Sanksiyaların qüdrəti  

 

 

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Qərb dövlətlərinin işğalçıya qarşı tətbiq etdikləri sanksiyaların doğura biləcəyi təsirlərlə bağlı fərqli fikirlər mövcud idi. Rusiya rəsmiləri bu sanksiyaların ciddi təsir etməyəcəyini bildirirdilər. Onların əminliyi təhlilçilərin fikirlərinə təsir göstərirdi. Rusiya mətbuatının müharibədən öncəki dövrünün təhlili aparılsa, aşkar görünər ki, sanksiyaların fəlakətli nəticəyə səbəb olmayacağı qənaəti formalaşmışdı. Lakin sanksiyaların tətbiqi əksər təhlilərin əksinə olaraq öldürücü təsir göstərdi. Öncə Rusiyanın maliyyə sistemi dağılmağa başladı. Rusiya Mərkəzi Bankının rəhbər şəxslərinin, aparıcı bank rəhbərlərinin sanksiyalardan öncə maliyyə sisteminin dayanaqlığı haqqında iddialarının tamamilə əsassız sözlər olduğu üzə çıxdı.

Rusiyanın ən böyük bankı üç böyük şirkətindən biri olan "Sberbank"ın 4 səhmdən ibarət depozitar qəbzinin biri ötən ötən il London birjasında 20 ABŞ dollarına satılırdı. İndi isə cəmi 11 sentə düşüb. Bunun nəticəsində ötən il 101 milyard dollar qiymətləndirilən"Sberbank" 100 milyard dollar dəyər itirib. Hazırda"Sberbank" 1 milyard dollar qiymətləndirilir.ğ

 

Qərb dövlətləri sanksiyalar tətbiq etdikdən sonra Rusiya Mərkəzi Bankı təxminən 400 milyard dollar həcmində valyuta ehtiyatı üzərində nəzarətdən məhrum olub. Moskva birjası bir neçə gün ərzində dəyərinin üçdə birini itirib. Buna görə , birjanın fəaliyyəti dayandırılıb. Rusiyanın maliyyə itkilərinin ümumi məbləğinin bir trilyon dollara çatması haqqında məlumatlar var.

Mərkəzi Bank kredit faizini 8,5 faizdən 20 faizə yüksəldib. Heç şübhəsiz, bütün bunlar son deyil. Üstəlik, Rusiya zənginlərinin sərvətləri əllərindən çıxıb. Hələlik heç kim Rusiya zənginlərinin itirdiyi sərvətin tam miqyasını bilmir. Çünki üzərinə həbs qoyulan sərvətin məbləği açıqlanmır. Aralarında İqor Seçin, Aleksey Miller, Andrey Kostin, Roman Abramoviç, Oleq Deripaska, Sergey Çemezov, Arkadi Boris Rotenberq qardaşları, özbək əsilli Əlişir Usmanov, İqor Şuvalov, Nikolay Tokarev, Yevgeni Priqojin digər zənginlərin adlarının yer aldığı sanksiya siyahısı isə genişlənməkdə davam edir. Rusiyalı ekspertlər hesab edirlər ki, sanksiya tətbiq edilən şəxslərin sərvətlərinin ümumi məbləği bir trilyon dollardan çoxdur. Ancaq məlumdur ki, bu, son deyil. İddialara görə, sanksiya tətbiq edilən şəxslərin sayı 1500 nəfərə çatacaq. Ekspertlərin iddialarına görə, həmin 1500 nəfər ümumilikdə üç trilyon dollar sərvətə malikdir. ABŞ prezidenti Co Bayden Konqressə müraciətində rusiyalı məmur, oliqarx zənginlərin sərvətlərinin bütün dünya boyu müsadirə olunacağını elan edib. Fransa Gömrük xidmətinin "Rosneft"in baş direktoru İqor Seçinə məxsus "Amore Vero" yaxtasını həbs etməsi prezident Co Baydenin vədinin icra edilməyə başlandığını göstərir.

Bir ay öncəyə kimi qüdrətli görünən rusiyalı zənginlərin sərvətləri o qədər sürətlə azalır ki, hesablamaq da bəzən çətin olur. Rusiyanın ən varlı qadını sayılan Tatyana Bakalçukun sərvəti ötən il 13 milyard dollar idi. İki gün öncəki məlumata görə, Tatyana Bakalçukun sərvəti 4,2 milyard dollara qədər azalıb. Çox böyük ehtimalla, bir həftə sonra Tatyana Bakalçukun sərvəti milyard dollarla deyil, milyonlarla ölçüləcək.

Sanksiyalar maliyyə bank sistemi ilə yanaşı, iqtisadiyyatın digər sahələrini dağıtmaqdadır. Sanksiyaya məruz qalan adamlarından biri Aleksey Mordaşova məxsus "Severstal" metallurgiya şirkəti Avropaya ixracını dayandırıb. Şirkətin ixracının üçdə biri Avropanın payına düşdüyü üçün indi ciddi problemlə üzləşib. Yeni müştəri tapmaq və məhsulları tamamilə başqa bazarlara yönləndirmək mümkün deyil. Eyni aqibət Aleksey Mordaşova məxsus ağac emalı şirkəti "Sveza"nı da gözləyir.

Avropa Birliyi, Böyük Britaniya və ABŞ-ın Rusiyaya qarşı sərt sanksiya tətbiq edəcəyi halda vəziyyətin belə olacağı gözlənilən idi. Çünki Rusiyanın ixracatının yarısından çoxu məhz bu ölkələrin, əsasən də Avropa Birliyinin payına düşür. Rusiyanın enerji xammalının əsas alıcısı Avropa İttifaqıdır. Rusiya qaz ixracının 60 faizindən çoxunu Avropa istiqamətində həyata keçirir. Neftneft məhsullarının 50 faizdən çoxunun alıcısı da Qərb ölkələridir. Alüminium ixracının 35, kömür ixracının təxminən 30 faizi Qərbin payına düşür. Böyük Britaniya idxal etdiyi qızılın 90 faizindən çoxunu Rusiyadan alır. ABŞ-ın platin idxalının təxminən 30 faizini Rusiyadan alınan məhsullar təşkil edirdi. Bütün bunlara görə sanksiyalar maliyyə sektoru ilə yanaşı, istehsalhasilat sektorlarını da məhv edir.

Rusiya iqtisadiyyatının "özünütəminatlı" olması və alternativ inkişaf yollarının mövcudluğu haqqında bir neçə gün öncə Rusiya rəsmilərinin təkidli fikirlərinin əsası olmadığı ötən 10 gün ərzində tam aydın oldu. Bütün bunların belə olacağı gözlənilən idi. Çünki Rusiya Sovet İttifaqından fərqli olaraq dünya iqtisadiyyatına dərindən inteqrasiya edib. Bu baxımdan da dünya iqtisadiyyatı ilə əlaqələrin kəsilməsinin ağır nəticələr verəcəyini proqnozlaşdırmaq mümkün idi.

Rusiyanın üzərində nəzarəti itirdiyi valyuta ehtiyatlarının gələcəyi ilə bağlı aydın fikir mövcud deyil. Rusiya müxalifəti isə üzərinə həbs qoyulan sərvətin Ukraynanın ehtiyacları üçün xərclənməsini istəyir. Çox böyük ehtimalla, müharibə başa çatdıqdan sonra Rusiyanın üzərinə həbs qoyulan valyuta ehtiyatı məhz Ukraynanın dağıdılmış ərazilərinin bərpasına yönəldiləcək.

 

 

Xaqani CƏFƏRLİ

 

525-ci qəzet.- 2022.- 5 mart.- S.8.