Sizi unutmayacağıq, ustad!

 

 

 

Səhər tezdən otağıma girən ürkək tələbə qız suallarını verdi, son hazırladığı materiallardan bəhs etdi, birdən hiss etdi ki, onun dediklərini dinləsəm də, fikrim çox-çox uzaqlardadır. Sualı məni geri qaytardı: "Müəllimə, nəsə olub?" Masamın üstündəki kompüterin ekranında baxışlarını harasa zilləyib gülümsəyən Nəsir müəllimin şəklinə işarə etdim, "Müəllimimi itirmişəm" - dedim.

 

Jurnalistika fakültəsində təhsil alan son illərin tələbələri, təəssüf ki, Nəsir müəllimi o qədər də yaxından tanımaq imkanında olmadılar. Amma Nəsir Əhmədli fakültəmizin tarixində elə bir iz qoyub ki, yolu bu təhsil ocağından düşən hər kəs onu özünə ustad bilib, ondan bəhrələnib. Bu gün ölkə mediasının ən müxtəlif orqanlarında çalışan jurnalistlər - sıravi müxbirindən tutmuş böyük media qurumlarının rəhbərlərinədək özünü Nəsir müəllimin tələbəsi hesab edir.

 

Həmişə müəllim sarıdan bəxtim gətirib. Tələbəlik həyatına təzəcə başlayanda auditoriyada böyüklərin tez-tez danışdıqları qaş-qabaqlı, acıdil, əsəbi, eynəkli professorların uzun-uzadı yorucu mühazirələrini dinləyəcəyimi düşünərdim. Amma Jurnalistika fakültəsində Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Əliş Nəbili, Famil Mehdi, Tofiq Rüstəmov kimi ustad jurnalistlərlə tanışlıq bu fakültənin fərqini anlamağa kifayət etdi. Heç bir təmənnası olmayan, tələbələrinə övladı kimi yanaşmağı bacaran, tənbeh edəndə belə qayğısını hiss etdiyimiz Nəsir müəllimdən dərs almağım bu təsəvvürlərimi alt-üst etdi. Nəsir müəllimin dərsləri olduqca maraqlı, səmimi ortamda keçərdi, hər dəfə yeni məlumatlar verər, dilimizin bütün incəliklərini çatdırmağa çalışardı. Azərbaycan dilini o qədər çox sevərdi, kəlmələrdən elə ustalıqla istifadə edər, redaktəyə və tərcümə mətnlərinə elə zərgər dəqiqliyi ilə yanaşardı ki, onun bu xüsusiyyəti istər-istəməz bizə də sirayət edərdi.

 

Ən çətin imtahanlarımızda belə təbəssümü, xoş bir kəlməsi ilə bütün həyəcanımızı yox edərdi. Əsl jurnalist olmaq üçün yüksək qiymətin əsas şərt olmadığını deyər, bu peşənin sirlərinə yiyələnmək üçün yorulmadan çalışmağı bizə tövsiyə edərdi. Nəsir müəllimdən təkcə dərs saatlarında deyil, elə dəhlizlərdə söhbət edəndə də mütləq nəsə öyrənərdik. Kiminproblemi olsa, Nəsir müəllimi axtarardıq, onun mütləq bir yol göstərəcəyinə inanardıq.

 

İşləməyə başlayanda da hər dəfə çətinliyə düşəndə, hansısa sözün tələffüzü, tərcüməsi və ya düzgün yazılışı ilə bağlı mübahisələrimiz olanda ən son istinadımız, etalonumuz Nəsir müəllim olardı. Dərhal zəng vurub soruşardıq. Həmişə də həvəslə sualımızı cavablandırar, hələ oxumağımız üçün yeni kitablar da tövsiyə edərdi. Uğurlarımıza elə bizim qədər sevinər, təbrik edərdi.

 

Ötən ay Nəsir müəllimin 80 illik yubileyi ilə bağlı fakültəmizdə konfrans keçirdik. Universitetin həyətində qarşıladıq, zəifləmişdi... Bəlkə də, həyatı boyu sevdiyi və tələbələrinin sevimlisinə çevrildiyi bu məkana son gəlişi olduğunu da yaxşı başa düşürdü. Ən böyük auditoriyamız da qonaqların çoxluğundan dar gəldi. Səmimi çıxışlar, kövrək etiraflar, həzin ovqat tədbir boyu hamını kövrəltdi. Jurnalistika fakültəsi elə o gün mogikanlarından biri ilə də vidalaşırdı. Elinə-obasına bütün qəlbi ilə bağlı qalan, təpədən dırnağa qədər əsl azərbaycanlı olan saz havasının vurğunu Nəsir Əhmədli çox sevdiyi Tovuzuna qovuşdu.

 

Nəsir müəllimin yoxluğu Azərbaycan jurnalistikası üçün böyük itkidir. Amma nə yaxşı ki, bu gün Nəsir müəllimdən dərs alan minlərlə jurnalistdə onun ziyasından bir damla var. Sizi unutmayacağıq, ustad!

 

Xatirə HÜSEYNOVA,

BDU-nun Yeni mediakommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, Nəsir Əhmədlinin tələbəsi 

 

525-ci qəzet.- 2022.- 11 iyun.- S.12.