Bələdiyyə Teatrında "Xan qızı"nın premyerası keçirilib

 

İyunun 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Bakı Bələdiyyə Teatrın hazırladığı "Xan qızı" tamaşasının premyerası keçirilib.

 

Şair, ictimai xadim Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyi münasibətilə yeni quruluşda hazırlanmış tamaşa Milli Qurtuluş Gününə, görkəmli yazıçı dramaturq İlyas Əfəndiyevin və Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr edilib.

 

Əsərin yeni quruluşunun müəllifi və rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov tamaşaçıları 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Bildirib ki, teatr bu dəfə böyük klassik İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" pyesinə müraciət edib. Tamaşaya "Xan qızı" adı verilməsinin səbəbini açıqlayan rejissor deyib: "1981-ci ildə əsəri ilk dəfə səhnələşdirərkən tamaşanın adını "Xurşidbanu Natəvan" qoyduq. Çünki sovet dönəmində "Xan qızı" adı ilə tamaşa hazırlamaq olmazdı. Beləliklə, "Xurşidbanu Natəvan" adı altında oynanılan bu tamaşa uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsini bəzədi. O zaman Natəvan obrazını görkəmli teatrkino aktrisası Amaliya Pənahova yaratmışdı. Lakin müstəqillik dövründə tamaşaya yeni quruluş verdik, adını isə "Xan qızı" qoyduq".

 

Yeni quruluşda olan tamaşada Ülviyyə Rza (Xurşibanu Natəvan), Tural Əhməd (Xasay bəy), İsmayıl Atakişiyev (Canişin), Əməkdar artist Rafiq İbrahimov (Mirzə Ruhulla), Toğrul Rza (Mirzə Rəhim), Əhməd Salahov (Həsən bəy), Mehman Abdullayev (Mirzə Məmmədqulu), Zülfiyyə Qurbanova (Fəhim xanım), Təzəgül Məmmədova (Süsən), Zülfiyyə Məmmədova (Qönçə), Aynur Abbasova (Bəyim), Günel Həmidova (Pakizə Bəyim), Əzizə Həşimova (Gülgün) iştirak edirlər.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 17 iyun.- S.9.