UNEC-də tələbələr
üçün əlverişli elmi tədqiqat mühiti var
Elmi tədqiqat işi tələbələrin motivasiya
sferasını, tədqiqat prosesi üçün zəruri
olan elmi biliklərin metod və formalarını özündə
cəmləşdirən, elmi rəhbərin - müəllimin
iştirakı ilə həyata keçirilən tədris
işinin kompleks tərkib hissəsidir. Tədqiqat
yalnız xüsusi istedadlı və bacarıqlı tələbələrin
davamlı şəkildə işə cəlb edilməsinə
deyil, eyni zamanda hər bir tələbənin
yaradıcılıq prosesində bu və ya digər şəkildə
iştirakına kömək etməlidir. Təhsilin
bütün pillələrində tələbələrə
elmi biliyin metodları, təcrübələrin
planlaşdırılması və təşkili, təcrübə
nəticəsində əldə edilən nəticə məlumatlarının
emalı və ümumiləşdirilməsi üsulları,
patent tədqiqatlarının aparılması, elmi-texniki
işlərin tətbiqi kimi məsələlərin
açıqlanması zəruridir.
Azərbaycan
Dövlət İqtisad Universitetinin (UNEC) prorektoru Səadət
Qəndilova deyir ki, universitet tədris keyfiyyətinin
mühüm göstəricilərindən biri də tələbələrin
yaradıcılıq potensialından tam istifadə etməyə
imkan verən tədris prosesinin səmərəliliyinin
artırılmasıdır. Müasir mütəxəssisin
belə hazırlanmasını ancaq elmlə təhsilin vəhdəti
ilə həyata keçirmək mümkündür. Bu problemin həllində aparıcı rol tələbələrin
yaradıcı təfəkkürünü və öyrənmə
motivasiyasını inkişaf etdirən elmi və tədris tədqiqat
işlərinə məxsusdur. Bu məsələ
tələbələrin elmi tədqiqat işlərinə
xüsusi diqqət yetirilməsini zəruri edir. Tədqiqat fəaliyyətində biliklər daha da dərinləşərək,
təkcə tədris prossesinin qanunauyğunluqlarına deyil, həm
də elmin əsaslarına təsir göstərir. Elmi tədqiqatlarla
məşğul olan tələbələr müstəqil
iş təcrübəsi qazanır, çətin vəziyyətlərdə
bacarıqla, operativ hərəkət edərək istənilən
problemin düzgün həllini tapırlar. Tədqiqat
prossesində idrak motivi nəzəri və yaradıcı
düşüncə üsulları ilə zənginləşir.
Tələbələrdə universitetin tələbə
elmi cəmiyyətlərində iştirakına, dərsdə
tədqiqat metodlarından istifadəyə maraq yaranır.
Eyni zamanda, onları idrak fəaliyyətinin məhsuldarlığını
artırmaq yolları da maraqlandırır. Bunu tələbələrin elmi nəşrlərə,
əqli fəaliyyətin rasional təşkilinə yönəlmiş
ədəbiyyata olan maraqları da sübut edir. Belə
olan halda müəllimlərin rolu tələbələrə
elmi işin mövzusunu formalaşdırmağa kömək
etməkdən, onları konkret elmi problemin həllinə
yönəltməkdən və yekun nəticə əldə
etməyə maraqlandırmaqdan ibarətdir: "Tələbələrin
elmi işdə iştirakına motivasiya bütün problemləri
həll etməyə imkan verir. Birincisi, elmi tədqiqat
bacarıqlarına yiyələnən tələbələrin
daha yaxşı hazırlanmasına kömək edir. İkincisi, tələbə yaradıcı fəaliyyət
sahəsini mənimsəyir. Üçüncüsü,
səriştəli mütəxəssislər hazırlamaqda
maraqlı olan sosial mühitdə tələbə daha yüksək
status qazanır. Elm adamlarının
yetişdirilməsində elmi rəhbərlər mühüm
rol oynayır. Təəssüf ki,
onların çoxu bu prosesə formal, laqeyd yanaşır, elmi
məlumat tapmaqda öz bilik və bacarıqlarını tələbələrə
zəif ötürür. Beləliklə, əminliklə
deyə bilərik ki, tələbələrin müxtəlif səviyyələrdə
müxtəlif elmi konfranslarda və olimpiadalarda, elmi və
intellektual müsabiqələrdə iştirakını əhatə
edən tədris fəaliyyəti təkcə elmin müxtəlif
sahələri üzrə fundamental bilikləri deyil, eyni
zamanda həm müstəqil, həm də müəyyən
iş bacarıqlarını inkişaf etdirir. Bütün
bunlar komandada problemlərin həllinə yaradıcı
yanaşmanı inkişaf etdirərək, gələcək
mütəxəssislərə öz ixtisası üzrə
asanlıqla işə düzəlməyə, iş yerində
inamla qalmağa və öz bacarıqlarını daim təkmilləşdirməyə
kömək edir".
Səadət
Qəndilovanın sözlərinə görə, Tələbə
Elmi Cəmiyyətinin (TEC) əsas məqsədi ali təhsilli
mütəxəssislərin hazırlanmasının keyfiyyətinin
yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati
tədbirlərin həyata keçirilməsi, elmi-texniki
potensialın qorunub saxlanılması və təhsilalanların
elmi tədqiqat fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə
uyğunlaşdırılmasında ali təhsil müəssisələrinin
işinə kömək etməkdən ibarətdir: "Tələbələrin
elmi tədqiqat işi tədris prosesinin ən vacib komponentlərindən
biridir. Tələbələr elmi cəmiyyətlərdə,
konfranslarda, olimpiadalarda iştirak edir və bütün bunlar
tələbələrə həmfikir insanları tapmaq, onlara
özlərini elmi cəmiyyətin bərabərhüquqlu
üzvü hesab etmək imkanı verir. Tədqiqat
işlərinin yerinə yetirilməsi prosesində tələbələrə
müxtəlif təcrübələr, sorğular, tədqiqatlar,
hesablamalar aparmaqla həll edilməli olan konkret
tapşırıqlar verilir. Bu
tapşırıqların yerinə yetirilməsi
üçün tələbələrdən müəyyən
bilik və bacarıqlara malik olmaq, ədəbiyyatla işləmək,
hesablamalar aparmaq, qrafiklər, diaqramlar, çertyojlar qurmaq,
müxtəlif tətbiqi proqramlarla işləmək
bacarıqları tələb olunur. Bütün
bu göstərilənlərin öhdəsindən gəlmək
üçün elmi dərəcəsi olan, istehsalatda təcrübəyə
malik və müxtəlif bilik sahələrində patentləşdirilmiş
işlənmələrə malik olan ixtisaslaşmış
müəllimlər tələbələrə köməklik
və rəhbərlik edirlər".
Prorektor
qeyd edib ki, müasir reallıqlar əyani şəkildə
göstərir ki, tələbələri ilk kurslardan elmi tədqiqatlara
cəlb etmədən cəmiyyət tərəfindən ali təhsil qarşısında qoyulan vəzifəni
yerinə yetirmək mümkün deyil. Hər
bir gənc mütəxəssis işin istiqamətindən və
fəaliyyət növündən asılı olmayaraq, öz
ixtisası üzrə yeni problemlərin həlli sahəsində
fundamental biliklərə, peşə vərdişlərinə
və bacarıqlarına sahib olmalıdır. Elmi tədqiqat
yolu ilə tələbələr bir neçə "həyat
bacarığı" əldə edir: mentorluq; komandada
işləmək təcrübəsi; metodologiyanı dərindən
başa düşmək; təkmilləşdirilmiş öyrənmə
bacarıqları; vaxtın idarə edilməsinin təşkili
üzrə təcrübə; özünə inamın
artması; ünsiyyət bacarıqlarının əldə
edilməsi: "Azərbaycanın qabaqcıl elm və təhsil
müəssisələrindən birinə çevrilən UNEC
təqdim olunan ali təhsil xidmətlərinin keyfiyyətinin
yüksəldilməsi, dünya standartları səviyyəsinə
çatdırılması və ali təhsil sahəsində
müsbət beynəlxalq təcrübədən səmərəli
istifadənin artırılması istiqamətində müvafiq
işlər həyata keçirilir. Hazırda
UNEC tədris və tədqiqat fəaliyyətlərini həyata
keçirən elm və təhsil ocağına çevrilərək,
dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığı
genişləndirir və beynəlxalq proqramlarda iştirak edir.
Müasir universitetin qarşısında duran
mühüm vəzifələrindən biri də "yeni nəsil
tədqiqatçı" yetişdirməkdir. UNEC-də
gənc tədqiqatçıların uğurlu fəaliyyəti
üçün hər cür şərait yaradılır:
elmi konfranslar, elmi seminarlar, "gənc tədqiqatçı"
müsabiqələri keçirilir. Tələbələrin
seçdikləri ixtisas üzrə keyfiyyətcə yeni səviyyədə
tədris imkanı verən elit təhsil proqramı
mövcuddur".
Səadət Qəndilovanın dediyinə görə, tədris
prosesində tələbələr müxtəlif səviyyələrdə,
o cümlədən, ümumrespublika və beynəlxalq səviyyələrdə
bütün növ olimpiadalarda iştirak etmək imkanı əldə
edirlər.
Olimpiadada
iştirak onlara müxtəlif fənlər üzrə
bacarıq nümayiş etdirməyə, ünsiyyət
coğrafiyasını genişləndirməyə və biliklərini
artırmağa imkan verir: "UNEC Tələbə Elmi Cəmiyyəti
fəaliyyət göstərdiyi illər ərzində çoxsaylı
müəllim və tələbə nəsillərinin əməyi
sayəsində adət-ənənələrə sadiq
qalıb, eyni zamanda davamlı olaraq inkişaf edərək təkmilləşmişdir.
TEC-in sədri, bir qayda olaraq, universitetin Elmi
Şurasının üzvü kimi tələbələri
maraqlandıran məsələlərin müzakirə edilməsində
iştirak edir. UNEC-də 11 tələbə
təşkilatı mövcuddur. Ənənəvi tələbə
təşkilatları ilə yanaşı, Ədliyyə
Nazirliyində qeydiyyata alınan "İqtisadçı Tələbələrə
Dəstək" İB və "İqtisadçı Tələbələrin
Elmi Fəaliyyətinə Yardım" İB fəaliyyət
göstərir. Universitetimizdə təhsil alan 374 nəfər
əcnəbi tələbələrlə yerlilər
arasında da düzgün sosial-iqtisadi inteqrasiyasını təmin
etmək, əcnəbi vətəndaşlara Azərbaycanın
zəngin mədəni irsi, tarixi, adət-ənənələri
və milli dəyərləri haqqında məlumat vermək məqsədi
ilə "Cross-Cultural Club" adlı təşkilat
yaradılıb".
Prorektor bildirib ki, keyfiyyətli təhsilin təməlində
zəngin kitabxana dayanır və UNEC-də 7 gün 24 saat
müasir standartlara cavab verən kitabxana tələbələrin
istifadəsinə verilib. Tələbələrin asudə vaxtlarını səmərəli
keçirmək və xüsusi bacarığı ilə
seçilən gənclərin bu potensialını daha da
inkişaf etdirmək məqsədi ilə UNEC-in
Yaradıcılıq Mərkəzinə üzv olmaq, eləcə
də Radio UNEC-də maraqlı layihələrlə
çıxış etmək imkanı var. UNEC-də elmi tədqiqat
sahəsində təxirəsalınmaz vəzifələrdən
biri də tələbələr üçün tədris
proqramlarında elmi işlərin hazırlanması və
yazılması kursunun tətbiqidir. Aşağı kurslarda
bunlar ədəbiyyat icmallarının tərtibi və tərkibi
üzrə seminarlar, orta kurslarda məqalələrin
yazılması və planların tərtib edilməsi
metodikası ilə tanışlıq, yuxarı kurslarda bir
növ təlim olan müstəqil və kurs işlərinin
yazılması və müdafiəsi üzrə seminarlar ola bilər. Hazırda UNEC-də Azərbaycan
iqtisadiyyatının müxtəlif problemlərinin tədqiqi
ilə məşğul olan "İslam maliyyə mərkəzi",
"Avropa iqtisadiyyatı tədqiqat mərkəzi",
"Empirik tədqiqatlar mərkəzi", "Xarici ticarətə
dəstək mərkəzi", "Digital marketinq mərkəzi",
"Ermənistan iqtisadiyyatını araşdırma mərkəzi",
"İnkişaf iqtisadiyyatı laboratoriyası", "Rəqəmsal
iqtisadiyyat tədqiqat mərkəzi", "Koqnitiv iqtisadiyyat
tədqiqat mərkəzi", "Bilik iqtisadiyyatı tədqiqat
mərkəzi" kimi mərkəzlər fəaliyyət
göstərir. Yeni yaradılan bütün bu
strukturlarda UNEC-in professor-müəllim heyəti ilə birgə
tələbə, magistr və doktorantlar da tədqiqat aparmaq
imkanı əldə edib".
Sevinc QARAYEVA
525-ci qəzet .-2022.- 16 mart.- S.14.