“Ağ liman"dan yola düşən yolçular  

 

 

***

Martın 14-ü Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın dünyaya gəldiyi gündür. Azərbaycan ədəbiyyatı,  mədəniyyəti və incəsənətinin görkəmli nümayəndəsini - sevimli yazıçımızı bu əlamətdar gün münasibətilə təbrik edir, Anar müəllimə cansağlığı, sağlam ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Filologiya elmləri doktoru İsfəndiyar Vahabzadənin Anar müəllimin yaradıcılığına nəzər salan və müəllifin bu günlərdə redaksiyamıza təqdim etdiyi "Ağ liman"dan yola düşən yolçular" yazısını oxucuların diqqətinə çatdırırıq.

 

"525"

 

***

 

Nəhayət, "Təhminənin sirri açıldı". Açılmalı idimi? Buna ehtiyac var idimi? Qəzet əlimdə duruxmuşdum. Oxumağa çəkinirdim. Ehtiyat edirdim. Hekayənin adı "sirr" sözü ilə bağlı olduğundan o sirri bilmək istəmirdim. Sirrin açılmasını istəmirdim. Elə sirr olaraq da qalmasını istəyirdim. Çünki həmişə o "sir"dən qorxmuşam. Eşitmək istəməmişəm. Oxuyum, ya oxumayım? Oxumayım, ya oxuyum? Onsuz da oxuyacaqdım. Oxudum. Şübhədən çıxdım. Sakitləşdim. Hər bir məsələyə nöqtə qoyuldu. Özü də bir dəfə yox, dəfələrlə oxudum. Və hər dəfə də oxuduqca, elə bil, Təhminədən addımbadadım uzaqlaşırdım. O Təhminə ki yarandığı gündən ta bu günə kimi, yarım əsrə yaxındır, hamını girinc eləyib - Zauru üç ay, bəzilərini isə uzun illər boyu.

 

Hekayəni oxuduqca təsirlənirdim, təəssüflənirdim. Oxumağıma peşmançılıq hissi keçirirdim. Dünənlərimdən ayrılmaq istəmirdim. Bəlkə də, hekayənin mənə bu qədər təsir edəcəyini bilsəydim və dünənlərimdən ayrılmamaq üçün, elə dünənlərimdə də qalım deyə, oxumazdım. Amma dözməyib oxudum. Sonra özümü saxlaya bilməyib, müəllifə zəng etdim, dedim ki, Anar müəllim, sizi təbrik edirəm, yüz belə hekayələr, povestlər yazasınız, bütün bunları yazmaqdan ötrü sizə cansağlığı, uzun ömür arzulayıram, nə yaxşı ki, siz varsınız, heç olmasa siz də olsa, varımızsınız. Amma düzünü deyim ki, hekayəni oxuyandan sonra yaman kədərləndim. Hər şeyin belə olacağını, heç ağlıma da gətirməzdim. Yaman peşman oldum. Çox peşman oldum.

 

- Niyə?

 

- Axı, Zaurla Spartak nə tez qocaldılar? Xüsusilə də Spartak. Axı, Spartak elə oğullardan deyildi ki, yaşlanandan sonra belə gülünc obyekti olan xəstəliyə düçar olsun. Zaur iki dəfə infarkt keçirsin. Pilləkənləri tövşiyə-tövşiyə çıxsın. Axı... Amma vaxt var idi ki, Zaur Təhminə yaşayan evin üçüncü mərtəbəsinə yüyürə-yüyürə, birnəfəsə çıxardı. Axı, Dadaş demişdi ki, həyat çox uzundur. Axı demişdi ki, biz çox yaşayırıq. Axı, mən bu hekayənin əvvəli olan "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanını oxuyanda Təhminə ilə, Spartakla, Zaurla təxminən eyni yaşda idik. İndi onlar məni yaşca ötüb keçdilər. Deməli, məni də qarşıda onların bugünkü günləri gözləyir. Axı, "Ağ liman"dan yola düşən bu yolçular o vaxtlar cavan uşaqlar idilər. Axı...

 

Sözümün ardını gətirə bilmədim. Müəllif deyəsən, çöldə idi. Yəqin ki, hava udmağa, axşam gəzintisinə çıxmışdı. Maşınların, adamların səs-küyləri eşidilirdi. Vaxtını çox almaq istəmədim. Sözü çox uzatmadım. Bir daha uzun ömür, cansağlığı arzulayıb, xudahafizləşdik. Amma niyə hekayəni oxuyub peşman olmağımın əsas səbəbini demədim. Peşman idim. Gərək, oxumayaydım. Hekayədə peşmançılıq hissinin mənə aid olan bəzi yerləri var ki, bu, ancaq mənim sırf özümə aiddir. "Ağ liman" povesti, "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı mənim özümün yaşadığım böyük bir dünyam idi. Maraqlı bir dünya idi. Bu dünyasa indi artıq dağılırdı. Bəlkə də, povest, roman və hekayə belə uzun fasilələrlə yazılmasaydı və bəlkə də, birbaşa fasiləsiz yazılıb, oxunsaydı, oxucular da bu həyatı olduğu kimi qəbul edib, hər dəfəsində bu qədər müzakirə edib və ən başlıcası, vaxtaşırı bu qədər yanıb sönməzdilər, bu qədər sönüb yenidən yanmazdılar. Dövr dövrü əvəz etdikcə, nəsil nəsli, oxucu oxucunu dəyişdikcə, heç kim özünü bu əsərlərdən kənarda görmür. Elə bütün məsələlər də ondadır ki, povestdə azacıq da olsa, epizodik şəkildə bir çoxları özünün ilk yeniyetmə çağlarını görür, xeyli hissəsi özünü romanda baş qəhrəman kimi hiss edir, hekayədə isə bəziləri vəziyyətlə barışmasalar da, gələcəklərinin nə olacağını, necə olacaqlarını görür və xoflanır. Çünki bu, bir həqiqətdir. Müəllif həqiqətdən kənara çıxmayıb.

 

Hekayə gözəl hekayədir. Adamı ovsunlayan dünənlərə aparıb, bu gününə qaytarıb, sabahların isə sürətlə azalmasını və eyni zamanda çox məsələlərdən xəbər verən hekayədir. Məncə, nəyəsə xəbərdarlıq edən bir hekayədir. Məncə, müəllif oxuculara onu da SOS çalır ki, əgər belə çox davam edərsə, insanlıq məhv olar, dünyada insan deyilən əcaib məxluqlar yaşayar. Hekayə nəinki gündəlik məişətimizdə baş verən və gələcəkdə baş verəcək hadisələrdən, hətta dünyanın özündə belə nələrinsə olacağını və gələcəkdə nələrləsə üzləşəcəyimizdən xəbər verir. Hekayə öz daxilində roman çəkisində olan bir hekayədir. Müəllif isə, bütün bunları həm keçmişi, həm bu günü, həm də gələcəyi lakonik olaraq hekayə çərçivəsinə salıb, hər bir məsələni deyir.

 

Hekayə "tabut" sözü ilə başlayıb, "daha bir addım" sözü ilə bitir. Yəni ölümə doğru daha bir addım.

 

Hekayədə keçmiş və indiki zaman, hər şeyin sürətlə dəyişməsi, insanların bir-birindən qaçması, yaxınlaşmaq istəməməsi, qorxması, üzlərə taxılan maskalar, simaların itirilməsi, insanların bir-birləri ilə ünsiyyət qurmaq istəməmələri, yas mərasimlərinin dəyişməsi, qanunlara salınması, o zaman toy məclislərinin də ləğvi, açıq havada muzey dediyimiz, iftixar mənbəyimiz olan İçərişəhərin kababxanalarla doldurulması, nəşriyyatların banklarla əvəz olunması, Zərdabinin gözətçi halına düşməsi, hmm... Məgər elə bir tək Zərdabidir? Özümüz də bilmədən keçmişin naməlum bir xəstəliyə tutulması, həmin o xəstəlikdən doğulan bu günümüz və bu günümüzün tələbinə uyğun olaraq hər şeyin belə sürətlə unudulması, amneziyaya uğraması, ölməsi, gələcək nəsillərin altsheymer  xəstəliyinə düçar olması, hansısa bir xəstəliklə mutasiya olub, raxit uşaq kimi vaxtından əvvəl doğulması, hər şeyin özgələşməsi, yadlaşması, hər şeyə qarşı laqeydləşmək, hekayənin özündən əvvəl yazılmış romanın hadisələrini yaşamış hay-küylü qəhrəmanlarının qəribləşməsi, qocalmağı, tənhalaşması, özünə çəkilməsi...

 

Belə olurmuş demə

 

Ömrün günün sonunda

 

(Rəsul Rza)

 

Və sair... və ilaxır...

 

Amma bütün bunların əhatəsində dünyanın düz vaxtı ata qoltuğuna sığınan, dünyanın düz vaxtının bitdiyi zamandan tamam başqa bir fərqli dünyanın başlandığı vaxta qədər, günü heç də pis keçməyən Zaurda isə, heç bir nostalji hisslər yoxdur. O, heç bir nostalji hisslər keçirmir. Əksinə, Zaur ətrafında baş verən bütün dəyişikliklərə qarşı biganədir, laqeyddir. Halbuki ömrünün yaxşı günlər sərhədinə qədər çox gözəl günlər yaşamışdı. Şəhərin mərkəzində üçotaqlı kooperativ mənzili, "Volqa" avtomobili, müxtəlif xarici ölkələrə turist səfərləri, özgələrinin həsədinə səbəb ola biləcək günlər keçirmişdi. Bəli, məhz günlər keçirmişdi, amma yaşamamışdı. Özgələri üçün yaşamışdı. Və bir də tam doymamış, yarıda dayandırmış, heç nə ilə əvəzlənməyən bir məhəbbət yaşamışdı. Amma yarı yolda dayanmasına, tam doymamasına baxmayaraq... yenə də hər halda: "İl var bir günə dəyməz, Gün var min aya dəyər" - məsələsi...

 

Hekayənin sonunda məlum olur ki, bu, elə məhz belə imiş. Köz hələ soyumayıb.

 

Amma o, bütün olub-keçənləri xatırlamaq istəmir. Xatırlamır. Ona görə də, sakitdir. Sakitdir, ona görə ki, həyatda heç nəyə nail olmayıb. Heç buna çalışmayıb da, cəhd göstərməyib də. Hətta sobutılniki, köhnə dostu Məmmədnəsirin ölümü belə, onu bir o qədər də kədərləndirmir. Yüngül bir təəssüf hissi var Zaurda. Özünün də nə zamansa, əvvəl, ya axır, öləcəyini fikirləşir. Zauru heçlikdən varlığa gəldiyi yolla varlıqdan da heçliyə qayıtmaq qorxusu düşündürür. Zaur ölümdən qorxur. Əgər səhv etmirəmsə, bunu ya A.Kamyu deyib, ya da ki J.Sartr. Çoxdan oxumuşam. Çoxdan oxumuşam deyə, səhv edə bilərəm. Deyilən söz təqribən belədir: Bütün canlılar, canlı aləm dünyaya gələn gündən öləcəklərinə inanmasalar da, bir gün öləcəklərini bilirlər. Bilirlər ki, belə bir şey var. Əvvəl-axır öləcəklər. Amma buna baxmayaraq, hamı ölümdən qaçır. Əslində, ölümdən qorxmurlar. Ölümqabağı olan prosesdən, ölümün onlara verəcəyi ağrıdan, əzabdan, zülmdən, əziyyətdən və ən başlıcası, ölümdən yox, ölməkdən qorxurlar, qaçırlar (Hara?). Bir an içində ölməyə nə var ki... O da hələ bilinmir ki, o "bir an" dediyimiz ölüm həqiqətən bir an çəkir, yoxsa uzun olur?! Bu variant isə, hələ heç kimin ağlına gəlmir. Bəlkə, bədənimiz ölür, gözə görünməz ruhumuz isə hələ əziyyət çəkir, ağrı çəkir, əzab çəkir, incidilir. Əslində, hamını qorxudan da elə budur. Öləndən sonra ruhunun əzab çəkməsi, incidilməsi. Bizdə belə bir söz tez-tez işlədirilir: Filankəsi incitmə, filankəsin ruhuna toxunma. Əlbəttə, ruh deyilən bir şey varsa.

 

Hə... Mətləbdən uzaq düşdüm. Mən vaxtı ilə hekayənin əvvəli olan "Beş mərtəbəli evin altıncı mərtəbəsi" romanını oxuyub, bir xeyli müddət təsirdən çıxa bilməmişdim. Nə bilim, gənclik illəri, romantik hisslər və nələr, nələr. Nəhayət, "Şəhərdən kənar bir qəbiristanlıq, həmin o qəbiristanlıqda qərib bir məzar. Təhminənin adı və familiyası. Rəqəmlər. 1941-1965".

 

Yox, o zaman Təhminə ölməmişdi, Təhminə sağ idi. Filmdə Zaurun anası Zivər xanım deyəndə ki, "Axı, nə görmüsüz ee onda?"... O sualın bir cavabı var idi: elə nə görmüşüksə, Təhminədə görmüşük də... O olmayandan sonra heç nə görmürük axı...

 

Həə... Bayaq dediyim kimi, 1965-ci ildə Təhminə ölməmişdi. Romanda və ssenaridə ölməyinə baxmayın. Müəllif onu 2021-ci ilin oktyabrında öldürdü. Axı... heç bilmirəm, necə deyim. Müəllifdən yüz dəfə yox, lap elə min dəfə üzr istəyirəm, Spartak deyəndə ki, Təhminə onu yaxın qoymayıb və Təhminə ilə onun arasında heç bir münasibət filan olmayıb, ...Təhminə bir an içində Firəngizləşdi. Təhminəyə olan bütün maraqlar öldü, söndü. Axı, Təhminəyə olan bütün mübahisələr, təşvişlər, narahatlıqlar, ən başlıcası, maraqlar elə o sirdə idi. O, sirr ki, bunu heç kim bilmək istəmir. Qurd adamı içindən yeyirmiş kimi, bu şirin əzablar, bu məşəqqətli həyatın mənası da elə o sirdə idi. O sirdə ki, açıldı və maraq itdi.

 

Hamının öz evində öz Firəngizi var. Əlbəttə, bu, vacibdir... Amma axı hər kişinin də Təhminəsi yoxdur. Bəs onda Zaur əli çatmış bu əlçatmazlığı niyə əlindən qaçırtdı.

 

Mən müəllifin qələminə müdaxilə etmirəm. Əstəğfürullah. Və bir də əstəğfürullah. Çünki buna nə gücüm çatar, nə tabım, nədə tavanım. Və həm də, məncə, müasir dövrümüzdə heç buna cəhd edənlər də olmayacaq. Çünki bir dəfə demişəm, yenə deyirəm: Çünki Anar elə Anardır.

 

Povest necə yazıldı? Necə oldu ki, romanla davam etdirildi? Və necə oldu ki, hekayə ilə bitdi? Çox maraqlı, eyni zamanda, təəssüf və kədərlə bitdi. Axı... Çünki hər bir məsələ elə belə də bitməli idi, belə də qurtarmalı idi. Çünki o dövr bitmişdi artıq. Onların dövranı qurtarmışdı artıq. Çünki həmin yaş dövrü nəslinin axırıncı qəhrəmanı idi onlar. Bəs söhbət hansı dövrdən gedir?

 

***

 

Ötən əsrin təxminən 50-ci illərinin sonları və bütövlükdə 60-cı illəri "Bakının qızıl dövrü" adlanardı. O zamanlar Bakı keçmiş SSRİ-nin bütün paytaxt şəhərlərindən seçilərdi. Həm öz gözəlliyinə görə, həm özünəməxsusluğuna görə, həm öz simasına görə, həm də... daha nə bilim, dillə deyiləcək, izah oluna bilməyəcək bir çox məsələlərə görə fərqlənərdi, özü də çox fərqlənirdi. Bu nə idisə, başqa bir aləm, başqa bir zaman, başqa bir gözəllik, başqa bir yaşayış tərzi idi. Bir sözlə, o dövr başqa bir dövr idi. O dövr həqiqətən şəhərimizin qızıl dövrü idi. Bu məhz elə belə də adlanırdı. O dövrlər heç bunun fərqinə varan da yox idi. O dövr gəlib keçəndən sonra, o dövrün qəhrəmanları həmin o keçmiş dövrü xatırlayıb, bu adı öz aralarında o dövrə qoymuşdular: "Bakının qızıl dövrü". Əlbəttə, belə adlandırma ədəbiyyatda yazılmayıb. Ümumiyyətlə, heç yerdə yazılmayıb. O dövr gəlib keçəndən sonra, həmin o dövrün qəhrəmanları ötürdükləri, yaşadıqları və gördükləri o dövrü xatırlayıb elə bu adı da qoymuşdular. Yoox, bunu Sovet dövrü ilə qarşıdırmayın. Hm... Əslinə qalsa, heç buna Sovet dövrü də demək olmazdı. Sovetin bütün qanunları kağız üzərində qalırdı. İndi nə bilim, "forsovşiklər", "sexovşivklər", "valyutçiklər"... əgər bu sözləri bugünkü müasir dövrümüzdəki dilimizə tərcümə etsək, "bizmesmen", "iş adamı" və digər başqa sözlərlə əvəzləmək olar. Amma bu sözlər onların heç biri deyildi. Həmin o illərin dar çərçivəsində məhdud imkanlar daxilində fəaliyyət göstərən bu adamlar, sözün əsl mənasında, daşdan da pul çıxarmağı bacarırdısa, demək, əsl biznes, əsl baş işlədib pul qazanmaq, bacarıq o dövrlərdə olub. Belə işlərlə o dövrün yaşlı nəsli və orta yaş nəslinin nümayəndələri məşğul olmurdu. Çünki bacarmırdılar, əllərindən gəlmirdi. Çünki müharibədən yenicə çıxmışdılar və Sovet quruluşuna canı-dildən inanıb, aldadıldıqlarına inanmırdılar. Onlar üçün hər bir şey gözəl idi. Hətta kolxoz ədəbiyyatı belə. Amma onların ardınca gələn nəsil hər şeyin və nəyin nə cür olduğunu çox gözəl anlayıb, başa düşüb, başqa cür yaşamaq istədilər. Və yuxarıda sadaladığım bütün o işlərlə 20 yaşla 30 yaş arasındakı gənclər məşğul olurdular. Amma bunu, bu sözləri o dövrün bütün gənclərinə də şamil etmək olmazdı. Hərə öz bacarığını, nəyə qadir olduğunu göstərirdi. Və buna imkan da var idi. İstedadlı yazıçılar, şairlər, bəstəkarlar, sənətçilər, alimlər, sətiraltı da olsa, öz sözlərini deyib, öz fkirlərini bildirir, xalqa çatdırırdılar. Və demək istəyirdilər ki, sosializm realizmi deyilən anlayış boş və mənasızdır. Əsl sənət sənət üçündür (60-cı illər).

 

 

 

O dövr gənclərinin dünyagörüşü, mütaliə dairəsi, klassik musiqiyə maraq, simfonik konsertlər, teatrlar, kinolar, aktyor və aktrisalarla maraqlanmaq, caz musiqisi, dəbə uyğun geyim tərzi, davranış, danışıq, ünsiyyət, ən başlıcası bacarıq, istedad, elə bil, bütün bunlar eyni bir vaxtda bu şəhərin o dövrkü gənclərinə verilmiş və eyni bir vaxta da bu gənclərin əksəriyyəti ya vaxtından əvvəl yaşlanıb qocalmış, ya dünyasını dəyişmiş, ya itib yox olmuş, ya da özlərinə çəkilmişlər. Sağ qalanlarsa, yəni hərdən gözə dəyənlərsə, ötüb-keçən o dadlı günlərdən yadlarında qalanları, xoş xatirələri hərdən bir xatırlayır və yaxud da hər hansı bir tanış ifadə və ya tanış hadisə o günləri özlərindən asılı olmayaraq yaddaşlarına qaytarır, gözləri yol çəkir, xəfifcə gülümsəyir, "Eh, əşi nə isə, dünyadır da, yaşamışıq, yaxşı günlər olub" - deyib üstündən ötürlər. Onlardan bir-ikisini mən tanıyırdım. Yox, dost deyildik. Əlbəttə, yox... Çünki o vaxtlar mənim 6-7 yaşım ancaq olardı. Onlar isə məndən ən azı 15-18 yaş böyük idilər. Amma onlar haqqında eşidirdim. Və həmin o illər şəhər gənclərinin həyat tərzi, nələrəsə olan marağı, istəyi, idmanla məşğul olmaq, maşın sürmək həvəsi, sirli və möcüzəli qız-qadın dünyası, eyni dövrün yaşıdı olan, amma qonşu olmalarına, uşaqlıqdan bir yerdə böyümələrinə baxmayaraq, heç vaxt dostluq etməyib, yola getməyən, iki ən müxtəlif ailənin övladlarının dünyaya fərqli baxışları 25 yaşlı gənc yazıçı (yazıları ilə həmişə gənc qalan və oxucuları həmişə gənc saxlayan, qocalmağa qoymayan) Anar tərəfindən qələmə alındı: Zaur və Spartak. Və bütün bu şirin əzablar da, bu xoş ağrılar da, insanı məst edib ona həzz verən bu iztirablar da - həm "Ağ liman" povesti, həm "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı, həm də "Təhminənin sirri açıldı" hekayəsində - elə onlardan başlayır və onlarda da bitir.

 

Doğrudur, "Ağ liman" povestində Spartak gözə az dəyir. Amma oxucu hiss edir ki, həmin o dövrün yetişdirməsi olan bu iki gəncin yolları haradasa kəsişəcək. Düz doqquz ildən sonra kəsişir də. Axı, müəllif "Ağ liman" povestində deyirdi: "Altıncı mərtəbədə bir ev, pəncərə, pəncərədə uzun ağ, qırmızı, çəhrayı qladioluslar". Hə... Niyə məhz altıncı mərtəbə? Niyə dörd yox, beş yox, məhz altıncı mərtəbədə. Axı, o zamanlar, yəni 60-cı illərdə Bakıda beşmərtəbəli binalardan hündür mərtəbə tikilmirdi. Əksəriyyəti, bir-birindən fərqlənməyən "xruşovka" binalar idi. Deməli, o zamanlar müəllif beynində, arzularında, xəyallarında, artıq altıncı mərtəbəni, onun özülünü qoyurdu.

 

Həm povestdə, həm romanda, həm də hekayədə başqa bir qəhrəman da var. Elə hamını yandırıb yaxan əsas və ən əsas qəhrəman ki, bütün bu dolanbac yollar, bütün bu əyri-üyrü aşırımlar - hamısı ona gedib çıxır. Bu, Təhminədir. 1965-ci ildə romanda ölməsinə baxmayaraq, yeni yazılmış hekayənin ən əsas qəhrəmanıdır. Və o gündən ta bu günə kimi, Ağ limandan yola düşən yolçular, 55-56 il uzun bir yol gələn qəhrəmanlar (onlar çoxdur, lap çoxdur) dövr dövrü, nəsil nəsli əvəz etdikcə, indiyə kimi hər biri oxucular tərəfindən ayrı-ayrılıqda dəfələrlə müzakirə olunub, olunur və hələ bundan sonra da çox müzakirə olunacaq. Çünki... yuxarıda dediyim kimi, əlbəttə, mənim yazıçının yerinə danışmaq hüququm yoxdur, ...amma mən yüz faiz, lap elə min faiz deyə bilərəm ki, bütün qəhrəmanlar real həyatdan, olmuş hadisələrdən, baş vermiş vaqiələrdən götürülüb. Çünki qələmə alınan bu əsərlərin heç birində qondarma və süni heç nə yoxdur. Hər nə varsa, təbiidir və hər nə varsa, həyatın özüdür. Ona görə də bu mövzu aktual olaraq qalacaq. Variantlar dəyişə bilər, hadisələr isə yox. Təkrara yol vermək istəmirəm, Anarı oxuyan hər bir kəs, bu əsərlərdə (deyəsən, yenə də hamının yerinə danışıram) yaxşı, indi deyək ki, əgər başlı-bütünlü olmasa da, müəyyən qədər özünü görür. Özünün mənfi və müsbət tərəflərini oxuyur və görür. Elə ona görə də, özünün belə görünməsini, belə tanınmasını istəməyənlər (hətta onlar belə) Anarı həvəslə və sevə-sevə oxuyub, istəməsə də, özünü orada tapıb, tanıyıb, sonra bu yazılanlarla barışmayıb "Adi əsərdir də" deyir. Amma özünün necə olması ilə, bütün mənfi və müsbət tərəfləri ilə barışanlar eyni şövqlə, eyni həvəslə Anarı oxuyub, bircə kəlmə "Anar böyük yazıçıdır" deyir və bununla da kifayətlənirlər.

 

Əsərdə təsvir olunan qəhrəmanların hissləri, mübahisələri, tərəddüdləri, şübhələri, təşvişlər, narahatçıqlar, aldanışlar, qısqanclıq, əzablar, ən xırda, ən adi, ən adidən də adi detallar ən son nöqtəsinə qədər elə təfərruatı ilə qələmə alınıb ki, Anarı oxuyan hər kəs deyir ki, axı bu, deyəsən, mən özüməm. Allah sən özün saxla... Düşünürsən ki, insanlara bu qədər bələd olmaq olar? Aman Allah, belə də təsvirlər olar? Və bütün bunlar oxucunu şübhələndirir ki, axı, Anar məni hardan tanıyır? Axı, biz ki tanış deyilik. Və Anarın onu belə tanınmasından utanır ("Hər kəs öz əsl sifətini hamıdan gizlətməyə çalışır. Öz əsl sifətindən utanır" - Şekspir). Anar isə onu tanımır, sadəcə olaraq insanlara bələddir. Çünki qələmə aldığı bütün bu hadisələri biz hamımız haçansa yaşamışıq, yaşayırıq, elə indinin özündə də hərdən bir yaşayırıq. Vəssalam.

 

***

 

Anarın "Təhminənin sirri açıldı" hekayəsi -  Təhminə və Zaurla bağlı yeni hekayəsi yazılan kimi, yenə də müzakirəyə, müəyyən qədər səs-küyə səbəb oldu. Anarın digər yazıları, məncə (yenə də məncə!), nə "Ağ qoç, qara qoç" əsəri, nə "Göz muncuğu" povesti, nə "Macal" povesti və nə də digərləri bu qədər müzakirəyə, bu qədər səs-küyə səbəb olmayıb. Mən heç kimin fikirlərinə kölgə salmaq istəmirəm. Amma bu hekayəni oxuyub bir-birlərinə qarşı əks fikir söyləyənlərə, müəyyən qədər nəyəsə irad tutanlara və yaxud irad tutmaq xatirinə irad tutanlara bir onu deyə bilərəm ki, sabah Anar Təhminə ilə bağlı yeni bir hekayə yazsa, o hekayə yenə də çox böyük maraqla oxunacaq, əl-əl gəzəcək. Yenə də Təhminə, Spartak, Zaur haqqında fikirlər söylənəcək, müzakirələr aparılacaq. Çünki axı, ortada Təhminə məsələsi var. Bəs səbəb? Axı, Təhminə kimdir ki, 50 ilə yaxındır, hamını belə dəli eləyib? Cavab gün kimi aydındır. Çünki Təhminə elə Təhminədir. Çünki hər dövrdə Təhminə elə Təhminədir.

 

Mən 80-ci ildə "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanını oxuyub, əsərin axırıncı səhifələrinə kədərlə gəlib çatanda, nəsə birdən ürəyimə damdı ki, bu romanın ardı olmalıdır, hökmən olmalıdır. Çünki əsərin epizodik qəhrəmanlarından biri olan Nemət bunu oxuculara demişdi: "Nemət demişdir ki, yəni insanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox olmurlar və nə qədər onları xatırlayan, onların səslərini, sifətlərini yaddaşlarda saxlayan adamlar durur, bu ölənlər də hələ yaşayırlar - fikirlərdə, xəyallarda, təsəvvürlərdə yaşayırlar. Biz də yəqin, Təhminəni xatırlayan axırıncı adamlarıq, sonuncu nəsilik. Bu sözlər Zaurun beyninə yaman batdı". Elə mənim də beynimə batdı, başa düşdüm ki, bu sözlər deyəsən, gələcəyə bir işarədir.

 

Hekayədə Təhminəni xatırlayan nəsildən iki nəfər sağ qalıb: Zaur, bir də Spartak. Spartak realist adamdır, onu ancaq və ancaq bu günlər maraqlandırır. Sabahlar haqqında fikirləşib, dünənlərini xatırlamır. Çünki dünənlər elə dünənlərdə qalıb ("Keçmişin başqa variantı olmur" - Anar). Spartak heç bir zaman dünənlərlə yaşamayıb. Onu ancaq sabahlar maraqlandırıb. Amma indi hiss edir ki, sabahları get-gedə azalır. Çox az qalıb. Və əgər sabahlar lap belə çox da qalsa, hər gün o gələn sabahlar dünənə çevrilən kimi yadından çıxacaq. Çünki altsheymer xəstəliyinə tutulub. Deməli, 2-3 aydan sonra o, bir daha Təhminəni xatırlaya bilməyəcək, Təhminə birdəfəlik onun həyatından silinəcək. Əslində, bu sirr Təhminənin sirri deyil, Spartakın sirridir ki, uzun illərdir, bunu ürəyində saxlayıb, heç kimə açmayıb. O, həyatın hər üzünə bələddir. Ömrü boyu gözəl geyinib, gəzib. Bahalı maşınları olub. Şəhərin gözəl xanımları ilə gün keçirib. Kazinolarda olub - udan vaxtı da olub, uduzan vaxtı da. Gözəl-gözəl otellərdə, 4-5 otaqlı lükslarda maraqlı günlər yaşayıb.

 

"Drujba" resroranı, "Köhnə inturist", "Nərgiz" kafesi, "Mirvari" kafesi və s. və s. - keyf çəkib. O, çəkdiyi keyfin pullarını pis-yaxşı özü qazanıb. Rüşvət almayıb. Korrupsiya ilə məşğul olmayıb. Çünki vəzifəsi də olmayıb. Heç buna can da atmayıb. Heç kimə də pisliyi dəyməyib. Bacarıqlı olub, zamanın nəbzini tutmağa bacarıb. Hətta həbsxanada olarkən, paraşanın yanında da yatıb. Amma o, bundan şikayətlənmir. Kişinin başına (məhz kişinin başına!) iş gələr deyib. Günahları da çox olub. Çox ailələr dağıdıb. Onun ucbatından bəzi ailələr dağılıb. İndi isə o, buna görə, peşmandır. Baza müdirləri, prokurorlar, hakimlər, həkimlər, bütün vəzifəli şəxslərlə dostluq edib. Pula pul deməyib, sağa-sola xərcləyib. Həyatından çox razı olub. Həyatını həyat kimi yaşayıb. Zauru da çox istəyir. Ona görə yox ki, Zaur onun yeznəsidir, bacısının əridir və bacısının da bəxti əri tərəfindən əla gətirib. Yox. Sadəcə olaraq, Spartak Zaura heç zaman həsəd aparmayıb, ona qibtə etməyib. Çünki Zaurda qibtə ediləsi bir şey də yoxdur. Zaurun bütün həyatından, sürdüyü ömründən xəbəri var. Bilir ki, Zaurun bu dünyada yeganə sobutılniki Məmmədnəsirdir ki, hər gün səhər-səhər vağzalın bufetində portfeyn içirlər. İndi isə Məmmədnəsir də yoxdur. Bir ay əvvəl dünyasını dəyişib. Spartak isə elə bu yaşında da ən bahalı viski içir.

 

- Eh, Zaur, sən nə görmüsən axı bu dünyada?

 

Zaur cavanlıq illərindən ta bu günə kimi Spartakdan zəhləsi gedib. Çünki həmişə onu Təhminəyə qısqanıb. Başqa heç kimə yox - nə Muxtara, nə digər istedadlı rejisorlara, nə də başqalarına Təhminəni qısqanmayıb, məhz Spartaka qısqanıb. Çünki Spartakın ondan üstün cəhətlərini görürdü, başa düşürdü. Və heç bir vaxt Spartak kimi olabilməyəcəyini bilirdi.

 

- Mənin ömrümü müzakirə etməyə çağırmısan məni?

 

Əlbəttə, Spartak düz deyir. Zaur bu dünyada heç bir gün görməyib. Gördüklərini də ona göstəriblər. Ev, maşın, turist səfərləri. Görüb-götürəcəyi elə bir Təhminə olub, bir də Firəngiz. Təhminənin gözəlliyi, Firəngizin dolması.

 

Əsərdə Zauru müsbət qəhrəman adlandırmaq olmaz. Bəlkə də, haradasa bütün bu "dələduzluğu" ilə bərabər Spartakı müsbət adamadlandırmaq olar. Zauru isə yox. Spartakın hamıya köməyi dəyir. Kim ona ağız açırsa, dərhal yerinə yetirir. Hekayədə o da məlum olur ki, həmişə söz soruşanda qıpqımızı qızaran, səsi çıxmayan Firəngizin indi dili açılıb. Zaurla dil-dil ötür. Çünki Zaur acizdir. Heç nəyi sərbəst həll edə bilmir və bilməyib. Spartak isə, evində elə bir qayda-qanun yaradıb ki, özündən yaşca qat-qat kiçik olan həyat yoldaşı Qızbəz belə əri ilə sizlə danışır, ona müəllim deyə müraciət edir. Amma bir məsələ qaranlıq qaldı. Lift işləməyən mənzilə Zaur necə gedib çıxacaq? Və bir addım...

 

***

 

Uzatdım deyəsən. Başqa cür yazmalı idim, amma ayrı cür alındı. Nə isə...

 

Anar müəllim, qarşıda Sizin ad gününüz gəlir. Dəfələrlə dediyim kimi, arzu edirəm ki, öz 100 illik yubileyinizdə özünüz də iştirak edəsiniz. Bütün yaxınlarınızla birlikdə. Mən demirəm ki, bu, mənim ən böyük arzumdur və ən birinci arzumdur. Yox, bu, mənim arzularımdan biridir. Hər neçənci arzudursa, ürəkdən gələn, içdən gələn bir arzudur. Sizə uzun ömür, cansağlığı arzu edirəm. Nə yaxşı ki, bu xalqın Sizi var.

 

 

İsfəndiyar VAHABZADƏ

 

525-ci qəzet.- 2022.- 12 mart.- S.14-15.