Qırmızı saçlı qadın  

 

 

"Uzun sözün qısası" rubrikasında bu dəfə Orxan Pamukun 2016-cı ildə yayımlanan "Qırmızı saçlı qadın" romanından söz açmışdıq. Yazıya keçməzdən öncə onu qeyd edim ki,  qısa bir yazıda romanı dolğun şəkildə əhatə etmək mümkün olmadığı üçün əsas məqsədim roman haqqında sizlərdə müəyyən bir fikir formalaşdırmaqdır.

Əsər "Həyat" aptekinin təsviri ilə başlayır. Daha doğrusu, bu aptekdə çalışan Cemin atası onlar arasındakı münasibətlə. Oxucu elə ilk səhifələrdəcə ata-oğul münasibətindəki gərginliyi hiss edə bilir. Növbəti səhifələrdə isə öyrənir ki, ata bir gün ailəsini atıb gedir.

Anası ilə təkbaşına qalan Cem öz xərclərini ödəmək üçün Öngörən adlı bir qəsəbədə suaxtaran ustaya köməkçi gedir. Bu usta sonrakı günlərdə onun ən yaxın adamına çevrilir. Cem atasında görmədiyi şəfqəti Mahmud ustada tapır. Bu sevginin təsviri ilə Pamuk insanın ata sevgisinə qədər möhtac olduğunu göstərir. Cem Öngörəndə təkcə ata sevgisi ilə yox, həm qadın sevgisi ilə tanış olur. Qəsəbədə gördüyü qırmızı saçlı Gülcihana ilk baxışdan vurulur. Elə burdaca Pamuk belə bir sual qoyur: İlk məhəbbət bütün həyatı təyin edə bilərmi? Yoxsa, tale yolumuza sadəcə tarixin əfsanələrin gücü yön verir?

 

Qəhrəmanımızın məhəbbətinə teatr aktrisası Gülcihan da qarşılıq verir onlar sadəcə bir gecə birlikdə olurlar. Bu, Cemin həyatına mühüm təsir göstərən hadisələrdən birinə çevrilir.

 

İkinci hadisə isə Mahmud Usta ilə qazdıqları quyunun yanında baş verir. O bilmədən vedrəni quyudakı ustasının başına salır kömək etmək əvəzinə, qorxub ordan uzaqlaşır. İlk döydüyü qapı da Gülcihanın qapısı olur. Ancaq məlum olur ki, Gülcihan əri ilə birlikdə qəsəbəni tərk edib. Kor-peşman qaldığı yerə qayıdan qəhrəmanımız əşyalarını toplayıb qatarla İstanbula - anasının yanına qayıdır.

 

Zahirən həyat heç olmamış kimi davam edir. Ancaq onun içində fırtınalar var. Bir gözü qapıdadır, elə bilir ki, istənilən an qapı açılacaq, polislər içəri girəcək. Bir tərəfdən ümid. O ümid ona deyir ki, Mahmud Usta ölməyib.

 

Bu təlatümlər yaşadığı quyu təcrübəsi yazıçı olmaq istəyən bu oğlanın qərarını dəyişərək mühəndis olmasına yol açır. İllər sonra Cem sahəsində uğur qazanmış mühəndisə çevrilir.

 

Hələ tələbəlik illərində uzaq qohumu Ayşə ilə evlənən qəhrəmanımızın sakit kənardan çox xoşbəxt görünən bir həyatı var. Amma övladının olmaması... İllər keçdikcə övlad arzusu da ondan uzaq düşür. Əvəzində xanımı Aişə ilə birlikdə "Söhrab" adlı bir şirkət qurub bütün sevgilərini bu şirkətə verirlər. "Söhrab" böyüyür, cütlük isə dünyanı gəzməyə davam edir. Ata-oğul tandeminin ağrısını daim özü ilə daşıyan Cem illər boyunca Sofoklun "Tiran Edip" tragediyasında Firdovsinin "Şahnamə"sində keçən "Rüstəm Söhrab" hekayəsinin izlərini gəzir, bu haqda xeyli oxuyur, gəzdiyi muzeylərdə gözü onların nişanəsini axtarır. Bu məqamla Pamuk "İnsan gec-tez düşündüyünə çevrilir" fikrini haqlı çıxarır. Ancaq oxucu Cemin öldürülən oğul, yoxsa öldürən ata olmasını ancaq əsərin sonunda anlayır.

 

Bilirəm, düşündünüz ki, axı Cemin oğlu yoxdur. Əslində Cemin oğlu var. Özü bir gecəlik münasibətdə olduğu Qırmızı saçlı qadından.

 

Bu həqiqət günlərin birində gələn məktubla əyan olur. Sonradan bəlli olur ki, sən demə, Gülcihan bir vaxt Cemin atasının sevgilisi olub, Cemə meylinin əsas səbəbi onun atasına oxşarlığı olub. Qadın Ənvər adı verdiyi oğlunu öz əri ilə bir damın altında böyüdür. Həqiqəti həm ərindən, həm oğlundan illər boyu gizlədir. Ancaq yalançı ata sanki bu ögeyliyi hiss edib ömrünün sonuna kimi Ənvərə qarşı laqeyd olur. Nəticədə uğursuz, depressiv, həyatda özünü tapa bilməyən bir oğul yetişir. Oğlunun pulsuz uğursuz bir şəkildə ömrünü başa vurmasını istəməyən Gülcihan həqiqəti deyərək Ənvəri övladlıq iddiası ilə bağlı məhkəməyə müraciət etməyə razı salır.

 

Cem özündən bu düşüncəni qədər uzaq saxlasa da, övladını görmək istəyinə qarşı çıxa bilmir. Bu istək onu illər sonra Öngörənə aparır. Bu torpaqlar onun üçün təkcə heç vaxt görmədiyi oğlu yox, həm bir vaxt ata yerinə qoyduğu Mahmud ustanı quyuda qoyub getdiyi yer idi.

 

Cem qəsəbədə olarkən öyrənir ki, sən demə ustasını qoyub qaçandan sonra ustası ölməyib, şikəst qalsa da, işini davam etdirib. Hətta illər sonra bu həqiqəti öyrənmək belə illərlə içində ağrıya çevrilmiş o quyunu görmək istəyinə əngəl olmur. Gecəyarı həmin yeri görməyə gedən Cem elə ordaca naməlum bələdçisi - Ənvər tərəfindən öldürülür.

 

Əsər Cemin  "Əslində yazıçı olmaq istəyirdim" cümləsi ilə başlayıb Gülcihanın "Unutma, əslində atan da yazıçı olmaq istəmişdi" cümləsi ilə bitir. Məhz, bu iki cümlə arasında uzanan yoldur ata ilə oğlun hekayəsi.

 

Mən bu əsəri oxuyarkən ata məfhumunun bir insanın həyatında tutduğu yerin mahiyyətini bir daha başa düşdüm. Bütün dövrlərin aktual problemi olan "atalar oğullar" Pamukun qələmi ilə bir başqa cür yazılıb.

 

Əsərdə verilən digər bir mesaj isə zaman keçdikcə gizli qalan günahların insanın içində necə bir ağrıya çevrilməsidir. İllərlə ustasını quyuda qoyub qaçan Cem əslində, qaçdığı cəzadan da ən ağır cəzanı özünə verir, vicdanın hökmü ilə.

 

Əsərdəki digər bir istiqamət Şərq Qərb dilemmasıdır. Oxucu roman boyu hər iki mədəniyyətin ruhunu hiss edir. Yazıçı isə hər iki mədəniyyətin cizgilərini bütün müsbət mənfiləri ilə birgə təsvir edir. Qərb adamının fərd olmaq arzusu oğulun atanı öldürməsi ilə nəticələnirsə, Şərq adamının itaət yazısı atanın oğlu öldürməsi ilə nəticələnir.

 

Və ən əsası, mən bu əsərdə Pamuk sevgimin izahını tapıram. Özü də Gülcihanın dilindən deyilən bu cümlələrdə: "Ədəbsizcəsinə söz atan, ya dərhal mənə aşiq olan, ya da cinsi xəyallara qapılan bütün o arsız kişilər mən səhnədə Söhrabın anası Təhminənin ərinin oğlunu öldürdüyünü görüncə fəryad qoparanda son dərəcə qorxunc bir sükuta dalırdılar. Ağlayarkən izdiham üzərindəki gücümü hiss edər, bütün həyatımı aktrisalığa həsr etdiyim üçün xoşbəxt olardım".

 

Pamukun siyasi düşüncəsi, tutduğu mövqe ilə barışmayan insanların belə, onun əsərlərini gizli-gizli, sevə-sevə oxuduqlarının az şahidi olmamışam. O kişilər qırmızı saçlı qadının sənətinə necə uduzurdusa, bizPamukun qələminə elə uduzuruq.

 

Bilmirəm, bu əsər sizə necə təsir edəcək, sizdə hansı izlər buraxacaq, amma şəxsən mən əsəri bitirən kimi saçlarımı qırmızıya boyadım...

 

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2022.- 11 may.- S.20.