Dünənin hüznündən sabahın coşqusuna  

 

ADMİU ƏMƏKDAŞLARININ AĞDAM TƏƏSSÜRATLARI

 

 

Böyük Zəfərimizdən sonra azad olunmuş Qarabağa - Ağdama, Şuşaya səfərlərin təşkili, xüsusən, sərnişin avtobuslarının təyini xalqımızın qəlbində qubar bağlamış 30 illik həsrətin üstünə sərin su səpdi, sevincinə sevinc qatdı.

Hər zaman dövlət siyasətinə, ölkədə gedən proseslərə biganə qalmayan, Qarabağın işğal dönəmində keçirdiyi layihələrlə tələbələrinə bu ağrını unutdurmayaraq vətənpərvərlik hissləri aşılayan, müharibə dönəmində və ondan sonra isə mütəmadi vətən, zəfər motivli tədbirlər, layihələr keçirən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) yaranmasının 100 illiyi astanasında daha bir xeyirxah əmələ, gözəl işə imza atdı. Universitetin rektoru, professor Ceyran Mahmudovanın təşəbbüsü ilə professor-müəllim heyəti, eləcə də ölkəmizin görkəmli incəsənət xadimlərindən ibarət bir qrup Qarabağın əzəmət simvolu Ağdamı ziyarət etdi. Martın 5-i reallaşan səfərdə iştirak edən pedaqoqların bəziləri Ağdama ilk dəfə getsə də, bir çoxu işğaldan öncə səfər etdikləri Ağdamın sorağıyla çıxmışdılar yola. Əlbəttə, qarşılaşdıqları isə tamamilə ayrı mənzərə idi. Ötən il, müharibədən az sonra ziyarət etdiyim Ağdamın bu mənzərəsinin onlara yaşatdıqları hisslər artıq mənə tanışdı. Bu tanış hisslərin sorağıyla, həmçinin, Ağdamı onların dilindən də eşitmək üçün səfərdə iştirak etmiş bəzi əməkdaşlarla həmsöhbət oldum. Onların sevinc qarışıq hüznü, fərəh qarışıq kədəri səslərinə, gözlərinə hopmuşdu...

 

"Müharibənin paytaxtı Ağdam..."

 

ADMİU-nun prorektoru, professor Gülşən Əliyeva-Kəngərli bu günün unudulmaz olduğunu deyir: "Bizim nəslin qismətinə bir çox çətinliklər, məğlubiyyətlər görmək düşüb. Ancaq hər şeyin həlli olduğu kimi bunun da həlli vardı. Bu həll də çox möhtəşəm oldu. Bu, Azərbaycan xalqının qələbəsi, Qarabağın azadlığı, böyük bir zəfər idi. Bununçün çox xoşbəxtəm, məsudam.

 

Bir neçə gün öncə isə azad olunmuş Qarabağa getmək qismətimiz oldu. Yolumuz Qarabağın ürəyində yerləşən, imarətlər şəhəri gözəl Ağdama idi. Əvvəllər Ağdamda olmuşdum və o, mənim xatirimdə imarətli günləriylə qalmışdı. Bu gün isə təəssüf ki, çox acınacaqlı mənzərəylə qarşılaşdıq. Müəyyən yerlərdə düşmənin daşa, divara belə olan nifrətini görürdük. Ancaq içimdə həm də böyük ümid var. Bu gün Ağdam azaddır və onun xoş günləri hələ qabaqdadır.   Ağdam həm birinci, həm də ikinci Qarabağ savaşında müharibənin paytaxtı olub. Mənimçün bura gözəl olduğu qədər də müqəddəsdir. Ağdam deyəndə I Qarabağ müharibəsində şəhid olan 6 min gənc, fədakar, mərd Azərbaycan övladı gəlir gözlərim qarşısına. Çox arzulayıram ki, bu gün olmasa da, ən yaxın gələcəkdə abad Ağdamı, Qarabağı görüm.

 

Bizə yaratdığı bu şərait üçün həm Təhsil Nazirliyinə, həm də Universitetimizin rəhbərliyinə təşəkkür edirəm. Mən Qarabağdan deyiləm, fəqət bu gün Qarabağ hamımızın vətənidir. Çünki Qarabağ Azərbaycandır!"

 

ADMİU-nun prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva Ağdama ilk səfərinin müharibədən sonrakı zamana düşməyinin məyusluğunu yaşayır: "Hər zaman çox təəssüf etmişəm ki, bu yaşımacan Ağdama getməmişəm. Ona da təəssüf edirəm ki, ora ilk səfərim II Qarabağ müharibəsindən sonraya təsadüf etdi. Orda gördüklərim məni çox məyus etdi. Amma bununla yanaşı, içimizdə sevinc və qürur da var ki, Ağdam, Qarabağ azaddır. İnanırıq ki, böyük bir həsrətə son qoyan, torpaqlarımıza öz azadlığını qaytaran Ali Baş Komandan cənab İlham Əliyev Qarabağa öz nəfəsini, abadlığını da qaytaracaq.

 

Ağdamın azad olunmuş hissəsinə ilk daxil olarkən "Ohanyan səddi"ni gördük. Yol boyu müdafiə sədləri, tellər, xəndəklər diqqətimi cəlb etdi. Azərbaycan oğullarının, qəhrəmanlarının, şəhidlərimizin vuruşduqları, qanlarını, canlarını fəda etdikləri yerləri öz gözlərimizlə gördük.

 

Ağdamın özünə çatanda isə 30 il boyunca bu gözəl şəhərə edilən təcavüzün, vəhşiliyin şahidi olduq. Hər tərəf dağıdılıb, xarabaya çevrilib, maddi-mənəvi abidələrimiz məhv edilib. Ağdam Çörək Muzeyinin cəmi bir divarı qalıb, onun da üstündəki mozaikalar böyük zərər görüb. Ağdam Dövlət Dram Teatrının yalnız giriş divarları var. Ağdam Cümə Məscidində, Xurşidbanu Natəvanın qəbrində, İmarətdə, Şahbulaq qalasında da erməni vandalizminin izlərini gördük.  

 

Ən təsirli hissləri isə Şəhidlər xiyabanında yaşadıq. Əfsanəvi qəhrəman Allahverdi Bağırov haqda çox eşidib, çox oxumuşduq. Son günlərdə ADMİU-dakı tədbirdə Xocalı əsiri Dürdanə xanımın danışdıqları da bizə o dəhşətləri və Allahverdi Bağırovun fədakarlıqlarını bir daha göstərmişdi. Allahdan bu qəhrəmanımızın qəbrini ziyarət etməyi arzulayırdım və şükür ki, bu, mənə qismət oldu. Orda həmçinin, Xocalı qurbanlarının, günahsız körpələrin, qocaların da məzarlarını ziyarət etdik.

 

Bütün bunlar onu göstərir ki, xalqımız yaşadığı bu ağrıları və ona bunları yaşadanları heç zaman unutmamalıdır. Bu, bizim qan yaddaşımızdır.

 

Ağdam səfəri həyatımızın ən önəmli məqamlarından birinə çevrildi. Ümidvaram ki, bu cür səfərlərin davamı gələcək və növbəti ziyarətimiz Şuşaya olacaq".

 

ADMİU-nun professoru, Xalq artisti İlham Namiq Kamal da Ağdam ziyarətçiləri arasında idi. Özünün gözəl rollarıyla hər zaman tamaşaçılara şən əhval ruhiyyə bəxş edən sənətkarımız da Ağdamdan kövrək duyğularla qayıdıb: "Martın 5-də doğma kollektivimizlə birgə Ağdama səfər etdik. Orda elə dəhşətli mənzərəylə qarşılaşdıq, viranə qalmış abidələr, binalar gördük ki, bu, əlbəttə, insanı həddindən artıq rəncidə etdi. Mən işğaldan öncəki dövrdə Ağdamda çox olmuşam, Ağdam Dram Teatrında tamaşalar oynamışam, kinoteatrında yeni filmlərimizin nümayişini etmişik. Ağdam camaatı bizi hər zaman çox yüksək səviyyədə qarşılayardı. İndi isə çox kədərlidir ki, orda demək olar, heç bir şey qalmayıb. Düşmənin qatı nifrəti elə Ağdama kənardan baxmaqla da bilinir. Həmçinin, bu xarabalıqda müharibə kadrları da görünür. Nə qədər vəhşi olasan ki, qəbiristanlığı da dağıdasan. Bunları gördükcə insan sarsılır. Amma mən inanıram ki, bizim möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin başçılığıyla orda həyat yenidən dirçələcək. Çünki onun sərkərdəliyiylə çoxillik həsrətə son qoyuldu, xalqımızın mübarizliyi sayəsində torpaqlarımız azad edildi. Bu, həm də Azərbaycan xalqının torpaq sevgisinin, vətən məhəbbətinin bariz nümunəsidir.

 

Əlbəttə, dünyamızın çətin zamanında oranı yenidən abadlaşdırmaq üçün ciddi vəsait və insan qüvvəsi lazımdır. Ancaq xalqımızın birliyi bunun da öhdəsindən gələcək. Artıq orda 3-4 binanın təməl daşı da qoyulub. Bu, çox sevindirici haldır. Deməli, bu, başlanğıcdır və bunun ardı olacaq. Yaşasın Azərbaycan xalqının sarsılmaz birliyi!"

 

 

 

"Atamın uğrunda döyüşdüyü Ağdama səfər..."

 

ADMİU-nun Teatr sənəti fakültəsinin dekanı Ellada Hüseynova isə Ağdamda gördüklərinin heç bir insanlığa sığmadığını deyir: "Orda ancaq düzənlik və daşlardır. Bələdçimiz Ağdamın mərkəzində küçələri, abidələri bizə tanıtmağa çalışırdı, amma biz demək olar ki, heç nə görmürdük, çünki yoxdur, yoxa çıxarıblar. Bu, dəhşətdir. Bunun qarşısında dözmək, tab gətirmək çox çətin idi.

 

Ağdam dövrünün ən varlı şəhərlərindən biri olub. Ondan geriyə isə heç nə qalmayıb. Təkcə Şahbulaq qalasında bir az normal mənzərə vardı, onu da düşmən öz məqsədləri üçün saxlamışdı. Ona görə də orda ancaq düşmənə nifrət hissi keçirirdim. Bir daha əmin oldum ki, onlardan heç vaxt insan olmayacaq.

 

Təbii ki, Ağdama yenidən həyat qayıdacağına, gözəlləşəcəyinə böyük ümid və inam var. O günü səbrsizliklə gözləyirik".

 

ADMİU-nun Kino və televiziya tədris studiyasının əməkdaşı, II Qarabağ müharibəsi iştirakçısı Azər Həsənov isə mərhum atasının uğrunda döyüşdüyü torpaqlara getməyin yaşatdığı qarışıq hisslər içərisindədir: "Ağdama getmək xəbərini eşidəndə çox sevindim. Çünki həm bir tərəfim Ağdamdandır, həm də atam I Qarabağ müharibəsində Ağdam-Ağdərə döyüşlərində iştirak edib. Ta uşaqlığımdan atamdan, bibilərimdən Ağdam haqqında eşitmişdim. Ağdama çatanda çox məyus oldum. Düşmən oranı barbarcasına məhv edib. Salamat bir mərtəbə belə yoxdur. Bir məscid, bir də Şahbulaq qalası qalıb ki, qaladan özlərinin yalançı tarix muzeyi, məsciddən isə müşahidə nöqtəsi kimi istifadə ediblər.

 

Orda könlümə rahatlıq verən yerlərdən biri Ağdam Dram Teatrının qalıqları oldu. O qalıqlar o qədər möhtəşəm idi ki, hər şeyi dağıtsalar belə, təkcə o sütunlar Ağdamın əzəmətini göstərməyə yetirdi.

 

Özüm müharibədə Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində olsam da, vətənin hər qarışı bizimçün əzizdir. Kökümün bağlandığı, atamın uğrunda savaşdığı yerlərə getmək çox gözəl duyğu idi. Həmçinin, bu səfərin bir özəlliyi də o idi ki, Ağdama mənə dərs demiş müəllimlərimin həmkarı kimi getdim. Bu səfəri təşkil edənlərə təşəkkür edirəm".

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 10 mart.- S.11.