İsaxan İsaxanlının hekayələr kitabı işıq üzü görüb

 

Bu yaxınlarda filologiya elmləri doktoru İsaxan İsaxanlının "Bir sevgi dastanı" (Bakı, Xəzər Universiteti nəşriyyatı, 2022)  adlı hekayələr kitabı nəşr olunub.

Kitabda, əsasən, müəllifin müxtəlif illərdə qələmə aldığı sevgi hekayələri cəmləşib. "Hədiyyə", "O səni sevirdi", "Bir sevgi dastanı", "Yol hekayəti", "Ölümcül məhəbbət", "Mollanın cənnətdən qovulması", "Otel quşu"nun etirafı", "Naməlum gözəl", "Ömürlük nisgil" adlı hekayələr ideya, məzmun bədii rəngarənlik baxımından diqqət cəlb edir.

Kitabın ön sözünün müəllifi Beynəlxalq Rəsul Rza mükafatı laureatı, şair-publisist Əli Rza Xələfli "Həyat lövhələri nəsrin kölgəsində" adlı yazısında İ.İsaxanlının qələmə aldığı hekayələrin bədii məziyyətlərindən söhbət açıb, onun yaradıcılığına spesifik olan məqamları qələmə alıb, ayrı-ayrı hekayələr barədə fikirlərini bölüşüb: "Oxuculara təqdim edilən bu hekayələrdə biz İsaxanı lirik yazıçı - insan hisslərinin, duyğularının tərcümanı kimi, psixoloji dərinliklərə baş vura bilən bir sənətkar kimi görürük. Onun hər bir qəhrəmanı cəmiyyətin bağrından qopmuş bir parçadır o parçanın hər birində biz cəmiyyətin qəlb çırpıntılarını hiss edirik, duyuruq".

Qeyd edək ki, kitabın redaktoru professor Hamlet İsaxanlıdır.

Kitabın ərsəyə gəlməsi münasibətilə müəllifi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!

 

Nadir Yalçın

 

525-ci qəzet.- 2022.- 25 iyun.- S.12.