Mədəni biabırçılıq
Əvvəllər bir insanın hikkəsinin dünyadan daha böyük olduğunu desələr, mübaliğə olduğunu
düşünüb, ədəbiyyata
bağlayaraq üzərindən
keçərdim. Amma bir neçə
gündür milyardlarla
insanla birlikdə hikkənin nələrə
qadir olduğuna şahidlik edirik. Putini deyirəm, gözü dönüb, hikkəsi yeri-göyü dağıdır.
Daxilindəki bu qaranlıq hiss onu bütün dünya ilə üz-üzə qoyub. Təkcə işğal etmək
istədiyi Ukrayna, gözdağı vermək
istədiyi Avropa, gücünü qəbul etdirmək istədiyi Amerika deyil, öz ölkəsi də bunun ağrı-acısını
yaşayır.
Rusiyaya tətbiq
edilən sanksiyaların,
boykotların ardı-arası
kəsilmir. Dünya bankları, xarici
film festivalları, böyük
idman yarışları,
nəhəng şirkətlər,
futbol klubları, məşhur markalar bu ölkə ilə əməkdaşlığa
xitam verib, digərləri isə hər gün bu prosesə qoşulurlar. Hətta bəziləri
"Rusiya varsa, biz yoxuq" deyib qatılmaları əvvəlcədən
planlaşdırılan tədbirlərdən
imtina edirlər.
Və bütün bunlar anlaşılandır.
Hələliksə müharibəyə son qoymaq
yönündə bir nəticə görünmür. Əksinə, Putinin bir dünya
ilə savaşacaq hikkəsi ikiyə qatlanıb. Hətta elə bir həddə çatıb
ki, Rusiyanın iqtisadi, siyasi, sosial cəhətdən çöküşə getdiyini
görmək də onu çıxdığı
yoldan geri dönməyə sövq etmir.
Dünyanı bürüyən boykot dalğası davam edərkən gündəm
Tolstoyla çalxalanmağa
başladı. "Netflix" şirkəti dahi yazıçının "Anna Karenina" əsəri əsasında
çəkdiyi "Anna K" filminin çəklişlərini
dayandırdığını bildirdi. Ardınca İtaliyada Dostoyevskinin
dərsliklərdən çıxarılacağı
haqda söz-söhbətlər
dolaşmağa başladı.
Düzdür, bu xəbər
sonradan təsdiqini tapmadı, amma belə bir fikrin
dolaşması özü
də bu düşüncənin bir
para adamların beyinlərdən keçdiyinin
təzahürü idi.
Siyasi fiqurların ehtirası, qana susamışlığı
ilə dünyəvi sənəti bir-birindən
ayıra bilməyən
beyinlərin dünyanın
hər yerində var olmaları kədərlidir. Boykotun bir
ölkənin mədəniyyətini,
ədəbiyyatını, Tolstoyunu,
Dostoyevskisini çeynəyib
udacaq dərəcəyə
çatması fəlakətdir.
Putinə etiraz edib Dostoyevskidən vazkeçmək
olarmı? Bəs
"Cinayət və cəza", "İdiot",
"Alçaldılmış və təhqir edilmiş insanlar",
"Karamazov qardaşları"? Axı, onları necə silmək olar? Bəs Tolstoy? Onu rədd etmək
bu qədərmi asandır? "Hərb
və Sülh"ü,
"Anna Karenina"nı
yazan dahini boykot etmək üçün insan primitivliyin hansı dərəcəsində olmalıdır?
Çaykovskinin əsərlərini qadağan etmək nə deməkdir? Bu, hansı məntiqin
məhsuludur? "Qu
gölü", "Yatmış
gözəl" baletləri,
"Tufan" uvertürası,
"Qış xəyyaları",
"Pezo kapriçiosu",
"No.1, No.2, No.3" simfoniyalarını,
operalarını necə
görməzlikdən gəlmək
olar? Həqiqətənmi yeni dünya
insanı bu qədər dayaz düşünə bilir?
Doğrudanmı, XXI əsrdə bütün
dövrlərin ən
güclü bayağılığını
yaşayırıq?! Belə çıxır
ki, həyatımıza
daxil olan texnologiya, elm, təhsil, bu qədər gəzməyimiz, görməyimiz
bizi bəsit düşüncədən hələ
də xilas edə bilməyib.
Bütün bunlar reallıq hissini itirməyə bərabər davranışlardır. Məsələn, Münhendə baş verən hadisə sözün əsl mənasında mədəni biabırçılıq idi. Şəhər meriyası Putinə yaxınlığı ilə tanınan Filarmoniya orkestrinin rusiyalı dirijor Valeri Qerqievdən Rusiya-Ukrayna hadisələri ilə bağlı mövqe bildirməsini tələb edib. Dirijor bunu qəbul etmədiyi üçün işdən qovulub. Təsəvvür edirsiniz, bu hadisə ömürboyu heyranlıq bəslədiyimiz, həsəd apardığımız, mədəniyyətin beşiyi hesab etdiyimiz Avropada baş verib. Filosoflardan biri deyirdi ki, faşizm danışmağı qadağan etmək deyil, danışdırmaq məcburiyyətinə məruz qoymaqdır.
İnsanlığı xilası sənətdə, musiqidə, ədəbiyyatdadır. Çünki silahlar susduqdan sonra geridə qalan xarabalığı, dağıntını, acını mədəniyyət bərpa edəcək, özü də sözlərlə, cümlələrlə, misralarla, bəstələrlə... Ta əzəldən olduğu kimi bombaların dağıtdığı dünyadakı həqiqətləri yazıçılar, bəstəkarlar, teatr xadimləri inşa edəcəklər, fanatiklər deyil.
Dünyanın hansısa xalqları Tolstoyu, Dostoyevskini, Qoqolu, Çaykovskini boykot edir deyə onlar yox olmayacaqlar. Bəzi insanlar fiziki yoxluqlarına rəğmən, həmişə yaşayırlar. Bu dahilər onlardandır, göz bağlamaqla yox olmayacaq qədər nəhəngdirlər! Həm də insan istədiyi qədər gözünü bağlasın, günəş günəşliyindən əl çəkərmi, işıq saçmadan dayana bilərmi? Siyasi proseslər, diktatorlar müvəqqətidir, Dostoyevskilər, Tolstoylar isə əbədi!..
Türkan
TURAN
525-ci qəzet.- 2022.- 5 mart.- S.9.