Atlar ölkəsi – Kapadokiya

 

DULUSÇU OĞLU VƏ TOXUCU QIZI

 

(III yazı)

 

Kapadokiyada yerli əhalinin Tanrının verdiyi nemətlərdən yaşamaqdan ötrü uzun əsrlərdir necə bacarıqla istifadə etdiklərini bilmək üçün görmək lazımdır. Kənardan baxanda təqribən üç metr enində giriş qapısı yeraltı mağaraya açılan konsert və əyləncə məkanına daxil oluruq - 21 dollara. İçəri girəndə sanki qədim zamana səyahətin başlanır. Müxtəlif istiqamətlərə gedən enli dəhlizlər böyük salonlara açılır. Burada "Türk gecələri" adlı konsert proqramları təşkil olunur. Dərhal bərk soyuğu hiss edirik. Divarda qızdırıcı cihazları görəndə təəccübləndik. Yayda çox soyuq olan bu mağaraları isitmək lazım gəlir. Qışda isə isti olduğunu deyirdilər. Yerli rəqqaslar oriyental, milli, Azərbaycan, başqa xalqların rəqslərini məharətlə ifa edirdilər. Arada tamaşaçılar da onlara qoşulurdu.

Səhəri gün axşam tur rəhbərimiz Vüsal bəy bizim üçün gözəl bir sürpriz hazırlamışdı. Tur yoldaşımız Leyli xanımın doğum günü imiş. Gecə Leyli xanımı al-dillə sifariş verdiyimiz  kafeyə apardıq. Kiçik bir tortla "ad günün mübarək" oxuyub təbrik etdik. O qədər mütəəssir olmuşdu ki. "Həyatımda qeyd etdiyim ən gözəl doğum günüdür", - dedi. Yerli türklərlə birgə uşaqlar doyunca rəqs edib, atılıb düşdülər. Yağış altında piyada otelə qayıtdıq. Bu da bir günün gözəl, xoşbəxt sonluğu!

Göremeyə səfərimiz Ferhat əfəndinin yerli camaat haqda rəvayəti ilə başlayır:

- Torpaqları qırmızı gil olan bu yerlər əkin üçün yararlı deyil. Ona görə də əhali yaşamını keçindirmək üçün dulusçuluqla məşğul olmuş, gilli torpaqlardan saxı qablar düzəltmiş, bu sahədə ixtisaslaşmışlar. Yerli camaat arasında bir qayda var: oğlan elçi gedəndə tələb edirlər, ayrı ayrılıqda, ölçü götürmədən şəkər qabı və qapağını düzəltsin. Əgər qapaq qaba uyğun gəlsə, qızı verirlər, gəlməsə, demək, oğlan mahir usta deyilmiş, getsin, sənətini təkmilləşdirib gəlsin. Qızlar isə mahir toxucudurlar: xalça, palaz, kilim və s. toxumaqda mahirdirlər. Qızlara da elçi gedəndən sonra oğlan evi dəvət edir, onlarda qurulmuş hanada öz məharətini göstərsin. Tələb olunan səviyyədə və cəldlikdə toxumasa, qızı da almırlar. Ən maraqlısı isə sonrasıdır. Qız ala bilməyən oğlanlar, toxuculuqda mahir olmayan, yəni ərə gedə bilməyən qızlar mayın 10-da Kızılırmak çayının sahilində Xıdır Əlləz bayramı keçirilən zaman oraya yığışar, bir-birini görüb bəyənirlərmiş. Hər kəs tayını tapırmış. Çox maraqlı ənənəymiş. Deyirlər, Göremedə bütün ailələrdə mütləq ya usta dulusçu, ya da mahir xalça-palaz toxuyan qadın indi də var.

Göremedə saxsı qablar istehal edən kiçik müəssisəyə səfərimiz yaddaqalan oldu. Kiçik duz qabından tutmuş adam boyunda vazlaracan çox müxtəlif ölçüdə, formada rəngarəng naxışlarla bəzədilmiş qablar göz oxşayır. Burada turistlərdən br nəfərini hərəki fırlanan dulusçuluq aləti üzərində gildən qab  düzəltməyə dəvət edir, qabiliyyətlərini yoxlayırlar. Buradakı dialoqlar, söhbətlər çox səmimi və yaddaqalan oldu. Onu da deyim ki, sonra Nevşehirdə, başqa bölgələrdə gördüyümüz həmin qabların qiyməti müəssisədə təklif olunan qiymətlərdən ucuz idi. Göremedə istehsal olunan qablara İstanbulda Türkiyənin hər yerində rast gəlmək olur. Dulusçuluq  məhsullarının istehsalından təmərküzləşmə yan keçib. İstehsal, demək olar ki, kiçik müəssisələrdə və kustar üsulludur.

Sonrakı səfərimiz Avanosadır. Əslində həm Göreme, həm də Avanos haqda ətraflı bilgiləri artıq Ferhat əfəndi danışmışdı. Üçhisarda Avanosda istehsal olunan məhsullarla tanış olmuşduq. Rəngbərəng daşları nəvəmə elə Üçhisarda almışdım.

Milyon illər əvvəldən başlamış yerin təkindən vulkan lavaları ilə yer səthinə çıxan müxtəlif süxurlar metamorfozlaşaraq çox fərqli təbəqələr, minerallar əmələ gətirmişdir. Bunların ən cəlbediciləri Avanosdadır. Kapadokiyanın maraqlı və gözəl bölgələrindən olan Avanos bütün dünyada mineral və qiymətli daşların vətəni kimi məşhurdur. Səfər zamanı daşların emal olunduğu müəssisələrə də baş çəkdik. Cəld, mahir usta rəngli kristal daşdan gözümüz önündə kubok şəkilli gözəl süvenir düzəltdi. Cilalanaraq parlaq görkəm almış həmin süveniri əslən Bakıdan olan və müəssisədə işləyən gözəl bir xanım təqdim etdi (təəssüf, adını unutmuşam). Daşların istehsalı haqda geniş məlumat verdilər.  Müəssisənin özündə qiymətli daşlardan düzəldilmiş bəzək əşyaları, süvenirlər, təsbehlər, zərgərlik məmulatları, daşların təbii halda satışı təşkil olunmuşdu. Hər bir daşın hansı bürcə uyğun olduğu, mənşəyi, qiyməti, faydası, aurası haqda geniş bilgiyə malik olan işçilər vurnuxur, müştəriləri cəlb etmək üçün əldən-ayaqdan gedirdilər. Mənim üçün ən maraqlısı türk sultanının şərəfinə zultanit adlanan daş oldu. Düşən işığın növündən asılı olaraq daş müxtəlif zamanlarda müxtəlif rəngə çalır. Bu yaxında Bakıda qızıl mağazasında iri zultanit qaşlı üzüyü çox baha qiymətə gördüm. Avanosda almadığım üçün peşman oldum. Müəssisədə turist yoldaşlarım yaxşıca alver etdilər. Burda üzüyümün böyük sarı qaşı düşdü. Satıcı reklamçılar zərgərə aparıb qısa müddətə düzəltdilər. Buna görə təşəkkürümü bildirib haqqını verdim. Maraqlıdır ki, haqq almaq istəmir, ancaq zərgərlik məmulatlarından birini mütləq almamı təkid edirdilər. O qədər dilli-dilavər, məlumatlı adamlardılar ki. Bu, satış üçün vacib, əsas amildir. Ümumiyyətlə, onlarda turizm sektoru gözəl qurulub və yüksək ixtisaslaşma var. Qiymətləri münasib olduğu üçün dünyanın hər yerindən kütləvi axın var.

Qaldığımız beşulduzlu "Mustafa hotel"dən səhəri gün ayrıldıq. Gözəl xidmət üçün bütün otel ekipajına təşəkkürümüzü bildiririk. Otelin rəhbəri Necla xanımı görməsək də, belə gözəl xidmət üçün qiyabi olaraq salamlarımızı yetirmələrini xahiş etdim. Otel restoranının müdirindən (təəssüf, adını unutmuşam) azərbaycanlılar haqda düşüncələrini öyrənmək istədim. O qədər səmimi, xoş sözlər dedi ki. Çox sevindim. Onu da qeyd edim ki, həm İstanbulda, həm də Kapadokiyada "Mustafa otel"də səhər yeməkləri pulsuzdur və o qədər müxtəlif çeşidli yeməklər olur ki, seçməkdə çətinlik çəkirsən. Xidmət də çox yüksək səviyyədə.

Otelin qarşısında hamılıqla şəkil çəkdirib yola düşürük.

Sonrakı səfərimiz Nevşehirə idi. Yolüstü çoxçeşidli ləpələr, tum   quru meyvə məhsulları satılan mağazaya döndük. Mağazada nə qədər istəyirsən, yeyə bilər, məhsulların dadına baxa bilərsən, pul ödəmirsən. Satılan məhsulların qiyməti elə qoyulub ki, müftə yeyənlərin də pulunu ordan çıxarırlar. Qapı ağzında təklif olunan içkilər də pulsuzdur. "Pulsuz" sözü reklamın ən cəlbedicisidir!

Nevşehirə çatanda hava sərin idi. 150 min əhalisi, 35 min kv. km sahəsi olan qədim şəhərdir. Şəhərin antik adı Nisa olmuşdur. Səlcukluların zamanında Muşkara adlanmışdır. Muşkara XII əsrdə 18 evlik kiçik kəndmiş. Sonra ətraf ərazilərdən köçüb məskunlaşanların hesabına əhalinin sayı çoxalmış, Muşkara böyük şəhərə çevrilmişdir. Lalə dövrünün sədrəzəmi damad İbrahim paşanın zamanında isə şəhər daha da böyüyərək Nevşehir (farsca yeni şəhər) adını almışdır.

Burda mağazalara baş çəkməyi qərara aldıq. Uzaq səfərlərdə ən çox semədiyim şey mağazaları gəzmək, alver etməkdir. Şovinist, millətçi ruhum burda öz işini görür: pulumu öz ölkəmə, öz adamlarımıza xərclərəm! Milyonçu deyiləm və kiçik su damlası qədər xeyrimdə deyil məsələ, məsələ düşüncədədir. Mağazaları da turist kimi, muzey kimi gəzirəm. Hər şey Bakıdakı kimidir, hətta Bakıda burdan daha zəngin! Böyük şopinqlərin birində kafedə mənəmən dedikləri yumurta-pomidor yemək eşqinə düşdüm. O qədər darıxmışdım ki, öz yeməklərimizdən ötrü. Təəssüf, o daddan əsər-əlamət yoxdu. Düşündüm ki, Bakıya qayıdaram, özüm bilirəm, nələri bişirib yeyəcəm! "Qurman" deyiləm, amma ləzzətli yeməklər bişirməyin ustasıyam.

Şəhərə çatan kimi dayandığımız yerdən dərhal ümumi mənzərəyə baxdım. İlk diqqəti cəlb edən bir neçə məscid oldu. Ümumiyyətlə, Türkiyədə mənə maraqlı gələn, düşündürən bir şey məscidlərin çox olmağıdır. Ankarada da hər təpənin başında bir məscid görmüşdüm. Bir ölkədə bu qədər məscidin olması əhalinin dinə marağının çox olması ilə bağlıdırmı, görk üçündürmü, yoxsa xüsusi bir məqsəd daşıyırmı? Məncə, hər üçüdür. İnsanların maddi sıxıntılar çəkdiyi, iqtisadi problemləri olduğu bir ölkədə onları dini inancın mütiliyə, şükrə  yönəldən ideologiyası ilə bir növ sakitləşdirmək, dinc oturtmaq siyasətinə bənzədi bu. Amma adamları harayacan aldatmaq olar? Özüm dini inanclıyam. 25 ildən çoxdur namaz qılıram. Mənim üçün din Tanrıya gedən yolun qapısıdır, ruhi sakitlik, əsl  azadlıq, fiziki sağlamlıq, elmin çırağı, mənəvi saflıqdır. Bunları çoxlu məscidlər olmadan da etmək olar. İnsanlar rahat, övladlarının gələcəyindən əmin yaşamaq istəyirlər. Bu, hər zaman, hər ölkədə belədir. Onlar eynilə bizim kimi vətənlərini hədsiz sevirlər, ölkəyə, dövlətə sadiqdirlər. Çoxmillətli ölkənin adamlarını dövlətin mənafeyi naminə bir məqsədə yönəltməyi bacarırlar. Ölkəyə kimsənin torpaq iddiasında olması türkü dəli edər, dərhal silaha sarılar. Vətənpərvərlik türkün qanında, genində, ruhunda ən dərin kök salan əsas amildir. Onlar tarixlərini gözəl bilir, sevir və fəxr edirlər. Belə gözəl millətin çox gözəl yaşamağa haqqı var. Mərkəzi, böyük şəhərlərin şıq görkəmi, kurort zonaların bolluq və rahatlığı dərində gizlənmiş problemlərin üzərini örtmür. Kapadokiyaya səfərimdə bunu hiss etdim. Kənarlarda yaşayanların maddi və başqa problemləri çoxdur. Türkiyə böyükdür, kifayət qədər böyükdür, hamıya yer çatar. Onlara indi ölkənin sərhədlərini genişləndirmək yox, yalnız qorumaq, gözəl yaşayışı təmin etmək daha önəmlidir. Türkiyə xalqına böyük uğurlar, gözəl yaşayış, ölkə başçısına başarılar diləyirəm.

Lap gəncliyimdə Jül Vernin "Arxipelaq alovlanır" əsərini oxuyanda türklərə bərk vurulmuşdum: necə döyüşkən, yenilməz, cəsurdurlar deyə. Bildim nə üçün türk dünya ilə savaşır. Düşmən çox və güclüdür, eynilə bizdəki kimi. Hər ikimiz öz vətənimiz üçün dünya ilə savaşmağa hazırıq həmişə. Yazımın əvvəlini Nəsimi ilə başlayıb Jül Vernlə bitirirəm. Yeni səyahətlərdən xoş xatirələrəcən, əziz oxucum!

 

HƏCƏR

525-ci qəzet .- 2022.- 28 iyul.- S.12;13.