"Qəhrəmanlıqla qazanılan ölümsüzlük"
44 günlük Vətən
müharibəsi müasir
tariximizin ən parlaq, ən şanlı səhifəsidir. Elə bir
səhifə ki, hər sətrinə həyəcan, sevinc, qürur, ağrı, həsrət və göz yaşı eyni dərəcədə
hopub. Torpaqlarımızın uzun sürən
işğalının sona
yetməsi nə qədər sevincli, qürurlu olsa da, bu uğurda
fəda olan üç minə yaxın cavan canın itkisi qəlbimizə dərin yaralar vurub. Qəhrəman şəhidlərimizin nurlu xatirəsi hər keçən gün daha çox
duyğularımıza hakim kəsilir. Hər birimiz onların
xatirəsinin əbədi
yaşadılması, gələcək
nəsillərə ötürülməsi
üçün öz
sahəmizdə çalışırıq.
Onlar haqqında məqalələr,
şeirlər, poemalar,
kitablar yazılır,
mahnılar bəstələnir,
rəsmlər çəkilir,
tamaşalar səhnələşdirilir.
Əlbəttə, edilən
heç bir iş şəhidlik adının ucalığına,
müqəddəsliyinə bir boy belə yaxınlaşa bilməz. Amma ən azından
həm bizim, həm də onların ailələrinin
kiçik də olsa, təsəlli yerinə çevrilir...
Ağayevlər ailəsinin gülərüz,
mehriban, ərköyün,
mərd oğlu idi Zabil. 1994-cü ilin 1 mart günü Saatlı rayonunun Məmmədabad kəndində
açmışdı dünyaya
gözlərini. Qardaşı Qabillə arasındakı
yaş fərqinə baxmayaraq, əkiz kimi böyümüşdülər.
Sözləri, söhbətləri bir olar, sevincləri,
kədərləri ayrı
düşməzdi. Beləcə iki qardaş qayğıların içində
qayğılardan kənar
böyüyürdülər.
Orta təhsilini Saatlı rayon
Azad Bayramov adına
Məmmədabad kənd
orta məktəbində
almışdı Zabil.
Oxuduğu məktəb Məmmədabadın
I Qarabağ müharibəsində
qəhrəmancasına şəhid
olmuş oğlunun adını daşıyırdı.
Müharibə zamanı döyüşlərə
könüllü qatılan
Azad Bayramov təkcə
Zabilin deyil, bütün kənd cavanlarının idealı,
fəxr yeri, qürur mənbəyi idi. Çoxları cəsurluqda ona
bənzəmək istəmiş,
vətən sevgisini onun şəhadətindən
öyrənmişdilər. Zabil də bu sevgiylə
böyüyüb boylu-buxunlu,
yaraşıqlı gəncə
çevrilmişdi. Vətən borcunu
ödəmək üçün
hərbi xidmətinə
də sevinə-sevinə
yollanmışdı. Dilində isə cəmi bir şüar
vardı: "Xocalının
qisasını mənfur
düşməndən alacağıq!"
Bəli, Xocalı soyqırımından düz
iki il
sonra dünyaya gələn bu igid vətən oğlu məhz bu qisas hissiylə
böyümüşdü.
2020-ci ilin məlum
günlərində bütün
Azərbaycan xalqı kimi Məmmədabadın gənclərinin də qanı damarında dayanmırdı. Neçə-neçə gənc müharibəyə
könüllü getmək
üçün müraciət
etmişdi. Zabil Ağayev
də onlardan biri idi. Müharibənin ilk günlərində
gözlədiyi çağırış
gəlmişdi: Vətənin
imdadına gedirdi gənc qəhrəman. Çıxdığı bu yol onun da adını
Vətən tarixinin şanlı səhifəsinə
qızıl hərflərlə
yazdıracaqdı, hiss etmişdi
bəlkə də.
Məmmədabadın digər qəhrəman
oğlu Fərrux Bayramovla birgə yola düşmüşdülər
üzü cəbhəyə
doğru. Həyat yolunda
hər zaman yanında olan qardaşı Qabil bu son yolçuluqda da tək buraxmamışdı
qardaşını. Onları
öz maşınıyla
aparıb öz əlləriylə əmanət
etmişdi vətənə...
Zabilin Məmmədabaddan
başlanan yolu Füzuliyə, Qubadlıya,
Şuşaya qədər
gedib çıxdı. Kiçik çavuş
Zabil Ağayev müharibənin ilk günlərindən
son günlərinə qədər
məşəqqətli, əzablı,
şanlı döyüş
yolu keçdi, düşmənin onlarla canlı qüvvəsini, döyüş texnikasını
sıradan çıxartdı,
Xocalının qisasını
öz əlləriylə
aldı xain yağıdan.
Ailəsi
ilə imkan tapdıqca çox az müddətlik
əlaqə saxlayanda da çəkdikləri əziyyətdən bir kəlmə də danışmadı. Onu tanıyanların
adət etdikləri şənlik, şuxluq səsindən heç əskik olmadı. Sadəcə "özünüzdən
muğayat olun" - dedi, anasını, atasını qardaşına
tapşırdı, qardaşını
da Allaha...
Beləcə, noyabrın 7-nə kimi davam etdi bu şanlı yol. Noyabrın 7-də Şuşa uğrunda əliyalın, hərbi texnikasız, bıçaq, süngüylə dağları dırmaşıb düşmən üstünə gedən igidlərimizin arasında kiçik çavuş Zabil Ağayev də vardı. O, heç nədən qorxmadan, heç nədən çəkinmədən döyüş yoldaşlarıyla birgə elə hey qabağa gedir, əlbəyaxa döyüşlə düşmənə dərsini verirdi. Nəhayət, şəhadətinin zamanı yetişmişdi. Tanrının şəhidlik mərtəbəsinə seçdikləri arasında Zabil də vardı. O, bu ağır döyüşdə qəhrəmancasına, igidliklə şəhidlik məqamına yüksəlir.
Saatlının Məmmədabad kəndinə şəhid xəbəri gələndə bütün kənd camaatı Zabillə birgə müharibəyə yollanmış Fərrux Bayramovun gətirildiyini zənn etmişdi. Çünki Fərrux müharibədə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmiş, uzun müddət nəşi tapılmamışdı. Bütün kənd Fərruxu gözləyərkən Zabilin müqəddəs nəşini qarşıladı. Ondan qısa müddət sonra şəhid Fərrux da tapılaraq kəndə gətirildi. Beləcə, birgə müharibəyə yollanan qəhrəmanlar fərqli zamanlarda şəhid olsalar da, kəndə bir qayıtdılar və yan-yana çıxdıqları bu yolun elə başlanğıc ünvanında yan-yana torpağa tapşırıldılar.
Vətən üçün cavan canını qurban vermiş Zabil Ağayevin bu qəhrəmanlığı dövlətimiz tərəfindən də yüksək qiymətləndirildi və o, şəhadətindən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edildi.
Martın 1-i Zabilin doğuluş günü idi. Yaşasaydı, 28-ci yaşını qeyd edəcəkdi. Amma o, 26 yaşında
əbədiyyəti seçdi.
Məkanı cənnət,
ruhu şad olsun!
Şahanə MÜŞFİQ
525-ci qəzet.-2022.- 2 mart.- S.23.