Ənənəvi təhsil sisteminin
yaradıcılığa təsiri
Valideynlər uşaqların oyuncaqlarını
qırdıqlarını görəndə
əsəbləşirlər. Əlbəttə, özlərinə görə
haqlı səbəbləri
var. Pul verib aldıqları və oynamaq üçün olan bir əşyanı
uşaq niyə qəsdən qırsın
ki? Pedaqoqlar əksər uşaqlarda
bu davranışın
maraqdan, öyrənmək
istəyindən yarandığını
deyirlər. Uşaqlar çox
vaxt əllərindəki
oyuncağın mexanizmini,
necə qurulduğunu,
necə çalışdığını
anlamaq üçün
onu sökürlər.
Uşaqlıqdan insanın öyrənmə
üsulu maraq üzərində qurulur və maraq insana
dünyanı anlamağı,
kəşf etməyi,
yeni biliklər qazanmağı və onları tətbiq etməyi öyrədir.
Böyüdükcə isə dünyaya
və dünya elmlərini öyrənməyə
olan marağımızı
yavaş-yavaş itiririk.
Bu marağı qoruyan və bəsləyən insanlar çox azsaydadırlar.
Deyə bilərik ki, onların çoxu elm adamıdır.
Bəs necə
olur ki, böyüdükcə öyrənməyə
marağımızı itiririk?
Uşaqlıqdan maraqlı və rəngarəng dünyanı
öz üsullarımızla,
əylənərək öyrənirik
və bunun fərqində olmuruq. O gün
ki parta arxasına keçib nizam-intizamı öyrənməyə
başlayırıq və
qarşımızda dayanan
müəllim bizə
hansısa bilikləri
diktə etməyə
başlayır, öyrənməyə
maraq da o nöqtədə yavaş-yavaş
sönür.
Hamı üçün belə olmasa da, bir
çox uşağın
rəngarəng dünyası
birdən-birə qəfəsə
salınmış və
məcburi diktəylə
öyrənmə üsuluna
yönləndirilmiş olur. Bu da içimizdəki uşaq həyəcanını
get-gedə azaldır.
Elə bu səbəbdən də pedaqoqlar bir çox hallarda ənənəvi təhsil sisteminin uşaqların həqiqi potensialını üzə
çıxarmağa mane olduğunu
iddia edirlər.
Uşaqlar davamlı olaraq biliyə yiyələnir, amma aldıqları bilikləri real həyatda yox, yalnız kağız üstündə
tətbiq etdikləri üçün öyrənmə
prosesi maraqsız hala gəlir. Ənənəvi təhsil uşaqlara heç nə öyrətmir, deyə bilmərik. Bu, təhsilə və təhsil işçilərinə
qarşı haqsızlıq
olardı. Amma uşaqların
böyüdükcə maraqları
və yaradıcılıqlarını
itirdikləri məlumdur.
Əgər təhsil sistemi insanın ən önəmli xüsusiyyətləri olan
maraq və yaradıcılığı qoruyub
saxlaya bilmirsə, o zaman sistemdə bir problem olduğunu deməyə haqqımız
var. Çünki bu xüsusiyyətlər bizim
özümüzü xatırlamağımızda,
həyatı mənalı
yaşamağımızda, cəmiyyətə və elmə töhfə verə bilməyimizdə baş rol oynayan
əsas amillərdir. Bunu NASA rəsmiləri deyir.
NASA, elm adamlarından alim və mühəndislərinin
yaradıcılıq potensialını
dəqiq ölçəcək
xüsusi test hazırlamaqlarını
istəyib. Bu işi öhdəsinə götürən
Dr. George Land və Beth Jarmanın
hazırladıqları test NASA üçün çox yaxşı nəticələr
verir. Testi hazırlayan elm adamları
işi daha da geniş araşdırmağa
başlayırlar. Onları maraqlandıran
isə yaradıcılığın
nədən qaynaqlanması
məsələsi idi.
Yaradıcılıq insanın fitrətində
var, yoxsa sonradan öyrənilə bilərmi? Onu təcrübəylə qazanmaq mümkündür?
Bu sualların cavablarını
tapmaq üçün
testi təkcə NASA əməkdaşlarının yox,
başqa insanların üzərində də yoxlamağa başlayırlar. Nəticələr isə alimləri çox təəccübləndirir.
Əvvəl 4-5 yaşlı 1600 uşaq həmin testdən keçirilir.
Bu test problemlərə yeni,
fərqli və yaradıcı ideyalarla yanaşma bacarığını
ölçür. Qəribədir ki, testdən keçən uşaqların
98 faizi təxəyyül
baxımından "dahi"
kateqoriyasına uyğun
gəlir. Alimlər
testin üzərində
işləyir və həmin uşaqları 5 il sonra,
10 yaşında ikən
yenidən sınaqdan keçirdilər. Bu dəfə
uşaqların yalnız
30 faizi həmin kateqoriyaya daxil ola bilirlər.
Onlar 15 yaşına çatanda testdə bu nisbət 12 faizə qədər azalır.
Təəssüf ki, illərlə
davam edən təhsil həyatından sonra hər yüz yetkin insandan da cəmi
2 faizi öz təxəyyülündən istifadə
edə bilir.
Araşdırma haqqında məqalə
yazan Gavin Nascimento,
"Bu nəticələrin ardıcıllığına şübhə
edirsinizsə və ya istisnalar olduğunu düşünürsünüzsə, bilin ki, bunlar
əslində, bir milyondan çox təkrarlanan nəticədir",
- deyir. O, iddia edir ki, təhsil
sistemi və məktəblərimiz içimizdəki
yaradıcı dühanı
öldürür. Bu fikrinə
kitabında aydınlıq
gətirən Nascimento
yazır: "Bunun arxasında duran məntiqi başa düşmək çətin
deyil. Qısaca məktəb dediyimiz
struktur tarix boyu sadə insanların deyil, idarəetmədə olan insanların mənafeyinə
xidmət etmək üçün qurulmuş
bir sistemdir. Elita adlanan təbəqə öz dəbdəbəli və göstərişli
həyatlarını yaşaya
bilsinlər deyə camaatın uşaqları axmaqlaşdırır, onların
beyinlərini yuyaraq öz acgöz planlarını, bitmək
bilməyən istismarlarını
və müharibələrini
qəbul edirdilər".
Təəssüf ki, bütün bunları bilmək qəlbimizi rahatlatmayacaq. Necə edək
ki, öz yaradıcı tərəfimizi,
xüsusiyyətlərimizi, təxəyyülümüzlə problem həll etmək bacarığımızı geri
qazanaq? Necə edək ki, uşaqların da böyüdükcə yaradıcılıqlarını
itirmələrinə mane olaq?
Alim George Land deyir ki, istəsək, təxəyyülümüzü yenidən 98 faizə çatdıra bilərik. O, uşaqlarla aparılan araşdırmalardan belə nəticəyə gəlib ki, beynin iki cür düşünmə tərzi var. Hər ikisi beynin müxtəlif hissələrini aktivləşdirir və düşündüyümüzü təsəvvürümüzdə canlandırmaq baxımından bir-birindən tamamilə fərqlənir.
Onlardan biri fərqli düşüncə adlanır. Bu, sizin təsəvvürünüzdür və o, yeni imkanlar yaratmaq üçün istifadə olunur. Digəri konvergent, yaxud yaxın düşüncə adlanır və beyniniz qərar qəbul edərkən, nəyisə sınaqdan keçirərkən, düşünərkən və ya qiymətləndirərkən ondan istifadə edir.
Land deyir ki, həyatımız boyu daima düşüncə, qayğı, tənqid, özümüzə senzura tətbiq etməkdən neyronların bir-biri ilə savaşdığını və bunun da beynin gücünü tükəndiyini görürük. Qorxu içində hərəkət edərkən beynimizin kiçik bir hissəsini istifadə edirik, lakin yaradıcı düşüncədən istifadə etdikdə beyin öz-özünə parlamağa başlayır.
İçimizdəki beş yaşlı uşağı yenidən ortaya çıxarmalıyıq. Beş yaşında sahib olduğumuz istedad heç vaxt sönmür. Landa görə, biz onsuz da bunu hər gün yuxuda edirik. Yuxu görmək, təxəyyül sahibi olduğumuzun sübutdur.
Alim məktəbdə bizə öyrədilən düşüncə tərzinin yaradıcı düşüncə tərzimizin pedalına çevrildiyini deyir. Biz nə vaxt yaradıcı düşüncə ilə, təxəyyülümüzlə hərəkət etmək istəsək, qınaqdan və ətrafın təzyiqindən qorxan digər düşüncə tərzimiz bunu üstələyir. Bu da yaradıcılığımızın paslanıb unudulmasına səbəb olur.
Bunun əyani sübutunu dünya üçün böyük
işlər görmüş insanların
həyatına baxanda da
görə bilərik. Onların bir çoxu vaxtilə qınaq obyekti
olmuş, ciddi qəbul
edilməmiş şəxslərdir. Bu
insanların ən böyük gücü isə ətrafın fikirlərinə
və mühakimələrinə rəğmən, öz təxəyyüllərinin,
yaradıcı güclərinin fərqinə varıb
onların apardığı yolla getmələri
olub.
Natəvan ABDULLA
525-ci qəzet.- 2022.- 5 mart.- S.16.