Yolumuz: biz kimik, hara yönləndirilirik və
hara getməliyik?
Bu gün yer üzündə mövcud olan 266 siyasi
quruluşda (dövlət, muxtar ərazi və s.) 7 milyarddan
çox insan yaşayır. "Forbes"
jurnalının araşdırmasına görə,
dünyadakı parasal güc demək olar ki, 62 böyük
şirkətin qurucularının əlində toplanıb.
Onlar bunu necə ediblər? Dərindən
araşdıranda da görürük ki, bir çox beynəlxalq
düşüncə təşkilatlarının, reklam, kitab,
KİV (tv, radio), kinostudiyaların, internet
platformalarının qurucuları da bu şirkətlərdir. Onlar bu quruluşların köməyi ilə
qloballaşma fikrini yayaraq, öz şirkətlərinin xidmət
və məhsullarının satışını
asanlaşdırmaq üçün bir-birinə bənzəyən
bəslənmə, geyim, əyləncə, yaşayış
tərzi olan yalnız cinsi və qida ehtiyacları
üçün yaşayan yarımçıq insan tipləri
yaradırlar.
Necə?
İnsan beynindəki qavrama boşluqlarını
çözərək. Necə ki, sehrbazlar
tamaşalarında bizi heyrətə sala bilirlər, eləcə
də kinoda da gizli reklam elementlərindən istifadə olunur.
Məsələn? 25-ci kadr
kimi. Belə ki, insan gözü saniyədə
24 kadr görə bilir, 25-ci kadr isə birbaşa beyninin alt
qatlarına yazılır. Beləcə, illərdir izlədiyimiz
film "qəhrəmanları" çoxumuza siqaret, alkoqol
kimi bir çox zərərli alışqanlıqlar
qazandırıblar! Bu quruluşların təbliğatı
ilə bütün yaşam biçimizi dəyişiblər.
Güclü quruluşu, böyük şirkətləri
olan Qərb və Şərq ölkələri öz
yaşantılarını daha da yaxşılaşdırmaq
üçün özündən gücsüz, kiçik
ölkələrin yeraltı, yerüstü və insan
qaynaqlarını öz dövlətinin şirkətlərini
daha da gücləndirmək üçün ələ
keçirməyə çalışır. Bunun üçün Böyük Şirkətlər
dövlətlərinin "BƏRK" və "YUMŞAQ" güclərini
işə salırlar.
"BƏRK GÜC"
deyəndə nə anlamalıyıq? Dövlətin silahlı və iqtisadi
gücü. Bəs "YUMŞAQ GÜC"
nədir? İlk dəfə
1980-ci ildə amerikalı politoloq Jozef Ney tərəfindən
termin olaraq, işlədildiyi deyilən bu anlayış
dövlətin dilinin və mədəniyyətinin təsir
gücüdür. Yer üzündə yaşayan insanlar
çağdaşlaşdıqca, dövlətlərin
"BƏRK GÜC" işlətmə
imkanları azalır və "YUMŞAQ GÜC"ün önəmi
artır. Örnək göstərsək, məsələn,
güclü ordusu və dəmir ideologiya ilə idarə edilən
Sovet quruluşunu, Berlin divarını da 90-cı illərdə
Amerika və Avropanın musiqi və kino sənayesinin təsiri
ilə öz vətəndaşları dağıtdı,
özü də heç bir silah işlətmədən. Yumşaq Güc bəzən çox işə
yarayır.
Bu gün Dünyada Yumşaq GÜCü
sıralamaların önündə gələn hansı
ölkələr var? Cavab sadədir - ABŞ, ALMANİYA, ÇİN,
RUSİYA, FRANSA, İNGİLTƏRƏ, HİNDİSTAN,
İTALİYA, İSRAİL, YAPONİYA, KANADA, MEKSİKA,
BRAZİLİYA, AVSTRALİYA, İNDONEZİYA, EFOPİYA,
CƏNUBİ KOREYA, İSPANİYA, CAR, BƏƏ və sair.
Bu ölkələrin yumşaq güclərinin bizim
yaşam biçimizdə nələri dəyişdirdiyi
yadımıza salaqmı? Günbəgün yenilənən texnoloji alətlər,
yollarımızda
sürdüyümüz maşınlar, əynimizdəki
məhşur brendlərin adlarını yekə-yekə
yazıb, bizdən pulsuz reklam banneri kimi istifadə etdiyi dar,
qısa və sintetik geyimləri deyirəm. Öz mətbəximizdəki
sağlıqlı yemək-içməyi bizə
yavaş-yavaş unutduran, özümüzə və
balalarımıza alışdırdığımız kimyəvi
tərkibli, şəkərli içkiləri, içindəkiləri
bilmədiyimiz pizza, hamburger, suşi, nagges və daha nələr,
nələri deyim? Yeyib, kökəldikdən
sonra dieta və fərdi inkişaf kitablarını oxuduqdan
sonra özümüzü toplamaq üçün idman
zallarına qaçırıq. Bax
ordakı avadanlıqlara, xaricdən gələn idman növlərinin
müəllimlərinə, yoqa məşğələlərinə
xərclədiklərimizi də düşünək.
Şənliklərimizdəki musiqilər, rəqslər,
telefonlarımızda, bilgisayarlarımızda
vaxtımızı və pulumuzu boşuna xərclədən əyləndiyimiz oyunları
unutmayaq. Bunların hamısının
qazancı bizim cibimizdən çıxıb, xaricə gedir.
Uşaqlarımızın oyuncaqlarını, əllərindəki
tabletlərdəki oyunlardakı hədiyyələrə xərclədiklərimiz.
Daha nələr, nələr.
Çıxış yolu nədir?
Gələcəkdə
Azərbaycanın zənginləşməsi üçün öz şirkətlərimizi
qurmalıyıq, insan qaynaqlarımızı "beyin
köçü" dediyimiz bəladan
qurtarmalıyıq. Bu gün yaradıcı gənclərimiz
Azərbaycandan Qərbə getmək haqqında
düşünür, yerüstü və yeraltı zənginliklərimizin
ən dəyərlisinin gənclərimiz olduğunu
unutmamalıyıq. Yeni nəslin yetişməsinə
və öz işlərini quraraq yurdumuza faydalı işlər
görməsinə çalışmalıyıq. Azərbaycanı
gənclərimizin daha da zənginləşdirəcəyinə
inanmalıyıq!
Azərbaycan dövlət olaraq çox gəncdir. Bu gəncin
yetişməsi üçün hər birimiz əlimizi
daşın altına qoymalıyıq. 70 illik Sovet quruluşu bizdə
dövlət anlayışına ögey yanaşma
yaratmışdı. Çünki o illərdə biz hər nə qədər
çalışsaq, sonunda toplanan gəlir Moskvaya gedirdi, biz isə dövlətdən nə qədər
oğurlasaq, "donuzdan bir tük də qənimətdir deyə"
düşünürdük. Heyif ki, bu alışqanlıq hələ
də
toplumumuzdakı bəzi geridəqalmışlarda qalıb, hər birimizin içində
yolaverənlik alışqanlığı qalıb, bundan təcili
qurtulmalıyıq. Sovet dönəminin bitdiyini, artıq dövlətimizin
də, çalışdığımız şirkətlərin
də özümüzün olduğunu anlamalıyıq.
Artıq
Dövlət özümüzündür! Bizimdir,
uşaqlarımızın gələcəyidir. Yeni yaradıcı və işgüzar adamların bu
anlayışı daha asan mənimsəyəcəyinə
inanıram.
Bu gün
dövlət böyüklərimizin atdıqları doğru və
uzaqgörən addımlarla Azərbaycanımızın
yetərli qədər çağdaş və güclü
ordusu var. Dəmir Yumruq qurulub, hər an düşmənin
başına enməyə hazırdır. İndi
sıradakı işimiz "Yumşaq Güc" qurğumuzu
yaratmalıyıq. Bilməliyik ki, ölkəmizin ən dəyərli
kapitalı insandır. Bu gün ən
çox pul qazanan şirkətlərin əsas gücü
bilgili və yaradıcı sektorun adamlarıdır.
Belə bir deyim var, çağdaş dönəmdə
adamları geyimlərinə görə, ölkələri isə
yaratdıqları brendlərə görə tanıyırlar. Dövlətimizin
daha da güclənməsi üçün "YUMŞAQ
GÜC"ümüzü necə artıra bilərik?
Ölkəmizdəki
yurdsevər yaradıcı və elm adamlarını birləşdirəcək
beyin mərkəzi qurmalı, öz dövlət
maraqlarımızı toplumumuza
anladan bədii, sənədli, cizgi filmləri çəkərək
və yayaraq ekran incəsənəti
kompleksimizi yaratmalıyıq. Azərbaycanda pirat
saytlar bağlanmalı, bölgələrdə
kinoteatrların sayı çoxaldılmalıdır. Dünyanın bir çox
ölkəsində bölmələri olan TV, radio və
media quruluşları yaratmalıyıq. Türk
dünyasını birləşdirəcək Paylaşım bağımızı (Sosial
şəbəkəmizi) qurmalı, dəb, musiqi və əyləncə
sektorunda yeniliklər edərək, Azərbaycan, Türk
dünyası və Dünyada ad-san qazanacaq sənətçilər
yetişdirməliyik. Gənclərimizi bilgisayar dilini öyrənməyə yönləndirməli və
yarışmalarla həvəsləndirməliyik. Texnologiya
Şirkətləri quracaq, girişkən iş adamları
hazırlamalıyıq. Ölkəmizə
türk dünyasından yaradıcı adamların axın etməsinə
çalışmalıyıq. Yada salmaq istəyirəm ki, 1920-1930-cu
illərdə Bakı Türk
dünyasının mədəni mərkəzi idi. Repressiya
illərində 29 mindən çox ziyalımız qurban getmişdi.
Toplum
olaraq biz gələcəyimizə yanaşmamızı dəyişməliyik
Keçmişimizdən bu günə qədər gətirdiyimiz
düşüncə qəliblərimiz, inanclarımız,
deyimlərimiz, atalar sözlərimiz, yol göstəricilərimiz
nədir?
Bunların hansı
dəyişdirilib? İncələməliyik.
Hər
birimizin içində yaşam biçimizi yönləndirən
alışqanlıqlarımız var bunları gərəkli və gərəksiz
olaraq iki bölməyə ayıra bilərik. Gərəksiz
alqıların çoxu bizim Törəmizdə yoxdur, daha
doğrusu, bizdən
böyük dövlətlərin "YUMŞAQ
GÜC"ü sayəsində bizə yoluxdurulub.
Örnək
1: Biz birlik qura bilmirik? Niyə? Bax biz təkbətək
idman növlərində qələbə qazanırıq, amma
komanda oyunlarında uduzuq...
Örnək
2: Biz bir-birimizin paxıllığını çəkirik,
biri önə çıxan kimi ayağından çəkirik.
Düzgün yollarla varlanmaq olmaz. Gərək
qanunsuzluq edəsən, oğru olasan.
Bu
alqılar və yalançı inanclar əlifbamızı,
kitablarımızı, folklorumuzu dəyişdirən güclərin bizim yaşam
örkənimizə atdığı düyünlərdir.
Bizi
yönləndirən güclü dövlətlərin təsirindən
çıxıb, özümüzə yeni böyümə
və güclənmə yolunu necə tapa bilərik? Bu güc qaynağı hardadır?
Unutduğumuz TÖRƏ anlayışı nədir?
Nədən başlamalı?
Gəlin xəyal qurmaqdan qorxmayaq.
Birlik qura bilərsək, Azərbaycan bir
gün Türk dünyasının mədəni mərkəzi,
dünyanın 21-ci güclü dövləti olacaq. Bunun üçün nələr etməliyik? Araşdırmalıyıq,
öyrənməliyik, çalışmalıyıq, birləşməliyik
və güclənməliyik.
İlk
başda dəyişmək üçün güc qaynağımızı
tapmalıyıq. Bizə kim kömək edəcək? Hazır olun...
Heç kim.
Bəs hardan güc alacağıq? Bir-birimizdən, Türk
dünyasının birliyindən.
Törəmiz deyir ki, Birlik, Diri Birlik qurmaq bizə nə
verəcək?
Güvənli, zəngin və daha şən yaşam.
Alınma sözlər var, dilimizə yamaq xalq, millət
- bu sözlərin heç biri bizim deyil. Bizim əski
dildə qarşılığı BUDUN-dur, yəni
BÜTÜN, BÜTOV.
Yaxın
keçmişimizdə Qarabağ üçün
bütünləşdiyimizi yadınıza salmaq istəyirəm. Hər kəsin
qarşılıq gözləmədən əlindən gələni etməsini...
Biz əslində Birlik qurma bacarığı çox
üstün olan bir ulusuq, sadəcə Törəmiz
unutdurulduğu kimi, bu bacarığımız da
korşalıb.
Törəni yenidən öyrəndikcə bu
bacarığımız yenidən canlacaq.
Örnək Törəmizdə bədən dilimizin
göstəricisi Yallı var? Axırıncı dəfə
nə vaxt Yallı getmişik? Yallı birlik duyğusunu,
alışqanlığını gücləndirən bir
çalışmadır.
Bu gün biz köklərimizdən qopmuş bir
haldayıq, özümüz kimi danışmır, geyinmir,
yemir-içmir, əylənmirik.
Ölkəmizə hər xaricdən gətirilən
geyimlər, oyuncaqlar, idman və əyləncə alətləri,
yeməklər və sairə üçün hər birimizin
cibindən pulu alıb aparmırmı?
Qardaş
Türkiyəyə, ən yaxın olan örnəyə bir
göz ataq. Türkiyədə hər iş qolunda bir birlik
var, bərbərlər, dərzilər, tacirlər, ustalar və
adını sayıb bitirəməyəcəyim birliklər var. Hər iş
yolunun öz törəsi, davranış və işləyiş
yasaları var. Bizdə isə sovetdənqalma, nə elədiyi
bilinməyən "həmkarlar"... Türkiyədəki
birliklər o işlərdə çalışanların
iş şəraitlərini yaxşılaşdırmaq
üçün çalışır, haqlarını qoruyur və daha
ustalıqlarını daha da artırmaq üçün
durmadan çalışır. Bizim "həmkarlar"
isə sadəcə "sanatoriyaya" yollamaq
üçün pul toplayır. Bu qurumlar dəyişməlidir.
Biz gözümüzü bizdən böyük dövlətlərə
dikmiş, onların bizə yaydığı yaşam
biçimlərinə uyğun yaşamağa
çalışırıq. Onlara bənzəsək,
daha çağdaş, daha zəngin, daha güclü
olacağımıza inanırıq. Üzülərək
deyirəm, yox. Özümüzə gəlməliyik.
Özümüz olmalıyıq, öz
kimliyimizi tapmalıyıq.
Qərbə
uyğunlaşaq, inteqrasiya edək deyənlərə bildirmək
istəyirəm ki, onlardan öyrəndiyimiz biliklər, texniki
sahələrdə işə yaraya bilər, amma insan
qaynaqları ilə bağlı olan iş qollarında gərəksizdir.
Çünki bizim içimiz, duyğularımız,
düşüncələrimiz onlara bənzəmir.
Bu yol çox uzun bir yoldur, asan deyil, çox
çalışmalıyıq.
Özümüzü
dəyişdirməli və uşaqlarımızı yeni Üst Anlayışla
yetişdirməliyik.
Uşaqlarımızı necə yetişdirəcəyik? Sadəcə elmi biliklər öyrətməklə?
Uşaqlarımıza
indidən birlik qurmağı, bir istək
üçün
çalışmağı öyrətməliyik.
Bu gün
Azərbaycanda uşaq təşkilatı deyiləndə bir
Sovetdən qalma "pioner", bir də Qərbdən gəlmə
"skaut" ağlımıza gəlir. Gələcəyimiz
olan uşaqlarmız bizim kimi olmasın deyə öz uşaq
birliyimizi yaratmalı, onları
Törə ilə yetişdirərək, birlik
anlayışının gücünü mənimsətməli,
işgüzar, yaradıcı, bilikli, çağdaş,
sayısal dünyaya
uyğunlaşmağı öyrətməli, gərgin
durumlardan çıxış yollarını göstərməliyik.
Bu təşkilatda türk dünyasının
bütün bilikli, yaradıcı və seçkin
uşaqları birləşdirməli, ildə iki dəfə
Azərbaycanda yaradılan düşərgərdə bir araya
gətirməliyik.
Uşaqlarımız
üçün yaşamın hər qatında yol göstərcisi olacaq
özəl kitablar hazırlanmalıdır. Uşaqlar
üçün cizgi filmləri, bədii filmlər çəkərək
bənzəmək istədikləri qəhrəmanlar
yaratmalıyıq. Onlar yurdsevər, keçmişlərinə
bağlı və gələcəyə hazır özəl yetişdirmə
yazılımları ilə böyüməlidirlər.
Sovet
quruluşunun bizim birlik qurma bacarığımızı yox
etmək üçün elədiyi bir həmləni yada salmaq istəyirəm.
Sovetdə
elm və sənət adamlarına ad-san verilir, ev-eşik,
iş imkanları yaradılırdı.
İş
adamları isə aşağılanır, toplumda alverçi, bazarkom, işbaz
adları ilə gözdən salınırdı. Günümüzdə hələ də toplumumuzda
varlı adamlara qarşı gizli bir nifrət, inamsızlıq
qalmağa davam edir. Hələ də elm, sənət və
iş adamları arasında uçurum var və bu
güclü iş birliklərinin qurulmasına böyük əngəldir.
Sovet
quruluşu keçmiş SSRİ ərazisində qurulan
bütün fabriklərin, zavodlarını istehsalatını ölkələr
arasında
parçalamışdı ki, həmişə gəlirlər
Moskvada toplansın, həm də quruluş dağılanda
işlərin hamısı dayansın. Bunun
eynisini yönləndirdiyi ölkələrin insan
kapitalını parçalayaraq etdi.
Birləşək
deyəndə vurğulamaq istədiyimiz fikir budur ki, toplumdakı bu 3
önəmli sahənin adamlarının artıq aralarında
barışması lazımdır. İstər
biznes, istər sənət, istər elm sahəsində
yaranacaq yeni quruluşlarda birgə
çalışmalıdırlar. Bu, çox çətin
bir işdir, sovetin bizə alışdırdığı bu gərəksiz
alışqanlığı uşaqlarımızı
yetişdirərkən aradan qalıra bilərik.
Unutmayaq, izlədiyimiz, dinlədiyimiz və bəyəndiyimiz
paylaşımlar bizim düşüncələrimizi,
seçimlərimizi, davranışlarımızı, istəklərimizi
dəyişdirir, yönləndirir. Özümüzdən,
kimliyimizdən uzaqlaşaraq dəyişirik. Mənliyimizdən uzaqlaşdıqca
başqalarına bənzərliyimiz çoxalır, sonunda
öz baxışımız, yaradıcı
bacarıqlarımız korşalır və
başqalarından asılılığımız artır.
Unutmayaq, Törəsinə, keçmişinə köklənməyənin
gələcəyi olmaz. Gələcəyi bu
gündən görə bilməsək, geridə
qalacağıq.
Eltən QƏDİMBƏYLİ
525-ci qəzet.- 2022.- 3 mart.- S.13;14.