Elmdə islahat mərhələsi
"PREZİDENT İLHAM ƏLİYEVİN FƏRMANI
ÇOXDAN BİR-BİRİNDƏN AYRI DÜŞMÜŞ
ELM VƏ TƏHSİLİN İNTEQRASİYASINA
HƏDƏFLƏNİB"
Azərbaycanda son illər bütün
sahələrdə əsaslı islahatlar həyata
keçirilir. Bu
islahatların əsas məqsədi şübhəsiz ki,
müasir çağırışlara, dövrün tələblərinə
uyğun olaraq müvafiq sahələri daha da inkişaf etdirmək,
yeni bilik və bacarıqlara yiyələnməklə
uğurlu nəticələrə imza atmaqdır. Bu mənada elm və təhsil
sahəsində islahatlar vacib əhəmiyyət kəsb edir.
Çünki digər bütün sahələrdə
inkişafın mənbəyi məhz təhsildən
başlanır.
Prezident İlham Əliyevin iyulun 28-də
"Azərbaycan Respublikasında elm və təhsil sahəsində
idarəetmənin təkmilləşdirilməsi ilə
bağlı bəzi tədbirlər haqqında"
imzaladığı Fərman elm və təhsil sahəsində
inteqrasiyanın güclənməsində, dövlət siyasətinin
və tənzimlənmənin uğurla aparılmasında,
koordinasiyalı fəaliyyətin qurulmasına öz töhfəsini
verəcək. Fərmana əsasən, Təhsil
Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil
Nazirliyi adlandırıldı. Sənəddə
qeyd olunduğu kimi, Fərmanın imzalanmasında əsas məqsəd
elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin
həyata keçirilməsi, elmi müəssisə və təşkilatların
elmi fəaliyyətinin əlaqələndirilməsi və
istiqamətləndirilməsidir.
Fərmanla elm sahəsində
dövlət siyasətinin və tənzimlənmənin həyata
keçirilməsi səlahiyyəti Elm və Təhsil Nazirliyinə
həvalə edildi. Bundan əlavə, Nazirliyin yanında 2 yeni agentlik -
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər
və Ümumi Təhsil üzrə Dövlət Agentliyi
yaradılıb. Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA) öz fəaliyyətini davam etdirəcək,
yeni struktur yaradılacaq, ixtisarlar aparılmayacaq. AMEA-nın bir sıra elmi müəssisə və təşkilatların
Elm və Təhsil Nazirliyinin tabeliyinə veriləcək.
Xatırladaq ki, dünən
(AMEA) Rəyasət Heyətinin qapalı iclasında fərmandan
irəli gələn məsələlər müzakirə
olunub.
Elm adamları, ekspertlər
bu fərmanı təqdir edir, onun elm və təhsilin
inteqrasiyalı şəkildə inkişafına xidmət edəcəyini
vurğulayırlar.
AMEA-nın
vitse-prezidenti, akademik İsa Həbibbəyli jurnalistlərə
bildirib ki, dünyada Elm və Təhsil Nazirliyinin yaranması təcrübəsi
artıq genişlənməkdədir. Onun sözlərinə görə, Təhsil
Nazirliyinin ayrıca fəaliyyət göstərdiyi ölkələr
azlıq təşkil edir. Bir çox ölkələrdə
Elm və Təhsil Nazirliyi və yaxud Elm və Təhsil Komitəsi,
bəzilərində Elm, Təhsil və İdman Nazirliyi, digərlərində
Elm,Təhsil, İnnovasiyalar, İdman və Gənclər
Nazirliyi kimi formatlar mövcuddur.
"Hətta
inkişaf etmiş ölkələrdə bir nazirliyin statusunda
və ya əhatə dairəsində yaxın istiqamətlərin
birləşdirilməsi indiki dövrün
reallığıdır. Çünki artıq isbat olunub ki,
bir-birinə yaxın olan sahələrin
qarşılıqlı inteqrasiyasına nail olmadan real elmi nəticə
əldə etmək mümkün deyil, - vitse-prezident
söyləyib.
Onun
sözlərinə görə, Prezident İlham Əliyevin
imzaladığı fərmanla Elm və Təhsil Nazirliyinin
yaradılması dünya təcrübəsində
özünü təsdiq etmiş son illərin mühüm
reallıqlarından biridir. Bundan əlavə, ölkəmizdə
elm və təhsilin qarşılıqlı şəkildə
inteqrasiya olunmasına şərait yaradacaq. Nəticə
etibarilə, Azərbaycanda elm və təhsil daha da inkişaf
edəcək.
Azərbaycan
Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin
dekanı pedaqoji elmlər doktoru, professor, Əməkdar elm
xadimi Fərrux Rüstəmov mətbuata
açıqlamasında deyib ki, Prezident İlham Əliyevin fərmanı
respublikamızda çoxdan bir-birindən ayrı
düşmüş elm və təhsilin inteqrasiyasına və
vəhdətdə inkişafına hədəflənib.
Elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə
nəticəsində praktiki bilik və vərdişlərlə
mütəmadi olaraq zənginləşməyən, nəzəri
xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini
itirməkdədir.
Çünki
qabaqcıl texnologiyalar, idarəetmə üsulları və
elmi nailiyyətlər əsasında yaradılan innovasiyalar təhsil
prosesinə ləng tətbiq edilir. Bu baxımdan elm və təhsilin
vəhdətinin yaradılması, vahid mərkəzdən idarə
olunması çox vacibdir.
O
bildirib ki, elmi tədqiqatların və təhsil tədqiqatlarının
mərkəzləşdirilmiş qaydada aparılmasının
böyük üstünlükləri var.
"Respublikamızda
elmin inkişafı həm də təhsilin ehtiyaclarına
uyğunlaşdırılmalıdır. Elm və təhsil
vahid sosial institut kimi birgə inkişaf etdirilməli, biri digərinin
inkişafına təkan verməlidir. Hazırkı dövrdə
bu tələblərə cavab verən universitetlərimiz
çox azdır. Nazirliyin tabeliyinə verilən tədqiqat
institutları ilə müvafiq universitetlərimizin
inteqrasiyası nəticəsində tədqiqat universitetlərinin
yaradılmasına nail ola bilərik.
AMEA-da
təhsilin əsasları, pedaqogika və ayrı-ayrı fənlərin
tədrisi texnologiyası ilə bağlı tədqiqatlar
aparılmasa da, fundamental elmlər sahəsində böyük
nailiyyətlər qazanılmışdı. Həmin tədqiqatların
tədrisə, tədqiqatçıların isə universitet
auditoriyalarına gətirilməsinə çox böyük
ehtiyac var. "Azərbaycan Respublikasında elm və
təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı bəzi tədbirlər haqqında" Fərman
AMEA-nın ayrı-ayrı sahə institutlarının zəngin
laboratoriyalarından universitet tələbələrinin,
dissertant və doktorantlarının istifadəsini
asanlaşdırmaqla yanaşı, elmi potensialdan səmərəli
istifadəni təmin edəcək".
AMEA-nın
müxbir üzvü, professor Səlahəddin Xəlilov isə
hesab edir ki, elm ilə ali təhsilin inteqrasiyası zamanın tələbidir:
"Belə bir məsul yola qədəm qoyulmasından məmnunam.
Əlbəttə, çətin yoldur. Fərman sadəcə
başlanğıc, - bu yolda yandırılan yaşıl
işıqdır. Yolun uğurla qət edilməsi isə elm
adamları ilə inzibati qurumların bu birgə fəaliyyətə
nə dərəcədə hazır olmasından
asılıdır".
Pərvanə SULTANOVA
525-ci qəzet. - 2022.- 30 iyul.- S.5.