Döyüşə diplomatlar gedəndə...

 

SƏFİR HƏSƏN HƏSƏNOVUN "TOPLARIN GURULTUSU ALTINDA DİPLOMATİYA" KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR

Məşhur ifadədə deyilir ki, yalnız hərbçilər işlərini qurtarandan sonra diplomatların fəaliyyəti üçün meydan açılır. Bu nə qədər doğrudur? Həmişəmi belə olur? Görkəmli ictimai-siyasi xadim, tarixçi alim, səfir Həsən Həsənovun "Topların gurultusu altında diplomatiya" kitabı geniş yayılmış fikrin əksini sübut edir. Kitabla tanışlıqdan sonra bir daha inanırsan ki, bəzən diplomatlar hərbçilərin hünəri sayəsində meydana çıxan yeni reallıqların təsbiti ilə məşğul olmurlar. Əksinə, toplar və tüfənglər diplomatiyanın dəqiq koordinatlarını əvvəldən müəyyən etdiyi hədəflərə atəş açır. Beynəlxalq hüquq normaları, milli-vətənpərvər mövqe əsasında ortaya qoyulmuş diplomatk sənədlər zamanı çatanda zəfərə aparan yola bələdçilik edir. Həsən Həsənovun rəhbərliyi ilə Azərbaycanın BMT yanındakı Daimi nümayəndəliyinin 1992-1993-cü illərdəki məqsədyönlü fəaliyyəti və bu fəaliyyət nəticəsində Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd məlum qətnamə fikrimizin əyani sübutudur.

 

1992-ci ilin aprelində müstəqil Azərbaycanın ilk Baş naziri vəzifəsindən ayrılan Həsən Əziz oğlunun eyni gündə də BMT-yə Daimi nümayəndə təyin olunmasını bəziləri əvvəlcədən qurulmuş kombinasiya, yaxud "sakit liman" axtarışı kimi qiymətləndirdilər. Həsən müəllimi yaxşı tanımayanlar yəqin düşünürdülər ki, o, siyasi ehtirasların qızışdığı, vəziyyətin gün-gündən çətinləşdiyi ölkədən uzaqlaşıb sadəcə rahat həyatını yaşamaq niyyətindədir. Əslində isə çox az adam keçmiş Baş nazirin ön atəş xəttinə yollandığının fərqində idi. Çünki həmin dövrdə Qarabağ uğrunda mübarizə yalnız cəbhədə deyil, həm də siyasi müstəvidə gedirdi. Daha taleyüklü, uzaq perspektivə hesablanmış qərarlar beynəlxalq qurumlar çərçivəsində, diplomatik təsisatlarda qəbul edilirdi. Belə qurumlardan ən mühümünə - BMT-yə böyük dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, siyasi fəhm və cəsarət, millilik və vətənpərvərlik, prinsipiallıq və mübarizlik kimi keyfiyyətləri təbiətində, fəaliyyətində birləşdirən Həsən Həsənov kimi bir dövlət adamının göndərilməsi olduqca düzgün seçim idi.

 

Nyu-Yorkda Üçüncü Respublikanın ilk səfirini biri-birindən çətin işlər gözləyirdi. İlk növbədə qarşıda BMT yanında Azərbaycan Nümayəndəliyini yaratmaq, texniki-təşkilati məsələlərini həll etmək, operativ və effektiv fəaliyyətinə nail olmaq vəzifəsi dayanırdı. Yeni, müstəqil dövlət kimi Azərbaycanı beynəlxalq miqyasda tanıtmaq, xalqımızın səsini dünya birliyinə çatdırmaq lazım idi. Ən başlıcası isə ölkəmizin qonşu Ermənistan tərəfindən üzləşdiyi ərazi iddiaları, silahlı münaqişə və işğal faktına mötəbər qurumun - BMT-nın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan adekvat münasibətini təmin etmək tələb olunurdu. Heydər Əliyev məktəbi keçmiş bilikli, bacarıqlı dövlət adamı olsa da, yeni fəaliyyət sahəsi (həm də BMT kimi nəhəng, müxtəlif maraqların kəsişdiyi bir təşkilatda!) Həsən müəllim üçün debüt idi. Amma ağsaqqal dostumuzun debütantlığı yəqin, çox qısa sürmüşdü. Tezliklə BMT personalı və müxtəif ölkələrdən olan çoxillik iş təcrübəsinə malik karyer diplomatlar qarşılarında sanki bütün həyatını diplomatiyaya həsr etmiş çevik və yetkin, məharətlə manevr etməyi, ən başlıcası isə sona qədər mübarizə aparmağı bacaran bir həmkarlarını görmüşdülər.

 

Kitabın rus nəşrinin redaktoru və ön söz müəllifi, tanınmış macar diplomatı, 1990-1994-cü illərdə Macarıstanın BMT yanında Daimi nümayəndəsi (1992 və 1993-cü illərdə həm də TŞ-da Macarıstan nümayəndəsi) Andre Erdöş Budapeştdəki görüş və söhbətlərimiz zamanı Həsən Həsənovun Nyu-Yorkdakı fəaliyyətindən heyranlıq hissi ilə danışırdı. Və deyirdi ki, yalnız öz ölkəsinə, xalqına son dərəcə bağlı olan yüksək məsuliyyət hissinə malik insanlar bu cür fədakarlığa qadirdirlər.

 

Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq münasibətlər sistemində ilk addımını atdığı dövrdə BMT tipli qurumlara etimad hələ yetərincə güclü idi. Ona görə də Təhlükəsizlik Şurasının hər qətnaməsi qəbul olunanda xalqda inam yaranır, dünyanın belə qalmayacağı, işğalçıya "Dur!" deyən qüvvənin tapılacağı ilə bağlı ümidlər çoxalırdı. Bu mənada Nyu-Yorkda gecəni gündüzə qatıb çalışan səfir Həsən Həsənov müəyyən mənada əlini həm də Bakıdakı ictimai-siyasi proseslərin üzərində saxlayırdı. Ən azı ölkəmizi diqqət mərkəzinə çıxarmaqla insanlara səbir, dözüm və iradə aşılayırdı.

 

İş təcrübəmdən nəinki çoxtərəfli, hətta ikitərəfli diplomatiyada da müəyyən bir sənədin milli maraqlara cavab verən şəkildə qəbul edilməsinin nə qədər çətin olduğunu, hər söz, hər ifadə, az qala hər durğu işarəsi uğrunda mübarizə aparmaq lazım gəldiyini yaxşı bilirəm. Üstəlik, qarşı tərəfdə böyük dəstəyə və geniş əlaqələrə malik "əzabkeş millət" dayanırsa, mübarizənin çətinliyi qat-qat artır. Üstəlik də, bu qərarlar erməni lobbisinin çox güclü olduğu bir ölkədə - ABŞ-da qəbul olunursa, onların yüksək siyasi pilotaj nümunəsi kimi meydana çıxdığını sübut etməyə əlavə ehtiyac qalmır.

 

Həsən Həsənovun BMT-də Daimi nümayəndə kimi fəaliyyəti müstəqil Azərbaycanın ən fırtınalı dövrünə təsadüf etmişdi. Biri-birinin ardınca Şuşa, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl və digər rayonlarımız işğal olunmuş, böyük sayda qaçqın və köçkün ordusu yaranmışdı. Humanitar fəlakətin bir addımlığında idik. Dünya isə Azərbaycan torpaqlarının işğalından, xalqımızın soyqırıma uğramasından, maddi-mədəniyyət abidələrimizin vəhşicəsinə dağıdılmasından daha çox "qədim və məğrur Qarabağ ermənilərinin" milli müstəqillik savaşından danışırdı. Məhz belə bir şəraitdə Həsən müəllimin başçılığı ilə Nyu-Yorka göndərilən kiçik missiyamız TŞ sədrinin bəyanatlarının səslənməsinə, işğal faktları ilə bağlı qətnamələrin qəbul edilməsinə nail oldu. Şübhəsiz, bu, ciddi diplomatik qələbə idi.

 

Həmin sənədlərdə ilk dəfə Azərbaycanın suverenliyi və torpaq bütünlüyü, beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı və güc tətbiqi ilə yeni ərazilər əldə olunmasının yolverilməzliyi kimi mühüm, prinsipial müddəalar öz əksini tapmışdı. Bir az dumanlı şəkildə deyilsə də, təcavüzkarın məhz Ermənistan olması diqqətə çatdırılmışdı. Hərbi əməliyyatların dərhal dayandırılması tələbi irəli sürülmüşdü. Əslində beynəlxalq hüququn əlifbası sayılan tələblərin BMT sənədində öz əksini tapması üçün Ermənistanın və havadarlarının müqavimətini qırmaq lazım gəlmişdi. Deyirlər ki, əvəzedilməz kadrlar yoxdur. Amma bəyanat və qətnamələrin necə böyük çətinliklə, mürəkkəb siyasi-intellektual mübarizə şəraitində qəbul olunduğunu izlədikcə, bu işin öhdəsindən yalnız Həsən müəllim kimi yüksək əqli və mənəvi keyfiyyətlərə, iradə gücünə malik bir şəxsin gələ biləcəyini düşünürsən...

 

Azərbaycanın müasir tarixi və Dağlıq Qarabağ münaqişəsinin hərbi-siyasi yolla həlli baxımından BMT TŞ-nın dörd qətnaməsi ötən yüzilliyin mühüm sənədlərindən biridir. Otuz ilə yaxın müddət ərzində müxtəlif səviyyəli danışıq və müzakirələrdə dəfələrlə həmin sənədləri, onlarda əksini tapmış prinsipial tələbləri ən etibarlı alibimiz kimi ortaya qoymuşuq. Vladimir Kazımırov kimi, Roma papasından çox katolik olmağa çalışan bir-iki nəfər ermənipərəstlik mərəzinə yoluxmuş xəstə təfəkkürlü "xadimləri" çıxmaq şərti ilə heç kəs bu alibini inkar etmək, dəyərdən salmaq fikrinə düşməyib.

 

2002-ci ilin fevralında Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilk dəfə geniş və açıq müzakirə məqsədi ilə Milli Məclisinin müzakirəsinə çıxarılmışdı. İclasa ictimaiyyətin nümayəndələri - tanınmış ziyalılar, siyasi partiyaların nümayəndələri, KİV təmsilçiləri də dəvət edilmişdi. Milli Məclisin iclasından əvvəl mərhum Prezident H.Əliyev BMT TŞ-nın 4 qətnaməsini Azərbaycan dilinə çevirib mətbuatda dərc etdirməklə bağlı göstəriş verdi. Həmin vaxta qədər yalnız "xidmət istifadə üçün" qrifi altında saxlanan bu sənədlərin rus və ingilis dilli versiyalarından istifadə olunurdu. Məlum səbəblərdən - açıq mətnlə işğalçı və təcavüzkar kimi göstərildiyindən erməni tərəfi də onun ictimailəşməsinə maraq göstərmirdi.

 

Təbii ki, tərcümə rəsmi səciyyə daşımalı idi. Ona görə də qətnamələrin Azərbaycan mətnini hazırlamaq üçün rəsmi statusa malik tərcüməçilər - AzərTAC-ın əməkdaşları cəlb edildi. İlkin versiya hazır olandan sonra Prezident mətnlə şəxsən tanış oldu. Hətta zarafatla özünün siyasətçi, mənim isə filoloq kimi tərcümənin dəqiqliyinə, ifadəliliyinə məsuliyyət daşıdığımızı bildirdi. Bəzi dəqiqləşdirmələr aparıldı, kiçik düzəlişlər edildi. Yalnız bundan sonra məşhur sənəd tam şəkildə, həm Azərbaycan, həm də rus dilində ölkəmizin mərkəzi qəzetlərində dərc edildi.

 

Xatirimdədir ki, qondarma "Dağlıq Qarabağ respublikası", eləcə də Ermənistan BMT TŞ sənədlərinin ictimailəşdirilməsinə sərt, ağrılı reaksiya verdi. Azərbaycan tərəfini bu yolla danışıqlar prosesinin konfedensiallığını pozmaqda suçladı. Separatçıların narahatlığı və qorxusu başa düşülən idi. Qətnamələrin geniş ictimaiyyətə təqdim olunması beynəlxalq birliyin mövqeyi kimi erməniləri müəyyən mənada tərksilah edir, onların işğalçı siyasətinin mahiyyətini üzə çıxarırdı. "Miatsumun" guya Qərbdə və ABŞ-da rəsmən etiraz doğurmaması haqda erməni yalanları faş olunurdu.

 

Təbii ki, on illik tarixə malik bu spesifik sənədlərlə tanışlıq Milli Məclisdəki müzakirələrin daha predmetli aparılmasına təsirsiz qalmadı. Çıxış edənlərin çoxu onların vacibliyini və işğal faktının aradan qaldırılması istiqamətində zəmin rolu oynayacaqlarını dönə-dönə vurğuladılar. Həmin tarixi iclasda o zaman MM üzvü olan BMT-də ilk Daimi nümayəndəmiz və keçmiş xarici işlər naziri Həsən Həsənov özü də iştirak edirdi və yəqin ki, xitabət kürsüsündə biri-birini əvəz edən natiqləri dinlədikcə xəyalən Nyu-Yorka qayıdır, olub-keçənləri bir-bir yaddaş süzgəcindən keçirirdi.

 

 

 

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ" regionu ilə bağlı qətnamələrin böyük siyasi əhəmiyyətini vurğulamaqla birlikdə etiraf etmək lazımdır ki, indiyə qədər TŞ yalnız Qarabağ deyil, dünyadakı digər münaqişə ocaqları ilə əlaqədar da çoxsaylı sənədlər qəbul edib. Məsələn, elə qonşu Gürcüstanın ayrılmaz tərkib hissəsi - Abxaziya ilə bağlı 1993-sü ildə qəbul edilmiş 6 qətnamə ( 849, 854, 858, 876, 881, 892) mövcuddur. Amma Azərbaycanın qəhrəman nümunəsi istisna olunarsa, BMT sexindən çıxan qətnamələr əsasında bir qarış da torpaq azad edilməyib, bir işğalçı da haqlı cəzasını almayıb. Amma bu, heç bir halda keçmiş Dağlıq Qarabağ bölgəsi ilə bağlı dörd qətnamənin əhəmiyyətini azalda bilməz. Çünki onlar hüququ pozulan, haqqı tapdanan ölkə və xalq üçün zəruri kart-blanş idi. Dünyanın göz yumduğu ədalətsizliyi öz gücü və imkanları ilə islah etməyə verilən səssiz razılıq idi. Eyni zamanda Qarabağda, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq xülyasına düşən separatçı qüvvələrin ümid və arzularının altına qoyulmuş gec partlayan mina idi. Və nəhayət, həm də düşmən üzərindəki ilk mühüm siyasi-mənəvi qələbəmiz idi. Otuz ilə yaxın müddət ərzində dörd qətnamə Damokl qılıncı kimi separatçıların başı üzərindən asılmışdı və bu qılınc günün birində torpaqlarımıza uzanan düşmən pəncəsini mütləq kəsib atmalı idi. Həmin şanlı tarix 2020-ci il sentyabrın 27-də başladı və noyabrın 10-da Ermənistanın kapitulyasiyası ilə başa çatdı. Və bundan sonra qələbəmizin memarı, Ali Baş Komandan İlham Əliyev qəhrəman Azərbaycan əsgərinin BMT-nin indiyə qədər icra mexanizmi tapılmayan dörd məlum qətnaməsini həyata keçirdiyini dünyaya bəyan etdi.

 

"Topların gurultusu altında diplomatiya" kitabı böyük qələbənin qazanılmasına diplomatlarımızın da ilk gündən bütün iradə, qüvvə və bacarıqlarını sərf etdiklərini göstərən sənədli tarixdir.

 

Həsən Həsənov uzun illər Azərbaycan Cümhuriyyətinin qurucularından birinin - Əlimərdan bəy Topçubaşovun siyasi-publisist irsini öyrənib. Çoxillik axtarışlar və gərgin zəhmət bahasına seçilmiş əsərlərinin dördcildliyini (bir qədər təvazökarlıqdan uzaq səslənsə də, layihənin reallaşmasında moskvalı tarixçi Salavat İshakovla birlikdə mən də yaxından iştirak etmişəm) çapa hazırlayıb. Hər cür müqayisə qüsurlu olsa da, Əlimərdan bəyin Parisdəki fəaliyyəti ilə Həsən müəllimin Nyu-Yorkda gördüyü işlər arasında müəyyən paralellər aparmaq, analogiya axtarmaq mümkündür. Həm də bənzərlik yalnız bioqrafiyalarının Azərbaycan ictimai-siyasi və mədəni fikrinin mühüm mərkəzlərindən olan Tiflislə bağlılığında deyil. XX əsrin əvvəllərində Ə.Topçubaşov, sonunda isə H.Həsənov Azərbaycanın maraq və mənafelərinin müdafiəsində bütün qüvvə və imkanlarını ortaya qoymuşdular. Hər ikisi suverenlik qazanmış ölkənin ilk diplomatik missiyasına rəhbərlik etmişdi. Paris Sülh konfransında Birinci Respublikanın dövlət müstəqilliyinin de-fakto qəbul olunmasında Ə.Topçubaşovun, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasında isə H.Həsənovun fəaliyyəti eyni dərəcədə mühüm və oxşardır. Və aradan onilliklər keçəndən sonra sanki biri-birini tamamlamışdı. Bu mənada "Toplarım gurultusu altında diplomatiya" kitabı da "Paris məktubları"nın davamı sayıla bilər.

 

Bu ibrətamiz kitabın ilkin variantı ilə üç il əvvəl, əlyazması şəklində tanış olmuşdum. Əsəri nəşrə hazırlayarkən Həsən müəllim mətndə əhəmiyyətli dəyişikliklər aparıb, yeni bölmələr artırıb. Mövzunun hərtərəfli işıqlandırılmasının bəzən sırf inzibati-dəftərxana üslubu tələb etməsinə baxmayaraq, müəllif sırf rəsmi hadisə və faktları da cəlbedici şəkildə təqdim etməyi, oxucunu intizarda saxlayan düşündürücü süjet qurmağı, kolliziyalar yaratmağı bacarıb. Kitabın janrını yəqin ki, sənədli tarixi-siyasi memuar kimi müəyyən etmək daha düzgün olardı. Burada siyasi publisistika ilə missiyamızın dinamik fəaliyyətinin yarımbədii təsviri, mürəkkəb diplomatik proseslərin peşəkar təhlili ilə maraqlı informasiya blokları biri-birini uğurla tamamlayır. Nəticədə əsərin səhifələrini çevirdikcə həm orta əsrlər Niderland rəssamı Piter Breygelin (Böyük) məşhur "Babil qülləsi" tablosunu xatırladan BMT-nin, həm də çox üzlü, çox simalı ABŞ-nın müxtəlif rakurslardan göstərilən bitkin obrazları ilə rastlaşırsan.

 

Azərbaycanda orta məktəb şagirdlərindən tutmuş pensiyaçılara qədər az qala hər kəsin haqqında eşitdiyi "dörd qətnamənin tarixi" mütləq yazılmalı idi. Çünki bu taleyüklü sənədlər təşəkkül mərhələsini yaşayan üçüncü Respublika diplomatiyasının şəksiz uğurudur. Gələcəyə ünvanlanan sənəd, Qarabağ düyünün açılmasına bir vəsilədir. Hamının bilməli olduğu tarixdir. Və nə yaxşı ki, bu işi sadəcə quru faktlara, cansız sənədlərə istinad edən sıradan bir tarixçi görmədi. Prosesin əsas hərəkətverici qüvvəsi olan, onun hər anını yaşayan, ağlının və hissinin prizmasından keçirən və sonda uğurla başa çatdıran Həsən müəllim ürəyinin istisini, zəkasının işığını da qataraq özü yazdı. Və bununla da hələlik ciddi əsərlərlə o qədər də zəngin olmayan diplomatiya tariximizə mühüm bir töhfə verdi.

 

Çox istərdim ki, orijinalı rusca qələmə alınan (fikrimcə, rusca yazılması daha geniş dairədə yayılmaq baxımından onun şəksiz məziyyətlərindən biridir) bu kitab tezliklə Azərbaycan dilinə tərcümə olunsun və geniş oxucu kütləsinin əqli mülkiyyətinə çevrilsin. Çünki burada yalnız özünü sabahın diplomatları kimi görən gənclərin deyil, müstəqillik tariximizlə maraqlanan orta statistik azərbaycanlının da öyrənməli olduğu çox mətləblər - ən başlıcası isə hüdudsuz Vətən sevgisi, yurd təəssübkeşliyi, xalq və ölkə qarşısında yaşanan məsuliyyət hissi var.

 

Vilayət QULİYEV

Filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2022.- 7 may.- S.14;15.