Sonsuz iftixarla
xatırlanan qəhrəman
"Vətən mənə
"oğul" desə,
nə dərdim,
Mamır
olub, qayasında bitərdim..."
Vətənin "oğul" dediklərindən
idi şəhid leytenant Aqil Məcidov. Hətta ailəsiylə son görüşündə bu
misraları deyib, özünün ən müqəddəs arzusunu dilə gətirmişdi.
Qəlbiylə, qanıyla, canıyla
vətəninə bağlı,
torpağına sadiq gənc zabit idi o.
Aqil Aydın oğlu Məcidov 1998-ci il
aprelin 3-də Tovuz şəhərində anadan
olub. 2005-2016-cı illərdə
A.Puşkin adına
tam orta məktəbdə
təhsil alıb.
2016-2020-ci illərdə isə
Heydər Əliyev adına Azərbaycan
Ali Hərbi Məktəbində
(AAHM) ali hərbi təhsil alıb.
Gənc zabit 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında
xidmət edirdi. O, bu xidmətinə böyük
fəxr və qürurla başlamışdı.
Əsl hərbçi olmaq, vətəninə sədaqətlə
xidmət etmək Aqilin ən böyük arzusu, seçdiyi həyat yolu idi. Hətta işinə başladığı ilk gün
özü də bunu xüsusi olaraq qeyd etmişdi:
"Mən hərbini
ona görə seçmədim ki, orda maaş yüksəkdir, ona görə seçdim ki, əsl həqiqi
hərbi qulluqçu olum".
Bu arzusuna sadiq qalan Aqil xidmət
etdiyi N saylı hərbi hissədə də öz fədakarlığı və
vətənpərvərliyi ilə əsgərlərin
və zabit dostlarının hörmətini
qazanıb, hər zaman diqqət mərkəzində olub.
Aqilin həyatını
dəyişən gün
isə 12 iyul 2020-ci ildir deyə bilərik. Həmin gün baş
verən Tovuz döyüşlərində general Polad Həşimovun və digər zabitlərin şəhadəti
Aqili dərindən sarsıdır, bu itkiylə heç cür barışa bilmir. O, ən qısa zamanda bütün şəhidlərimizin
qisasını alacağına
söz verir. Bütün bu düşüncələrini
tez-tez sosial şəbəkə hesabında
paylaşır. Onun bu paylaşımlarındakı hər
sözü, hər cümləsi vətən
sevgisini ifadə etdirdi. Aqil yazırdı: "Ali Baş
Komandanın bir əmri yetər ki, ərazi bütövlüyümüzü bərpa edək. "İrəli!" əmrini gözləyirik".
Ailəsi deyir ki, torpaqlarımızın
işğalda olması
ilə heç cür barışa bilmirdi Aqil. Ön cəbhədə
xidmət etməyi özü seçmişdi.
Cəbhə bölgəsi Aqili
qorxutmurdu. Ən
böyük arzusu isə Qarabağ torpaqlarının azad olunması idi: "Mən ona görə
cəbhə bölgəsindəyəm
ki, ilk mənim ayağım dəysin o torpaqlara, müdafiə xəttini yarıb keçən qəhrəman
birincilərdən olmalıyam".
Necə arzulamış, necə yazmışdısa, elə
də oldu. Vətən
müharibəsinin başladığı
2020-ci il 27 sentyabr günündə Aqil də 30 ildə qurulmuş istehkamları yarıb keçərək,
işğalda olan torpaqlara ilk addımını
atan Azərbaycan Ordusunun zabitlərindən
oldu. Mütəxəssislər qeyd edirlər
ki, müharibə vaxtı ən çətin tapşırıq
müdafiə xəttini
yarıb keçməkdir.
Aqil və onun yoldaşları
böyük hünər
və ruh yüksəkliyi ilə bu tapşırığın
öhdəsindən uğurla
gəliblər.
Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşan Aqil Məcidov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhadətə yüksəlib. Yaralı ikən son sözləri də vətən olan Aqil döyüş yoldaşlarına, əsgərlərinə: "Məni vurmaqla ermənilər heç nə əldə edə bilməyəcək. Mənim kimi oğullar minlərlədir. Qarabağ Azərbaycandır!" - deyərək əbədiyyətə qovuşub. Azərbaycanın qəhrəman oğlu doğulduğu Tovuz rayonunda dəfn olunub.
Bu gün belə qəhrəman leytenant Aqil Məcidovun əsgərləri və döyüş yoldaşları onu yad edir, ailəsini diqqətdən kənar qoymur, onunla xatirələrini bölüşürlər.
Aqil Məcidovun fədakarlığı dövlətimizin də diqqətindən kənarda qalmayıb. O, şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
31 Mart həm də Azərbaycanlıların Soyqırımı Günüdür. Nə yazıq ki, xalqımızın başı illər, əsrlərdir qovğalardan ayrılmayıb, sinəsi müharibələr meydanı olub. Düşmən təkcə son illər deyil, tarix boyunca özünün məkrli siyasətini yürüdüb, hər fürsətdə Azərbaycan xalqını qırmağa, soyqırım törətməyə çalışıb. 1918-ci ilin 31 Mart soyqırımı da tariximizin qanla yazılmış səhifələrindən sadəcə biridir. Əsrlərdir torpaq uğrunda minlərlə, milyonlarla şəhid verib bu vətən. Yenə də sınmayıb, əyilməyib, zülmə, zalıma təslim olmayıb.
Çox şükür
ki, Azərbaycan xalqı Aqil
və onun kimi qəhrəman,
vətənpərvər oğullar sayəsində
uzun müddətli həsrətdən sonra öz torpaqlarına qovuşdu. Ancaq təbii ki, bu qələbənin, bu vüsalın bizə nələrin
hesabına başa gəldiyini heç birimiz unutmuruq, unutmayacağıq! Allah
tarix boyunca bu yurd uğrunda
canını fəda etmiş şəhidlərimizə
rəhmət eləsin, qazilərimizə şəfa versin!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 31 mart.- S.13.