"Sevgi bombardmanı"  

 

 

İstanbulda kafelərdən birində dostlarla qəhvə içib, söhbətləşirdik. Hərdən gözüm eskalatorla enən gözü yaşlı, burnu, üzü qızarmış qadınlara sataşırdı. Hətta bir ara yanlış gördüyümü zənn etmişdim. İçimdə ilan kimi qıvrılan maraq yuxarıda baş verdiyini öyrənməyə can atdığı üçün söhbətə adaptasiya ola bilmirdim. Nəhayət, yoldaşlardan biri vəziyyəti anlayır üst mərtəbədə sinema olduğunu, martın 4-ü "Bergen" filminin kinoteatrlarda yayımlanmağa başladığını gördüyüm qadınların böyük ehtimalla ordan çıxdığını deyir.

Yadıma aylar öncə başladığım, amma oxuyub bitirə bilmədiyim Yavuz Hakan Tokun "Acıların kadını" kitabı düşdü. Yarımçıq qoymağım kitabın uğursuz yazıldığına görə deyildi, kişinin şiddət göstərməkdən yorulmamağı, qadının bundan doymamağı bu xəstəlik sayılacaq münasibətə "sevgi" deyilməsindən sıxılmışdım. Masadan qalxanda çox gec idi. Dostlara "Bergen"i izləməyə gedirəm" dedim, özümü 22:00 seansına çatdırdım. Zalda bir dənə boş yer yox idi. İşə bax ki, izləyicilərin hamısı qadın idi.

Reklamlar bitdi, film başladı, dəqiqələr keçdikcə ağlayanların sayı artdı. Bu kövrəkliyin səbəbinin Bergen olduğunu sanmıram, hərə öz içində gizlədiyi dərdli, incidilmiş qadına göz yaşı tökürdü. Fonda səsləndirilən yanğılı mahnılar da yaraya duz basırdı.

"Bergen" filmi qısa vaxtda izləmə sayına görə rekord vurub. Türk film dünyasında uzun zamandır belə göstəriciyə rast gəlinməyib. "Bergen" avtobioqrafik filmdir. Türkiyənin arabesk müğənnisi Belgin Sarılmışerin həyatından bəhs edir. Mersinli ailənin yeddinci övladı olaraq dünyaya gəlir. Altı yaşında atası ilə anası boşanır. Bergen anası ilə birlikdə Ankaraya köçür. Konservatoriyaya daxil olur. İki il təhsil aldıqdan sonra maddi sıxıntılara görə təhsilini yarımçıq qoyub poçtda işləməyə başlayır.

Həyatı bir gecə dostları ilə getdiyi klubda oxuduğu mahnı ilə dəyişir. Eynilə yeşilçam filmlərində izlədiyimiz kimi məkanın rəhbəri ona yaxınlaşır və orada oxumağı təklif edir. Bundan sonra Belgin "Bergen" olur. Bir müddət burada işləyir.

Bir gün Adanadakı klubların birindən təklif alır. Bu, onun sonunu gətirəcək başlanğıc olur. Adanada səhnəyə çıxdığı gündən bir nəfər ön masada onu dinləməyə gəlir, başına güllər səpir, hədiyyələr göndərir. Psixologiyada təhlükə olaraq bilinən "Love bombing", yəni "sevgi bombardmanı"na məruz qoyur onu. Həmin adam peyda olandan sonra Bergenin yeni aldığı avtomobili yanır, ertəsi gün yerində yenisinin dayandığını görür. Daha sonra evi yandırılır. Bu dəfə ona yeni ev hədiyyə edilir. Bu hədiyyələrin sahibi isə həmin "qaranlıq" heyranı Halis Sərbəstdir. Bergeni ələ keçirmək üçün hər iki yanğını da bu şəxs törədir. Bunlardan bixəbər qadın bu "əsrarəngiz, diqqətli" kişinin qarşısında tab gətirə bilmir onun "sevgisinə" təslim olur.

Qısa müddətdə evlənirlər. Bir gün məlum olur ki, əslində Halis evli, nikahları isə saxta imiş. Ayrılırlar. Amma şiddət döyülmə ilə dolu münasibətlər davam edir. Bir müddət sonra Halis arvadından boşanır Bergenlə rəsmi şəkildə evlənir. Şərti isə müğənniliyə son qoyması olur. Qadın qəbul edir. Amma sözünü tutmur səhnəyə çıxır. Məsələ burasındadır ki, Bergen uzaqlaşanda Halis arxasınca qaçır, Halis gedəndə Bergen arxasınca sürünür. Dedim axı, xəstə, anormal münasibət olur onlarınkı. Qadınların çox vaxt ona şiddət göstərən kişidən qopa bilməməkləri həqiqətin ən sərt üzlərindən biridir. Bergendə bu vardı. Bir gün yaşadıqlarına dözə bilmir İzmirə qaçır. Klublardan birində oxumağa başlayır. Halis hər yeri ələk-vələk edironu tapır. Həmişə səhnədə başına gül tökdürdüyü qadının bu dəfə üzərinə bir vedrə kislota tökdürür. Bergen diri-diri yanır, gözəlliyi dəqiqələr içində əriyib ayağının altına tökülür. Xəstəxanaya çatdırılanda iki gözünü itirir, üzündə, bədənində, qollarında dəhşətli yanıqlar olur. Dönəmin məşhur estetiklərindən biri onu mümkün qədər əvvəlki görkəminə qaytaracağına söz verir. Gözünün biri xilas edilir. Hadisənin baş verdiyi klubun sahibi onu yenidən səhnəyə çıxmağa razı salır. Bergenin isə qorxusu insanların onu artıq bəyənməyəcəyi olur. Amma saçını üzünə tökdüyü yeni tərzi ilə ikona çevrilir. Bundan sonra İstanbulda səhnəyə çıxır. Artıq onu elit təbəqə də dinləməyə gəlir. Həmin ərəfələrdə isə Halis Sərbəst kislota cinayətinə görə həbsdə olur.

Bergenin "Acıların kadını" ilə Sezen Aksunun "Git" adlı albomu eyni vaxtda çıxır. Bergenin qısa vaxtda milyonlarla satılan kaseti Aksunu geridə qoyur və sənət dünyasına damğasını vurur. Halis Sərbəst ilə olan anormal münasibətləri isə yeni mərhələyə keçir. Bergen onu bağışlayır, həbsxanaya pul göndərir, mütəmadi ziyarət edir. Bəziləri bunu təhdidlə etdiyini deyir, amma Hakan Tokun kitabında bunun yalan olduğu məlum olur. Qadın ondan əl çəkmir. Halis azadlığa çıxandan sonra Bergenə ya boşanaq, ya da müğənnilikdən əl çək deyir. Bergen yenə Halisi seçir. Amma bu da uzun çəkmir. Çaxnaşma yenidən başlayır. Boşanırlar. Bu, Bergen üçün qurtuluş olmur. Qadın hansı şəhərə, hansı səmtə getsə, Halis orda peyda olur. Harada səhnəyə çıxsa, ön sırada onu görür. Artıq Bergenetiraf edir münasibətlərinin sevgidən çıxıb xəstəliyə çevrildiyini. Bu dəfə bir fotoqraf tuturBergeni səhnədə bıçaqladır. Qaç-qov bir il davam edir. 1989-cu ildə klubdan anası ilə çıxıb evə gedərkən Halis qardaşı ilə önlərini kəsir. Bergen "artıq aramızda heçola bilməz, bu dəfə tamamilə bitdi" deyir. Halis çıxardığı silahla altı dəfə atəş açaraq onu öldürür. Üstəlik, anasını və yanındakıları da güllələyir və Almaniyaya qaçır. Orada həbs edilir və Türkiyəyə ekstradisiya olunur. Burada cəmi 7 ay həbsdə yatdıqdan sonra azad edilir. Təsəvvür edirsiniz, 29 yaşlı bir qadının ölümünə səbəb olan bir adama dəfələrlə cinayət törətməyinə rəğmən, gözün üstündə qaşın var deyən olmur. Bergenə "səni məzarında da rahat qoymayacam" dediyi üçün anası qızının məzarını qapısı altı qıfılla bağlanan qəfəsə saldırır. Bir neçə gün əvvəl jurnalist H.Sərbəstə "Peşmansınızmı" deyə sual verir. O isə cavabında, "Yox, mənim beş arvadım olub, onlar niyə məndən narazı olmayıblar?" deyir.

Ümumiyyətlə, "Love Bombing" münasibətlərdə ən təhlükəli manipuyasiya növlərindən biridir. Bu, münasibətlərin başlanğıcında müşahidə edilir. Belə şəxslər əllərini ovuşduraraq "onu məhv edəcəm" deyib meydana atılmır, manuplativ fəndlərlə başlayırlar. Tək hədəf əks tərəfi "vazkeçilməz" olduqlarına inandırmaq olur. Sonra isə sevgi göstərir, ona özünü Tanrı kimi hiss etdirir: böyük hədiyyələr alır, vədlər verir, davranışlar sərgiləyir. Hədəfdəki şəxsin isə ağlına cəmi bir fikir gəlir: "Bu insan mənə dəli kimi aşiqdir". Beləliklə, şikarını tələyə salır, bilir ki, artıq onu söysə də, yıxıb-sürüsə də, üzünə kislota töküb yandırsa da, dözəcək, hətta ona yalvaracaq. Eynən Halisin Bergenə etdiyi kimi...

Filmə gəldikdə isə qadını əzmədən, şiddətə "sevgi" donu geyindirmədən, hər qadının hər zaman qarşısına çıxacaq toksik münasibətin ola biləcəyini həssasiyyətlə izah edən, təhlükənin necə başladığını, nələrə yol açdığını və aça biləcəyini gözlər önündə canlandıran bir filmdir. Qüsursuzdur demirəm, amma əskikləri görməzdən gəlinəcək, izlənməsi vacib bir filmdir "Bergen"!

 

 

Türkan TURAN

 

525-ci qəzet.- 2022.- 12 mart.- S.23.