"Günah və cəza"  

 

Hekayə

 

 

"Günahkarı Allah, cinayətkarı hakim cəzalandırır". 

 

A.F.Koni. Hüquqşünas, ədəbiyyatşünas, hakim

 

***

 

Gözlərimi açanda onu üzbəüzdəki kresloda, mənim üst köynəyimi geyinib (harada olmadığımızdan asılı olmayaraq, o, həmişə mənim üst köynəklərimdən birini geyinib, sonra vanna otağına keçərdi) oturmuşdu, zəndlə gözlərini qırpmadan mənə baxdığını gördüm. Elə üzünə baxıb gülümsəmək, "Sabahın xeyir, ay mənim nəfəsim, ay mənim gözümün işığı" - demək istəyirdim ki, hmm... amma onun o halda olmadığını görüb özümü saxladım. Bir qədər təcccübləndim. Qaşlarımı çatıb, ağzımı açmadan başımı bulayıb, baxışlarımla soruşdum ki: "Nə olub? Nə hadisə baş verib?" O isə gözlərini də qırpmadan, diqqətlə mənə baxır və sanki baxışları ilə mənə deyirdi ki: "Eh, nə deyim sənə, heyif səndən, çox heyiflər olsun, səndən çox şeyi gözləmək olardı, amma bunu isə heç ağlıma belə gətirə bilməzdim, heyif".

 

Amma əsəbi də deyildi. Sifətində təəssüf qarışıq bir nifrət hissi var idi və bir qədər də dalğın idi. Gözləri diqqətlə məndə olmasına baxmayaraq, hiss olunurdu ki, fikirləri dağınıqdır, başqa yerdədir. Elə bil, bütün bu illər uzunu etdiyimiz o yerli-yersiz mübahisələrimizdən bezmiş, usanmış, heç nəyə nail ola bilməyib indi də vəziyyətlə bir növ barışıb oturmuşdu (Yoox... Əslində, mübahisələrimizin heç biri yersiz olmayıb. Çünki mübahisələrimizin çoxu vaxtilə öz yerində olub, səbəbsiz olmayıb). Bu gün isə elə bil ki, yenə də nəyəsə cəhd göstərmək niyyətində olub, amma əvvəlcədən heç nəyə nail ola bilməyəcəyini başa düşüb, geri çəkilib nə isə xatırlayırdı və o xatırladığı nə məsələ idisə, ona heyif deyir və ona təəssüf hiss keçirirdi. Başa düşdüm ki, bu məsələ nə məsələdirsə, səhərimiz mübahisə ilə başlayacaq. Çünki zəndim məni heç vaxt aldatmayıb.

 

Yatağımdan qalxmadan, dolabın üstündən bir siqaret götürüb yandırdım. Yavaş səslə:

 

- Nə olub?

 

- ....

 

- Nə olub axı?

 

Pıçıltaya bənzər səs ilə:

 

 - ... Hmm... heç.

 

Sonra çənəsi əsdi, gözləri doldu, udqundu (onun gözləri dolanda mən dəliyə dönürdüm). Mənə elə gəldi ki, deyəsən, boğazında illərdən bəri düyünlənib qalmış qəhərini boğurdu. Bu qəhəri ki, mənim yanımda heç vaxt çölə çıxarmayıb. Daha sonra elə bil ki, sükutlu bir çığırtıyla, göz yaşlarsız hönkürtüylə, qəhqəhəsiz gülüşlə, amma bütün bunları içində boğaraq, yenə də sakit bir səslə təkrarladı:

 

- Heç... Heç nə olmayıb.

 

Sonra bir qədər xəfifcə setizə gülümsəməyə çalışaraq:

 

 - Heç nə olmayıb. Bundan artıq daha nə olmalı idi ki?.. (Bu sözlərin isə tərcüməsi belə çıxırdı. - Daha sənə heç sözüm yoxdur).

 

Dözmədim. Əvvəlki pıçıltıya bənzər səsimdən bir qədər artıq tonla:

 

- Adam kimi başa sal görüm nə olub? Səhər-səhər nə başlamısan?

 

Daha sonra həqiqətən heç nə olmayıbmış kimi qəfil nə düşündüsə (Sonra bildim ki, indicə, bu saat, qəfil heç nə düşünüb eləməyib. Verəcəyi sualı da və deyəcəyi nida işarəli sözü də, hələ mən yuxudan ayılmamış hazırlamışdı. Və bəlkə də, öz rolunu əzbərləyən aktrisa kimi, deyəcəyi sözləri ürəyində dəfələrlə də təkrarlamışdı, amma indi isə çətinlik çəkirdi. Bilmirdi hardan, hansı sözlə, hansı tonla başlasın), birdən:

 

- Sənin geriyə dönüş biletin deyəsən, gələn həftəyədir. Hə..?

 

- Həftənin ikinci günü geriyə dönəcəyəm. Nə olub ki?.. Niyə soruşursan ki?.. Necə ki?..

 

Sonra bir qədər təşvişə düşməyə başladım:

 

- İşdən zəng etmişdilər?.. Məni soruşan olub? Hə..?

 

Dolabın üstündən telefonumu götürüb qoşmaq istədim. Adətən gecələr telefonu söndürürəm.

 

O, bir qədər qüssə qarışıq, zorla gülümsəməyə çalışaraq:

 

- Yox-yox... Nə danışırsan? Heç kim səni axtarıb eləməyib. Nə Bakıdan, nə də işlədiyin ölkədən. Sən həmişə dövlətin işini elə sahmana salıb, elə yoluna qoyub, mənim yanıma elə gəlirsən ki, heç kimin nə xəbəri olur, nə də ruhu incəyir. Özün dediyin kimi, "Əşşi, nəyinə lazımdır sonradan ola biləcək başağrısı"... Yox, əlbəttə, yox.... Sənin başın gərək heç vaxt ağrımasın. Hm... Sən heç narahat olma, heç kim səni axtarıb eləməyib, nə iş yerindən, nə də ailəndən. Hm... Amma səndən bir xahişim var...

 

Birdən səs tonunu bir qədər artıraraq, amma əvvəlki mülayimliyi saxlayaraq, konkret sözlərə keçdi (Aman Allah, bir vaxtlar mən bu səsin dəlisi idim, hətta telefonuma da zəng əvəzinə onun səsini yazdırmışdım. Səsin tonu nə qədər dəyişirdisə, öz gözəlliyini, öz məlahətini itirmirdi).

 

- Sən bu gün hm... elə bu gün burdan get. Çıx get. Həftənin ikinci gününü gözləmə. Hm... Ümumiyyətlə bəsdir daha.... Yetər artıq hər şey. Yetər artıq bu qədər təhqirlər. Bitdi artıq. Sən yuxudan durana kimi, mən sənin çamadanını yığmışam. Diplomat çantanı isə...

 

O, diplomat çanta sözünü xüsusi vurğu ilə dedi. Sonra... Hm... Nə isə demək istədi, amma deyə bilmədi. İki-üç dəfə hə... deyib yenə nəsə demək istədisə, amma yenə də deyə bilmədi... Bacarmadı...

 

- Hə... diplomat çantanı isə özün durub yığarsan. Nə bilim, üzqırxan, diş fırçası, diş pastası, odekalon. Hm... Bunlar hamısı vanna otağındadır... Bəzi vacib sənədlər (o, bu sözləri də xüsusi vurğu ilə dedi). Nə isə... Özün durub, özün də yığarsan. Səhər yeməyini də gedib başqa bir yerdə yeyərsən. Xahiş edirəm. Bu tərəflərdə nə çoxdur kafelər. Hər tinbaşı lokanta, kafe var. Gedib qəhvəaltını orda edərsən.

 

Zənnimdə yanılmamışdım. Elə hər bir məsələ mənim başa düşdüyüm kimi idi. Səhər-səhər mübahisə ilə başlayacaq. İndi isə deyəsən, köhnə məsələlər xatırlanıb üzə çıxmışdı. Çünki təzə mübahisəyə (özü də belə konkret bir tonda) heç bir səbəb yox idi. Nəyəsə təəssüf etmək, nəyəsə heyifsilənmək, nəyəsə yüngülvari yanıb-yaxılmaq, nədənsə peşmançılıq hiss keçirmək, uzandıqca uzanan, sonu görünməyən və s... və s... mübahisələr. Söhbətimizin axırı elə buna gedib çıxacaqdı.

 

Mənim bir qədər ona təəccüblə baxdığımı görüb, məsələni daha da konkretləşdirmək, yəni fikrindən daşınmayacağını bildirmək istədi.

 

- Yox, əgər sən getməsən, onda mən gedəcəyəm. Sən burdan gedənə qədər, mən uşaqla ayrı bir yerdə qalacağam. Uşağı da götürüb ya oteldə, ya da... nə isə ayrı bir yerdə qalacağam. Hər halda mənim harada qalacağım, mənim öz işimdi.

 

Mən dünən axşam diplomatik xidmətdə olduğum ölkədən onun yanına Türkiyəyə gəlmişdim. Axşamı bir yerdə, üçümüz qızımızla birgə restoranda oturub şam yeməyi yedik. Bir xeyli şəhəri də gəzdik. Deyib gülürdük. Hələ qarşımda 6 günüm qalırdı. Bir həftəliyə gəlmişdim. Amma indi... Bir gecənin içində nə hadisə baş verib ki?..

 

 - Əşşi, bir əməlli-başlı başa sal görüm, nə hadisə baş verib? Hm... Mən də heç yerə gedib eləyən deyiləm. Qəhvəaltını da elə burada edəcəyəm.

 

O, bir qədər duruxdu. Yəqin ki, vəziyyətin belə şəkil alacağını gözləmirdi.

 

 - Hə... Lap yaxşı. Onda mən gedərəm.

 

Ayağa durub yan otağa keçmək istədi. Səsimi qaldırdım:

 

- Otur oturduğun yerində.

 

O, əvvəlcə bir neçə an duruxub, sonra isə yavaş-yavaş qayıdıb yerində oturdu.

 

- Axı, nə olub? Dünən axşam deyə-deyə, gülə-gülə bir xeyli şəhəri gəzdik. Sonra da deyib-gülüb, yerimizə girib yatmışıq. Nə hadisə baş veribsə, yuxuda baş verib? Yuxu görmüsən? Bir adam kimi başa sal görüm nə olub?

 

O, bir qədər əsəbi halda:

 

- Xeyr. Yuxu-filan görüb eləməmişəm. - Sonra bayaqdan bəri əlində hazır tutuduğu bir neçə bükülü kağızı mənə tərəf uzatdı. Götür, qoy çantana. Sənə lazım olar. Bərk saxla. Hm.... Dünən axşam sən pencəyini çıxarıb, kreslonun üstünə atmışdın. Mən səhər durub onu şkafdakı asılqandan asmaq istəyəndə dizim qəfildən sənin şkafda qoyduğun diplomat çantana dəydi. Çanta yerə düşüb öz-özünə açıldı. Vallah, nəyə deyirsən and da içərəm ki, mən özüm çantanı açmamışam. Sən ki mənim xasiyyətimi bilirsən. Ümumiyyətlə, mənim üçün sənin səfirliklə bağlı heç bir sənədin filan maraqlı deyil, heç bir vaxt da maraqlı olmayıb. İçindəki bəzi sənədlər yerə dağıldı... Bir-iki sənəddə həkim möhürünü görəndə, dəhşətə gəldim. Aman Allah, sən necə adamsan?

 

Sözünün ardını gətirə bilmədi. Yenə gözləri doldu, çənəsi əsdi. Özünü ələ alıb:

 

- Hm.... İnan mənə, heç götürüb baxmaq belə istəmirdim. Çünki ürəyimə dammışdı ki, nəsə xoşagəlməz bir şey görəcəyəm və yaxud nəsə xoşagəlməz bir şey eşidəcəyəm. Əvvəl bilmədim ki, nə edim. Hamısını yerdən götürüb, yenidən çantana qoymaq istəyirdim. Amma həkimin möhürlü olan sənədlərdə uşağın adını görəndə dəhşətə gəldim. Aman Allah, sən nə cür adamsan? Sən necə insansan? Sən uşağın DNK-sını ən müxtəlif ölkələrdə yoxlatdırmısan. Heç utanmırsan? İşlədiyin ölkədə, Moskvada, Türkiyədə. Təəccüblüdür, bəs nə əcəb bunu Bakıda yoxlatdırmamısan? Dilə-dişə düşməkdən ehtiyat eləmisən? Heç utanmırsan? Birində yoxlatdırdın, 99,9 sözü səni qane etmədi. İkincisi də səni qane etmədi. O, da 99,9 oldu. Yenə də ürəyin sakit olmadı. Üçüncü dəfə də yenə eyni nəticə. Sənin üçün adamların fərqi yoxdu. Sənin fikrincə, hamı diplomatdır, hamı cəsusdur, hamı nədənsə, hardansa bir informasiya toplayır. İlk baxışda özünü hamıya sadəlövh adam kimi göstərirsən. Amma heç kimə də inanmırsan. Axı, belə də yaşamaq olmaz. Axı, sən niyə beləsən? Axı, sən niyə heç kimə inanmırsan?.. Axı, sən belə deyildin. Bütün bu illər uzunu məndən şübhələnmisən. Nə özün adam kimi yaşamısan, nə də ki məni yaşamağa qoymusan. Öz həyatını da məhv eləmisən, mənim də. Həmişə məni fahişə hesab etmisən. Məndən həmişə xəyanət gözləmisən. Nə var-nə var, ərdə olan vaxtlarımda sənlə görüşürdüm. Bəli, ərdə ola-ola. Uşaq idim, cəmisi 21 yaşım var idi. Sənə dəli kimi vurulmuşdum, ağlımı itirmişdim. Axı, sən özün də görürdün ki, sənə dəli kimi aşiq idim. Ailəmi də dağıtdım. Yoox... Peşman deyiləm. Onu heç vaxt sevməmişəm. Əgər həqiqətən fahişə olsaydım, heç ondan ayrılmazdım da... Ölürdü məndən ötrü. Hm... O yazığı da bədbəxt elədim. Nə isə.... Gizlindən sənlə görüşərdim. Heç kim də bunu bilməzdi. Sənə görə atamdan da oldum. Mən hamını atıb, tək bircə səni tutdum. Sən mənim Allahım idin. Atam da bu dünyadan mənimlə küsülü getdi. Peşman deyiləm. Çünki sənə dəli kimi aşiq idim. İnan mənə. Bütün bu illər uzunu mən sənə sadiq olmuşam, sənə xəyanət etməmişəm. Bu da sənin mənə olan münasibətin, gözləri ilə əlində tutduğu kağızlara işarə etdi.

 

Yox, bu dəfə deyəsən, məsələ ciddi və konkret idi.  Bütün bu illər uzunu bir-birimizə əla bələd idik. Nəsə bir mübahisəli məsələ ortaya çıxan kimi, mən həmişə əvvəl-əvvəl öz hikkəmi yeritmişəm, öz sözümü demişəm. O isə çox qısa bir müddətə mənimlə razılaşır, sonra isə bəzən xahişlə, bəzən qəhərlə, bəzən bir-iki damcı göz yaşı ilə, bəzən adamı dəli edəcək o titrək səsi ilə, bəzən də İlahidən verilmiş o baxışları ilə məni sındırırdı. Əvvəlcə guya mənimlə razılaşır, "Yaxşı, qoy sən deyən olsun" deyir, mən isə onun baxışları qarşısında duruş gətirə bilməyib yumşalır, o da öz sözünü çox məharətlə yeridirdi, hələ bir mən üzr də istəməli olurdum. Bir sözlə, o, çox vaxt istədiyinə nail olurdu. Əlbəttə, həmişə yox. Amma çox vaxt. Bəzən, faktlar gətirə-gətirə, bəzən məsləhətlər verə-verə, bəzən də nə isə sübut edə-edə. Bir sözlə, çox vaxt o deyən olurdu.

 

O, əlini-qolunu ölçmədən əvvəlki sakit səslə nəsə deyir, mən isə ona qulaq asır, amma heç nə başa düşmürdüm. Hə... indi başa düşdüm ki, o, bayaq "diplomat çanta" sözünü niyə belə xüsusi vurğu ilə deyirmiş. O, düz deyirdi. Çantamın şifrəli açarı xarab olduğundan, öz-özündən tez-tez açılırdı. Bura gəlməmişdən əvvəl, iş otağımdakı seyfi bağlayıb, açarları evimdəki seyfə qoyub, evimdəki seyfin açarlarını isə pencəyimin cibinə qoyub gəlmişdim. Amma bu mənasız sənədləri cırıb tullamağı və yaxud da harasa seyfə qoymağı nədənsə unutmuşdum. Çünki bu sənədlər lazımsız sənədlər kimi bütün digər başqa sənədlərin altında qalmışdı və gözə dəymirdi. Çanta isə yerə tərsinə düşdüyündən, elə ilk nəzərə çarpan da bu uşaqla bağlı sənədlər olmuşdu. Çantada elə bir başqa vacib sənəd-zad yox idi. Ola da bilməzdi. Çünki ölkədən-ölkəyə vacib sənəd keçirməzlər. Ələ düşə bilər. Bu sənədlər isə heç kimə lazım deyildi. İndi, artıq heç mənim özümə də lazım deyildi.

 

O danışdıqca, mən başa düşürdüm ki, elədiyim bu bağışlanmaz işimə görə, özümə heç cür bəraət qazandıra bilmərəm. Yox... Əlbəttə, səhv etmişəm, günah iş tutmuşam. Amma niyə belə etmişəm? Nəyə görə belə etmişəm, heç özüm də bilmirəm. Bircə onu bilirəm ki, qanuni ailəmdə heç nəyə o qədər də irad tutmuram. Uşaqların təhsili, əlavə müəllimlər, mütaliələri, həyat tərzləri, məncə, normaldır. Analarının sərt tərbiyə sistemi evdə özünü göstərirdi. O cəhətdən mən arxayın idim. Amma onu görəndə isə, özümdən asılı olmayaraq, hökmən nəyəsə irad tutmalıyam, ya incitməliyəm, ya iradəsinin əleyhinə getməliyəm, ya kobud bir söz deməliyəm, ya geyiminə irad tutmalıyam, nəyə görəsə acılamalıyam. Bilmirəm niyə belə edirəm. Bilmirəm. Amma onu görməyəndə də, səsini də eşitməyən də dəliyə dönürəm. Yuxum ərşə çəkilir. Mən hər onun yanına gələndə, ya da ki, o, mənim yanıma gələndə biz bir yerdə oluruq. Bu, məlumdur. Ayrı olduğumuz günlərdə isə ya telefonla, ya skaypla, ya telefondakı yazışmalarla, hər dəqiqə, hər saniyə bir yerdə oluruq. Daha nə bilim nə. Əlqərəz. Bizimki lap müsibət idi. İşimiz Allaha qalmışdı. Biz bir-birimizin dəlisi idik. Bu, bir-birimizə qarşı vəhşi bir istək idi. O da gülə-gülə həmişə deyirdi ki, səni də, məni də ya dəli eləmək, ya öldürmək çox asan məsələdir. Əgər kimsə mənə zəng edib desə ki, Allah eləməmişkən, sən ölmüsən, ya da ki, ölüm ayağındasan, mənim ya ürəyim partlar, ya da dəli olaram. Yox, əgər eyni sözləri sənə desələr, telefonun dəstəyi əlində qalar. "Mənə heç nə olmaz, dözərəm, özünə çox da güvənmə" - deyirdim.

 

- Bax... Yoxlaram a... Onda görərsən.

 

- Yox... Qələt eləyərsən. Yaxşı-yaxşı, bəsdir.

 

Belə zarafatlarımız çox olurdu.

 

O danışırdı. Gözləri dolub-boşalırdı. Mən isə gözlərimi ondan çəkmirdim. - Aman Allah, bu nə gözəllikdir onda. - Ya Rəbbim, yaratdığına min şükür. O danışırdı. Mən isə fikirləşirdim, görəsən, nəyisə dəyişmək olacaqmı? Əlbəttə, dəyişməyinə dəyişəcəyəm. Çətini üzr istəyib, bir-iki kəlmə xoş söz deməkdir və yaxud da - Ay, ürəyim sancdı, tez ol mənə dərman ver, tez elə halım pisləşdi deməkdi. O da dərhal hər şeyi yaddan çıxardıb, başıma fırfıra kimi fırlanasıdır. Amanın günüdür, təki mənə heç nə olmasın. Amma axı indi mən də bu mübahisədə nəsə etməliyəm. Qabaqdangəlmişlik etməliyəm. Onun özünü nədəsə borclu çıxarmalıyam. Ona nə isə irad tutmasam, onu nədəsə incitməsəm, olmaz. Sonra da onun inciməsini, küsməsini görüb, özümü danlamasam, olmaz. Bu, bizim sanki həyat tərzimiz idi. Bir-birimizi nədəsə ittiham etmək. Biz sanki bundan ötrü dünyaya gəlmişdik. Bir-birimizlə mübahisə etmək, bir-birimizi borclu çıxarmaq, küsmək, barışmaq, bir-birimizsiz qala bilməmək, mübahisələr, mübahisələr, mübahisələr. Hətta gülməli çıxsa da deməliyəm ki, onun təşəbbüsü ilə yəhudidən tutmuş qaraçıya qədər, hindlidən tutmuş tibet baxıcılarına qədər özümüzə baxdırmışdıq (Mən heç vaxt belə məsələlərə inanmamışam. O isə belə məsələlərdə yaman inanclı idi). Hamısı da bizə baxıb yazıqları gəlmişdi. Bir-birimizdən ayrılmağı məsləhət görmüşdülər. Bir-birinizdən vaxtında ayrılmazsanız, bir-birinizi öldürəcəksiniz, bir-birinizin axırına çıxacaqsınız demişdilər. Niyə? Bilmirəm. Baş aça bilmirəm. O, mənsiz, mən də onsuz qala bilmirdik. Bir-birimizi görəndə də...

 

O danışır və get-gedə səsini qaldırırdı.

 

 - Yaxşı, bəsdir yavaş danış, uşaq oyanar, eşidər, ayıbdır.

 

- Nə?.. Uşaq? Nə yaman uşağın qayğısına qalan olmusan. Yadına uşaq düşüb? Uşaq türkcə (O, həmişə Azərbaycan dilinə türk dili deyərdi. Bakıda yaşadığı vaxtlarda Azərbaycan dilində iki kəlmə danışa bilməyən o, indi türk dilində dil-dil ötürdü. Özü də çox qəribədir. Bakıda Azərbaycan dilində səhvlə danışmağı mənə ləzzət edərdi. Mən gülərdim. Onun səhvləri çox şirin alınardı. Amma türkcə belə səlist, rəvan danışmağı indi məni valeh edirdi) bilmir.

 

Aha, əlimə girəvə düşdü. İndi söhbətin səmtini dəyişə bilərəm. Hətta onun özünü borclu da çıxarda bilərəm. Əla bəhanə idi. Qalxıb çarpayı da oturdum. Hətta səsimi bir qədər qaldıraraq da:

 

- Axı, uşaq niyə bizim dili bilmir? Axı, niyə bu dili bilməsin? Niyə uşaqla məşğul olmursan? Əlbəttə, uşaq evdə səninlə rus dilində, məktəbdə isə ingilis dilində danışmalıdır (Uşaq Amerikan məktəbində oxuyurdu. Və o, uşağın gələcəkdə Amerikada ali təhsil almağını arzulayırdı). Uşaq həftənin 5 gününü məktəbdə qalırdı və bütün günü müəllimlərlə, rəfiqələri ilə ingilis dilində, iki gün də, yəni şənbə-bazar günləri anası ilə rus dilində danışırdı. Mən səsimi qaldıranda o, səsini aşağı salırdı.

 

- Sən belə tərbiyəni, evində o biri qanuni övladlarına keç. Bəs sən mənə məktəb üçün illik təhsil pulunu göndərəndə, bilmirdin ki uşaq nə dildə təhsil alır və harada oxuyur? Hər şeyə, ancaq mən cavab verməliyəm? Uşaq mənimdir, mən bilərəm.

 

- Mən də atasıyam.

 

- Görürəm necə atasan. Hər şeydən şübhələnən ata, heç nəyə inanmayan ata.

 

Sonra hər bir şeydən bezmiş halda... Səsini bir az aşağı saldı... Sözünə ara verdi. Xahişə bənzər yalvarışlı bir səslə:

 

- Sən başa düşürsən, ya yox? Mən səni görmək istəmirəm. Başa düşürsən görmək istəmirəm. Çıx get. Get... Xahiş edirəm, get...

 

Səs-küyə o biri otaqdan uşaq qaça-qaça gəldi. Mənə baxıb gülümsündü.

 

- Nə olmuş babaciyim?

 

- Oho.... Yavuq gəl, yavrum, qızım. Öyle bir şey olmadı ki. Hiç merak etmə. Korkma.

 

- Baba, ben vallah türkçeyi anlıyorum. Ama hepsini yok. Türkce bana zor geliyor.

 

Uşağın üzündən-gözündən öpüb yerə qoymaq istəmirdim. Uşağa elə diqqətlə baxırdım ki, elə bil birinci dəfə idi görürdüm. Bu nədir belə? Aman Allah, bu ki eynən mənim anamdır. Ala gözlü, sarışın saçlı, bəniz, nazik dodaqları, baxışları. Ay aman... Bəs mən indiyə kimi buna niyə fikir verməmişəm. Uşağın barmaqları da eynən anamınkı idi. Nazik, uzun. Uşağı bağrıma basıb yerə qoymaq istəmirdim. Heç öz doğma anasına belə bənzəyişi yox idi. Anası əsmər bənizli, qonur gözlü idi. Uşaq eynən anam idi. O da bunu bilirdi. Bilirdi ki, eynən anamdır. Elə onun üçün də əsəbləşirdi. Mənim uşağa belə diqqətlə baxdığımı görüb, ona əsəbi halda ingilis dildə:

 

- Get öz otağına, əynini geyin, biz gedirik.

 

Uşaq dinməzcə mənə baxıb heç nə demədi, üzümdən öpüb qucağımdan düşdü, öz otağına getdi. O, uşağa belə deməklə, sanki mənə deyirdi ki, sən uşağın anana belə oxşamasını indi görürsən? Niyə əvvəllər fikir vermirdin? Niyə ona qarşı belə laqeyd idin?

 

***

 

Əslində, mən bu uşağın olmasını istəmirdim. Qətiyyən istəmirdim. O isə təkid edirdi, yalvarırdı. Hər gün mübahisə olur və səngimək bilmirdi. Mən yox deyib durur, o isə məni dilə tutmağa çalışır, yalvarırdı. Qəhərlənir, göz yaşı tökür, "Axı, mən də insanam. Axı, mən də qadınam, mən də ana olmaq istəyirəm. Axı, niyə bunu mənə çox görürsən. Axı, mənim də öz arzularım var" - deyir, nəticədə mən birtəhər yumuşalıb və razılaşırdım. Evə qayıdıb bir qədər götür-qoy edib "Əşşi, nəyimə lazımdır, sonradan ola biləcək başağrısı" - deyə fikirləşir, ertəsi gün görüşəndə isə, yenə də eyni sözlər, eyni ifadələr, eyni göz yaşları, əvvəl narazılıq, sonra istər-istəməz razılaşmaq və mənim yumşalmağım. Vəssalam.

 

Bir qızımız dünyaya gəldi. O, uşağa bu dünyadan vaxtsız köçdüyü anasının adını qoymaq istəyirdi. Yox... Mən razı olmadım. Çünki adı xristian adı idi (anası rus idi). Dünyasında razı ola bilməzdim. Mənim adım hara, mənim familiyam hara və xristian adı hara? Uşağın adı azərbaycanlı adı olmalı idi. O isə yalvarırdı. Mən razı olmadım. Mən uşağın adını rəsmi sənədlərdə Azərbaycan adı yazdırdım. Və onu bununla razılaşmağa məcbur etdim. O, birtəhər razılaşdı. Amma evdə uşağı anasının Azərbaycan dilinə tərcümə olunmuş adı ilə çağırırdı. Bu uşaq onun üçün hər şey idi, bütöv bir dünya idi.

 

Mən gözlərimi naməlum bir nöqtəyə dikib durmuşdum. Onun səsi məni fikrimdəm ayırdı.

 

- Əgər sən getməyəcəksənsə, onda mən gedirəm. İnan fikrimdən dönməyəcəyəm.

 

İndi başa düşdüm ki, heç nəyi dəyişmək mümkün olmayacaq. Bəlkə də, gələcəkdə nəsə etmək mümkün oldu. Əlbəttə, olacaq. Amma güman etmirəm ki, əvvəlki münasibətlərimiz bərpa olunsun. Mən bilirdim ki, o, məndən buna bənzər çox işlər görmüşdü və dözmüşdü də. Amma... bu qədər də yox.

 

Mən heç nə demədən durub vanna otağına keçdim. Əl-üzümü yuyub çıxanda, onların çöl qapıdan çıxmağa hazırlaşdığını gördüm. Əl atıb əlindən tutdum.

 

- Siz heç yana getmirsiz, mən özüm gedirəm.

 

- Çox gözəl. Qayıdıb oturdular. Mən hava limanına zəng edib, açıq tarixdə qalmış uçuş biletimi bu gün axşama təsdiqlədim. Sonra diplomat çantamı yığdım, həmin o mənasız DNK kağızlarını cırıb tulladım. Arxadan onun olduqca sərt və soyuq səsini eşitdim.

 

- Cırılmış vərəqləri bura atma, gedib çöldə harda istəsən, orda da atarsan.

 

***

 

Öz-özümə nifrət edirdim. Ona görə də bu barədə düşünmək belə istəmirdim. İndi isə vaxtımı öldürmək üçün bütün şəhərin küçələrini ölçməli idim. O küçə sənin, bu küçə mənim. Arada yağış da atırdı. O kafedən bu kafeyə, bu kafedən o kafeyə gəzirdim. Bircə tanış-bilişə rast gəlməyim. Gün isə bitmək bilmirdi.

 

Axşamüstü hava limanına gəlib çatdım. Elə taksidən düşüb özü açılıb-örtülən şüşə qapılara yaxınlaşırdım ki, arxadan bir taksi maşınının birzə tərəf sürətlə yaxınlaşdığını gördüm. Maşın mən tərəfə çatar-çatmaz onun maşının arxa oturacağından çıxıb mənə tərəf qaça-qaça gəldiyini gördüm. Məni çağırırdı, "Getmə dayan, gözlə məni" - deyirdi.

 

Təəccübləndim. Sevindim. Elə bil ki, dünyanı mənə verdilər. Çantamı yerə qoyub, qollarımı açıb onu qucaqlamaq istəyirdim. Bağışla demək istəyirdim. O, mənə yaxınlaşdı. Üzündən öpmək istəyirdim ki, üzünü yana qaçırtdı.

 

- Yox, dayan lazım deyil. Əli ilə arada məsafə saxladı. Sən dərmanını unudub evdə qoymusan. Onu gətirmişəm. Axı, 100 dəfə demişəm sənə, dərmansız çölə çıxma. Şərfin də evdə qalıb, onu da unutmusan. Siz tərəflər soyuq olur axı. Təyyarədən çıxıb, maşına minənə qədər soyuq səni alar. Lap uşaq kimisən. Şərfi boynuma doladı. Yenə gözləri dolmuşdu. Sonra yavaş səslə:

 

- Bayaq evdə sənlə mübahisə edəndə, yaman qoxrmuşdum, rəngin ağappaq ağarmışdı. İndi necə, normalsan? Sonra nə düşündüsə:

 

- Eh, nə deyim sənə. Öz həyatını da puç elədin, elə mənim də həyatımı. Məhv olduq.

 

Pəncəsi üstə qalxıb, həmişəki kimi sol üzümdən öpüb:

 

- Nə isə özündən muğayat ol, yaxşı yol - dedi və tələsik gəldiyi maşına tərəf getdi.

 

Mən onun arxasınca bir xeyli baxdım... Odsuz-alovsuz tüstülənirdim. Başa düşürdüm ki, həyatımda heç nəyi dəyişib eləyən deyiləm. İctimai rəyi nəzərə alıb, elə həyatımı belə də başa vuracağam. Düşünürəm ki, əgər cinayət məcəlləsində elədiyim işə görə cinayət işi açılsaydı, məni hansı cəza gözləyərdi? Ömürlük cəza, yoxsa güllə cəzası?..

 

Mənzil başına gəlib çatanda artıq səhər açılırdı. Duş qəbul edib yatağıma uzandım.

 

Oyananda artıq günortaya yaxın idi. Yoldaşım çamadanı açıb bütün kostyumlarımı, köynəklərimi asılqandan asmışdı və birdən:

 

- Sənin kostyumlarının üstündə ağzı bağlı bir konvert gördüm. Bilmədim nədir. Götürüb sənin iş masanın üstünə qoymuşam.

 

- Nə konvertdir elə?

 

- Bilmirəm, açmamışam.

 

Saymazyana iş otağına keçdim. Yoldaşımın dediyi kimi, masanın üstündə ağzı bağlı bir konvert var idi. Götürdüm. Heç nə başa düşmədim. Bu nə konvert idisə, o qoymuşdu. Axı, orda olanda mənə demişdi ki, sən yuxuda olanda çamadanını yığmışam. Bu konverti də elə o qoyub. Konvertdə bir vərəq var idi.

 

***

 

"... İldə... Gündə... Səhər saat 3:30 doğulan körpə qız uşağıdır. Normaldır. Çəkisi 2 kq 900 qr. Boyu 51 sm. Bütün xarici əzaları normaldır. Daxili orqanlar normaldır. Yeni doğulan körpə dekstrokordiyadır. Yən, ürəyi döş qəfəsinin sağ tərəfində yerləşir. Bu isə, təbiətdə nadir haldır. Tənəffüsü normal, ürək döyüntüsü normaldır".

 

Elə bil, başıma bir vedrə soyuq su tökdülər. Aman Allah, bu mənim cəzammı? Uşağın ürəyi sağ tərəfdə yerləşir. Eynən...

 

 

İsfəndiyar VAHABZADƏ

 

525-ci qəzet.- 2022.- 11 may.- S.22-23.