Samuray mənəvi ruhu yaşayır
(Əvvəli
ötən çərşənbə sayımızda)
Samuray sözü kübar döyüşçülərin
(businin) adı kimi istifadə olunurdu, sonralar isə
bütün döyüşçü sinfini əhatə
etdi. Bu sinif XII əsr ərzində hakimiyyətə
qalxmışdı və Yaponiya hökumətində 1868-ci ilə
qədər dominantlıq edirdi. Daim davam edən
müharibələrin erkən illərində canlı
qüvvə kasadlığından fiziki igidlik və
şücaət adi qəbul olunan qaydadan yuxarıda dururdu və
bu qrupa daxil olmaq da, əsasən, asan idi. Lakin
1600-cü illərdən sonra, Tokuqava syoqunlarının ciddi
hökmranlığı altında ölkə 250 ilə qədər
dinc bir dövr yaşadı, döyüşçülər
isə bağlı kastaya çevrildi. Buna baxmayaraq, uzun
çəkən həmin sülh dövründə samuraylar
torpaq sahibliyindən uzaqlaşdırıldılar, öz
vuruş gücünü itirdilər və təqaüd alan konfutsiçi bürokratlara çevrildilər.
Tokuqavanın idarəçiliyi altında həm də ədəbiyyatın,
dinin və dram əsərlərinin yeni formaları meydana
çıxdı və onlar samuraylar üçün təbii
bir hal xarakteri kəsb etdi. Lakin samurayların mədəni
dominantlığı 1700-cü illər ətrafında
böyüyən yapon şəhərlərinin şəhvətpərəst
plegey mədəniyyətinin təsiri altında xeyli tükəndi.
1868-ci il Meydzi bərpasından sonra samuraylar rəsmi
olaraq yoxa çıxdı, qeybə çəkildi,
çünki inqilab bütün feodal imtiyazlarını ləğv
etmişdi. Samuray isə feodalizmin ən gözə çarpan
cəhəti, öz gücü ilə az
qala rəmzi rolunu oynayardı.
Keçmiş samurayların narazılığı
1870-ci illər ərzində qiyam dərəcəsinə
yüksəlsə də, bu qiyamlar tezliklə
yatırılmaqla heç bir fayda vermədi.
Samuray ənənəvi döyüşçü hesab
olunurdu, onun üçün ağıl öz peşəsini
və itaət qaydalarını öyrənməkdə, rəqiblərinə
üstün gəlmək üçün mühüm əhəmiyyət
kəsb edirdi.
Samuray barədəki əhvalatlar, əslində,
yapon döyüş sənətləri barədə geniş
informasiya toplusudur. İgidlik göstərmək
vasitəsi olan qılınc isə onun əvəzedilməz
silahı idi. Bizim üçün qılınc
nağıllardan və fransız nəsrindən tanış olan cəngavər silahıdır,
odlu silah növləri kəşf edilənə qədər,
yəqin antik dövrdən orta əsrlərin ortalarınadək
bütün xalqlar və ordular üçün
döyüş vasitəsi xidməti etmişdir. Qədim romalı döyüşçünün
gödək qılıncı - qladia Romanın imperiyaya, o
vaxtkı fövqəldünya dövlətinə çevrilməsində
mühüm rol oynamışdı. Samuray
da öz məqsədlərinə çatmaq üçün
ağlı və şücaəti ilə yanaşı,
öz qılıncına bel bağlayırdı.
Qılınc
yapon tarixində və döyüş mədəniyyətində
mərkəzi yer tutur, çünki burada odlu silahla
avropalılardan xeyli əvvəl tanış
olsa da, ilk dəfə təkmilləşmiş bu silah
növünü məhz onlarda görmüşdü. Qılınc çox sayda mistik pərdəyə
bürünməklə əhatə olunsa da, onun barəsindəki
məlumat dəmirçi sobasında və emalatxanasında
döyülüb hazırlanmasından tutmuş, ona
qayğı göstərməyin və istifadə
olunmasının, demək olar ki, hər bir cəhətinə
qədər genişlənir. Hər
şeydən əvvəl o, irsi döyüşçü
sinfi olan samurayla birgə xatırlanır. Onun
haqqında məlumat XII əsrin sonuna gedib çıxmaqla,
1860-cı illərdə "modern" Yaponiyasının
meydana gəlməsinə qədər olan sosial dəyişikliklərə
tək davam etmişdir.
Qılınc samuray üçün sadəcə silah
deyildi, ondan da yüksək idi, onun atributu hesab olunurdu. Qılınc
daim samurayın əlinin altında olmalı idi, heç vaxt
ondan ayrı düşə bilməzdi. Məşhur
Fiva sərkərdəsi Epaminond (b.e.ə. 418- 362-ci illərdə
yaşamışdır) yatanda da qalxanından
ayrılmadığı kimi, samurayın da öz
qılıncına belə həssas münasibəti var idi.
Əgər Avropada müharibələr orta əsrlərdə
xarici siyasətdə başlıca alət kimi
qalırdısa, Yaponiyada müharibə yadellilərlə
deyil, daha böyük hakimiyyətə yiyələnmək
arzusunda olan feodallar arasında gedirdi, daxili münasibətləri
həll etmək vasitəsi rolunu oynayırdı. Bu müharibələr
insan həyatının qurban getməsi ilə müşayiət
olunduğu kimi, iqtisadi inkişafın da buxovu rolunu
oynayırdı.
Üç
əsrdən çox bir müddətdə gedən müharibələrə
baxmayaraq, Tokuqava İeyasunun Sekiqohara döyüşündəki
(1600-cü il) qələbəsinə qədər
samurayın döyüş meydanındakı silahı,
çox kiçik istisna nəzərə alınmaqla, prinsip
etibarilə qılınc idi. Tokuqava ailəsinin
hakimiyyətə gəlməsi ilə onun başcılıq
etdiyi syoqunatın yaranması sonrakı 250 illik sülh
dövrünün meydana gəlməsinə qapıları
açmışdı.
Qılınca
qədər isə atlı oxatanların
başlıca silahı yay-ox olmuşdu. Lakin
qılınc həmişə samurayla bir yerdə olmuşdu,
kölgə qaranlıqda yoxa çıxsa da, qılınc
heç vaxt samuraydan ayrılmırdı. Fərqli
sinif kimi meydana gəlməsindən başlayaraq, onlar daim
qılınc gəzdirirdi və bu silah da ona xüsusi əhəmiyyət
qazandırırdı. Müharibənin
bütün dövrü ərzində qılıncların
qayrılmasına böyük qayğı və diqqət
göstərilirdi. Yaponların tarixində
Masamune ən böyük qılınc dəmirçisi kimi
qiymətləndirilir və o, XIII əsrin sonu, XIV əsrin əvvəllərində
fəaliyyət göstərmişdi. Onun
düzəltdiyi qılınclar nadir və çox qiymətli
nümunə hesab olunurdu və onların hətta birinin
itib-batması ağır hadisə təsiri
bağışlayırdı.
Senqoku dövrü adlanan müharibə illərində
qılınc tiyəsinin əhəmiyyəti çox
artmışdı. Qılınc sadə bir döyüş
aləti hesab olunmurdu, daha yüksək qiymətləndirilirdi.
1603-cü
il Yaponiya tarixində yeni bir eranın
başlanğıcı idi, ölkə Tokuqava sülaləsinin
hərbi hökumətinin başçılığı
altında birləşdirildi və sülh dövrü
başlandı. Davam edən müharibələr
seriyasından iki əsr yarım keçdikdən sonra
döyüşçü sinfi özünün xüsusi
qabiliyyətə malik olduğunu tapdı və tam izafi bir hədd
səviyyəsində ixtisaslaşdı.
Əslində Tokuqava dövründən əvvəl də
qılıncdan istifadənin döyüş sənəti
üzrə çox sayda məktəblərdə öyrənilməsi
mühüm, hətta birinci dərəcəli yer tuturdu. Bu öyrətmə
qabiliyyətinin göstəricisi başlıca olaraq müəllimlərin
mənşəyində təcəssüm olunurdu, samuray
peşəsi də nəsildən nəslə keçirdi.
Məktəblərin sayı yüzdən
yuxarı idi, bəziləri hətta bu günə kimi həmin
formada fəaliyyətlərini davam etdirir. Xatırlanan
üslubların çoxunun yaşının 400 ildən
yuxarı olmasına baxmayaraq, onların ənənəsi bizim
dövrümüzə gəlib çıxmışdır.
Qılınc təkcə həmin
üslubların tətbiqinə xidmət etməkdən ötəri
kifayət hesab edilməmiş, həm də üslubun ən
mühüm prinsiplərinin çoxunu təcəssüm
etdirirdi.
XVI əsrin birinci yarısında Yaponiyada Miyamoto Musasi
(1584-1645-ci illər) adlı samuray öz igidliyinə görə
çox məşhur idi. O, ən qədim və qüdrətli
Fudzivara klanına məxsus idi. Başqalarından,
çox vaxt Busidonun bütün qanunlarının və
samuray əxlaqının əleyhinə getməsi ilə fərqlənirdi.
Açıq döyüşdən
qaçırdı, adətən qəflətən hücum
edirdi. Məsləhət görürdü
ki, düşməni o dəqiqə öldürmək
üçün ona qabaqdan yaxınlaşmaq və uzun müddət
vuruşmaq əvəzinə, qılıncı kürəyinə
vurmaq lazımdır. Orta əsrlərin
minlərlə samurayı üçün o, ideala
çevrilmişdi. Tokuqava syoqunu isə ona
fəxri ad vermişdi.
Uşaq
olanda onun atası roninə çevrilmiş, az
sonra öldüyündən Miyamoto yetim qalmışdı. 13 yaşında keçirdiyi ilk döyüşdə
rəqibini məğlub etmişdi, sonra daha güclü rəqibə
də qalib gəlmişdi. Paytaxt Edoda da
vuruşmuş, bir dəfə də olsun məğlub
olmamışdı. O, sərgərdan
döyüşçüyə çevrilmişdi, öz
istedadını bütün Yaponiyaya göstərmişdi. Bir görüşdə iki rəqibi
öldürmüş, birini isə yaralamışdı.
O, döyüşçü bacarığından daha çox, ruhunun qəribə gücü ilə qalib gəlirdi. O, həm şimaldakı, həm də ən cənubdakı adalarda olmuşdu. Onunla artıq heç kəs müqayisə oluna bilməzdi. 60 döyüşdə rəqiblərinin əksəriyyətini öldürmüş, digərlərini ağır yaralamışdı. Ən sevimli priyomu "od və daş" idi. O, tam fərqli olan öz döyüş taktikasını hazırlamışdı. Axırda o, asketə (zahidə) çevrilmişdi. Ona qəflətən işıqlanma gəldi.
Musasi öz ruhi vəsiyyətini "Beş həlqə kitabı" adlandırdı, bu, "beş bir-birinə bağlanmış" demək idi, həm də insan bədəninin beş hissəsini nəzərdə tuturdu. Kitabı yazıb qurtardıqdan bir neçə gün sonra Miyamoto Musasi öldü.
Busido - Yaponiyanın könlüdür
Yaponiya torpağının simvolu olan sakura çiçəyi kimi cəngavər nəcibliyinin çiçəyi olan samuray da bünövrədən etibarən onun fərqli xüsusiyyəti olmuşdur. Bu, yaponlar üçün gücün və gözəlliyin canlı təcəssümü olmaqla, əvvəlki tək onlar bu heyranlığın əsarətində qalmaqda davam edirlər. Yapon cəngavərliyi feodalizmin övladı olmaqla, onun ölümündən sonra da yaşayır və xalqın əxlaq yolunu işıqlandırmaqdan yorulmur. Yapon feodalizminin aqoniyasından 10 ildən çox vaxt keçdikdən sonra Karl Marks öz əsərində diqqəti həmin vaxt yeganə olaraq Yaponiyada qalan feodalizmin sosial və siyasi institutlarının əyani qaydada öyrənilməsi yoluna cəlb etmişdi.
Kodeks xidməti göstərən Busidonun bir neçə mənşəyi var idi. Busido çox şeyi buddizmdən götürmüşdü, buddizmdə olmayanlar isə sintoizmdə artıqlaması ilə var idi. Busido adamlarda doğma torpağa məhəbbət və sədaqət hissi hopdurmuşdu. Təmiz etik doktrinalarından isə Busidonun ən məhsuldar mənşəyi Konfutsi təlimi idi. Yapon xalqı Konfutsiçiliyin Çindən öz ölkələrinə gəlməsindən xeyli əvvəl instinkt qaydasında onun əxlaqi münasibətlər barəsindəki vurğuladığı beş növü hiss etmişdi. Bunlar ağa ilə nökər (hökmdar və təbəə), ata ilə oğul, ər və arvad, böyük və kiçik qardaş, həm də dostlar arasındakı münasibətlər idi. Bu siyasi-etik prinsiplər samuraylara daha yaxın idi, çünki onlardan yeni, yuxarı bir sinif əmələ gəlmişdi.
Konfutsidən sonra Men-Tszı (Menqzi) Busidoya möhkəm təsir göstərmişdi. Konfutsinin və Men-Tszının əsərləri gənclər üçün dərin bilik mənbələrinə çevrilmişdi.
Busidonun mənşələrinin nədən ibarət olmasından asılı olmadan onun prinsipləri çox sadə və həm də az sayda idi.
Feodal hökmdar öz vassallarına qarşı rəhmsiz olsa da, daha yüksək varlıqlar - əcdadları və Göy qarşısında məsuliyyətini hökmən hiss edirdi. Axı o, təbəələrinin atası hesab olunurdu. Göy özü ona tabeliyində olan həmin adamlara qayğı göstərməyi tapşırmışdı. Yaponiyanı dəyişdirən gücün mərkəzi bütünlüklə onun daxilində idi. Bu mənşə də Busidonun özüdür.
Busidoda mərdlik kimi, vicdanlılıq üçün də hansısa bir yüksək motiv yoxdur. Vicdan samurayın öz ləyaqətini anlamaq qabiliyyətidir. O, doğulandan öz vəzifələrin yadda saxlamağa və öz imtiyazlarını qiymətləndirməyə öyrədilirdi. Utanmaq isə bütün ləyaqətlərin, xoş adətlərin və xoş əxlaqın boy atdığı bir torpaqdır.
Busido, vicdanı heç də ağaya və imperatora qul olmağa verməyi tələb etmirdi. Samurayın prinsipi o idi ki, borcum əmr etdiyi kimi öz həyatımı da verərəm, lakin şərəfim yalnız özümə məxsusdur.
Yaponların bəzi adətləri və ənənələri əcnəbiyə qəddarlıq kimi görünür. Lakin diqqət verildikdə, əslində, yaponların incə hisslərə bağlı olduğu görünür. Onun ehtirasla girişdiyi hərəkətləri soyuqqanlılığına və təmkinliliyinə heç bir xələl gətirməməlidir. Yalnız nar meyvəsi parçalandıqda öz içində olanları açıb göstərir.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 2 mart.- S.21.