Atlar ölkəsi
- Kapadokiya
İSTANBUL,
İNCİMƏ
"Dünya
duracaq yer deyil, ey can, səfər eylə..." Dünyadan başqa dünyaya səfər etmək,
ya dünyanın özündə səfər etmək? Mən ikincini seçib İstanbulu görmək
üçün səfərə çıxdım.
Təyyarə ilə Bakıdan Naxçıvana, ordan
avtobusla İstanbula yola düşdük. Uzaq və
yorucu yol olduğunu bilirdim. Türkiyənin
bu başından o biri başına getməliydik. Uşaqlıqdan çətin səfərlərin
ağırlığına dözməyə öyrəşmişdim.
Avtobusla, qatarla (dağlarda atla) yola
çıxmağa üstünlük vermişəm. Çünki gördüyün mənzərələr
yolun yorğunluğunu unutdurur.
Doğma Naxçıvana uzun müddətdi,
ayağım dəymirdi. Sədərək keçid məntəqəsinə
qədər yolların kənarına əkilmiş bir
neçə cərgə ağacları, gül-çiçək
kollarını gördükcə ürəyim
açılırdı. Kəskin kontinental iqlimi olan
Naxçıvanda yayda ağac və çiçəkləri becərmək, yaşıl
saxlamaq, doğrudan da, çətin işdir. Yerlilər
bunu gözəl bacarırlar. Yolkənarı
yaşıllıqlar, demək olar ki, hər gün
suvarılır. Əhalinin
yaşantısı, maddi vəziyyətinin ümumi mənzərəsi
yollardan, yaşadıqları evlərin və özlərinin
görkəmindən bilinir. Yol uzunu
gördüyüm abad kəndlər, gözəl evlər
adamlarının çoxu tərk etmiş Muxtar
Respublikanın vəziyyətindən xəbər verirdi.
Sədərək keçid məntəqəsindən Türkiyə ərazisinə
- İqdıra keçdik. Fərq o dəqiqə hiss olunur:
gömrük məntəqəsindən (kondisioner işləmir),
yol kənarı səliqə-sahmandan, əhalinin, evlərin
görkəmindən. Hiss olunur ki, qardaş ölkədə
bizdən yaxşı yaşamırlar. Hər
şeydən gileylənməyi, yaşamın çətinliyindən
giley-güzar etməyi sevirik. Türkiyə
böyük ölkədir. Hər bölgədə vəziyyət
fərqli ola bilər. Gördüyümü
deyirəm. Qoçaq, daşdan pul
çıxarmağı bacaran xalqıq. Bizim
nəsil adamları Sovet dövrünü indi ilə
müqayisə etdikdə əvvəlkinə daha çox
üstünlük verirlər. Əhatəli
düşündükdə hər zamanın özünəməxsus
çətinlikləri, çatışmazlıqları
olduğunu görərik.
Ulu babalarımın yurdu olan İqdırı
keçdikdən sonra Ağrı dağın ətəklərinə
çatırıq - Naxçıvan universitetinin həyətindən
hər səhər işə gedəndə uzaqdan baxıb xəyala
daldığım Ağrı. Nənəmin,
yaşlı qohumlarımızın haqqında necə zəngin
xatirələr danışdığı Ağrı. Dağətəyi düzənliklər
yaşıllığa qərq olub, meşə isə yoxdur.
Hava sərindir. Bir azdan
Ərzurum başlanır. Nağılvari,
Kərəmin keşiş qızı Əslinin ardınca
qarlı aşırımları keçdiyi Ərzurum. Heç bir detalı qaçırmamaq
üçün dörd gözlə baxıram. Buranın relyefi, dağların görkəmi fərqlidir,
füsunkardır. O qədər müxtəlif rəngli
çiçəklər bitib ki, baxdıqca doymaq olmur. Kəkotuları kolundan, çiçəklərin rəngindən
fərqləndirə bilirəm. Açıq
bənövşəyi rəngli, lavandaya bənzər püsküllü
çiçəklər daha çoxdur. Çəmənliklərdə
çoxlu arı yeşikləri düzülüb. Belə məkanlarda
qoyun sürüləri görməyə adət etmişik.
Amma buralarda gözə dəymir. Maşınların seyrək
göründüyü asfalt yolda avtobus sürətlə
şütüdükcə içimdən bir arzu keçir:
avtobusu saxladıb bu gözəl yerin havasını doyunca
udmaq, baxmaq istədim. Amma ümumi qayda var,
avtobus yalnız qrafikdə nəzərdə tutulan yerlərdə
dayanır. Tabe olmağa məcbursan.
Tur rəhbəri Vüsal bəy yol
yoldaşlarını bir-bir mikrofona dəvət edib özləri
haqda məlumat verməyi təklif etdi. Bunu gözləyirdik.
Bir-birini tanımadan uzaq yol getmək heç
kimin ürəyindən olmazdı. İlk
çıxış edən çox aktiv bir xanım, "Gənclik
Mol"da işləyən Nərgiz xanımın gözəl,
rəvan nitqi vardı. Özünü ifadə
edə bilirdi. Sonra ardıcıl olaraq universitetin
fizika-riyaziyyat fakültəsini bitirmiş Kamran bəy (ürəyinə
bir neçə dəfə stend qoyulub, söz verib ki, bundan
sonra həyatını özünə sərf edəcək,
çoxlu gəzəcək), Salyanın məhkəmə sədri
Murad bəy, naxçıvanlı hərbi helikopterçi,
FHN-nin işçisi Məhərrəm bəy, mən
özüm, Ali Məhkəmənin
hakiminin köməkçisi Leyli xanım, cənub bölgəsindən
olan müəllimlər - Ramal bəy və Nuriyyə xanım
və başqaları özlərini təqdim etdilər. Danışanların hər biri
çıxışını yumorlu etməyə
çalışır, dinləyicilərdə xoş, pozitiv
təəssürat oyadırdılar. Təqdimat
məni o qədər sevindirdi ki. Əslində
avtobusa əyləşəndən necə gözəl,
intellektli, səviyyəli komanda ilə yol yoldaşı
olduğumu hiss etmişdim. Bu gözəl
insanların elə ordaca dostluğunun əsası qoyuldu.
Bütün
gecəni beləcə beş dəqiqəlik
bir-iki yerdə dayanmaqla yol getdik. Uzaq səfərlər
üçün nəzərdə tutulan avtobuslarda
ayaqların rahatlığını təmin etmək
üçün qarşıdakı oturacağın arxa tərəfdən
aşağısına ayaq qoymaqdan ötrü xüsusi
dayaqlar bərkidilir. Bizim avtobusda isə bu
yox idi. Ona görə yol uzunu bir az
yaşı ötmüş tur üzvləri şişmiş
ayaqlarının ağrısından gileyləndilər.
Səhəri Boluda qarşıladıq. Yağış
yağırdı. Naxçıvanın istisindən sonra
yağış adama ləzzət edir. Yol
uzunu mənzərələrə baxıram. Obaşdandır, adamlar gözə dəymir hələ.
Dəmir yoluna paralel uzanan yol
yaşıllıqlardan keçir. Yağışdan
yuyunub təmizlənmiş yarpaqlar bərq vurur, göz
oxşayır. Arada bizə bələdçilik
edən tur rəhbəri Vüsal bəy nəsə
soruşur, deyir, hər biri öz dünyasında olan yol
yoldaşlarımı xəyaldan ayırır. Azərbaycanın müxtəlif bölgələrinə
turla etdiyim səfərlərin hamısında eyni primitiv,
bayağı əyləncələr burda yoxdur. Buna sevinirəm. Lakin bu uzaq yolu
yaxın etmək üçün kreativ, müxtəlif
mövzulu əyləncəli proqram təşkil etmək
olardı. Bizim tur səyahətlərində
bu problemi yaşayanlar çox olur. Kapadokiyada
tura bələdçilik edən Ferhat əfəndinin yüksək
intellekti, zəngin məlumatları, yorucu olmayan, yumorla
süslənmiş çıxışları ilə onlarda
bu işi çox yüksək hazırlıqla yerinə yetirənlərin
olduğunu gördük. Kaş ki bizim
turist şirkətləri də əməkdaşlarının
bu cür hazırlığına diqqət edəydilər.
Bir azdan Düzcəyə çatırıq. Buranı
keçmək o qədər də çox zaman aparmır.
Nahar etmək üçün
dayandığımız zamanı hesablamasaq, bir neçə
saata artıq Adapazarında idik.
Qədim tarixə malik Adapazarı öncə
bitiniyalıların məskəni olmuş, sonra isə
bizanslılar burda məskən salaraq torpaqları Bizans
dövlətinin tərkibinə daxil etmişlər. Bölgənin ən önəmli tarixi abidəsi
Beşkörpünü Bizans imperatoru II Yüstinyanus inşa
etdirmişdir. 1324-cü ildə Orxan Qazi
zamanında bizanslılardan alınıb Osmanlı dövlətinə
qatılan Adapazarı bu gün inkişafını davam etdirməkdədir.
XIX əsrin ikinci yarısında buranı
özlərinə məskən edən və güclü
ticarət əlaqələri yaradan erməni, yunan tacirləri
Adapazarını "Der seadet" adlandırmışlar.
I Dünya müharibəsi illərində ermənilər
yunanlarla birləşərək yerli türk xalqlarına
qarşı qətliam törətmiş, sonra türk
qoşunları sayəsində Adapazarı azad edilmiş,
bölgə əhalisinin xeyli hissəsini təşkil edən
ermənilər ölkədən baş götürüb
getdikləri üçün sayları xeyli aşağı
düşmüşdür.
Adapazarından sonra İzmitə yol aldıq. İstanbulağzı olan
İzmit də Adapazarı kimi, eramızdan üç min il əvvəl yunanların məskəni
olmuş, sonra bitiniyalıların hakimiyyətinə daxil
olmuşdur. Bitinya kralı Zipoitesin
ölümündən sonra hakimiyyətə keçən
Nokomedes ölkəni daim yağmalayan Astakozun
qarşısına bu şəhəri qala kimi salmaqla
düşmənə qarşı müdafiə qalası
yaratmağa çalışmışdır. Şəhər
bir neçə il ərzində
böyüyüb inkişaf etmiş, böyük ticarət mərkəzinə
çevrilmişdir. E.ə. 97-ci ildə
İzmit romalılara bağışlanmışdır.
358-ci ildə güclü zəlzələ nəticəsində
şəhər tamamilə dağılmışdır.
Sonralar bir neçə qonşu dövlətin tərkibinə
daxil olan İzmit 1337-ci ildə Osmanlı imperiyasına
qatılıb. 1918-ci ildə İzmit
ingilislər tərəfindən işğal edilərək
yunanlara bağışlanmışdır. Cəmi
üç il sonra bölgə türk
orduları tərəfindən azad edilərkən yunanlar
burada görünməmiş vəhşiliklər, qətliamlar
törətmişlər.
Gəzdiyim ölkələrin indiki durumu ilə bərabər,
keçmiş tarixinə ümumi nəzər salmağı
sevirəm. Məncə, bu, oxucular üçün də
maraqlı olar.
İzmitdən sonra İstanbula daxil oluruq. Dənizi,
boğaz üzərindən keçən möhtəşəm
körpüləri görüncə hamı həyəcanlanır.
Şəkil çəkənlər bir-birinə
aman vermir. İstanbulu görmək o qədər
möhtəşəm bir duyğu idi ki. Yorğunluğumuzu
da unutmuşduq. Avtobusun pəncərələrini
sanki böyütmək istəyir, bu gözəl şəhəri
tamamilə görmək istəyirdik. Avtobus
körpünü ötüb keçir. Bir
azdan otelə çatıb qalacağımız odalara daxil
oluruq. Uzun yoldan sonra sakit bir guşədə dincəlməyə
hamımızın böyük ehtiyacımız vardı... Axşamüstü dəniz gəzintisinə
çıxırıq. Boğazdan
İstanbula tamaşa etmək, sayrışan
işıqları gəmidə səslənən gözəl
musiqinin müşayiəti ilə seyr etmək nağıl
kimi idi.
Səhəri gün Cümhuriyyət caddesi və Kaleni
görmək üçün oteldən
çıxırıq. Cümhuriyyət caddesini görmək
üçün qalxdığımız pillələrin
sayını itirdim. Onu deyim ki,
Bakının İçərişəhərinə bənzəyən
bu yerdə Bakıda gördüyümüz səliqə-sahman,
abadlıq, təmizlik və gözəllik yoxdur. Pillələr uçuq-sökük və zibillə
doludur. Kaledən İstanbul ovuc içi
kimi görünür. Qalaya qalxmaq
üçün uzun növbələr var. Caddeni gəzdik. Mağazalarda eynilə
İçərişəhərdəki kimi - müxtəlif
aksesuarlar, min cür hədiyyəlik əşyalar, hər
addımda kafe və yeməkxanalardır. 5-6
nəfərlik gənclərdən ibarət musiqiçilər
qrupu elə professionallıqla, ustalıqla və gözəl səslə
oxuyurdular ki. Sifarişlə hər
xalqın nəğmələrini oxuda bilərdin. Bir neçə kitab mağazasına baş çəkdim.
Azərbaycan yazıçılarının əsərlərinin
olub-olmadığını soruşdum. Noutbukla
səhifəyə girib aradılar. Ən məşhur,
dünyanın bir çox ölkəsində oxunan
yazıçılarımızın adını çəkdim.
Yox idi. Bircə nəfər
də olsun, Azərbaycan yazıçılarının əsərlərini
o mağazalarda görmədim. Azərbaycanda
həm Azərbaycan, həm Türkiyə türkcəsində
onların yazıçılarının kitablarının
bol-bol olmasına qısqandım o an.
Ertəsi
gün Vüsal bəy bizim üçün proqramı elan
etdi: Sultan Ahmet camesi, Aya Sofiya məscidi, Topqapı muzeyi,
İstanbul akvariumu, "İstanbul-forum"da
alış-veriş etmək. Seçim etmək
qarşısında qalmışdım. Şəhəri
tanmırdım. Otaq yoldaşım və rəfiqəm
Sevil xanım, Yeganə xanım yalnız məbədləri səyahət
etməyi və foruma getməyi seçdilər. Mən Topqapı muzeyini görmək istəyirdim.
Dedilər, oranı bir günə gəzib bitirmək
olmaz. Məcbur qalıb qızların
marşrutu ilə hərəkət etdim. Topqapı
muzeyini görmək bir arzu kimi ürəyimdə qaldı.
Sultan Ahmet camesi təmirdə idi. Çox gəzmək mümkün olmadı. Bu camenin tarixini çoxunuz bilərsiz. Aya
Sofiyaya daha çox can atırdım. Möhtəşəm
Aya Sofiyada o qədər adam vardı ki. Amma çox sakitlikdi. Dünyanın
müxtəlif ölkələrindən gəlmiş turistlər
bir-birinə qarışıb. Şəkil
çəkməyi rastıma çıxan koreyalı qadınlardan
xahiş edirəm. O dəqiqə nə istədiyimi
başa düşdülər. Onlar öz dillərində, mən
Azərbaycan, ingilis sözlərini bir-birinə qatdım, bir az "danışdıq". Tez-tez
"Azərbaycan, Bakı, Qarabağ" sözlərini
işlədirəm. Tanıdılar.
Sevindim (Bir dəfə baldızım oğlu: "Bu
qadınlar hansı dildə olsa, bir-birini başa
düşür dəə", - demişdi).
Dörd minarəsi, bir günbəzi, uzunu 82 metr, eni 72 metr olan Aya Sofiya 532-537-ci illərdə tikilib. Məbədin sifarişçisi Bizans hökmdarı I Yustinian, memarlar isə trallı Anfimi, miletli İlidor və memar Tridat olmuşdur. Tikintidə hər gün min usta, on min işçi çalışmış, tikinti üçün Efesdəki Diana məbədindən səkkiz ədəd qırmızı porfir sütun, Əyriboğazdan açıq-yaşıl, Əlcəzairdən sarı, Siqadan çəhrayı, Anadoludan ağ və qırmızı mərmər gətirilmişdir. Hündürlüyü 55.6 metr, 107 sütunlu, 40 pəncərəsi olan məbədə baxmaq üçün ilin bütün günlərində dünyanın hər yerindən turistlər gəlir. Aya Sofiya əsl gözəllik, möhtəşəmlik simvoludur. 2020-ci ildə muzeydən məscidə çevrilən məbədin günbəzinin içəridən yan tərəflərinə "Quran" ayələri əlavə olunmuşdur. İstanbulda Aya Sofiya qədər heç nə məndə belə möhtəşəm duyğular oyatmadı. Ordan İstanbul akvariumuna yollandıq. Dünyanın ən böyük tematik akvariumu olan bu akvarium yeraltı mağara üslublu məkanda yerləşib və 2011-ci ildə istifadəyə verilib. On altı bölümdən, altmış dörd ədəd hovuzdan ibarət akvariumda dünyanın müxtəlif okean və dənizlərindən gətirilmiş yüzlərlə canlını görmək olar. Köpək balıqlarının və delfinlərin olduğu da deyilirdi. Təəssüf ki, biz onları görə bilmədik. Ya həmin şöbəni gəzə bilmədik (yarımqaranlıq, bir neçə yerə istiqamətlənən dəhlizlərdə bütün şöbələri gəzib görmək çətindir), ya da onlar hardasa gizlənmişdilər.
Səhər gəmi ilə Böyük adaya səyahətimiz başladı. Adanı kiçik mini avtobuslarla gəzdik. Sürücü Taso həvəslə keçdiyimiz küçələr, adanın tarixi, insanların məşğuliyyəti barədə məlumat verir. Bizans memarlığı üslubunda və klassik Osmanlı üslubunda tikilmiş qədim, gözəl evlər bir-birinə əsrlərdir, yoldaşlıq edir. Ada sakit, dinc, yanaşı yaşamağın rəmzidir sanki. Burada Rəşad Nuri Güntəkinin böyük evi önündə şəkil çəkdirdik. "Çalı quşu"nun müəllifi pis yaşamırmış. Günorta rəfiqələrimlə - üçümüz balıq qızartması yedik: 900 lirəyə, təqribən 90 manata.
Bir neçə gün dolaşdığım
İstanbulun səs-küyü, isti hava, metrobuslardakı
sıxlıq, yeməklərin bizim ağız dadımıza
uyğun olmamağından yoruldum. Xüsusən küçələri
dolduran pullu ərəblər, ucuz işçi qüvvəsi
zəncilər şəhərə yad bir aura
qatmışdı. Bakı ilə müqayisə etdim: Bakı
mənə daha gözəl gəldi, İstanbul, incimə!
Hamı sənə vurğun, mən öz Bakımıza - vətənimə!
Könlümü Sultan Mehmet kimi fəth etmən
üçün, deyəsən, bir səfər yetərli
olmadı, bir neçə dəfə səyahət etməli
olacam. İstanbul pıçıldayırdı: "Sən məni
tanımadan, sanki pəncərədən
"ciçç" eləyib getdin. Yenə gəl,
İstanbula ürəkdən vurulunca gəz, öyrən"
- deyirdi.
Bundan sonra səfərimiz nağıllar, əfsanələr ölkəsi, dünyanın böyük möcüzəsi Kapadokiyaya - yeraltı şəhərlər ölkəsinə idi.
(Ardı var)
HƏCƏR
525-ci qəzet .- 2022.- 26 iyul.-
S.12-13.