alaraq onlar növbəti illərdə də V-IX sinif şagirdləri ilə bullinq-qısnama davranış modellərinin
həllində peşəkarlıq
nümayiş etdirə
biləcəklər. Layihənin
davamlılığını təmin etmək məqsədilə şagirdlərin
sosial-psixoloji təhlükəsizliyi
siyasətinin məktəbdə
dəstəklənməsi üçün
dəhlizlərdə, sinif
otaqlarında - şagirdlərin
tez-tez vaxt keçirdiyi yerlərdə
- qısnama və zorakı davanış modellərinin müxtəlif
səbəbləri, fərdlərin
indiki və gələcək həyatlarına
təsiri, məktəb
mühitində müəllim,
məktəb administrasiyası
və valideynlərin köməyilə müvafiq
həll yolları, vizual-informativ posterlər yer alacaq. Bundan əlavə,
layihənin nəticələri
ilə bağlı bullinq davranışının
həll yollarının
əks olunduğu vəsait onlayn linklər vasitəsilə
virtual dərs platformasına
yerləşdiriləcək və müəllimlər,
psixoloqlar, valideynlər,
eləcə də şagirdlərin ixtiyarına
veriləcək".
Bakı şəhəri 240 nömrəli
tam orta məktəbin
ibtidai sinif müəllimi Mətanət
Səmədova V Qrant müsabiqəsinin fərdi
kateqoriyada qalibidir. O, müsabiqədə
"Robototexnika və
3D bacarıqlarının artırılması
üçün dərnəyin
təşkili" layihəsi
ilə iştirak edib. Layihə çərçivəsində görülmüş işlər
barədə danışan
M.Səmədova qeyd edib ki, yeni
təhsil texnologiyaları
vasitəsilə şagirdlər
hər hansı obyektin şəklindən
istifadə edərək
virtual reallıqda onunla
təmas qura, planetlər, həndəsi
fiqurlar, canlıların
daxili quruluşu və s. kimi kompleks obyektləri virtual mühitdə canlandıraraq
görə bilərlər.
Coğrafiya, mühəndislik
və tibb kimi elmlərin tədrisində fiziki olaraq hərəkət etməyin mümkün olmadığı obyektlərin
üçölçülü formatından istifadə edərək tətbiqi təcrübələr həyata
keçirə bilərlər:
"Günümüzdə robototexnikadan bir çox sənaye, məişət və sosial problemlərin həllində
istifadə edilir. Robototexnika texnologiya ilə bağlı olaraq robotları, onların dizayn edilməsini, qurulmasını, idarə
edilməsi metodlarını,
informasiya emalı üçün yaradılan
kompüter sistemlərini
öyrənir. Dünyanın bir sıra ölkələrində
bu elm sahəsinin inkişafına böyük
dəstək vardır.
Bu sahənin inkişafı,
öz növbəsində,
sənayenin, avtomatlaşdırmanın
sürətli inkişafına
təsir göstərir.
Çünki bu texnologiyalar
sənayedə insan faktorunun gücünü azaltmağa kömək edir. Bu baxımdan,
şagirdlərin robototexnika
və 3D dizayn bacarıqlarını inkişaf
etdirmək üçün
dərnəyin yaradılmasını
təklif etdik. Layihəmizin
məqsədi III-VII sinif
şagirdləri arasında
riyazi düşüncəni
inkişaf etdirən,
real həyatda problemlərin
səmərəli üsullarla
həllinə yönələn
hesablama, proqramlaşdırma
və dizayn bacarıqlarının genişləndirilməsi
üçün dərnəyin
yaradılmasıdır. Ötən ilin oktyabrında V Qrant müsabiqəsi çərçivəsində layihəmizin MS Teams platforması
üzərindən açılış
tədbiri keçirilib.
Layihənin icrasına 50 nəfər
seçilmiş şagird
cəlb olunub. Təlimlər həftədə 2 dəfə olmaqla 48 saatı əhatə edib. Layihə çərçivəsində MS Teams platformasında onlayn sinif otaqları, sosial şəbəkələrdə
layihənin səhifəsi
yaradılıb".
Bakı
şəhəri 240 nömrəli
tam orta məktəbin
müəllimi Gülşən
Hacıyeva V Qrant müsabiqəsində "Hərbi
STEAM mühəndisləri" layihəsi ilə qalib gəlib. G.Hacıyevanın dediyinə görə,
layihənin məqsədi
7-8-ci sinif şagirdlərini
hərbi STEAM dərnəklərinə
cəlb etməklə
onlarda müdafiə sənayesi mühəndisliyi
istiqamətində öyrənmə,
həyati və dizayn düşüncəsi
bacarıqlarını formalaşdırmaq,
ölkəmizin sosial-iqtisadi
və müdafiə sahələrində peşəkarlar
hazırlığına töhfə
verməkdir. Layihənin
vəzifələrinə 30 nəfər şagirdin seçilməsi, mütəxəssislərlə
"Hərbi
STEAM" təliminə hazırlıqlar, hərbi
STEAM mühəndisliyi və
maker fəaliyyəti üçün
ləvazimatların alışı, "Hərbi
STEAM mühəndisliyi" dərnək otağının
hazırlanması, "Hərbi
STEAM mühəndisliyi" sərgisinin təşkili
daxildir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2022.- 22 iyul.- S.11.