"Heç vaxt kiməsə bənzəmək istəməmişəm"

 

BƏHRUZ NİFTƏLİYEV: "ÖZÜMÜ DƏRK EDƏNDƏN "TELEVİZİYAÇI OLACAĞAM" DEYİRDİM"

Onun iş otağının qarşısına çatanda alatoranlıqgözlərimi alacalandırdı. Düz otağının qarşısında bir neçə usta dəhlizin işıqlarını düzəldirdi. Bir azdan onun da otağında işıq sisteminə baxılacağındanmüsahibəmizi anası tanınmış jurnalist, yazıçı Flora Xəlilzadənin otağında etməyi qərarlaşdırdıq. Bayaq dəhlizdəki alatoranlıq indi də onun gözlərində, çöhrəsində yuva salıb. Bir anlıq bu alatoranlıqdan da gözlərim alacalanır. Bəli, söhbət MədəniyyətTelekanalının direktor müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident Təqaüdçüsü, şair, jurnalist Bəhruz Niftəliyevdən gedir. 8 mayda yubileyini qeyd edəcək müsahibimlə həyatın gətirdiklərindən, götürdüklərindən söz saldıq:

 

- Bəhruz bəy, 35 yaşın astanasında özünüzü necə hiss edirsiniz?

 

- Döyüşdən çıxmış qalib kimi... Bu yaşa asan gəlib çıxmamışam. Həm mənəvi, həm də fiziki mübarizələrim çox olub. Ən böyük qalibiyyətim isə 35 yaşımı azad, firavan, xoşbəxt bir insan kimi qeyd etməyimlə bağlıdır. 5 yaşımdan sonra ad günümü qeyd edə bilməmişəm. Qarabağ və Şuşa kimi möhtəşəm qələbədən sonra 34 yaşımı qeyd etdim və bu il də 35 illiyimi ürəklə keçirməyi düşünürəm. Şuşada doğulmasam, şuşalı olmasam da, ruhən özümü oralı hiss edirəm. Çünki uşaqlıqdan bəri bu duyğuylaböyümüşəm, bu kədərin içində yoğrulub bugünküBəhruz olmuşam.

 

- 8 may tarixiylə barışmısınızmı?

 

- İşğalla, kədərlə heç vaxt barışmamışam. Yarımçıq qalan ad günümü indi də kövrəkliklə xatırlayıram. Çünki o anda nələrin olduğunu uşaq ağlımla başa düşürdüm. Bu bir faciə idi. Tortun üzərindəki şamlar deyil, ümidimiz söndürüldü o gün. Amma bugünküqələbənin həzzi, ləzzəti sanki o yaraya məlhəm olur. Yəni əslində, mən indi 5 yaşımdan sonrakı ad günlərimi qeyd edirəm. Hesabla 7 yaşımı (gülür).

 

- Sözləriniz mənə hörmətli Aqil Abbasın qələbədən sonrakı ilk ad gününə həsr etdiyim yazının sərlövhəsini xatırlatdı: Neçə yaşınız tamam olur, Aqil Abbas?!

 

- Ağdamdan danışsaq, 5-6 yaşımda qalmışam. Çox yaxşı yadımdadır Ağdamın işğalından az əvvəl Flora xanım məni və qardaşımı götürərək məhz o qaynar nöqtəyə getmişdi. Niyə? Çünki biz oranı görək, dərs çıxaraq, bu ruhla böyüyək. Mən o yaşımda yanmış bazarı görmüş, kül iyi verən torpağın nə olduğunu anlamışam və bütün bunlar yaddaşıma əbədi həkk olunub. Özü də hərəmizi bir maşına qoymuşdu ki, birimizin başına bir iş gəlsə, heç olmasa, digərimiz salamat qalaq. Ağdamın azadlıq xəbərini eşidəndə yenidən o günlərə qayıtdım. Şuşa deyəndə isə ad günü yarımçıq qalan Bəhruz oluram. Bu gün 8 may tarixində, bəli, həmin uşağın ad gününü keçirirəm.

 

- Sonradan ananızla bu haqda danışıb niyə sualını verdinizmi?

 

- Cavabını bildiyim sualları heç vaxt soruşmuram. Səbəbini çox yaxşı bilirdim. Mən əslən Qərbi Azərbaycandanam, amma orada göz açmamışam, orayla bağlı heçnə xatırlamıram. Ağdamı isə xatırlayıram, Şuşanın işğal gününü yaşamışam. Flora xanım bizi vətəndaş kimi, oğul kimi böyütmək, möhkəm görmək istəyirdi, uşaq kimi yanaşmırdı. Məncə, alınıb.

 

- Bir şeirinizdə deyirsiniz ki, Mən Tanrı deyiləm... Tanrı kimdir?

 

- İçimizdəki vicdan... Hətta daha dərinə getsək, vicdanımızdakı biz. Bəzən vicdanımızı da biz idarə edirik.

 

- Vicdanınızı yanlış idarə etdiyiniz olub?

 

- Yox. Çox rahat və ürəklə deyə bilərəm ki, yaşasın vicdan azadlığı. Bu cəhətdən çox azadam, rahatam. 35 yaşa qədər vicdanımı heç vaxt tapdalamamışam. Çünki hamını aldada, yalan danışa, istədiyin kimi görünə bilərsən, amma özünlə baş-başa qalanda özün olursan. Mən öz qarşımda gözükölgəli deyiləm, öz gözümə dik baxa bilirəm. Ona görə ətrafdakı insanlarla bağlı da çox rahatam.

 

- Özünütənqidlə aranız necədir?

 

- Əla. Özümü bəyənməsəm uğur qazana bilmərəm, özümü tənqid etməsəm, inkişaf edə bilmərəm. Ümumiyyətlə, özündən çox narazı adamam və bu narazılıqlar daha çox işləmək, uğura daha çox nail olmağa gətirib çıxarır.

 

- Özünüzdə nəyi dəyişmək istərdiniz?

 

- Həssaslığı. Mane olur və mane olduqca da şeirəçevrilir. Bəzən çıxıb getmək, silib getmək, imtina etmək lazım olur. Amma hətta sənin qəlbinə toxunan insanı belə incitməmək istəyi yaranır ki, o etdi, sən etmə. Mənə görə ən böyük məfhum insanlıqdır. Qarşındakı haqsız belə olsa, ona insan kimi yanaşmalısan. Bu xüsusiyyətim mənə çox mane olur, kədərimə səbəb olur. Amma həm də dözüm yaradır və bərkidir. Xoşbəxt olanda çox vaxt yazmaq yadına düşmür. İnsan dara düşdükcə, Tanrını çağırır ən çox. Şairlər də kədərləndikcə yazırlar. Amma mən Allahı xoş günümdə də xatırlayıram. Şükür edən insanam.

 

- Bəs xoşbəxtlik nədir?

 

- (gülür) Yenə də vicdan rahatlığı. Nəfəs alarkən özün özünlüyündə əzilmirsənsə, haqsızlıq etmədiyinianlayırsansa, deməli, sən xoşbəxtsən. Xoşbəxtlik həm də özünlə barışıq olmaq, özünü qəbullanmaq, yaralarınla, çatışmazlıqlarınla birgə sevməkdir. Yəni hər şey bizdən başlayır, bizdə də bitir...

 

- Deyirsiniz ki, təkliyini biləcək, təkliyini böləcək adamın yoxdursa, tənhasan. Tez-tez tənha olursuz?

 

- Bütün insanlar, əslində, tənhadır. Elə deyilsə, onda biz niyə öz-özümüzlə danışırıq, niyə bir küncə çəkilib özümüzlə hesablaşırıq? Tənhalıq özünlə qalmaq ehtiyacı və içindəkiləri bölüşə bilməmək aclığıdır. İnsan daim tənha olur. Mən indi də tənhayam. Sadəcəyaxınımdakılarla bölüşə bildiyin məqamlar var. Ən yaxınınla da ən yaxın olmursan, əslində. İnsanın ən yaxını özüdür. Ən pisi də gözlədiyin, umduğun insan tərəfindən anlaşılmamaq, yanılmaqdır, xəyanətdir tənhalıq (ah çəkir). Bax, çəkdiyim ahdır tənhalıq. Verdiyim nəfəsdir. İtirdiklərimdir. Hər qarışı daha da doğmalaşan, doğmalaşdıqca, yaxınlaşdığın torpaqdır tənhalıq ki, altında doğmalarım, şəhidlərim yatır. Tənha gəlib, tənha da gedirsən. Bütün bu ətraf aləm ömrünün bəzəkləridir. Məsələn, ailən, valideynlərin, övladların və sair.

 

- Ölüm nədir?

 

- (fikrə gedir) Buna qurtuluş deyək?

 

- Nədən?

 

- Pessimist kimi düşünsək, yaşamaqdan, əzabdan, qayğılardan. Optimist kimi düşünsək, mübarizə aparmaqdan uzaq düşməkdir. Sondur da yəni. Deyəcəksiniz, bəs o dünya? O dünya elə içimizdədirdə. Sən cənnəti burda yaşamadıqdan, hiss etmədikdən, birinə cənnəti yaratmadıqdan sonra o biri dünyanın davasını niyə edirsən? Niyə yaxşılığı içimizdəkivicdana görə yox, Allah qorxusundan edək? Bu, təmənnalı yaxşılıqdır, sünidir. Əsl sevgidə təmənna yoxdur. Mən Allahdan qorxmuram, Allahı sevirəm. O, qəlbimizin ən dərinində, ovcumuzda, kirpiyimizin yaşında, vicdandadır. Onu göylərdə yox varlığımızda axtaraq məncə. Ruhumuzun da sahibi oldur axı. Elə yaşamalısan ki, səndən sonra qalanlar sənin əməllərinlə, qoyub getdiklərinlə fəxr eləsinlər, ondan faydalansınlar.

 

- Şeir və qələm olmasaydı, Bəhruz bu düşüncələrin burulğanından necə çıxardı?

 

- Ürəyi partlayardı yəqin. Uzun müddət şeirdən, sözdən qaçmışam, yazdıqlarımı atmışam. Bir dəftərim vardı. Bir gün hələ məktəb dönəmində o, evdə ifşa olundu və valideynlərim çox təccübləndi ki, bu yaşda bunları yazmaq mümkün deyil. Sən nə yaşayırsan, nə hiss edirsən ki, bunları yazırsan? Yaxşı ki, yaza bilirəm və bunu zamanla qəbul etdim. Əslində, özümü qəbul etməyimə də səbəb sözünə, qələminə güvəndiyim insanların yazdıqlarıma olan xoş yanaşmaları oldu. Bəlkə də az sayda şairlərdənəm ki, kitabım yoxdur, amma Yazıçılar Birliyinin üzvüyəm. Çünki şeirlərim, qələmim gətirib çıxartdı ona. Bəlkə də az sayda şairlərdənəm ki, şeirlərim oxunur və məndən kitab tələb edilir. Mən də hələ baxaram deyirəm.

 

- Nəyə baxacaqsınız?

 

- Bilmirəm. Düşünürəm ki, o kitab çox möhtəşəm olmalıdır.

 

- Mükəmməlliyətçisiz?

 

- İşimdə, elmdə, yazıda hə. Ya yaxşı edəcəksən, ya da etməyəcəksən. Çünki orda sənin adın, soyadın yazılır. Uğura layiq olmağın yolu da budur. Amma mənə olan davranışda mükəmməlliyətçi deyiləm. Yəni, mənəvialəmdə , mənə yanaşmada eybi yoxdur deyə bilirəm, amma o biri sahələrdə yox.

 

- Televiziya və ədəbiyyat yolunuz Flora Xəlilzadənin oğlu olmaq öhdəliyindən idi, yoxsa, daxili ehtiyacınız?

 

- Özümü dərk edəndən televiziyaçı olacam deyirdim. 16-17 yaşımda anamla söhbət edərkən dedim 3 sahəyə çox marağım var: rejissorluq, memarlıq və jurnalistika. Dedi, bala, kim olursan ol, jurnalist olma. Heç vaxt qarışmayıb ixtisasıma, seçimimə. Yəqin ki, düşünüb məni doğru yetişdirib və verdiyim qərarlar da doğru olacaq. Bu, valideynin özünə güvənidir, əslində. Mənsə, bütün bu istəklərimi televiziyada görürdüm. 11-12 yaşımda artıq Pəncərə verilişini aparırdım. Burda mən rejissorluq da edirəm, memarlıq da, jurnalistlik də. Televiziyanı sevirəm və aid olduğum yerdəyəm. Bu da xoşbəxtlikdir. Atam Allahverdi müəllim də bu sahənin adamı olub. Təbii ki, ailə mühitim işimə təsir edib. Çünki televiziyaya gələndə artıq hazır idim, nəyi, necə edəcəyimi bilirdim. Amma heç vaxt Flora Xəlilzadənin adından istifadə etməmişəm. Xoşbəxtəm ki, bu cəmiyyətdə məni tanıyırlar, dəyər verirlər və sonra öyrənirlər ki, kimin oğluyam. Bu, valideyn üçün də fəxarətdir.

 

- O adlı verilişinizlə insanların daxili dünyasına səyahət edirsiniz. Belə bir veriliş yaratmaq ideyası və ehtiyacı hardan qaynaqlandı?

 

- O verilişini sadəcə bir aparıcı kimi təqdim etmirəm , mən O-nu həm də yaşayıram. Orda hər sənətdən, hər sahədən insanlar görə bilərsiniz. O, əslində, mənim özüməm, düşüncələrimdir. Mənə maraqlı olan insanları çağırıram və mənə maraqlı olan sualları verirəm. Sanki onlarla kameraların önündə yox, ikilikdə söhbət edirik. Bu sosial-psixoloji proqramda məqsədim sosial mesajlar ötürmək və insanlara insanlığı aşılamaqdır ki, fərdlər özlərini olduğu kimi qəbul edə bilsinlər, pessimistliyə qapılmasınlar. Çünki bu cəmiyyətin əsas problemi insanlığı dərk etmək, onun üçün mübarizə aparmaqdır.

 

- Yadigarlar verilişiniz isə fərqli konsepsiyadadır.

 

- O mənim özümə, Yadigarlar isə görkəmli şəxslərə olan duyğularım, fikirlərimdir. Bu, mənim ədəbiyyat və şəxsiyyətlərı sevgimin göstəricisidir.

 

- Bu şəxsiyyətlərdən bənzəmək istədiyiniz və ya bənzədiyinizi düşündüyünüz varmı?

 

- Sevdiyim şairlər, yazıçılar, müğənnilər, şəxsiyyətlər var, amma heç vaxt heç kimə bənzəmək istəməmişəm. Məsələn, Flora xanımın yazılarını oxuyaraq böyümüşəm, amma yazılarım ona bənzəmir, tamam fərqlidir. İnsan özü olmağı bacarmalıdır. Nümunə götürə bilərsən, amma başqası olmaq yolverilməzdir.

 

- Bəs özünüzü kimləsə müqayisə etmək?

 

- Burda iki nüans olur. Bəziləri düşünür ki, onda yaxşıdır, başından vurum, məhv edim, mən önə çıxım. Bəziləri isə deyir, onda yaxşıdır, çalışım mən də yaxşı olum. Bu, ədalətli rəqabətdir və mən də bunun tərəfdarıyam. Amma hamının bir güc meyarı var. Heç vaxt boyundan yuxarı atlamaqla nəyəsə nail ola bilməzsən. Məsələn, bizim sahədə ya istedad var, ya da yoxdur. Əgər istedadın varsa, gec-tez mütləq parlayacaqsan. Mane olmaq istəyənlər, arxancadanışanlar sənin öndə olduğunu etiraf edənlərdirəslində. Əsas odur, sən vicdanla çalış.

 

- Oğul Bəhruzla danışdıq, indi istərdim ata Bəhruzu dinləyim. Bir qız övladınız var. Allah saxlasın.

 

- Qızım hansı yaşdadırsa, onunla o yaşda ola bilirəm.Onun hər hərəkətindən, şıltaqlığından, sevgisindən sevinirəm. Onun sevgisi o qədər saf, təmənnasız, böyükdür ki, dünyanın ən möhtəşəm nemətidir. Məncə, insanı insan edən və onu həyata bağlayan valideynlər və övladdır. O məhəbbətdən o yana heçnə yoxdur. Çünki hər ikisində təmənnasızlıq var. Hətta bunu ölçsək, valideyn sevgisi daha alidir. Çünki o, fitrətən gəlir, belə yaranır. Övladın isə sevgisini özün qazanmalısan. Qazandınsa, demək, xoşbəxt valideyinsən və xoşbəxt şəxsiyyət yetişdirə biləcəksən. Sevgi bütün yoxluqlara məlhəm, çarə ola bilir. Ata olmaq möhtəşəm duyğudur. Onu sevirəm !

 

- Özünüzü gələcəkdə harda görürsünüz?

 

- Layiq olduğum yerdə görüm, bəsdir. Hara layiq olduğumu zaman göstərər. Bunun üçün mənim üzərimə düşən isə işləmək, yeni layihələr təqdim etmək və xoş sözə, müsbət fikrə layiq olmaqdır. Uğuru əldə etmək üçün xüsusi heç nə etmirəm. Aid olduğum yerdəyəm və vicdanla işləyirəm. Uğurun açarı da budur. Gözüm yuxarıda deyil, qəlbimdədir.

 

P.S. Müsahibədən sonra həmsöhbətimin üzündəki alatoranlıq çəkilmişdi. Dəhlizə çıxanda təmir bitmiş, hər tərəf işıqlı idi. Yanımca addımlayan Bəhruz bəyə yenidən nəzər salanda onun da üzündə qəribə işığın parladığını gördüm. Fikirləşdim ki, bəlkə də bu, müsahibədən daha çox özünün də dediyi kimi ehtiyacduyduqlarını bölüşməyin rahatlığı idi.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 7 may.- S.17.