Maraqların toqquşma poliqonu  

 

Rusiya-Ukrayna müharibəsi yeni dünya müharibəsi görüntüsü yaratmaqla dəhşət saçmaqdadır. Bəşəriyyət hər saat böyük savaşa doğru yön alır. Təhlükənin miqyasını göstərən açıqlamalar, fikirlər vahimə yaradır. Belə bir durumda Azərbaycan xalqı olaraq biz özünümüdafiə instinktimizi işə salmalıyıq. Əlbəttə, ilk növbədə ehtiyatlı davranmalıyıq.

Qarşı duran tərəflərin hər birinin özlərinə görə haqq bildiyi məsələlər var. Reallıq budur ki, Rusiya müstəqil Ukraynanın ərazisinə daxil olub hansı yöndən baxsan bunun bir adı var - işğal. Biz bir xalq olaraq illər ərzində Ermənistanın işğalından əziyyət çəkmişik. O işğaldan ki, onun gerçəkləşməsində Rusiyanın rolu böyük olub. Bunun üçün yalnız Xocalı faciəsini xatırlamaq kifayətdir.

İşğalın acılarına, məhrumiyyətlərinə qatlaşmışıq. Bilirik ki, evi dağıdılmaq, ocağı sönmək, səhərləri çadırlarda açmaq nədir, hansı zülmdür. Bu mənada əlbəttə, Ukrayna xalqının durumunu təsəvvür edirik, ölkə sakinlərinin halına acıyır, təəssüflənirik.

Hazırda Ukrayna xalqının nümayiş etdirdiyi vəhdət nəzərlərimizdən qaçmır. Bu qənaətə yalnız sosial şəbəkələrdə, ayrı-ayrı media orqanlarında yayılmış sujetlərdən, xəbərlərdən gəlmirik. Ölkədə yaşayan həmvətənlərimizdən məlumatlar alırıq. Həqiqətən xalqın dirənişi əsl qəhrəmanlıqdır.

Amma bir məqamı da düşünək. Ukrayna müharibəsi yalnız Rusiyanın Ukraynaya təcavüzü deyil. Ukrayna qlobal güc maraqların toqquşma poliqonudur. Poliqon dünyanın hansısa başqa ölkəsində ola bilərdi. Biz ola bilərdik. heç kəs təminat verə bilməz ki, bu poliqonda atılan mərmilərin əks-sədası bizlərə gəlib çatmayacaq. Təki çatmasın.

Hərçənd müxtəlif təsirlərdən sığortalanmaq mümkün olmayacaq. Böyük iddiaları olmayan xalqıq. Bəli, biz cəmiyyət olaraq əzilənin yanındayıq. Əzilən, hücuma məruz qalan Ukraynadır. Bununla belə dərin düşünməyimiz şərtdir. Yalnız dərin soyuqqanlı yanaşmamız bizi gələcək xoşagəlməz təsirlərdən qoruyan amildir.

Tanrı Azərbaycanı, Azərbaycanın müstəqilliyini, suverenliyini qorusun! Həyatımız firavan olsun!

 

 

Əflatun AMAŞOV

Azərbaycan Mətbuat Şurasının sədri

 

525-ci qəzet.-2022.-  2 mart.- S.10.