QMİ-də Məhərrəmlik
ayı ilə bağlı toplantı keçirilib
Qafqaz
Müsəlmanları İdarəsində (QMİ) iyulun 29-da Məhərrəm
ayının başlanması ilə əlaqədar iclas
keçirilib.
İdarədən
"Report"a verilən
məlumata görə,
QMİ sədri Şeyxülislam
Allahşükür Paşazadə
İdarənin Qazılar
Şurasının üzvləri,
səlahiyyətli nümayəndələri
və imamlarına Məhərrəm ayı ilə bağlı tövsiyə və tapşırıqlarını bildirib.
Şeyxülislam A. Paşazadə Əhli-Beytə
ehtiram nümunəsi olan bu ayın
Vətən müharibəsi
şəhidlərimizin anılması
üçün müqəddəs
məqam olduğunu qeyd edib, İmam
Hüseyn şəhidlik
məktəbinin yaşadığının
göstəricisi olduğunu
ifadə edib. Qarabağ Zəfərinin müəllifinin müzəffər
Azərbaycan Prezidenti,
onun müdrikliklə irəli apardığı
Azərbaycan xalqı,
rəşadətli Azərbaycan
Ordusu olduğunu vurğulayan Şeyxülislam
A. Paşazadə Vətən
müharibəsində qələbəmizin
əsas qüvvətverici
amillərinin dövlət-xalq
birliyi, dövlət rəhbərinin ətrafında
sıx birləşmək,
cəmiyyətimiz daxilində
milli və dini birlik olduğuna
diqqəti çəkib.
QMİ sədri
bu dəyərlərin
qorunmasının gələcək
zəfərlərə doğru
addımlamağımız üçün önəmli
olduğunu bildirərək
din xadimlərinin üzərinə düşən
mənəvi vəzifələri
xüsusi xatırladıb.
QMİ
Qazılar Şurasının
Məhərrəm ayının
başlanması ilə
əlaqədar müraciəti
oxunub və qəbul olunub. Müraciətdə Aşura
mərasimləri ilə
bağlı konkret tapşırıq və tövsiyələr yer alıb. O cümlədən,
münasib təziyədarlıq
nümunələrindən biri kimi ənənəvi
keçirilən qanvermə
aksiyaları barədə
məlumat verilib.
İclasda
iştirak edən Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı çıxış
edərək dövlət-din
münasibətlərinin yüksək
səviyyəsindən, dini
dəyərlərə və
din xadimlərinə qayğı və diqqətdən bəhs edib, öz növbəsində,
din xadimlərinə Məhərrəm ayı ilə bağlı öz tövsiyələrini
bildirib. Din xadimlərinin Vətən
müharibəsi günlərində
yüksək vətənpərvərlik
nümunəsi göstərdiklərini
xüsusi vurğulayan
Komitə sədri Məhərrəmlik mərasimləri
dövründə də
dinimizin dəyərlərinin
insanlara çatdırılmasında
din xadimlərinin üzərinə düşən məsuliyyəti
xatırladaraq dövlət
xurafat elementlərinin
yer almaması üçün diqqətli
olmağı tövsiyə
edib. M.Qurbanlı Azərbaycan cəmiyyətinin
hər zaman ənənəvi dəyərlərinə
yüksək ehtiram bəslədiyini vurğulayaraq,
bu il də
Məhərrəmlik, Aşura
mərasimlərinin milli-mənəvi
dəyərlərimizə uyğun
şəkildə qeyd
ediləcəyinə əmin
olduğunu bildirib.
İclasda Vətən şəhidlərinin
ruhlarına dualar oxunub, Allahdan rəhmət dilənib.
525-ci qəzet. - 2022.- 30 iyul.- S.4.