Günəş bir olar...  

 

 

Hər birimizin içində vətəndaş olaraq Ulu öndər Heydər Əliyevə bir borc hissi yaşayır... Qüdrəti və xalqa məhəbbəti ilə Günəş ucalığında dayanan bu dahi insanın boynumuzda elə haqqı var ki, onu qaytarmağa bir ömür azlıq edər. Heydər Əliyev elə bir düha idi ki, bütöv bir xalqın taleyi məhz onun fəaliyyəti, cəsarəti, mübarizəsi, nurlu əməlləri ilə həll edildi. Heydər Əliyevin müdrikliyi, kamalı cahanda bütün əyriliklərə, naqisliklərə, hətta qara ölümün özünə belə qalib gəldi.

 

Hərdən özümü elə xoşbəxt sanıram ki... Mən onun adını lap uşaqlıq illərimdən eşitmişdim. Qohum-əqrabaları ilə yaxından tanış idim. Bəziləri ilə lap bir yerdə böyümüşdük. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanda dünyaya gəlmişdi. Bu qədim şəhərdə təhsil almışdı. İstər orta, istərsə də ali məktəbdə oxuyanda həmişə yay tətillərində Qarakilsəyə (indiki adı Sisian) gələr, Comərdlidə, Urudda olar, qohum-əqrəbaları ilə görüşərdi. Hər iki kənddə çoxlu uşaqlıq və gənclik dostu var idi.  Mənim doğma kəndim Urudun hüsnünə bir ayrı gözəllik gətirən Bazarçayı çox sevərmiş. Ən hündür qayadan çaya tullanarmış. Urudda sonralar həmin qayaya "Heydər qayası" deyərdilər. Uşaqlıq dostlarından biri, indi haqq dünyasında olan Sabir Tahirov mənə danışardı: "Bir gün çaydan çıxıb yastı qayanın üstündə uzanaraq özümüzü günə verirdik. Birdən Heydər dedi: "Kaş adamı aparıb Bağırovun (M.C.Bağırov - F.X.) yerinə qoyalar". Kimin ağlına gələrdi ki, bu sözləri ona söylədən fəhmin gücüdür. Hətta II Dünya müharibəsi illərində Naxçıvandan Qarakilsəyə piyada gələr, həmkəndliləri üçün çiynində-dağarcıqda duz, digər azüqələr gətirərmiş.

 

Sonrakı illərdə də Heydər Əliyev ata və ana yurdunu unutmadı. Onun gənclərə məsləhətlərindən biri də bu idi ki, ali təhsil aldıqdan sonra mütləq doğma ocağa qayıtsınlar. Kəndlər boşalmasın. Bir hadisəni heç unutmuram. Bizim camaat çox əziyyətlə Qafan və Naxçıvan istiqamətində qatarla Bakıya gəlib- gedərdilər. İki gün vaxt itərdi. 1974-cü ildə Bakı- Sisian avtobuz marşrutunun açılması Heydər Əliyevin həmvətənlərinə ən böyük hədiyyəsi oldu. Az sonra Bakı-Gorus təyyarə xətti işə düşdü. Sevincimizin həddi-hüdudu yox idi. Düz 45 dəqiqəyə evimizdə olurduq.

 

Bu yazımda mənim uşaqlıqdan sevdiyim, bir cəsarətli xanımı da xatırlamaq istəyirəm ki, onun həyatında Ulu öndərin böyük xeyirxahlığı olub. Güllər Babayeva - bu xanımın bioqrafiyasında bu gün çoxuna örnək ola biləcək hünər nümunələri var. Mən hələ uşaq ikən onun haqqında əfsanəyə bənzər söhbətlər eşidirdim. O, ötən əsrin 60-cı illərində Sisian rayon Partiya Komitəsində katib işləyib. İrəvanda plenum keçirilib. Profilə görə yığıncaqda  ancaq Ermənistanın rayon partiya komitələri və digər sahələrə rəhbərlik edənlər, yəni birinci şəxslər iştirak edirdilər. Sisian rayon Partiya Komitəsinin birinci katibi hansısa səbəblər üzündən həmin məclisə gedə bilməyib. Bu iş Güllər Babayevaya tapşırılıb.

 

Plenumun işində o vaxt SSRİ-də ad çıxarmış, Lenin haqqında bir sıra yazıların müəllifi kimi tanınmış Marietta Şaqinyan da iştirak edirmiş. İclas zamanı ermənilər Şaqinyana belə suallar veriblər: "Bizim "Böyük Ermənistan" arzumuz nə vaxt reallaşacaq? Bizim Türkiyə və Azərbaycan ərazilərinə qatılmış torpaqlarımız nə vaxt qaytarılacaq?" Maraqlıdır ki. Şaqinyan soydaşlarına belə cavab verib: "İndi sovet hökuməti vaxtıdır. Bu məsələləri hələ ciddi şəkildə qaldırmaq olmaz. Hər şeyin öz vaxtı var. Amma siz öz körpələrinizin qulağına hələ beşikdə ikən deməlisiniz: "Türk sənin düşmənindir. Sən "Böyük Ermənistan"ın qurucusu olmalısan, sənin ana torpaqların Türkiyənin və Azərbaycanın ərazisindədir".

 

Təbii ki, ermənilərin yuxarı eşalonunda əyləşənlər zənn etmirdilər ki, salonda azərbaycanlı var. Amma Güllər xanımı təbii ki, tanıyanlar var idi. Hətta biri "canyanananlıqla" onun qulağına pıçıldamışdı: "Özünü qoru, çətin sən Sisiana salamat qayıdasan". Güllər Babayeva soyuq qış günündə başqaları şübhələnməsin deyə, paltosunu qarderobdan almadan birbaşa aeroporta getmiş, oradan da təyyarə ilə Bakiya uçmuşdur. Bakıda SSRİ hökumətinin rəhbərlərinə teleqramlar vuraraq  plenumdakı söhbətlərin mahiyyətini bildirmişdir. Doğrudur, həmin vaxt SSRİ hökuməti bu işə dərhal reaksiya verərək Ermənistan KP MK-nın birinci katibi Koçinyanı tutduğu vəzifədən azad etdi. Bu məsələlərdə Güllər xanıma kömək edən də məhz Heydər Əliyev olmuşdur.

 

Əslində ermənilər Heydər Əliyevdən çox çəkinirdilər. Onun qorxusundan azərbaycanlılara bir kəlmə də turş söz deyə bilməzdilər. Elə ki, 1987-ci ildə Heydər Əliyev vəzifədən və Siyasi Bürodan getdi, sanki ermənilərin qurumuş qanqallarına həyat gəldi. Dərhal öz şeytan əməllərini həyata keçirməyə başladılar. İlk torpaq iddiları Qarakilsədə baş qaldırdı. Əvvəlcə Uruda məxsus yaylaqlar və əkin sahələri alınaraq ermənilər yaşayan kəndlərə verildi. Bizim əlehimizə kitablar  çap edildi, təbliğatlar aparıldı, azərbaycanlılar incidilməyə başlanıldı. Sonra da... Hər şey bəllidir. Qarabağ kartını ortaya ataraq nəinki Zəngəzurda, bütövlükdə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı 1988-ci ilin soyuq qış günlərində dədə-baba yurdlarından min cür vəhşiliklə qovdular. Halbuki Heydər Əliyev vəzifədə olsaydı və yaxud da ermənilərin dəyirmanına su tökən namərdlərimiz naxələflik etməsəydilər, bəlkə də başımıza bu faciələr gəlməzdi.

 

Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev ölmüş ümidlərimizi cana gətirdi. Anladıq ki, biz yiyəsiz və rəhbərsiz deyilik. Məhz son hadisələr və dəmir yumruğun sahibi İlham Əliyevin qalib davamçı olması əzəmətlə təsdiqlədi ki, Ulu öndərin ideyaları həmişəyaşardı.

 

Yenə də xatirələrin işığı məni keçən əsrə apardı. Heç unutmadığım əziz günlərdən biri. Ulu öndərlə mən ilk dəfə göyün yeddinci qatında görüşmüşəm. 1994-cü ildə böyük bir nümayəndə heyəti Heydər Əliyevin rəhbərliyi ilə Türkiyəyə - Məhəmməd Füzulinin 500 illik yubiley mərasiminə gedirdı. Allahın bir lütfi idi ki, mən də o heyətə salınmışdım. Bizi aparan təyyarə göyə qalxandan bir qədər sonra jurnalistləri Heydər Əliyevın yanına dəvət etdilər. Bizimlə elə səmimi və mehriban görüşdü ki... Hər birimizin əhvalı ilə maraqlandı. Sonra da əlavə etdi ki, indi sizə sualı özüm verəcəm, görüm dilimizin incəliklərini necə bilirsiniz. Qəribədir ki, bəzi həmkarlarım karıxıb qalmışdılar. Hətta "gılıf" sözünün mənasını da bilməyənlər oldu. Mənə verdiyi sual indiyə kimi yadımdan çıxmayıb. "Kır-kıra nədir?" Cavabım: "Bizim evdə var idi, nənəm onda qovurğa çəkərək qovut düzəldirdi". Razılıqla gülümsədi.

 

Bir jurnalist kimi uzun illər Azərbaycanın görkəmli ədəbiyyat, mədəniyyət nümayəndələri ilə apardığım söhbətlərdə həmişə heyrətə gəlmişəm. Əksəriyyətinin fikri bu olub ki, "Məni  Heydər Əliyev xilas edib". Yadımdadı ki, unudulmaz yazıçımız Ələviyyə Babayeva necə ehtiramla deyirdi ki, Heydər Əliyev olmasaydı, bir Allah bilir ki, mən maddi çətinlikdən ölmüşdüm. Bu etirafın ahəngində çox mətləb var.

 

Məmməd Araz Heydər Əliyevin dəyərləndirdiyi şairlərdən biri idi. Təsadüfi deyil ki, dövlət müstəqilliyimizin bərpasından sonra təsis edilən "İstiqlal" ordeni ilə ilk dəfə üç böyük şair təltif edildi: Bəxtiyar Vahabzadə, Məmməd Araz və Xəlil Rza Ulutürk... Hətta müsahibələrinin birində Ulu öndər şairin sözlərinə yazılmış "Dünya sənin, dünya mənim, dünya heç kimin..." mahnısını çox sevdiyini demişdi. Məlumdur ki, Məmməd Araz uzun müddət "Azərbaycan təbiəti" jurnalının redaktoru olmuşdu. Maliyyə çətinliyi ucbatından jurnalın nəşri birdən-birə dayanmışdı. Onsuz da xəstəlikdən əziyyət çəkən şairə bu hal ağır təsir etmışdi. Elə oldu ki, Respublika sarayında (indiki Heydər Əliyev sarayı - F.X.) Rəsul Rza ilə bağlı bir yubiley mərasimi keçirildi. Ulu öndər də, Məmməd Araz da salonda idilər. Fikirləşdim ki, kaş Heydər Əliyev Məmməd Arazı görərdi, görüşərdi... Tədbir sona çatdı. Bir də gördüm ki, Ulu öndər gedir. Necə oldu, bilmirəm, çox həzin səslə "Cənab Prezident, Məmməd Araz da burdadı", eşidilmədi. Yenidən səslədim, səsim ünvana çatmadı. Həyəcanla səsimi bir balaca qaldırdım: "Cənab Prezident, Məmməd Araz burdadı..." Allahım, qapıya çathaçatda Heydər Əliyev geriyə çevrildi və birbaşa Məmməd Arazla görüşdü... Səhhəti, problemi ilə maraqlandı. Təbii ki, Məmməd Araz ancaq zəif ahənglə təşəkkür etdi. Bilmirəm, mən bunu necə bacardım, müdaxilə etdim, "Cənab prezident, əslində şairi üzən məsələ var". Dərhal xəbər aldı: "Nə olub?" "Uzun illər çalışdığı "Azərbaycan təbiəti" jurnalının nəşri dayanıb..." Bir qədər söhbət etdik. O zamankı təbii sərvətlər və ekologiya nazirini çağırıb tapşırıqlarını verdi (Bu şəkil də o görüşdən yadigardı - F.X.)

 

Bir görüşü də heç unuda bilmirəm. Yenə Türkiyədə idik. Süleyman Dəmirəlin 70 illik yubileyi idi. Protokola əsasən bir-bir otağa daxil olub, hər iki Prezidentlə görüşüb, təbrikimizi çatdırırdıq. Növbə mənə çatdı. Yanaşı dayanmışdılar. "Türk dünyasının iki böyük günəşinə eşq olsun" deyə öz təbrikimi yetirdim. Ulu öndərlə görüşəndə, üzündə qəribə təbəssüm gördüm, əlimi sıxıb dedi: "Günəş bir olur axı..." O səs, o gülüş hələ də qulağımda səslənir.  Həyat sübut etdi ki, həqiqətən də Günəş bir olur...

 

1999-cu ilin fevral ayında Prezident Aparatında keçirilən bir iclasda EA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Məşədixanım Nemətova öz çıxışında urudluların sarı siminə toxundu. Unudulmaz Məşədixanım yana-yana bir həqiqəti açıqladı:

 

- Zəngəzur Azərbaycan torpağıdır. Mən bunu sübut etmək üçün dəridən-qabıqdan çıxdım. Zəngəzurun Urud kəndindəki qəbiristanlıq böyük bir məsələnin üstünü açdı. O vaxta qədər bütün tarixçilər yazırdılar ki, islam gələndə xristian olan alban tayfaları Qriqorian xaçını qəbul edib erməniləşdi və gürcü xaçını qəbul edib gürcüləşdi. Rəhmətlik Ziya Bünyadov "Azərbaycan VII-XII əsrlərdə" kitabında yazırdı ki, bəs bunların türkləşən, islamı qəbul edəni olmadımı? Bax bunu Urud qəbiristanlığı açdı. Orada XI-XVI əsrlərə aid qoç heykəli və sandıqça formalı qəbir daşları var idi... Onlardan ikisinin üzərində yazılmışdı ki, "Min övladi ağvan", yəni biz alban nəslindənik. Qəbirüstü daşlarda isə "Quran" ayələri, hədislər, müsəlman adları yazılmışdı. Demək, alban tayfalarının türkləşən, islamı qəbul eləyəni də olmuşdu". Məşədixanıma diqqətlə qulaq asan Ulu öndər Heydər Əliyev ona belə müraciət etdi:

 

- Urud kəndində olmusunuz, çox gözəl kənddir".

 

Həyat qəribə təzadlarla doludur. Elə ataların da bu qəribəliklə bağlı kəlamı var: "Torpağın üzü soyuqdur". İnsan haqq dünyasına qovuşan kimi bəzən unudulur. İllər təsdiqlədi ki, Heydər Əliyevə olan dərin məhəbbət millətin varlığı qədər əbədidir. Nə ayrılığın məsafəsi, nə torpağın soyuqluğu bu böyük şəxsiyyəti qəlbimizdən çıxara bildi. Heydər Əliyev həmişə bizimlədi. Onun nurlu ideyaları xalqın, millətin qolundan tutaraq ağ günlərə aparır. Qərinələr keçə, əsrlər ötə, Heydər Əliyevin bənzərsizliyi, əvəzsizliyi duyulacaqdır. Qəhrəmanlığın, hünərli olmağın, sevilməyin, fədakarlığın yolları müxtəlifdir. Millətin inandığı, sevdiyi şəxsiyyət olmaq bəlkə də çətin deyil. Amma onun qəlbində əbədi qalmaq çox çətindir. Heydər Əliyev doğma xalqının xoş gələcəyi naminə elə cəsarətli addımlar atdı, qeyri-adi xarüqələr yaratdı, mübarizə apardı ki, onun yolu ilə getmək labüdləşsə də, onun özü olmaq heç bir vaxt mümkün deyil. Heydər Əliyev Allahın Azərbaycan xalqına bağışladığı hikmət dəryası idi. İstər əməllərində, arzularında, istərsə də xalqa xidmətində, zəkasında bütün zirvələri fəth edən Heydər Əliyev məhz Günəş ucalığında dayanaraq bizim indi də yolumuza işıq saçır.

 

 

Flora XƏLİLZADƏ

 

525-ci qəzet.- 2022.- 7 may.- S.6;7.