Pəncərə bədbəxtliyi  

 

 

Çiçəkli pəncərələr, çiçəksiz pəncərələr, pərdəli, pərdəsiz pəncərələr, qırıq pəncərələr, parlaq pəncərələr olduğu kimi xoşbəxt bədbəxt pəncərələrin olduğunu hamı bilmir. Siz mənim sözlərimə şəkk etməyin. Biz insanlar kimi yazıq şüşəbəndlərin bəxtləri gətirməyə bilir. Ailə səadəti ilə dolu evdəki ilə yalnız yaşayanların "mənzil"lərinin pəncərəsi arasında dünya qədər fərq var. Bəzən olur ki, onların bir üzünün bəxti gətirir, digərinin yox. Baxırsan ki, dənizə doğru açılan qapıları var, ancaq içəridən kəsafət fışqırır. Bir gülən üz, nurlu baxış, xoş sima ona doğrulmur. Qarşısında heç kəs əyləşib kitab oxumur, buxarlandıra-buxarlandıra çayını içmir, çiçəklərini sulamır, səmanı seyr etmir. Balaca əllər ona doğru uzanıb yöndəmsiz fiqurlar cızmır, ya kimsə burnunu söykəyib gülməli hərəkətlər etmir. Necə deyərlər, bu yazıqların bir üzü gülür, bir üzü ağlayır. Bəzən isə tam tərsi olur. Boz divar qarşısındakı pəncərələr dünyanın bəxtəvəri ola bilirlər. Onların qayğısına qalırlar: vaxtında silirlər, köhnə olsa, pərdəsini asırlar, rəngbərəng çiçəklər düzürlər, səhərlər otağa təmiz hava dolsun deyə açırlar, baharda xalçaları qarşısına sərib havaya verirlər, qışda başına toplaşıb qarın yağmasına tamaşa edirlər...

 

Pəncərələri xoşbəxt etmək bu qədər asan da olsa, nədənsə, çox insan "cansız şüşədir" - deyə düşünüb məsələyə biganə yanaşırlar. Zərrə qədər sevmədikləri işləri ilə məşğul olaraq özlərini qapalı otaqlara məhkum edirlər. Pərdəni sona qədər çəkib onu da divardan sayırlar. Halbuki görməyi bacarana hər divarda kiçikolsa bir pəncərə var. Bu bapbalaca pəncərədən süzülən işığa biganə yanaşanlar gün gəlir ki, nəhənglərini görəndə yadlıq edirlər, nə məqsədlə bir küncdə durduğunu anlamırlar. Onu xoşbəxtlər ölkəsinə gedən körpü, ya da uçuş zolağının başlanğıcı hesab edirlər. Sonra da qısamüddətli də olsa, qanadlanırlar. Bəlkə də, onlar hamısı əvvəlki həyatında quş olduğunu xatırlayıb indi insan olduğunu unudanlardı... Yoxsa özlərini boşluğa buraxanda filmlərdəki kimi əllərinin qanada çevrilib-çevrilməyəcəyini sınaqdan keçirirlər? Axı indiyə qədər milyonlarla insan bunu yoxlayarkən torpağa qarışıb. Ya da üzləşdiyi çətinliyin öhdəsindən gələ bilməyənlər qaranquşlar kimi yad ellərə köç etmək istəyirlər. Amma yazıq pəncərə neyləsin ki, yerin cazibə qüvvəsi var? O da istərdi ki, ayaqlarınız yerdən qopan anda quş kimi uçub buludlara çatasınız, sevmədiyiniz həyatınızı tərk edib uzaq ölkələrə qonaq gedəsiniz. Gedib görəsiniz ki, problemsiz dünya utopik uydurmadan başqa bir şey deyil. Əmin olun ki, qonşu evlərin eyvanlarına çırpıla-çırpıla torpağa çatıb sümüklərinizi qırmaq sizi incitdiyi qədər onu da incidir. Çərçivələri divara taxıldığı gündən bir addım da yerini dəyişməyən pəncərə sizə görə, sözün əsl mənasında, durduğu yerdə işə düşür. Çürüyənə qədər uğursuz damğasını daşımalı olur. Uzun müddət ona yaxın durmağa qorxurlar, sevdikləriniz hər baxanda sizi xatırlayıb daha da əziyyət çəkir. Ona görə də, yaxşı olardı ki, belə bir qərarı alarkən pəncərənizə nə qədər haqsızlıq etdiyinizi götür-qoy edəsiniz. Özünüzü yox, problemlərinizi atmağı yoxlayasınız. Onda nə pəncərə bədbəxt olacaq, nə də siz...

 

Gülşən NAİL

 

525-ci qəzet.- 2022.- 12 may.- S.20.