"Müharibə vaxtı üç dəfə ölümlə göz-gözə gəldik"

 

REJİSSOR ŞƏBNUR ALLAHVERDİLİ AZAD EDİLƏN QARABAĞA İLK GEDƏN XANIMLARDAN BİRİ OLMASINI ÖZÜ ÜÇÜN BÖYÜK ŞANS SAYIR

 

O, müharibənin xanım iştirakçısıdır. 44 gün boyunca cəbhənin bütün istiqamətlərində hər cür təhlükələrə rəğmən, qəhrəman ordumuzun yanında olub. Etdiyi fədakarlıqlara, keçdiyi yola və bu dövrdə başına gələnlərə nəzər salsaq, ona qələbəmizin gizli qəhrəmanlarından biri də deyə bilərik. O, Şəbnur Allahverdilidir. Şəbnur xanım Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini rejissorluq ixtisası üzrə bitirib. Hazırda mədəniyyət evlərinin birində Xalq teatrının rejissoru kimi fəaliyyət göstərir. Bəs onun hərb yolu hardan başladı? Bu haqda özü danışsın:

 

***

 

- Üç il öncə Gəncədə hərbi idarənin rəisi keçirdiyim tədbirlərdə olmuş və bəyənmişdi. Sonradan hərbi tədbirlərin hazırlanması üçün mənə iş təklif elədi. Əvvəlcə getmədim, hərbidə işləmək məni qorxudurdu (gülür). Sonra isə fikrimi dəyişdim. Çünki həyatdakı başlıca məqsədim bütün sahələrdə özümü sınamaqdır. Düşündüm ki, niyə də olmasın? Beləcə, hərbi idarədə işə düzəldim və başladıq hərbi hissələrə getməyə. Müharibədən qabaq da postlara, hərbi hissələrə gedir, böyük tədbirlər keçirirdim. Kollektivimiz 10 nəfərdən ibarət idi. Buna rəsmi şəxslər, çəkiliş heyəti, musiqiçilər və digərləri daxil idi. Çox ciddi və məsuliyyətli bir iş idi. Həqiqətən də orda keçən 3 il mənə çox böyük təcrübə qazandırdı.

 

- Necə oldu ki, müharibəyə getdiniz? Rejissor xanım hara, müharibə hara?

 

- Müharibədən öncə Müdafiə Nazirliyi tərəfindən bizim idarəyə psixoloqlar yönləndirildi. Onlar bizim idarədən müəyyən insanları seçib təlimlər keçməli idilər. Əsas istiqamət isə müharibədə döyüşdən əvvəl əsgərlərdə ruh yüksəkliyini necə yaratmaq olar yönündə idi. Onlar fikirləşdilər ki, bununçün xanımlar daha təsirli ola bilər. Üç ay psixoloqlarla kurs keçəndən sonra içimizdə cəmi 4 nəfər seçildi ki, onlardan da biri mən idim. Mənim seçilməyimdə əsas səbəblərdən biri də aldığım rejissorluq təhsili idi. Psixoloq dedi ki, rejissorun insanlarla təmasa girməsi daha asan olur və o, insanlara daha çox təsir edə bilir. Bu kursda ciddi şəkildə müharibəyə hazırlaşdıq. Bu dövrdə biz artıq hər cür təhlükəni gözə almışdıq. Çünki müharibədə bizi nələrin gözləyəcəyini yaxşı bilirdik. Təbii, ailəmizə heçnə deməmişdik. Hansı ailə qızının cəbhəyə getməsinə razı olar?

 

2020-ci il sentyabrın 27-si səhər saatlarında müharibə başlayan ilk dəqiqələrdən artıq cəbhənin müxtəlif istiqamətlərinə ezam olunduq. Demək olar ki, müharibə boyunca hər yerdə olduq. Gecəmiz gündüzümüzə qarışmışdı. Bizim üçün müharibə 60 gün çəkdi. Çünki müharibədən sonra da cəbhəyə getməyə, əsgərlərlə görüşməyə davam edirdik. İşimiz əsgərlərlə mənəvi-psixoloji söhbətlər edərək onlarda ruh yüksəkliyi yaratmaq, problemlərilə maraqlanıb, həllinə nail olmaq idi. Jurnalistlər müharibə boyunca bir nöqtəyə kimi gedə bilirdilər, biz isə sona kimi gedirdik. Döyüşə girən taborla söhbətlər aparırdıq. Çünki əsgər psixoloji cəhətdən rahat olmalı idi, fikri evində, ailəsində qalmamalı idi və onlara hiss etdirmək lazım idi ki, Azərbaycan xalqı sizinlədir. Sizin arxanızda böyük bir xalq, Prezident, Müdafiə Nazirliyi var. Biz də məhz bunu edirdik. Ümumilikdə 4 xanım idik, 2 qrupa ayrılmışdıq və çalışırdıq ki, cəbhənin bütün istiqamətlərinə gedək. Bizə hara gedəcəyimizlə bağlı nazirlikdən əmrlər gəlirdi.

 

- Müharibə varsa, ölüm də var. Siz belə bir təhlükəylə qarşılaşdınızmı?

 

- O günlər çox qarışıq, qorxulu, təhlükəli keçirdi. Müharibə vaxtı üç dəfə ölümlə göz-gözə gəldik və sadəcə Allahın köməyi ilə sağ qaldıq.

 

Bir gecə köhnə "QAZ 66" ilə Qubadlıya həm yardım aparır, həm də söhbətlər aparmaq üçün gedirdik. Gecə yolda azdıq. İşıq yandıra bilməzdik, həmin dəqiqə maşınımızı vura bilərdilər. Hər yer də minadır. Beləcə, qorxuyla, həyəcanla 2 saat harda olduğumuzu, hara getdiyimizi bilmədən getdik, nəhayət, böyük çətinliklərlə bizə deyilən yerə gedib çıxdıq.

 

Ağbulaq tərəfdə ikinci dəfə ölüm təhlükəsiylə üzləşdik. Maşınımız "Qrad" atəşinin dalğasına məruz qaldı. Yəni biraz da həmin texnikaya yaxın sürsəydi, ya partlayacaq, ya da ən yaxşı ehtimalda aşacaqdı. Çünki həmin vaxt dalğanın təsirindən maşın silkələndi, qalxıb düşdü. Hamımız elə bildik ki, bu, artıq sondur.

 

Tərtər istiqamətində İncəçayda arxa cəbhəmiz yerləşmişdi. Yenə əsgərlərlə söhbət edirdik. Orda internet, əlaqə olmadığı üçün biz onlara bukletlər də paylayır, müharibənin gedişindən məlumatlar verirdik. Söhbətimizi yekunlaşdırıb ordan çıxandan cəmi 5 dəqiqə sonra olduğumuz yeri bombaladılar. Yəni söhbət 5 dəqiqə də uzansaydı, ordan onlarla şəhid çıxacaqdı, içində biz də olmaqla. Bütün bunları yaşamaq çox dəhşətli idi.

 

- Bu qədər ağır sınaqlardan sonra indi nə düşünürsünüz? Getdiyiniz üçün peşmanlıq hissi keçirirsinizmi?

 

- Əsla. Heç vaxt peşman olmamışam, indi də deyiləm. Hətta fikirləşirəm ki, yenə olsa, yenə gedərəm. Çünki onların gözündəki o güvən hissini heç nəyə dəyişmək olmaz. Əsgərlərimiz bir xanımı hərbi geyimdə görəndə əvvəlcə elə bilirdilər ki, hərbçiyəm. Amma hərbçi deyildim. Sadəcə bir hərbi idarənin mülki işçisi idim. Məndən soruşurdular ki, siz xanımsınız, niyə bura kimi gəlirsiniz? Deyirdim, mən Azərbaycan xanımıyam və Azərbaycan xanımı öz əsgərinin hər zaman arxasındadır. O xanımlardır siz qəhrəmanları dünyaya gətirən, böyüdən. Həmişə vurğulayırdım ki, biz sizə güvənərək gəlmişik və heç nədən narahat deyilik. Düşüncəmiz ancaq sizsiniz.

 

 

 

- Müharibə boyunca nələr müşahidə edirdiniz?

 

- Onu gördüm ki, biz həqiqətən də xalq olaraq döyüşkən xalqıq və birləşdiyimiz an qarşımızda heç kim dayana bilməz. Məsələn, Cəbrayılda ikən mərkəzdə 20-30 təcili tibbi yardım maşını yaralılar gətirmişdi. Biz də onlara kömək edirdik. Heç yadımdan çıxmaz, bir əsgərimiz vardı maşında, qolu qopmuşdu, yox idi. Amma dava edirdi ki, mən döyüşə qayıdıram, aparmayın məni. Bu səhnəni görəndə dəhşətə gəldim ki, bizim necə oğullarımız var.

 

Bir taborda əsgərlərlə söhbət edirdik. Bir əsgərlə danışdığım yerdə xəbər gəldi ki, qardaşı şəhid olub. Həmin oğlanın reaksiyası qəribə idi. O, əlində balaca stolüstü bayraqla gedib xeyli daşın üstündə oturdu, fikrə getdi. Heç birimiz yaxınlaşmağa cəsarət etmirdik. Sonra ona dedilər ki, qardaşının cənazəsi üçün geri qayıtmalısan. Dedi, qayıtmıram, daha qardaşım yoxdur, niyə qayıdım? Əksinə, irəli gedib onun qisasını alacam. Həmin an özümü onun yerinə qoydum. Çünki mənim qardaşım da Xüsusi Təyinatlıların əsgəri idi və müharibədə hamıdan qabaqda gedirdilər. Şuşanın alındığı gün - 8 noyabrda yaralanıb, qazi oldu. Əsgərlərimizin hər birinə qardaşım kimi yanaşırdım. Həmin vaxt həm də qardaşımçün qorxurdum və fikirləşdim ki, mənə belə bir xəbər verilsə, nə edərəm? Şəxsən, düşündüm ki, belə bir xəbər alsaydım burda dura bilməzdim, ən azından ailəmin yanında olmaq üçün gedərdim. Ona görə də o oğlanın qərarı çox təsir etmişdi mənə.

 

Cəbhəyə həm də məktublar aparırdıq. Gənc qızların, şəhid analarının, əsgər valideynlərinin, balaca uşaqların məktubları hamımızı təsirləndirirdi. Öz övladlarına yazırmış kimi yazırdılar. Əsgərlərimiz də bunu öz doğmalarının məktubu kimi oxuyurdular. Onlar xalqımızın birliyini məhz bu kağız parçalarıyla hiss etdirirdilər.

 

- Uzun-uzun söhbətləşdiyiniz, dərdini dinləyib, motivasiya edib döyüşə uğurladığınız əsgərlərin şəhid olması sizə nələr hiss etdirirdi?

 

- Düzü, indi daha həssasam. Onda belə deyildim, möhkəm idim. Çünki özümü hər şeyə hazırlamışdım. Gəncədən tanıdığım bir oğlan vardı - Oqtay. Onunla döyüşdən öncə danışanda demişdi ki, şəklimi yaxşı çək, anamgilə apararsan. Oqtayla "görüşəcəyik" deyib ayrılmışdıq. Amma bir həftə sonra həmin taborla görüşəndə bildim ki, pusquya düşüblər və tabordan 30-a yaxın əsgər şəhid olub, Oqtay da onların içində (gözləri dolur).

 

Ağamirzə Quliyev var ki, o, mənimçün çox dəyərli şəhidlərimizdəndi (kövrəlib susur). Çox gözəl, səmimi, saf uşaq idi. Hiss edirdim ki, taborda hər kəs onu çox istəyir. O mənə demişdi ki, bacı, şəklimi çək, İnşallah Gəncəyə gələndə bir yerdə də şəkil çəkdirərik. Qoşqar, Saməddin... (ağlayır)

 

- "Yenə gəlin" - deyən? Qoşqar və Saməddinlə olan videonuza sizin sosial şəbəkə hesabınızda baxmışdım və orda, gərək ki, Saməddin bu cümləni deyirdi...

 

- Bəli... Onlarla Harami düzündə görüşmüşdük. Saməddinin o cümləsini heç unutmuram. Heyif ki, bir də görüşə bilmədik.

 

- Sizdəki şəkil və videoları şəhidlərimizin ailələrinə göndərirsiniz?

 

- Bəli. Bilirəm ki, onlar üçün indi ən böyük təsəlli övladlarının bircə şəkli, videosudur. Həmişə o görüntüləri göndərəndə o qədər sevinirlər ki, övladları yenidən qayıtmış kimi. Məndəki görüntülərin çoxuna baxa bilmirəm, çünki onların çoxu şəhid olub. Bunu ürəyim götürmür artıq. Ona görə də hərbidən uzaqlaşdım.

 

- Qələbə xəbərini harda aldınız?

 

- Onda Talış istiqamətində idim. Xəbər bizə gecə gəldi. Səhəri başqa bir yerə ezam olunmalı idik. Həmin tabora gedəndə 44 günlük alışdığımız mənzərədən tamam başqa bir mənzərəylə qarşılaşdıq. Döyüşdən çıxan qrupla görüşürdük. Əsgərlərimiz sevinir, bir-birini təbrik edir, deyib-gülürdülər. Biz özümüz də bənzər duyğular yaşayırdıq.

 

- 30 ildən sonra Qarabağ müharibəsi məhz sizin hərbidə işlədiyiniz 3 ilə təsadüf etdi. Sizcə, bu, təsadüfdür?

 

- Məncə, təsadüf deyil. İnsan nəyi istəyirsə, ona da çatır. Mən uşaqlığımdan Qarabağla maraqlanar, haqqında oxuyar, oranı görməyi arzulayardım. Hətta özümün orda olmağımı xəyal edirdim. Çünki atam I Qarabağ müharibəsi veteranıdır, ondan çox dinləmişdim Qarabağ söhbətlərini. Görünür, ürəkdən diləmişəm ki, qismətimə azad edilən Qarabağa ilk gedən xanımlardan biri olmaq yazıldı. Bunu özümçün böyük şans hesab edirəm.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 17 mart.- S.16.