Kürdəmirdə Mirzə Fətəli Axundovun 210  illiyi qeyd edilib

 

4 mart 2022-ci il tarixində AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı Azərbaycan mədəniyyətində, ədəbiyyatında, elmində böyük rol oynamış yazıçı maarifçi, dramaturq, ictimai xadim olan M.F.Axundovun 210 illik yubiley tədbirini keçirmişdir.

Tədbiri giriş söz ilə açan Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı tarixə qızıl əsr kimi yazılmış XIX yüzilliyin dünya mədəniyyəti xəzinəsinə layiqli töhfələr vermiş Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan M.F.Axundovun ədəbi fikir və mülahizələr, ədəbi növ və janrların öyrənilməsi baxımından əvəzsiz xidmətinin olmasından danışmışdır. O, eyni zamanda çıxışında yüksək təhsilli, ziyalı, Şərq və Qərb ədəbiyyatına və mədəniyyətinə yaxşı bələd olan və bəzi əsərlərində bu iki mədəniyyətin – Şərqin və Qərbin sintezini həyata keçirən M.F.Axundovun XIX əsrin II yarısında ədəbiyyatın öhdəsinə düşən problemləri çox gözəl başa düşərək Azərbaycan ədəbiyyatında yeni bir növün təməlini qoymaqla dramaturgiya tarixində ilk komediyalarını yaratmasından bəhs etmişdir.

Tədbirdə M.F.Axundovun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunmuşdur.

Tədbirdə Muğanlı kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Afaq İbişova “M.F. Axundovun həyat və yaradıcılığı” haqqında ətraflı məruzə ilə çıxış etmişdir. O, məruzəsində şeir, nəsr, dram fəlsəfəsi – nəzəri traktatlar müəllifi Axundovun sözü və əməli bir olan sənətkar, mütəfkkir olaraq dövrün ictimai-siyasi həyatını düzgün qiymətləndirməsini, bir ədib, bir şair olmaqdan daha artıq bir cəmiyyətçi, bir əməlpərvər olmasını vurğulamışdır.

Sonra Muğanlı kənd tam orta məktəbin şagirdləri M.F.Axundovun “Sərgüzəşti Mərdi-Xəsis (Hacı Qara)” və “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” komediyalarından kiçik parçalar nümayiş etdirmiş və şeirlərindən nümunələr səsləndirmişlər.

 

Tədbirdə, eyni zamanda, rayon ziyalısı Namiq Ağayev, Muğanlı kənd tam orta məktəbin direktoru Nurəddin Aslanov çıxış edərək belə tədbirlərin keçirilməsinin gənc nəslin klassik irsə, ədəbiyyatımıza marağının artırılmasında və onlarda səhnə mədəniyyətinin formalaşmasında böyük əhəmiyyət kəsb etdiyini vurğulamışlar.

Tədbirin sonunda iştirak edən şagirdlərə AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyytı Muzeyinin direktoru Rafael Hüseynovun imzaladığı Fəxri fərmanlar təqdim edilmişdi.

 

525-ci qəzet.- 2022.- 6 mart.- S.8.