Şəhadətlə tamamlanan
parlaq xidmət yolu
ŞƏHİD ZABİTİMİZ
EMİN SÜLEYMANOVUN VƏTƏN UĞRUNDA
GÖSTƏRDİYİ QƏHRƏMANLIQ GƏLƏCƏK
NƏSİLLƏRƏ NÜMUNƏDİR
Qarabağımızı bizə qaytaran, 30 illik həsrətimizə son qoyan, namusumuzu təmizləyib, başımızı dik tutmağımıza səbəb olan 44 günlük Vətən müharibəmizin qəhrəmanlarından biri də Emin Süleymanovdur. Vətən sevgisi təkcə müharibəylə məhdudlaşmayan, ömrünü, cavanlığını, dincliyini, ailəsini, sonda isə canını bu yolda qurban verən fədakar, prinsipial, qətiyyətli bir zabitdən gedir söhbət. O zabit ki, uşaqlığı I Qarabağ müharibəsinə təsadüf etdiyindən atasını, böyük qardaşını cəbhədə, əli silahlı, vətənin keşiyində görmüşdü. Bu cür vətənpərvərlik hissləriylə, torpaq məhəbbətiylə yoğrulmuşdu mayası. Ona şəhidlikdən başqa mərtəbə yaraşmazdı ki...
Vətənə xidmətlə keçən ömür...
Emin Süleymanov 21 iyul 1977-ci ildə İmişli rayonunda polis ailəsində doğulub. 1983-1992-ci illərdə Namiq Şirinov adına 5 saylı orta məktəbin rus bölməsində, 1992-1995-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə orta təhsilini bitirib. 1995-1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) ali təhsil alaraq artilleriyaçı ixtisasına yiyələnib.
Ailədə 5 qardaş, 2 bacı böyümüşdülər. Atası polis mayoru Bəhmən Süleymanovu erkən itirmişdilər.
E.Süleymanov 1999-cu ildə ali hərbi məktəbdən məzun olduqdan sonra Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə "leytenant" rütbəsində hərbi vəzifəsinə başlayır. Həyat yoldaşı Məhsəti xanım deyir ki, eyni ad-soyadlı kursant yoldaşıyla təyinat yerləri açıqlananda Emin səhvən elə bilir ki, Bakıya düşüb. Bu, ona çox pis təsir edir. Çünki onun hərbçi kimi məqsədi paytaxtda qalmaq deyil, cəbhə bölgəsində xidmət etmək idi. Sonradan isə öyrənir ki, təyinatı Bakıya verilən kursant o yox, adaşı imiş.
O, aldığı hərb təhsilini və döyüş taktikalarını peşəkarcasına mənimsəyərək artilleriyaçı olur. Ordu sıralarında xidmət etməyə başlayan gündən Emin yalnız ön cəbhədə xidmətini yerinə yetirib. 10 ilə yaxın ən çətin xidmət yerlərindən biri hesab olunan Murovda xidmət edib. Cavanlığının ən gözəl illəri Murov dağlarında keçən, mayor rütbəsinə qədər ucalan Emin divizion komandiri olub.
Məhsəti xanım deyir: "Eminin həyatı da, xidməti də çoxşaxəlidir. O, Gəncə, Murov, Yevlax rayon Aran qəsəbəsi, Balakən, Qazax rayon N saylı hərbi hissələrdə zabit kimi müxtəlif vəzifələrdə xidmət edib. Biz də onunla birlikdə gəzirdik xidmət yerlərini".
Onun hərb sənəti seçməyində əsas səbəb atasının polis olması olub. Uşaqlığından Emin bu sənətə maraq göstərərmiş. Atasından onunçün hərbi forma, hərbi papaq tikdirməyini istəyib. Mənim də yadıma gəlir ki, o vaxt hərbçilərin övladları məktəbə xüsusi maşınla gətirilərdi. Bunun özü də ondan maraq yaratmışdı.
"Biz Eminlə 2005-ci ildə ailə qurmuşuq. Onun hərbçi olduğunu bilirdim və o cür də qəbul etmişdim. Ailəlik müddətimizdə də hər zaman bir-birimizə sevgimiz, sayğımız olub. Mən ailəyə məbəd kimi baxmışam həmişə. Bütün arzularım, xəyallarım Eminlə bağlı idi. O, dediyim kimi, xidmətiylə əlaqədar çox tez-tez yer dəyişərdi. Ailə qurduğumuz vaxtdan etibarən Emin harda olubsa, mən də orda olmuşam. O, özü də ailəyə çox bağlı idi. Bizsiz heç yerə getməzdi. Hərdən özüm deyirdim ki, bir az get, dincəl, eynin açılsın. Deyirdi, yox, birlikdə gedək. Təbii ki, uşaqlarla birgə bölgədən bölgəyə köçmək, ev daşımaq çətin idi. Bir növ onunla birgə mən də xidmət edirdim. Amma bundan heç vaxt şikayətlənməzdim. Bəzən özü deyirdi ki, çox yorulursan, hə? Deyirdim ki, yox, mən bunları sevə-sevə edirəm. Əsas yorulan sənsən. Çünki o, həmişə çöldə, vətənin keşiyində idi.
Son olaraq 2016-cı ildə Gəncəyə gəlmişdik. İlk dəfə idi ki, dörd il müddətində biz bir yerdə qalıb yaşayırdıq".
"Onun döyüşlərdə olduğunu qonşumuzdan öyrəndim"
2016-cı il Aprel döyüşlərinin də iştirakçısı olub Emin. O və tabeliyindəki topçu əsgərləri düşmənə qan uddurublar. Məhsəti xanım deyir ki, qəfil gələn zənglə ailəsindən xəbərsiz qatılıb döyüşlərə:
"Onda anası Tamara xanım bizimlə yaşayırdı. Hamımız oturmuşduq. Qəfildən Eminə zəng gəldi. Kimlə danışdısa, durdu ki, gedirəm. Heç vaxt da hara getdiyini deməzdi. İsrarla soruşdum ki, hara gedirsən. Dedi, yuxarıda bir yer var, ora gedirəm. Yenə də demədi döyüşlərə getdiyini. Mən onu Kəlbəcər tərəfdə zənn edirdim. Amma Tərtərdən atışmaları eşidirdik. Onun müharibədə - Tapqaraqoyunluda olduğunu qonşumuzdan öyrəndim.
Emin xidməti dövründə ağzıbütöv, sirr dağıtmayan, söz danışmayan zabit idi. Hətta biz ailəsi olaraq da onun zabit yoldaşlarını tanımaz, orda nələr baş verdiyini bilməzdik.
Aprel döyüşləri zamanı bütün günüm ondan xəbər gözləməklə keçirdi. Telefonu bağlı idi, əlaqə saxlaya bilmirdik. Əlacımız televizordan xəbər öyrənməyə qalırdı. Sonra heç gözləmədiyimiz anda qapımız açıldı, Emin girdi evə. Çox yorğun, rəngi ağappaq gəlmişdi. Sonra döyüşlərdə baş verənlərdən danışırdı, dinləmək belə insanı vahiməyə salırdı. Onun əsgərlərini qorumaq üçün etdiyi fədakarlıqları eşidəndə deyirdim ki, bəs öz canını niyə qorumurdun? Deyirdi, əsgərlərim hər şeydən önəmlidir. Əsas odur onlara bir şey olmasın. "Bəs sənin ailən?" - deyə soruşanda, "öncə əsgərlərim" - deyirdi. Bu dərəcədə əsgərlərinə, işinə bağlı insan idi. Həmişə danışanda deyirdi ki, mən insan deyiləm, mən zabitəm. Bu sözü mənə çox qəribə gəlirdi. O da deyirdi, bax, bir xəbər verəndə zabiti ayrı deyirlər, vətəndaşları ayrı, demək ki, biz onlardan ayrıyıq. İndiyə kimi də bunun nə demək olduğunu düşünürəm. Eminin timsalında fikirləşirəm ki, deməli, zabit ölümü gözə alandır. İnsan ölümdən qorxar, canını qoruyar. Onlar isə elə deyildilər. Ölümün gözünün içinə dik baxırdılar. Hər anları ölüm demək idi və bu, onlara təsir etmirdi".
Məhz bu cür nümunəvi zabit olduğuna görə E.Süleymanov xidməti dövründə "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı və fəxri fərmanlarla təltif edilib.
Şəhadətə gedən yol...
Eminin taleyinə yazılmış növbəti müharibə ən böyük qələbənin ünvanı olan Vətən müharibəsi idi. Emin bu günü çoxdan, lap çoxdan gözləyirdi. Elə hey Qarabağın azad ediləcəyindən, müharibənin qaçılmazlığından danışarmış. Nəhayət, gözlədiyi o böyük gün gəlir. Azərbaycan Ordusunun mayoru olan Emin Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində artilleriyaçı olaraq iştirak edir.
Bu dəfə də evdən gedərkən ailəsinə bir söz demir. Məhsəti xanım danışır ki, onda da ailəsi onu təlimə gedirmiş kimi bilir: "Düzdür, Polad Həşimov şəhid olandan ölkədə müharibə ab-havası vardı. Amma onda müharibənin başladığını və Eminin də ön cəbhədə olduğunu bilmirdik. Sentyabrın 26-27-si idi. Emin təlimə getmək adıyla evdən çıxdı. Polad Həşimovu tanıyırdı, necə zabit olduğunu bilirdi. Fikirləşirəm ki, onun kimi şəhid olmaq Eminin də arzusu imiş. Çünki həmişə deyirdi ki, general var, adı tarixdə qalır, general var, heç bir yerdə adı yada düşmür. Şəhid polkovnik İlqar Mirzəyev isə onun tağım komandiri olmuşdu".
Peşəkar komandir Murovdağın, Füzulinin, Xocavəndin, Şuşanın və Laçının azad olunması uğrunda gedən döyüşlərdə vuruşur. Tuğ kəndinin alınmasında Emin və artilleriyaçıları xüsusi fəallıq göstərirlər. 44 gün döyüşən Emin və topçuları dəqiq koordinatlarla hədəfə aldıqları düşmənin strateji mövqelərini, bir çox texnikasını və xeyli sayda canlı qüvvəsini məhv ediblər. 7 noyabr 2020-ci ildə Şuşanın Daşaltı kəndi istiqamətində gedən əməliyyatlarda iştirak edir. 9 noyabr 2020-ci ildə Laçın dəhlizi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhadətə ucalır. Onun son sözləri isə əsgərlərinə xitabən "Özünüzü qoruyun, uşaqlar!" - olur. Şəhid zabitimiz noyabrın 13-də ata yurdu Xubyarlı kəndində, vətən sevgisini, qorxmazlığı, cəsurluğu öyrəndiyi, idealı bildiyi atasının yanında torpağa tapşırılıb.
Qeyd edək ki, Mayor Emin Süleymanov şəhadətindən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
O, son dəfə qardaşı ilə noyabrın 5-i, ailəsi ilə noyabrın 7-si danışmışdı. Hər danışanda övladlarını Məhsəti xanıma tapşırırmış. 14 yaşlı oğlu Bəhmən, 12 yaşlı qızı Emilyayla bağlı çox arzuları vardı Eminin. Hər ikisini polis gömək istəyirdi. Amma hər şeydən öncə insan olmağı, əsl insan, əsl vətəndaş kimi yetişməklərini nəsihət edərmiş. Məhsəti xanım deyir ki, indi iki məqsəd üçün yaşayır: övladlarını ataları şəhid mayor Emin Süleymanovun adına layiq yetişdirmək və Eminin adını yaşatmaq: "Çox təəssüf edirəm ki, ömrünü Vətənə xidmətə həsr etmiş və şəhid olmuş mayora bu gün orden verilməyib. Eminlə birgə dörd övlad itirmiş Tamara ana da buna görə çox narahat və məyusdur. Bizim ailə kimi arzumuzdur ki, İmişlidəki 8 saylı məktəbə Eminin adı verilsin. Amma bununçün orden mütləqdir. Çox istərdik ki, bizim səsimizi eşitsinlər və şəhidimiz Müdafiə Nazirliyi tərəfindən ordenə layiq görülsün".
Ömrünü vətəninə,
torpağına həsr edən, onun uğrunda canından keçən şəhidlər
təkcə ailəsinin deyil, böyük bir xalqın əbədi
qəhrəmanıdır. Emin Süleymanov da hər zaman bu xalqın qəlbində,
Vətənin şanlı tarixində əsl igid,
vətənpərvər döyüşçü
kimi yaşayacaq!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 1 mart.- S.13.