Akademik Zemfira Səfərovanın 85 illiyi elmi sessiya ilə qeyd olunub

 

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasında görkəmli musiqişünas alim, Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi, Memarlıq İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərovanın 85 illiyinə həsr olunan elmi sessiya keçirilib.

525.az xəbər verir ki, tədbir AMEA Humanitar Elmlər Bölməsinin Memarlıq İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

İştirakçılar əvvəlcə foyedə yubilyarın kitablarından ibarət sərgi ilə tanış olublar.

 

Elmi sessiyada AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək görkəmli alimin ömür salnaməsindən, zəngin yaradıcılıq fəaliyyətindən, onun Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələrdən söz açıb. Bildirib ki, müasirlik milli musiqi ənənələrinin parlaq təcəssümü olan  Zemfira Səfərova Azərbaycanın musiqi sənətinin öyrənilməsində davamlı məhsuldar bir yol keçən, bu istiqamətdə böyük elmi nailiyyətlərə imza atan görkəmli musiqişünas alimlərimizdəndir.

 

Akademik İsa Həbibbəyli Zemfira Səfərovanın Azərbaycan musiqi sənətinin tarixinin günümüzə qədər gələn çoxəsrlik inkişaf yolunun canlı salnaməsinin müəllifi olduğunu qeyd edib. "Azərbaycanda musiqi sənətinin XX əsri əhatə edən 5 cildliyi məhz akademik Zemfira Səfərovanın rəhbərliyi ilə hazırlanıb ki, bu əsər Azərbaycan musiqi mədəniyyətinin çoxcildlik külliyatı olmaqla yanaşı, həm musiqimizin bundan sonrakı dövrününü bələdçisidir", - deyə akademik İsa Həbibbəyli qeyd edib.

 

Akademik İsa Həbibbəyli vurğulayıb ki, görkəmli musiqişünasın yorulmaz elmi fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib o, Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi fəxri adlarına layiq görülüb.

 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə akademik Zemfira Səfərovanın 85 illik yubiley tədbirinin keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib. O, musiqişünaslıq elmində misilsiz xidmətləri olan, böyük musiqiçi alimin bənzərsiz yaradıcılığından, Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələrdən söz açıb. Bildirib ki, müasirlik milli musiqi ənənələrinin parlaq təcəssümü Zemfira Səfərovanın yaradıcılığına xas olan cəhətdir.

 

 

 

Onun sözlərinə görə, Azərbaycan musiqi mənbəşünaslığının banisi Zemfira Səfərovanın tədqiqatlarında yüksək peşəkarlıqla yanaşı, həm səmimilik, böyük Azərbaycançılıq vardır.

 

Firəngiz Əlizadə görkəmli alimin şöhrətinin ölkə sərhədlərindən kənara da çıxdığını, onun bir sıra ölkələrdə Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil etdiyini və müxtəlif beynəlxalq qurumların üzvü olduğunu bildirib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə görkəmli musiqişünası 85 illik yubileyi münasibətilə təbrik edib, ona uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində yeni nailiyyətlər arzulayıb.

 

AMEA Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxış edərək akademik Zemfira Səfərovanı elm fədaisi və müdrik insan kimi səciyyələndirib. Alimin elmi fəaliyyətinin 4 əsas istiqamətini qeyd edən baş direktor Azərbaycan musiqi elmində Üzeyirşünaslıq məktəbinin yaranması və formalaşmasının akademik Zemfira Səfərovanın adı ilə bağlı olduğunu deyib. "Son illərdə Zemfira Səfərovanın tədqiqatlarında Şuşa və bütövlükdə Qarabağ musiqi mədəniyyəti mövzusu xüsusi yer tutur", - deyən Ə.Salamzadə alimin rəhbərliyi ilə hazırlanan 5 cildlik "Azərbaycan musiqi tarixi" adlı fundamental əsərinin əhəmiyyətini vurğulayıb. Baş direktor 300-dən artıq elmi əsərin müəllifi olan Zemfira Səfərovanın Azərbaycan musiqişünaslıq sahəsində böyük bir elmi məktəb yaratdığını qeyd edib.

 

Daha sonra professor Həcər Babayeva "Vətəndaş mövqeli alim Zemfira Səfərova", professor İradə Köçərli "Zemfira Səfərovanın "Azərbaycanın musiqi elmi" monoqrafiyası və onun musiqişünaslıqda rolu", professor Zümrüd Dadaşzadə "Zemfira Səfərovanın yaradıcılığında Qarabağ mövzusu" və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə "Akademik Zemfira Səfərovanın elmi yaradıcılığı Azərbaycan musiqişünaslığı kontektsində" mövzusunda məruzələrlə çıxış ediblər.

 

Sonda çıxış edən Zemfira Səfərova yaradıcılığına və fəaliyyətinə göstərilən yüksək ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

 

525-ci qəzet.- 2022.- 9 iyun.- S.8.