Azərbaycançılıq ideologiyası: xalq və dövlət maraqlarının uğurlu vəhdəti

 

İctimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. Çünki hər iki amil bütöv bir toplum üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, ictimai və dövlət maraqlarının müdafiəsi məsələləri daim aktuallığını qoruyur.

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının əsasını məhz ictimai və dövlət maraqlarının vəhdəti təşkil edir. Bu baxımdan ölkəmizdə ictimai və dövlət maraqlarının bir-birini tamamlaması, bu maraqların bir-biri ilə üst-üstə düşməsi heç də təsadüfi deyil. Ümumiyyətlə, təkcə hansısa bir ölkədə deyil, bütövlükdə hər bir bir cəmiyyətdə bu maraqların qorunması ən ümdə vəzifə hesab olunmalıdır, ona görə ki, bu maraqların qorunması bütöv bir toplum, cəmiyyət üçün həyati əhəmiyyət kəsb edir. Əbəs yerə deyil ki, Prezident İlham Əliyev öz çıxışlarında milli maraqlarımızın, ictimai və dövlət maraqlarının üstün tutulmasının vacibliyini qeyd edir. Prezidentin istənilən platformada görüşləri, çıxışları zamanı milli maraqlarımızı, ictimai və dövlət maraqlarını üstün tutduğu, bu maraqlardan çıxış etdiyi hər kəs üçün bir nümunə, bir örnəkdir.

Millət vəkili Ceyhun Məmmədovun dediyinə görə, Prezident İlham Əliyevin uğurla yürütdüyü dövlət siyasətində milli-mənəvi dəyərlərin qorunması əsas yerlərdən birini tutur. Müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Gənclər tarixi məsuliyyətlərini dərk edərək bu dəyərləri qorumalıdırlar: "Prezident İlham Əliyev hər zaman çıxışlarında gənclərə Vətənə bağlılığın, sevginin, dövlət maraqlarının hər şeydən üstün olduğunu bir vurğulayıb. Bu gün Azərbaycan müstəqildir və müstəqil siyasət aparır. Heç bir kənar qüvvə ölkənin daxili işinə qarışa bilməz. Bu gün Azərbaycan cəmiyyəti və Azərbaycan iqtidarı birmənalı olaraq milli maraqların keşiyində dayanır. Zəngin təbii resurslarla özünü təmin etmiş ölkələr və çox strateji coğrafi yerləşməyə malik olan ölkələr hegemonluq uğrunda mübarizə aparan ölkələrin xüsusi diqqətini cəlb edir. Bu gün bir sıra xarici qüvvələr gəncləri əyri yola çəkmək, yaxud da yoldan çıxarmaq üçün səylə çalışır. Ona görə fondlar yaradır, ianələr verir, müxtəlif proqramlar altında dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətin, öz əcdadlarına, öz tarixinə, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan öz məqsədləri üçün istifadə etsinlər".

Ceyhun Məmmədov qeyd edib ki, ölkəmizdə ictimai və milli maraqların təmin olunması prioritet məsələdir: "Bütün bəşəri və milli dəyərləri qoruyan və geniş miqyasda təbliğ edən Azərbaycan Respublikasında da dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritetdir. Milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. Nəzərə alsaq ki, müasir Azərbaycan sosiumu intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunur, o zaman əminliklə söyləyə bilərik ki, Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış bir yetkin cəmiyyətdir. Həm dövlətin mənafeyinə zərər gəlmədiyi, həm də ictimai maraqlar təmin edildiyi, ortaq maraqlar müəyyənləşdirildiyi və üst-üstə düşdüyü halda ideal cəmiyyətin formalaşması mümkün olur. Dövlət nümayəndələri ilə vətəndaş cəmiyyətinin nümayəndələri arasında təmaslar, qarşılıqlı anlaşma nə qədər çox olarsa, o zaman ortaq maraqlar da bir o qədər artar. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi "Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır" fikirləri qeyd etdiyimiz məqamların məntiqi izahı kimi dəyərləndirilə bilər".

Millət vəkili Elman Nəsirov dövlət və ictimai maraq anlayışlarının bir-birini tamamladığını və Azərbaycanda əksər hallarda üst-üstə düşdüyünü deyir: "İctimai və dövlət maraqlarının müdafiə olunması milli maraqlarırn qorunmasına anlamına gəlir. Xarici siyasətimizdən bəhs edərkən, dövlətin milli maraqlarını beynəlxalq aləmdə müdafiəsi ilə bağlı həyata keçirdiyi siyasət nəzərdə tutulur. Bu baxımdan, ictimai və dövlət maraqları bir-birini tamamlayır. Milli maraqların qorunması hər kəs üçün daha əhəmiyyətlidir".

Elman Nəsirov bildirib ki, ictimai və dövlət maraqlarının üst-üstə düşməsi II Qarabağ müharibəsində qələbə qazanmağımıza təsir göstərib: "Prezident İlham Əliyev həm daxili, həm də xarici siyasəti müəyyənləşdirir və bu siyasətin mərkəzində milli maraqların müdafiəsi dayanır. Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində milli maraqların qorunması müstəsna rol oynadı. İctimai və dövlət maraqlarının birləşməsi, eyni fikirdən çıxış etməsi müharibədəki qələbəmizdə böyük əhəmiyyət kəsb etdi. İndiki məqamda isə artıq milli maraqların qorunması istiqamətində işlərimizi gücləndirməli, ictimai-siyasi sabitliyi təmin etməliyik. İctimai-siyasi sabitliyin təminatçısı ölkə başçısı və onun arxasında dayanan xalqdır. Xalqın hər bir nümayəndəsi dövlət və ictimai maraqların uzlaşması, ən yaxşı şəkildə müdafiəsi üçün öz töhfəsini verməlidir. Lakin nəzərə almalıyıq ki, dövlət və ictimai maraqları müdafiə etmək o qədər də asan deyil. Bunun üçün ilk növbədə müstəqil siyasətin aparılması vacibdir. Lakin dünyanın güc dövlətləri buna qarşı çıxır, diktə etməyə cəhd göstərirlər".

Millət vəkili Cavid Osmanov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil, milli maraqlara söykənən siyasət qurulub. Azərbaycan dövlətinin hər zaman yürüdülən siyasətinin mərkəzində milli maraqlar durur. Son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət maraqlarının qorunması istiqamətində mühüm addımlar atılıb: "Qeyd edim ki, istər işğaldan azad edilən torpaqlarda yürüdülən siyasət, 44 günlük müharibədə qazanılan zəfəri məhz diplomatik müstəvidə də çox mühüm, ardıcıl, sistemi addımlar atılıb və atılmaqdadır".

Millət vəkili qeyd edib ki, beynəlxalq müstəvidə Azərbaycanın dövlət maraqlarının, milli maraqlarının qorunması istiqamətində sistemli siyasət yürütməklə, diaspor nümayəndələrimiz də kordinasiyalı şəkildə vacib addımlar atır: "Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində atılan mühüm addımlar məhz xaricdə yaşayan soydaşlarımız vasitəsilə çatdırılır. Prezident İlham Əliyev milli və dövlət maraqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir".

Cavid Osmanovun sözlərinə əsasən, dövlət maraqlarının qorunması və bu maraqların ictimaiyyət arasında təbliği çox vacib məsələ və əsas vəzifələrdən biridir. İctimai və dövlət maraqlarının qorunmasında, təhlükəsizliyin müdafiəsində vətəndaşlarımızın maariflənməsi ən önəmli şərtlərdəndir. Çünki hər birimizin həyatında, fəaliyyətində dövlət maraqlarının müdafiəsi üstünlük təşkil etməlidir. Hər bir vətəndaş siyasi mövqeyindən asılı olmayaraq, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. Bu, həm də ona görə vacibdir ki, dövlət maraqları müdafiə olunmadan ictimai maraqlar heç vaxt qoruna bilməz. Məhz aparılan təbliğatın nəticəsidir ki, Azərbaycan xalqı, ictimaiyyəti mənəviyyata, mənəvi dəyərlərə, dövlətə, onun atributlarına, simvollarına böyük sayğı göstərir: "Dövlətimizin maraqlarına zidd olan, onun təhlükəsizliyini pozmağa yönələn, müstəqilliyinə qəsd etmək istəyən qüvvələrə qarşı Azərbaycan xalqı, ictimaiyyəti hər zaman mübarizə aparıb, bundan sonra da aparacaq. Bizim üçün dövlətimizin maraqlarının müdafiəsi vacibdir və bu, ictimai maraqlarımızın yaşaması deməkdir. Bütün bunlara görə də vətəndaş cəmiyyəti ilə dövlət arasında əsas körpü rolunu oynayan medianın üzərinə çox böyük vəzifə düşür".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet .- 2022.- 28 iyul.- S.10.