Beyləqanda poeziya təntənəsi

 

Mücirəddin Beyləqaniyə həsr olunmuş XII şairlər günü qeyd olunub

 

Hər il ənənəvi olaraq iyun ayının 5-i Bakıda keçirilən Şairlər Gününün XII əsrin görkəmli şairi Mücirəddin Beyləqaniyə həsr olunan hissəsi iyun ayının 7-si Beyləqan şəhərində qeyd edilib.

 

Azərbaycan Yazıçılar Birliyinin Beyləqan bölməsinin təşkilatçılığı ilə Beyləqan rayon Tarix Diyarşünaslıq Muzeyində görkəmli Azərbaycan şairi Mücirəddin Beyləqaniyə həsr olunmuş tədbirdə Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, Azərbaycan Yazıçılar Birliyinin Beyləqan bölməsinin şair və yazıçıları, Beyləqan Mədəniyyət Mərkəzinin əməkdaşları, Beyləqan rayon Uşaq Musiqi Məktəbinin əməkdaşları iştirak ediblər.

 

Əvvəlcə Beyləqan şəhər mərkəzində Mücirəddin Beyləqaninin abidəsi ziyarət olunub.

 

Sonra tədbir Tarix Diyarşünaslıq Muzeyində davam etdirilib. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin Beyləqan bölməsinin sədri, şair Fazil Əsəd açıb. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Fazil Əsəd tədbir iştirakçılarını salamladıqdan sonra şair və yazıçıları təbrik edib, keçirilən tədbirin əhəmiyyətindən, Mücirəddin Beyləqaninin irsindən, Azərbaycan Yazıçılar Birliyinin Beyləqan bölməsinə ayırdığı diqqət və qayğıdan söhbət açıb.

 

Tədbirdə çıxış edən şair Ağa Savalan Mücirəddin Beyləqaninin həyat və yaradıcılığı haqqında məlumat verib.

 

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rza keçirilən tədbiri dəyərləndirərək şair və yazıçılarmızı təbrik efib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

 

Tədbirdə yazıçı-publisist, "525-ci qəzet"in əməkdaşı Nadir Yalçın, yazıçı-jurnalist Sərdar Amin, yazıçı-publisist Orxan Həsəni Şairlər Gününün əhəmiyyəti barədə danışıblar və Beyləqan ədəbi mühiti ilə tanışlıqlarından məmnunluqlarını ifadə ediblər.

 

Şairlərdən Feyruz Hilaloğlu, Elman İsrfiloğlu, Arif Həsənli çıxış edərək şairə həsr etdikləri şeirlərini söyləyiblər.

 

Elnur Qarabağlı Mücirəddin Beyləqaninin qəzəllərini səsləndirib.

 

Beyləqan rayon Uşaq Musiqi Məktəbinin müəllimi, xanəndə Yabil Hümbətov Mücirəddin Beyləqaninin qəzəllərindən ibarət muğam parçaları ifa edib. Muğam müsabiqəsinin qalibi Sadiq Zeynalov ifası ilə tədbirə xüsusi rəng qatıb.

 

Tədbirin sonunda Fazil Əsəd göstərilən dəstəyə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon şöbəsinin rəhbərliyinə və Beyləqan rayon Uşaq Musiqi Məktəbinin rəhbərliyinə təşəkkürünü bildirib.

 

 

525-ci qəzet.- 2022.- 9 iyun.- S.8.