Tanınanlardan və tanıdanlardan biri

 

NİZAMİ RƏHMANLININ 70 YAŞINA DOST TƏBRİKİ

 

Xeyirxah, mərhəmətli, qəlbi geniş, vəzifəli bir dostum neçə illər bundan qabaq söhbətlərimizin birində, söz-sözü çəkib hardan gəldisə: - İnsan cib xəsisi ola bilər, - dedi.  Sonra da gülümsəyərək əlavə etdi: - Ancaq gərək söz xəsisi olmayasan... Kiməsə xoş, tərifli söz deyib onu sevindirmək cib xərci istəmir ki...

 

Odur ki, dostun haqqı çatan xoş, tərifli sözləri 70 yaşının tamamında niyə dilimə gətirib, yazıya köçürməyim?! Az qala yazılmamış bir qanundur: doğum günlərində yubilyarın ünvanına ən xoş sözlər deyilir, təriflər yağdırılır. Bu ənənəni indi mən niyə pozum ki?! 55 ildən bəri tanıdığım 70 yaşlı yubilyarın ünvanına niyə xoş, tərifli sözlər yazmayım?! Haqqında söz açdığım yubilyar haqqında qısa bir tanışlıq üçün deyim ki, Azərbaycan Yazıçılar Jurnalistlər birliklərinin üzvü, indiyə kimi 18 kitabın müəllifi olan, Prezident təqaüdünə layiq görülmüş Nizami Rəhmanlı jurnalist kimi əmək fəaliyyətinə Dövlət Televiziya Radio Verilişləri Komitəsində başlayıb. Sonralar isə "Həyat", "Azərbaycan", "Respublika", "Panoroma" kimi nüfuzlu qəzetlərlə əməkdaşlıq edib. 45 ilə yaxın yaradıcılıq fəaliyyəti dövründə onun televiziya radioda hazırladığı verilişlər, jurnalistikanın müxtəlif janrlarında qəzetlərdə çap olunan yazıları tamaşaçı, dinləyici oxucular tərəfindən maraqla qarşılanıb.

 

İndi bu sətirləri yaza-yaza yaddaşım məni 55 il bu gündən qabağa,orta məktəb illərinə aparır. O zaman Nizami ilə Şabranda (keçmiş Dəvəçi) yeganə orta ümumtəhsil ocağı olan, indiki Tofiq Abbasov adına şəhər 1 saylı orta məktəbin yuxarı sinif şagirdləri idik. Yerli rayon qəzetində işıq üzü görən xırda-para məqalələrin altında "Nizami Əliyev" imzasını görəndə şagird dostumun yerə-göyə sığmayan sevincli, parıldayan gözləri indi yadımdadır.

 

 

 

Sonralar Nizami Əliyev imzası o illərin mərkəzi respublika mətbuatına - "Sovet kəndi", "Azərbaycan gəncləri", "İdman" qəzetlərinə yol açdı. Mətbuatda ilk kövrək addımlarını ata-ata, qələmi püxtələşdi. Aradan illər keçəndən sonra imzası kitab müəllifi kimi tanındı.

 

Məlumdur ki, sovetlər dönəmində oçerklərimizin, publisistik yazılarımızın qəhrəmanları əsasən əmək adamları, istehsalat qabaqcılları idi. var ki, SSRİ-nin gerbində oraq-çəkic həkk olunmuşdu, yəni ki, fəhlə-kəndli dövləti idi. Ali Sovetdə deputatların da az qala yarıdan çoxu fəhlə-kəndli sinfinin  nümayəndələri olardı. SSRİ-nin ən yüksək fəxri adlarından olan Sosialist Əməyi Qəhrəmanını alanların çoxu da elə onlar idi. Əlbəttə, fədakar, ağır əməyinin qazancı, halal ruzisi ilə dolananlar da az deyildi. Ancaq burası da var idi ki, saxta əmək qəhrəmanları bir yana, heç bir xalqı, milləti, hətta qədər adlı-sanlı, məşhur olsa da, çobanı, sağıcısı, pambıqçısı, şaxtaçısı, neftçisi - bir sözlə, hansısa əmək qəhrəmanı, istehsalat qabağcılı şöhrətləndirməyib, dünyaya tanıtmayıb.

 

sovetlərin süqutundan, sovet ideologiyasının buxovlarından azad olandan sonra elə jurnalistlərimiz bir növ öz mövzu axtarışlarında azadlığa qovuşdular. Nizami Rəhmanlının tanınmış yazıçı-publisist Sadıq Elcanlının yazdığı "Ön söz"lə işıq üzü görən "Bir ağacın budaqları" adlı ilk kitabının qəhrəmanları bəs kim idi?! Əslən Şabrandan (o illərdə Dəvəçi) olub, təkcə həmyerlilərinin öyünüb, qürur duyduqları deyil, respublikamızın hüdudlarından kənarda belə tanınan şöhrətli insanlar.

 

"Bir budağın yarpaqları" kitabında soy-kökü olan Rəhmanlı şəcərəsinin şərəfinə özünə təxəllüs kimi müəllif imzası götürən Nizami yaxından tanıdığı həmyerliləri haqqında qürurla söz açır. Kitaba daxil edilən bir-birindən maraqlı on oçerkin qəhrəmanlarına baxaq...

 

"Uzaq ulduzların işığı" oçerkində Nizami Rəhmanlı Leninqrad Dövlət Universitetinin məzunu, Kosmik Tədqiqatlar Elmi Tədqiqat İnstitutunun direktor müavini, daha sonra Şamaxı Rəsədxanasının direktoru vəzifəsində çalışmış, kosmik tədqiqatlar üzrə sovetlər dönəmində İttifaqda belə yaxşı tanınan görkəmli mütəxəssis alim Alik Abbasovun ömür yolunu səhifələyir.

 

"Sənətin sehri" adlı yazıda isə 20 ildən çox Bakı Xoreoqrafiya Məktəbinə rəhbərlik edən, tamaşaçılara yaxşı tanış olan "Bizim küçə" filmində baş rolun ifaçısı, adlı-sanlı baletmeyster, Əməkdar incəsənət xadimi Rima Məmmədovadan söz açır.

 

Kitabda yer alan digər bir oçerkin qəhrəmanı isə müstəqil Azərbaycanımızın bir müddət hərbi komissarı olmuş polkovnik Faiq Bağırovdur.

 

"Çıraqqala yurdunun övladları" adlı kitabında müəllif əslən Şabrandan olan tanınmış həmyerliləri haqqında oxuculara qısa, ensiklopedik məlumat verir.

 

Yaxşı tanıdığı, bəziləri ilə oturub-durub dostluq etdiyi, bəzilərinə hətta qohumluğu çatan öz şöhrətli həmyerlilərindən bəhs edilən kitablarından sonra Nizami Rəhmanlı qəhrəmanlarının coğrafi mənsubiyyət dairəsini genişləndirdi. Vətəndən uzaqlarda yaşayıb çalışan, qəlbən yurd-yuvaya bağlı olan, doğma Azərbaycanımızı şöhrətləndirən eloğlularımızın axtarışına çıxdı. Bu axtarışların yekunu kimi bir-birinin ardınca yeni kitabları çap olundu. "Tanınanlar-tanıdanlar" kitabında Nizami Rəhmanlı məhz o cür adlı-sanlı həmvətənlərimizdən söz açır. Oxucular tərəfindən maraqla qarşılanan "Bu şəhərdə mənə doğma kimsə var" kitabı isə, bütövlükdə, Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycan diasporunun üzvlərinə həsr olunub.

 

 

 

Hələ ki işıq üzü görən axırıncı kitabını - "Kəndimizin adamları" isə N.Rəhmanlı doğulub boya-başa çatdığı kənddən - əslən Əmirxanlıdan olan adlı-sanlı həmkəndlilərinə həsr edib.

 

Yaşının ahıl çağlarında paytaxtdakı rahat ev-eşiyini qoyub ömür-gün yoldaşı ilə doğma ata-baba yurduna qayıdıb yeni bir ocaq quran, neçə illər Əmirxanlıda yaşayırmış kimi kəndin ləhcəsi ilə danışan, el ağsaqqalına çevrilən, böyüklə böyük, kiçiklə kiçik, atamla isti münasibətləri olduğundan mənə "qardaşoğlu" deyən, təbii ki, mənim də ürəklə "əmi" dediyim, qəbri nurla dolmuş Abdulkərim Bağırov... Polkovnik Faiq Bağırovun hərbçi atası, mayor, rəhmətlik Abdulkərim əmi... Əməkdar incəsənət xadimi, şair, telejurnalist, unudulmaz insan Ağalar Mirzə... Bir müddət Yasamal RİH-nin başçısı, sonralar respublikamızın Qırğızıstanda fövqəladə və səlahiyyətli səfiri olmuş Arif Ağayev, pedaqoji elmlər doktoru, professor Mübariz Əmirov, Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru Faiq Şahbazlı və digər əmirxanlılar haqqında bu kitabda qürur hissi ilə söhbət açılır, onlar oxuculara daha yaxından tanıdılır. Ötən əsrin 50-ci illərində ADU-nin Tarix fakültəsini bitirən qrup yoldaşlarından bəziləri sonralar tarix elmləri doktoru, professor olsa da, özü əyalətdə yaşaya-yaşaya doğma bölgənin tarixini alim kimi araşdıran, heç bir elmi dərəcəsi olmayan siravi müəllim Nurbala Quliyev, sovxozda fəhləlikdən öz zəhməti, əməyi ilə RİH  başçısının müavini vəzifəsinə yüksələn, dünyasını vaxtsız dəyişən (nə yazıqlar ki!) Müzəffər Ağayevbu fəxri siyahıdadır.

 

Nizami Rəhmanlı hələ ki axırıncı (axarıncı olsun) kitabında elə indi də, yaşının bu ahıl çağında yenə arabir şeir yazdığını nişan verir. Uşaqlar üçün yazılan bu şeirlərin "balaca qəhrəmanları" özünün əziz-girami  nəvələridir. Qələmindən çıxan misralar isə, ürəyindəki baba duyğularını dilə gətirməyən bir çox soyuqqanlı, necə deyərlər, ağır oturub batman gələn bəzi babalardan fərqli, öz nəvələri ilə nəfəs alan, ömrünün ahıl çağlarında uşaq kimi onlarla oturub-duran istiqanlı bir babanın nəvələrinə həsr etdiyi gətirdiyi ürək sözləridir.

 

Nizami Rəhmanlı istedadlı bir jurnalist kimi imzasını tanıdandan sonra qələmini bədii nəsrdə də sınadı və indi ədəbiyyatımızda məxsusi yerləri olan yazıçıların, 1980-ci illərin əvvəllərində hələ imzaları yenicə görünən cavan qələm sahiblərinin yaradıcılıq nümunələrindən ibarət "Səhər" adlı topluda ("Gənclik" nəşriyyatı, Bakı, 1984) onun da az qala povest həcmində olan "Hələ yaz gəlməmişdi..."adlı irihəcmli hekayəsi yer aldı. Aradan 40 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də o hekayə öz koloriti, arxaik yox, unudulmaqda olan sözlərimizdən yerində istifadə edilməsinin mətnə gətirdiyi şirinliyi ilə yadımdadır. Nizami Rəhmanlı o uğurlu debütündən sonra, təəssüf (bəlkə də nə yaxşı!) ki, özünü tamamən publisistikaya həsr etdi.

 

Yazıya sərlövhə fikirləşərkən yadıma Nizami Rəhmanlının kitablarından birinin adı düşdü: "Tanınanlar, tanıdanlar". Bu gün Nizami Rəhmanlının özü də tanınan və tanıdanlardan biridir.

 

Aydın TAĞIYEV

AYB Şabran bölməsinin rəhbəri

 

525-ci qəzet.- 2022.- 7 may.- S.16.