Halallıqla yaşanan mənalı ömür  

 

Siyəzən şəhərindən azca aralıda, 6-7 km uzaqlıqda, mənim ata-baba yurdum Eynibulağın üst tərəfində dağların ovcuna sığınan bir yurd yeri qonşu Sədan kəndidir.

 

Bu kəndin adına çox qədim mənbələrdə rast gəlmək olar. Şirvanın şöhrəti, eləcə bütün Azərbaycana ünvan olan dahi Xaqaninin misralarında, tariximizin əvəzsiz qaynaqlarından olan A.Bakıxanovun "Gülüstani-İrəm" əsərində Sədanın adı çəkilir.

 

Bu kənd müstəqil Azərbaycan Cümhuriyyəti rus bolşevik işğalçıları tərəfindən süquta uğradılandan sonra təqiblərə məruz qalan Qələgahlı məşhur əfəndilərə sığınacaq olub. Əfəndiyev soyadı daşıyan respublikamızın neçə-neçə məşhur alimi sonralar bu kənddə dünyaya gəlib, böyüyüb boya-başa çatıblar. Hüseyn İbrahimov da Sədanda dünyada gəlmişdi bəlkə elə bu yaxınlıqdan, doğmalıqdan idi ki, məktəb yaşı çatanda birinci sinfə məhz Qələgahda getmişdi.

 

Hüseyn İbrahimov bu bölgənin tanınmış, sayılıb-seçilən kişilərindən idi.

 

***

 

İbrahimov Hüseyn Müzəffər oğlu 1925-ci ilin fevral ayının 23-də keçmiş Dəvəçi rayonunun Sədan kəndində yoxsul kəndli ailəsində dünyaya gəlib. 1931-1932-ci dərs ilində Qələgah kənd 7 illik məktəbinə daxil olub. Yeddi illik təhsilini başa vurduqdan sonra Quba Pedaqoji Məktəbinin tələbəsi olub. Məktəbi bitirdikdən sonra hazırki Siyəzən rayonunun Çarxana kənd 7 illik məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1942-ci ilin dekabr ayında sovet ordusu sıralarına səfərbərliyə alınıb. O, da elin mərd, qeyrətli oğulları kimi cəbhəyə, amansız düşmənlə üz-üzə gəlməyə, döyüşməyə can atırdı ki, faşistlərin ayaqları Mozdokdan, Şimali Qafqazdan bu yana dəyməsin. Axı Mozdokdan bir az bu yana "Ana" dediyimiz doğma Azərbaycanımız idi. Şimali Qafqazdan azca sonra onun ata-babalarının, doğmalarının da yaşadığı müqəddəs torpaqlarımız gəlirdi.

 

Yaralanaraq cəbhədən qayıdan keçmiş döyüşçü 1944-1949-cu illərdə Azərbaycan SSR Xalq Maarif Nazirliyi Siyəzən rayon XMŞ-si Sağlocan Sədan kəndlərində müəllim işləyib. 1949-1951-ci illərdə Azərbaycan KP Siyəzən PK- təlimatçı, şöbə müdiri vəzi-fələrində çalışıb.

 

1951-1953-cü illərdə Azərbaycan KP MK yanında iki illik partiya məktəbinin müdavimi olub. 1953-1961-ci illərdə Azərbaycan KP Siyəzən PK- təlimatçı işləyib. 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub təhsilini qiyabi başa vurub. 1961-1966-cı illərdə Azərbaycan KP Siyəzən sənaye istehsalat PK- təlimatçı kimi fəaliyyət göstərib. 1966-1972-ci illərdə Siyəzən şəhər 1 nömrəli 8 illik məktəbinə rəhbərlik edib. 1981-1983-cü illərdə Azərbaycan KP Dəvəçi PK-da təlimatçı işləyib. Sonra da keçmiş Dəvəçi rayon İstehlak Cəmiyyətinin sədri seçilib, bir ara Siyəzəndə neft sahə-sində çalışıb. uzun ömrün son ucu ölüm - Hüseyn müəllim  2000-ci il may ayının 29-da öz haqq dünyasına qovuşub.

 

***

 

Ötən əsrin 80-ci illərinin ortalarında bir ara Hüseyn İbrahimov "Azərittifaq"ın keçmiş Dəvəçi Rayon İstehlak Cəmiyyətinin sədri seçilib.

 

Kim deyir-desin, o illərdə ticarət, yeyinti təskilatı kimi bir yerdə məsul bir vəzifədə öz təmiz adını qoruyub- saxlamaq hər adamın işi deyildi. Hüseyn müəllim həyatın bu sınağından da üzü , alnı açıq çıxdı.

 

Hüseyn müəllimin düzgünlüyünə, təmizliyinə, halallığına rişxənd edənlər, dodaq büzənlər az olmadı: "Bu adam heç dar gününü fikirləşənlərdən deyil..." Bəzən hətta yaxın, doğma admlarından da belə tənə-danlaq eşidən keçmiş döyüşçü isə əllərini yellədər, belələrinə lağ edərdi: " Eh, sizin kimlərə deyim?.. Bəlkə elə "dar günü" fikirləşən vaxtdan insanın elə dar, "qara günü" başlayır..."

 

Beləcə, Hüseyn müəllim tutduğu vəzifədən gedənəcən təmiz, saf adını, süfrəsinin halal ruzisini qorudu.

 

***

 

Hüseyn müəllimin "raypo"ya sədrlik etdiyi vaxtlar idi. Kənd mağazalarında o illər sovxozlarda, tarla fermalarda çalışan fəhlələrin qaloşa daha çox ehtiyacı var idi.

 

Hüseyn müəllim paytaxt Bakıdakı bazadan xahiş-minnətlə rayona lazımi sayda qaloş gətizdirir, əlbət ki, o vaxtlar bu o qədər asan deyildi.

 

Gördüyü işin müqabilində xoş söz eşitmək arzusu ilə yerli rəhbərliyə bu haqda məlumat verir. Rəhbərlik isə istehza ilə: - Bu qədər qaloş əvəzinə xahiş-minnət edib elə iki-üç cüt xarici cins şalvar əldə edəydin, - deyə onu "mükafatlandırır". Məlum idi ki, o vaxtlar mağazalarda çətin tapılan o "iki-üç cüt" cins şalvarın müştərisi kim olacaqdı...

 

 

 

***

 

Ötən əsrin səksəninci illərində xaricdə istehsal olunan geyim-kecim adətən əldə alverçilər tərəfindən, ayda-ildə tək-tük hallarda mağazalarda piştaxta arxasından satılırdı.

 

Hüseyn müəllimə çox yaxın bir adam eşidir ki, "raypo"nun mağazalarının birinə xarici kostyum verilib. O, kostyumu almaq xahişi ilə Hüseyn müəllimin yanına gedir. Hüseyn müəllim tanışına izah edir ki, xarici mallar mağazalarda əmək qabaqcıllarına, "zəhmətkeşlərə" xüsusi siyahı üzrə satılır. Tanış adam "raypo" müdirinə dəng edir. Hüseyn müəlim qədər deyib başa salırsa olmur. Çar-naçar qalan Hüseyn müəllim axırda bir şərtlə razılaşır ki, bəs o tanış adam qabaqcıl bir tanış əmək adamı tapsın. Kostyumu onun adına alsın.

 

Həmin müştəri qonşuları olan tanınmış bir əmək qabaqcılı ilə mağazaya yollanır. Tərslikdən kostyum da həmin qabaqcıl əmək adamının əyninə gəlmir. Kostyuma gözü düşən o müştəri qədər edirsə, olmur. Hüseyn müəllim şərtindən geri durmur. "Kostyum əyninə oturan əmək adamına satılmalıdır. Elə bir müştəri axtar tap! Sonra öz aranda o müştəri ilə razılaşarsan..."

 

***

 

Hüseyn müəllim Siyəzəndə məktəb direktoru olarkən pedaqoji kollektiv qarşısında şagirdlərə təkcə yaxşı təlim, savad, bilik vermək vəzifəsini qoymamışdı. Məktəb hər şeydən əvvəl cəmiyyətə əməli düz, saf, qəlbi Vətən, xalq eşqi ilə çırpınan ləyaqətli oğlan, qız, sabahın layiqli vətəndaşlarını yetisdirməlidir.

 

"Məktəb dövlət təşkilatıdır. Ona görə də məktəb dövlət tərbiyəsinin müvəkkili kimi ailə tərbiyəsinə təsir etməlidir." - məktəblə ailə arasında münasibətlərin zəruriliyindən bəhs edən A.S.Makarenko bir vaxt belə yazırdı. Böyük pedaqoqun sözlərini Hüseyn müəllim öz prinsipinə çevirmişdi. Pedaqoji kollektivin üzvləri, o cümlədən, sinif rəhbərləri hər bir ailədə tərbiyə işinin qoyuluşu, valideynlərin və uşaqların qarşılıqlı münasibətinin vəziyyəti ilə maraqlanır və valideynlərə övladlarının tərbiyəsi kimi mühüm bir məsələdə kömək edir, məsləhət və tövsiyələr verirdilər.

 

Ta qədimlərdən belə bir inanc var ki, dünyanı qoruyan, insanlığı hifz edən əsas keyfiyyətlərdən biri məhz halallıq, dürüstlükdür. Zəmanəmizdə dünyanı salamat saxlayan halal insanlardan biri də elə Hüseyn müəllim idi. Sinədəftər olan bu sanballı, müdrik kişi oğul-uşağa, qohum-qardaşa, dost-tanışa nəsihətamiz, ibrətli əhvalatlar, maraqlı rəvayətlər   danışmağı xoşlayardı.

 

Halal adam olan Hüseyn müəllim süfrəsinin halal çörəyi ilə iki oğul, altı qız böyüdüb boya-başa çatdırdı. Sözü-söhbəti də həmişə düzlükdən-halallıqdan olan Hüseyn müəllimin fikrincə, elə ixtisaslar var ki, o peşə yiyələri də hökmən halal adam olurlar...

 

Belə söz-söhbətlərin birində Hüseyn müəllim şərafətli peyğəmbərimiz Məhəmməd (c.) bağlı bir hədis danışmışdı. Demişdi ki, Allahın Rəsulu öz mübarək hədislərinin birində belə buyurub ki, "ibadət yeddi qismdir, bunların ən üstünü halal ruzu qazanmaqdır..."

 

Hüseyn müəllimin nəzərincə neftçilər, müəllimlər də elələrindən idilər. Onun öyüd-nəsihətlərinin nəticəsi idi ki, oğlanları neftçi ixtisası üzrə ali təhsil aldılar, qızları isə müəllim oldular. Bu dünyada həmişə tələskən, nədənsə narahat yaşayan Hüseyn müəllim yəqin ki, öz haqq dünyasında daha rahatdır. Halal adama ata ömrünün bəhrəsi qismət olub: halal atanın halal övladları var!

 

Hüseyn müəllim də halal ruzu qazana-qazana halal da ömür sürüb öz haqq dünyasına qovuşanlardan oldu.

 

 

Aydın TAĞIYEV

AYB Şabran bölməsinin rəhbəri

 

525-ci qəzet.- 2022.- 17 mart.- S.13.