İnsanlığı yaşadanlar...
Xəstələnəndə, şirin həyatımızı
ağrı-acılar hədələyəndə
həkimlərə üz
tuturuq ki, dərdimizə əlac qılsınlar. Tibdə İbn-Sinalıq anlayışı
var. Əlbəttə, hər
həkim İbn-Sinanın
davamçısı ola bilməsə də, bu anlayış
onları cəmiyyətin
ümid yerinə, dərddən-azardan qurtulma
ünvanına çevirir.
İllərdən bəri işıqlı,
mənalı ömrünü
şərəfli bir vəzifəyə - insanların
sağlamlığının keşiyində dayanmağa
həsr edən dəyərli həkim, təcrübəli uroloq-androloq
Avtandil Namazov da məndən və çoxlarından ötrü məhz belə bir ünvandır.
İllər əvvəlin söhbətidi. Ömrümün ən şərəfli çağlarını, zabit
kimi hərbi xidmətdə olduğum vaxtları yaşayırdım.
Günlərin birində böyrəyimdə
problemlər yarandı,
xoşagəlməz əlamətlər
ortaya çıxdı.
Poliklinikada çalışan tibb işçiləri məni Müdafiə Nazirliyinin hospitalına, uroloqun yanına göndərdilər. Həm
göndərdilər, həm
də həkim haqqında xeyli xoş sözlər dedilər: çox bacarıqlıdır, öz
işinin peşəkarıdır,
gözəl insandır,
səni yaxşıca
müalicə edəcək.
Ertəsi gün ağrı-acı
içində hospitala
yollandım. Uroloq Avtandil
Namazovu həmin günlərdə tanıdım.
İkicə kurs müalicədən
sonra o ağrı-acılar
bədənimdən çəkildi,
böyrəklərim fəsadlardan
qurtuldu. Deyildiyi qədər varmış Avtandil doktor: həm həkim, həm də şəxsiyyət kimi!
Tam əmin oldum ki, polkovnik-leytenant Avtandil Namazov həm çox bacarıqlı həkim, həm də çox vətənpərvər,
vətənini, tarixini,
onun qəhrəmanlarını
sevən, səmimi, vicdanlı vətəndaşdır, qürurlu,
cəsur zabitdir.
Müalicə zamanı Avtandil həkimin həm şərəfli ömür,
həm də xidmət yolu keçdiyini öyrəndim.
1988-ci ildə, Qarabağ hadisələrinin
başladığı günlərdə
Leninqrad Ali Hərbi Tibb Akademiyasını bitirib. Həm gənc həkim,
həm də gənc zabit kimi 1988-1992-ci illərdə
keçmiş İttifaq
ordusunun sıralarında
xidmət edib. 1992-ci ildə yaranmaqda
olan ordumuzda xidmətə başlayıb.
1998-ci ilə qədər Azərbaycan Ordusunun Baş Klinik Hospitalının urologiya bölməsində
baş ordinator kimi xidmət edib. Həmin ildən urologiya
bölməsinin rəisi
vəzifəsinin ağırlığını
çiyinlərində daşımağa
başlayıb. Uzun illər
ordumuzun sıralarında
xidmət edən zabit və əsgərlərin
sağlamlığı keşiyində
dayanıb. Bundan ötrü
bilik və bacarığını heç
vaxt əsirgəməyib.
Hərbçilərimizin qısa müddət
ərzində sağalıb
xidməti yerlərinə
qayıtmasına çalışıb.
Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirən cəsur oğullarımıza
tibbi xidmət göstərməyi özünə
böyük şərəf
bilib. Bu şərəfli peşənin
öhdəsindən bacarıqla
gəlib. Avtandil həkimlə
mənim tanışlığım
da elə o vaxtlardan - urologiya bölməsinin rəisi olandan başlayıb.
Qəbulunda olanda, söhbət edəndə duyursan ki, bölmə rəisi yalnız bacarıqlı həkim deyil, həm də daim vicdanının
səsinə qulaq asan dəyərli bir şəxsiyyətdir. Avtandil həkimin
xarakterində gərəkli
xüsusiyyətlər çox
rahatlıqla birləşir
və bir-birini gözəl tamamlayır.
Bunlar ona Tanrı töhfəsidir. Bu töhfə heç də hamıya verilmir. Belə bir bəxşiş
yalnız seçilmişlərin
qismətidir. Elə
həkimlər var ki, bacarığına söz ola
biməz, amma şəxsiyyəti o qədər
də ürəkaçan
deyil. Yaxud da elə həkimlər var ki, gözəl insandır, amma öz işinin peşəkarlıqla yerinə
yetirə bilmir. Bu mənada, Avtandil
həkim insan və peşəkar kimi tamdır, bütövdür.
Söhbətlərimiz zamanı onu da müşahidə etmişəm ki, həkim bildikləri ilə, qazandığı
təcrübə ilə
heç vaxt arxayınlaşmır. O, daim yeniliyə can atır, tibb aləmində baş verən yeniliklərlə maraqlanır,
onu dərindən öyrənməyə can atır,
bilik və təcrübəsini daha da dərinləşdirir. Öyrəndiklərini də həm
müalicələr, həm
də cərrahi əməlliyyatlar prosesində
tədbiq edir. Yeniliyə olan maraq və
həvəsi dəfələrlə
onu Azərbaycan Respublikası Həkimləri
Təkmilləşdirmə İnstitutuna və Türkiyə Respublikasında
ixtisasartırma kurslarına
aparıb. Bacarıqlı uroloq böyük həvəslə getdiyi bu ixtisasartırma kurslarında kifayət qədər təcrübə
qazanıb, yeni tibbi biliklərə yiyələnib.
Avtandil həkim 2016-cı ildə hərbi xidmətdən təqaüdə çıxsa da, yenə də insanlara yorulmadan tibbi xidmət göstərir. Bacarıqlı həkim hazırda "Lazur" klinikasında fəaliyyət göstərir. Hər gün ona müraciət edən xəstələri diqqətlə dinləyir və sağalmaları üçün dəyərli məsləhətlər, tövsiyələr verir, müxtəlif mürəkkəb əməliyyatlar həyata keçirir.
Bir müddət əvvəl xəstələndiyimdən, cərrahi əməliyyata ehtiyac yarandığından, yenə də Avtandil həkimə müraciət etməli oldum. Bəzi zəruri müayinələrdən sonra əməliyyat gününü müəyyənləşdirdi. Əməliyyata inamla getdim - həkimə, onun bacarığına, peşəkarlığına, şəxsiyyətinə axayın idim. Hər şeyin uğurla başa çatacağına inanırdım. Elə də oldu. Əməliyyat uğurla yekunlaşdı. Bir neçə gün klinikanın palatasında qaldım. Burada xəstələrin tez bir zamanda sağalması üçün hər cür şərait yaradılıb. Avtandil həkim təkcə gündüzlər deyil, əməliyyatdan çıxmış xəstələrə gecələr də baş çəkir, tibb bacıları da xəstələrə vicdanla, ürəkdən qayğı göstərirdilər. Tibb bacılarından Ramilə xanımın, Zamirə xanımın, Əfsanə xanımın, Svetlana xanımın, Ülviyyə xanımın və başqalarının xəstələrə göstərdiyi diqqət və qayğını unutmaq mümkün deyil.
Qeyd etdiyim
kimi, bacarıqlı uroloq-androloq
Avtandil Namazov
yaxşı insan və bütöv
bir şəxsiyyət olmaqla
yanaşı, həm də ədəbiyyata maraq
göstərir, poeziya vurğunudur.
Böyük dəyər verdiyi
şairlərimizin şeirlərindən dəyərli
seçmələr dilindən düşmür.
Xalq şairi Bəxtiyar
Vahabzadənin "Qorxuram, dünyada
bir zaman gələ, İnsanlar yaşaya,
insanlıq ölə" misralarını tez-tez
təkrarlayan həkim, cəmiyyətimizdə mənəvi dəyərlərin
zəifləməsindən çox
narahatdır. Amma düşünürəm
ki, Avtandil həkim kimi şəxsiyyətlər bu
dünyada yaşadıqca, insanlıq
ölməyəcək. Çünki
insanlığı onun kimi
şəxsiyyətlər yaşadırlar. Bəlkə də,
özləri də hiss etmədən bu müqəddəs missiyanı yerinə
yetirirlər. Nə yaxşı ki, bu gün həyatımızda,
bizimlə bir sırada Avtandil
həkim kimi əsl peşəkarlar və
işıqlı şəxsiyyətlər var.
Vahid
MƏHƏRRƏMOV
Hərbi
jurmalist
525-ci qəzet.- 2022.- 30 mart.- S.22.