Naxçıvan şəhərinin dayanıqlı iqtisadi inkişafı

 

Naxçıvan Muxtar Respublikasının mütərəqqi iqtisadi inkişaf istiqamətli perspektivləri onun bütün kənd, qəsəbə, rayon və şəhərlərinin müasir inkişaf mənzərəsini yaratmışdır. Abadlaşmanın, müasirləşmənin və davamlı iqtisadi inkişafın dəyişməz ünvanına çevrilən muxtar respublikamız əldə etdiyi uğurlarla yeni keyfiyyət mərhələlərinin etibarlı əsaslarını formalaşdırmışdır. Bu isə, özünü Naxçıvan şəhərinin timsalında çoxşaxəliliyi ilə göstərməkdədir.

 

Əvvəlki illər üzrə əldə olunan iqtisadi potensial üzərində Naxçıvan şəhəri dayanıqlılıq və müqavimətlik göstəriciləri ilə seçilməkdədir. İqtisadiyyatın sahə strukturu üzrə səmərəli əlaqələndirmənin də ifadəsi olan bu dinamika makroiqtisadi inkişafın etibarlılıq göstəricisi olmaqla, Naxçıvan şəhərinin modernləşmənin önündə getməsinə zəmin yarada bilmişdir. Bu, həm də sosial dayanıqlılıq və infrastruktur göstəricilərinin artan dinamikada təşəkkülünü təmin etməkdədir.

 

Makroiqtisadi inkişafın mühüm göstəricisi olaraq bir il əvvələ görə, daha doğrusu, 2020-ci illə müqayisədə 2021-ci ildə sənaye məhsulu 1,7, əsas kapitala yönəldilən vəsaitlər 2, kənd təsərrüfatı məhsulu 3, informasiya və rabitə xidmətləri 13,2, pərakəndə əmtəə dövriyyəsi 2,1, əhaliyə göstərilən ödənişli xidmətlər 1,9 faiz çox olmuşdur.

 

Muxtar respublikanın makroiqtisadi inkişaf göstəricilərinin artan dinamikada təşəkkülündə iqtisadiyyatın aparıcı sahələrindən biri olan sənayenin də mühüm rola malik olduğunu qeyd etmək olar. Belə ki, əsas makroiqtisadi göstərici olan ÜDM-nin strukturunda sənayenin ilk yerdə təşəkkül tapması onun şəhər və rayonlarının da bu sahə üzrə perspektivlərini artıra bilmişdir. Bunlarla yanaşı, ölkənin milli iqtisadi quruculuq proseslərinin qətiyyətlə davam etməsi sənayeləşmə siyasətinin də səmərəliliyini yüksəltmişdir. Məqsədyönlü sosial və iqtisadi tənzimləmə mexanizmləri mühitində əldə olunan nəticələr və sənaye məhsulu istehsalı üzrə ixtisaslaşan müəssisələrin davamlı fəaliyyəti Naxçıvan şəhərində müvafiq sahə üzrə məhsuldarlıq göstəricilərinin strateji təminatına çevrilmişdir. Bunun da nəticəsində, 2021-ci ildə Naxçıvan şəhərində 783 milyon 473 min 400 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricidən 1,7 faiz çoxdur. Həyata keçirilən tədbirlərin əhatəsinə və ardıcıllığına diqqət etdikdə aydın olur ki, Naxçıvan şəhərində sənaye məhsulunun artan dinamikada təşəkkülü davamlı xarakterə malik olmaqla, perspektivlidir və etibarlıdır. Belə ki, geridə qalan ilin yekunlarına görə, Naxçıvan şəhərində dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin fərqli istiqamətlərində 27 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 6 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilmişdir ki, bu da özündə daha mühüm makroiqtisadi nəticələr əks etdirməkdədir.

 

Davamlı inkişafın hazırkı mərhələsində Naxçıvan şəhərinin mövcud potensialından düzgün istifadə olunması nəzərə alınmaqla, əhalinin sosial rifahının diqqətdə saxlanılması mümkün olmuş və daha firəvan həyat şəraitinin yaradılmasına nail olunmuşdur. Burada mühüm uğurlardan biri də odur ki, həyata keçirilən tədbirlər əhalinin müxtəlif təbəqələrinin nəzərə alınması ilə ardıcıl xarakter daşımaqdadır. Məqsədyönlülüklə görülən işlər nəticəsində, tələbə yataqxanasının və 8 yaşayış binasının yenidən qurulması başa çatdırılmış, həmçinin, 1 yaşayış binasının tikintisi, 7 yaşayış binasının isə yenidən qurulması uğurla davam etdirilmişdir. Xüsusilə, gənclərə dövlət qayğısının gerçək ifadəsi olaraq, Naxçıvan şəhərində "Gənclər Yaşayış Kompleksi"nin tikintisi davam etdirilmişdir. Bütün bu tədbirlər həm də özünün sosial mahiyyətə malik olması ilə seçilməkdədir. Səmərəli təsərrüfat və fəaliyyət mühitinin yaradılması əhalinin rifah göstəricilərinin daha da yaxşılaşmasına zəmin olmaqdadır. Bu isə, özünü, fərdi yaşayış evlərinin tikintisi sahəsindəki göstəricilərdə ifadə etmişdir. Qeyd edək ki, təkcə 2021-ci ildə Naxçıvan şəhərində əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 266 min 262 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir.

 

Həyata keçirilən tədbirlər Naxçıvan şəhərinin müasir inkişaf mənzərəsinin yaradılmasında hərəkətverici təsiri ilə seçilmişdir. Makroiqtisadi inkişaf bu amillərin davamlılığı və perspektivliliyi mühitində həm də etibarlı infrastruktur təminatına zəmin yaratmaqda, vəsait qoyuluşlarının aktuallığını artırmaqdadır. Geridə qalan ildə Naxçıvan şəhərində 58 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur. Eyni zamanda, həmin il ərzində 38 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilmişdir.

 

İqtisadiyyatın əsas və aparıcı sahələrindən birini də kənd təsərrüfatı təşkil edir. Etibarlı ərzaq məhsulları ilə təminat, sənayeləşmə siyasətinin dayaqlarının güclənməsi, istehsal, emal və istehlak həlqəsinin davamlılığının təmin olunması həm də kənd təsərrüfatının inkişafı ilə bağlıdır. Bütün bu qeyd olunanlar, Naxçıvan şəhərinin mövcud iqtisadi inkişaf və sosial dayanıqlılıq göstəriciləri içərisində yer almaqdadır. Hazırda Naxçıvan şəhərinin malik olduğu iqtisadi ehtiyatlardan səmərəli istifadə olunmaqla, kənd təsərrüfatına aid olan perspektivlər də düzgün dəyərləndirilmiş və nəticədə, müvafiq sahə üzrə məhsuldarlıq göstəriciləri əldə olunmaqdadır. Bu isə, artan tələbatlar qarşısında təminatqabiliyyətli məhsulların istehsalı üçün əlverişli zəmin yaradılmasına imkan vermişdir. Belə ki, 2021-ci ilin məhsulu üçün Naxçıvan şəhərində 2248 hektar sahədə əkin aparılmışdır ki, bu da 2020-ci ilin məhsulu üçün əkilmiş sahədən 153 hektar çoxdur.

 

Statistik rəqəmlərin təhlili göstərir ki, Naxçıvan şəhərində kənd təsərrütatı məhsullarının istehsalı sahəsində taxılçılıq mühüm sahə olaraq diqqətdə saxlanılmışdır.

 

Muxtar respublikanın sosial-iqtisadi inkişafında davamlı perspektivləri ilə seçilən Naxçıvan şəhərində taxılçılıq mühüm sahə olaraq diqqətdə saxlanılmış və 2021-ci ilin məhsulu üçün 985 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 933 hektarı payızlıq, 52 hektarı isə yazlıq taxıldan ibarət olmuşdur. Bunlarla yanaşı, taxıl zəmilərinin 659 hektarında buğda, 326 hektarında isə arpa əkini aparılmışdır. 2021-ci ildə taxıl zəmilərindən 2 min 722 ton məhsul yığılmışdır. Təhlillər göstərir ki, Naxçıvan şəhərində kənd təsərrüfat məhsullarının istehsalı sahəsində dövlətin tənzimləyici mexanizmləri səmərəli nəticələrini verməkdədir. Bununla da, strateji kənd təsərrüfatı məhsullarından olan kartofçuluğun inkişafında perspektivlilik təmin olunmuşdur. Hələ 2005-ci ildə təsdiq olunan "Kartofçuluğun inkişafı üzrə Dövlət proqramı" və digər ardıcıl hüquqi mexanizmlər bu sahədə zəruri hüquqi baza olmuşdur. Qeyd edək ki, 2021-ci ildə 35 hektar sahədə kartof əkini aparılmışdır. Bunlarla yanaşı, 1 yanvar 2022-ci il tarixə sahələrdən 387 ton kartof yığılmışdır.

 

Kənd təsərrüfatının belə dinamik inkişafa malik olması, müvafiq sahədə keyfiyyətli, təminatlı və dayanıqlı məhsuldarlıq göstəricilərinin təşəkkülünə zəmin yaratmışdır. İstehsal olunan məhsulların uzunmüddətli saxlanılması və əhalinin təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin olunması məqsədilə Naxçıva şəhərində 1 soyuducu anbarı yaradılmış, 1 istixana təsərrüfatı isə genişləndirilmişdir.

 

Dinamik inkişaf xəttinə malik olan proseslərin ardıcıllığı və sistemliliyinin ifadəsi olaraq, 2021-ci ildə 2794 ton dənli və dənli paxlalılar (qarğıdalısız), 286 ton dən üçün qarğıdalı, 6 ton dən üçün günəbaxan, 3621 ton tərəvəz, 2298 ton ərzaq üçün bostan məhsulları, 1084 ton meyvə, 121 ton üzüm tədarük olunmuşdur. Təhlillər də Naxçıvan şəhərində kənd təsərrüfatı məhsullarının etibarlı potensial formalaşdırdığını deməyə əsas verir. Bütün bunların sosial-iqtisadi və məntiqi nəticəsi olaraq, 2021-ci ildə 15 milyon 889 min 300 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.

 

Təbii ki, belə bir potensial makroiqtisadi inkişafın güclü dayaqları olmaqla, əhəmiyyətlidir, davamlıdır və sosial mahiyyətinə görə seçilməkdədir. Eyni zamanda, qeyd olunan nəticələr, Naxçıvan şəhərində əhalinin həyat şəriaitinin yaxşılaşmasına və alıcılıq qabiliyyətinin daha da artmasına səbəb olmuşdur. Bəhs olunan tədbirlərin sistemliliyi və səmərəli gedişi 2021-ci ildə Naxçıvan şəhərində 369 yeni iş yerinin açılması ilə əlamətdar olmuşdur. Məşğulluq göstəricilərinin davamlı xarakterə malik olması, sosiallaşma proseslərinin effektivliyini artırmış və əməkhaqqı səviyyəsinin yüksəldilməsi ilə müşayiət olunmuşdur. Belə ki, 2021-ci ilin yanvar-noyabr aylarında orta aylıq əməkhaqqının məbləği 581 manat təşkil etmiş və bu da, makroiqtisadi əhəmiyyətliliyi ilə seçilmişdir.

 

İnkişafın hazırkı şəraitində bazar münasibətlərinə xas olan idarəetmənin təşəkkülü, məhsuldar ideya və təşəbbüslərə əsaslanan istehsal fəaliyyətinin mövcud olması bir tərəfdən etibarlı məşğulluq imkanlarının artırılmasına stimul verirsə, digər tərəfdən də, əhalinin sosial dayanıqlılıq, rifah göstəricilərinin və məmnunluq vəziyyətinin yüksəldilməsinə təminat yaradır. Bu isə, nəticə etibarı ilə, bazar münasibətlərinin də inkişafı zəminində Naxçıvan şəhəri əhalisinin zəruri istehlak malları ilə təminatı sahəsində əlçatanlıq gətirmişdir. Təkcə 2021-ci ildə Naxçıvan şəhərinin istehlak bazarında əhaliyə 867 milyon 319 min manat dəyərində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir. Reallaşmış istehlak mallarının 97,2 faizi isə pərakəndə ticarət dövriyyəsinin payına düşmüşdür.

 

Ölkəmizin iqtisadi inkişaf dimamikası regional və milli zəmində sosial siyasətin də mütərəqqi əsaslarla perspektivliliyini artırmaqdadır. Bu isə, təbii olaraq, Naxçıvan şəhərinin də makroiqtisadi göstəricilərində yer almaqdadır. Səmərəli sosial siyasətin mövcudluğunun ifadəsi olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 7 iyun tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılmış, bu məqsədlə də, Naxçıvan şəhərində mərkəz üçün binanın tikintisi davam etdirilmişdir.

 

Dayanıqlı makrososial siyasətin səmərəli nəticələrinin real nəticəsi Naxçıvan şəhər əhalisinin artımında da özünü göstərməkdədir. Bunun da nəticəsində, şəhərin demoqrafik vəziyyətinin daha da yaxşılaşmasına nail olunmuşdur. Qeyd etmək olar ki, 1 dekabr 2021-ci il tarixə Naxçıvan şəhər əhalisinin sayı 95 min 586 nəfər olmuşdur.

 

Beləliklə, Naxçıvan şəhərinin mövcud sosial-iqtisadi potensialı Muxtar respublikanın milli iqtisadi quruculuq proseslərindəki roluna böyük töhfə olmaqdadır. Cari il ərzində də əldə olunacaq nəticələr iqtisadi şəxaləndirmənin hərəkətverici qüvvəsinə çevrilməklə, onun daha da səmərəli təşkilinə yol açmış olacaq. Hazırda Naxçıvan şəhərinin mövcud dinamik inkişaf göstəriciləri bu istiqamətdə etibarlı dayaqlara çevrilməkdədir.

 

 

Cavadxan QASIMOV

Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2022.- 17 mart.- S.14.