"Vətən"

Azərbaycan xalqının erməni işğalçılara qarşı 44 günlük müqəddəs müharibəsinin yekununda əldə etdiyi Böyük Zəfərə həsr olunmuş əsərlər içərisində dəyərli şairimiz Ramiz Qusarçaylının "Vətən" poeması xüsusi yer tutur. Geniş ədəbi-ictimai rezonans doğuran bu poema böyük rəğbətlə qarşılanıb, AMEA-nın institutlarında, Azərbaycan Yazıçılar Birliyində təqdimatları keçirilib, R.Qusarçaylı AYB-nin təsis etdiyi Əhməd Cavad Mükafatına layiq görülüb. Əsərə olan oxucu marağını nəzərə alaraq "Vətən" poemasından bir hissəni təqdim edirik.

 

***

 

"Erməni işğalçılarına qarşı Azərbaycan xalqının qırx gündən artıq davam edən hərbi, ictimai, siyasi mübarizəsində Ali Baş Komandan İlham Əliyevin Sözü - xalqa müraciətləri, dünyanın müxtəlif nüfuzlu informasiya vasitələrinə verdiyi müsahibələr son dərəcə mühüm rol oynadı.

 

Həmişə vaxtında deyilmiş, kifayət qədər mürəkkəb hadisələrin, gərgin, qaynar, hər cəhətdən sürəkli (və ideoloji ehtiraslarla zəngin) proseslərin mahiyyətini böyük analitik istedadla (və intellektlə) şərh edən, başlıcası isə, Azərbaycan xalqının iradəsini bütün təfsilatı ilə əks etdirməyin parlaq ifadəsi olaraq ortaya çıxan bu möhtəşəm Söz, heç şübhəsiz, dilimizin, ədəbiyyatımızın, ümumən ictimai fikrimizin ən mötəbər qaynaqlarından biri olaraq qalacaqdır.

 

Ali Baş Komandanın rəhbərliyi ilə aparılan çoxtərəfli, çoxmiqyaslı (və çoxmənalı) Vətən müharibəsi ədəbiyyatımızın əbədi Vətən mövzusunun yaradıcılıq meydanını müqayisə edilməyəcək qədər genişləndirdi ki, bunun dəyərli faktlarından biri, heç şübhəsiz, Ramiz Qusarçaylının "Vətən" poemasıdır.

 

"Vətən" poeması Ramiz Qusarçaylının yaradıcılıq tərcümeyi-halı, bədii pasportu, eyni zamanda Azərbaycan poeziyasının müasir Azərbaycanın ictimai-ideoloji maraqları mövqeyindən dediyi elə bir Sözdür ki, ədəbiyyatımızın yaddaşından heç zaman silinməyəcək, Ədəbiyyatın Tarix dərsləri olaraq bu gündən sabaha inamla addımlayacaqdır".

 

Millət vəkili, Əməkdar elm xadimi, akademik Nizami Cəfərovun Ramiz Qusarçaylının "Vətən" poeması haqqında yazdığı "Ədəbiyyatın tarix dərsləri" adlı məqaləsindən

 

***

 

 

 

 

"Vətən"

 

44 günlük Zəfər mənzərələri,

Qalibiyyət, hünər mənzərələri,

Bu film deyildi,

bu Qarabağda

Vətən qovğasıydı,

Vətən qalıydı,

Şanlı müharibə ssenarisi,-

Möhtəşəm Qələbə serialıydı!

 

Coşdu "Dəmir yumruq" əməliyyatı,

Dağlar silkələndi gurultulardan,

Qayalar titrədi nəriltilərdən,

Boğuldu əcaib iniltilərdən,

Erməni-erməni zarıdı düşmən,

Öldü niyyətləri, öldü kamları,

Döndü cəhənnəmə istehkamları...

 

Cənnət Qarabağı qəsb edənlərə,

Şanlı bayrağımı endirənlərə,

Cəhənnəm əzabı yaşatdı ordum.

Elə toy tutdu ki, səngərlər boyu

Leş leşə qalandı,

öz leşlərini

Elə öz çiynində daşıtdı ordum...

 

Qisasa susayan hər igid əsgər,

Bir cəsur coşquda,

həvəsdə gəldi.

Bir vaxt qucaqlarda çıxan körpələr

İndi Qarabağa tank üstdə gəldi...

 

İnsanlar axışdı səfərbərliyə,

Tanrı da ruh verdi bu saf birliyə,

Cavanlar can atdı müharibəyə,

Qocalar can atdı müharibəyə,

Qardaşlar can atdı müharibəyə,

Bacılar can atdı müharibəyə,

Pozulan növbələr,

itən sıralar,

Yaraşığı idi səfərbərliyin,

Yaraşığı idi dəmir birliyin,

Hamı nəfər-nəfər səfərbər oldu,

Həm əsgər,

həm zabit,

həm rəhbər oldu,

Cəbhə səngər-səngər kükrədi, daşdı,

Səngər əsgər-əsgər izdihamlaşdı...

 

Əsgərə qardaşım deyən general,

Yeməyi bir qabda yeyən general,

Güllə yağmurunda komandirinə,-

Siz evlisiniz,

mənsə subayam,

Deyib alov kimi çatılan əsgər,

Güllə qabağına atılan əsgər...

 

İntiqam hissiylə alışan əsgər

Yatıb yuxuda da "Şuşam" deyirdi.

Üz-gözü qanına bulaşan əsgər

Kamera önündə gülümsəyirdi.

 

Əl qoyub göynəyən qəlpə yerinə

Vətənə can qurban deyən əsgərim,

Şığıyıb erməni səngərlərinə

Dişiylə dəmiri əyən əsgərim.

 

Oğul varıydı ki, qardaşı ilə

Bir yürüyürdülər, bir qoşurdular.

Oğul da varıydı atası ilə

Elə bir səngərdə vuruşurdular.

Dörd uşaq atası qırx dörd gündə

Dörd dəfə getmişdi komissarlığa,

Adını könüllü yazdırmaq üçün.

Deyirdi, qoy gedim cəbhəyə mən də,

Qoy alım oğlumun intiqamını,

Qoy gedim yağını susdurmaq üçün.

 

Gedirdi gözlərdən yurd acıları,-

Gəlirdi birliyə təhkimlərimiz.

Könüllü gəlirdi tibb bacıları,

Könüllü gəlirdi həkimlərimiz.

 

Orduya yazdırıb təqaüdünü,

Qürurla yeriyən qoca varıydı.

Evdəki cehizlik yorğan-döşəyi

Səngərə göndərən qızın əlində

Bəy yolu gözləyən xonça varıydı.

 

Tabutu xonçayla qarşılayırdı,

Xonçaya qırmızı bağlayan ana.

Qucub tabutunu şəhid oğlunun

Oynaya-oynaya ağlayan ana.

 

Dinləyirdi hər gün telefonunda,-

Səsindən savaşı yaşayan qadın.

Həyat yoldaşının cənazəsini,

Qürurla çiynində daşıyan qadın.

 

Ərən vadiləri,

ər vadiləri,

Araz vadiləri,

Kür vadiləri,

Coşurdu ordumun hər zəfərindən,

Kükrəyirdi döyüş səhnələrindən,

O taylı, bu taylı qardaş duası,

Və əlli milyonluq soydaş duası...

 

Haqq qazandıranlar olsa da hələ,

Sərhədsiz erməni vandalizminə,

Qafqazın tarixi coğrafiyası

Sığınıb ordumun döyüş əzminə,

Yenə sərhəd-sərhəd bərpa olurdu,

Tarixi ədalət bərpa olurdu,

Pozub masalarda yazılanları

Döyüş meydanında yazırdı ordum.

Söküb quyu-quyu qazılanları

Üstə bayrağımı asırdı ordum.

 

Bayraq ən ucaya-

Şuşaya qondu,

Dərddən yuxalandı, incəldi Vətən!

Bayrağın kölgəsi hara toxundu

Ay-ay, ulduz-ulduz dincəldi Vətən!

 

Hər yürüş tarixin yeni erası,

Hər savaş qələbə əfsanələri.

Döyüş meydanında yazılan yazı,-

Vətənin Qələbə salnamələri.

 

***

 

Ali Baş Komandan,

ali sərkərdə,

Həm canlı efirdə,

həm də səngərdə,

Ölkənin mətbuat fədaisiydi.

Təmkini, məntiqi, fəhmi yerində,

Mövqeyi, baxışı, zəhmi yerində,-

Qarabağ bizimdir!

Azərbaycandır!-

Hayqırıb kükrəyən "Nida" səsiydi,

Ölkənin mətbuat fədaisiydi!

 

Hər gün bir mərəkə,

bir görüş idi,

Hər görüş efirdə bir döyüş idi,

Fransız gəlirdi gözlərində kin,

İsveçli gəlirdi gözündə hiylə.

Gələn hər hollandın, hər ingilisin

Önünə çıxırdı qətiyyətiylə.

 

Ölkələr gəlirdi Azərbaycana,

Hikkələr gəlirdi Azərbaycana,

Tələblər gəlirdi Azərbaycana,

Qəzəblər gəlirdi Azərbaycana,

Sual yağdırırdı Baş komandana,

Düzülürdü qara sapa suallar,

Naqolay suallar, qaba suallar,

Hər söz mühakimə, hər söz iddia,

Hər sözün içində saxta müddəa,

Hər gün izah işi, hər gün hesabat,

Hər gün təzə səfir, təzə diplomat,

Köhnə yanaşmalar, köhnə adətlər,

İkili standart, ikili şərtlər...

 

İttiham yağırdı Azərbaycana,

Yağırdı əsassız mühakimələr,-

Kilsə belə gəldi,

xaç belə getdi,

Keşişin başında tac belə getdi...

 

"Bayraqdar" kimindi,

"Harop" kimindi,-

Kimindi sizdəki "F-16"lar,

Sizdə döyüşürmü türk əsgərləri,

Niyə qayıtmadı,

niyə qaldılar...

 

Dünyada Qarabağ adına sanki,

Qarabağdan kənar döyüş gedirdi,

Gedirdi Avropa ölkələrində,

Gedirdi Asiya ölkələrində,

ATƏT-in mövqesiz fəaliyyəti

Donunca bölgənin qaynar yerində,

Gedirdi...

media müharibəsi,

Bir informasiya müharibəsi...

 

Qərəzli Fransa mediasına,

Norveç, Hollandiya mediasına,

Ali Baş Komandan çıxıb təkbətək

Səbrlə, təmkinlə cavab verirdi,

Dünyanın önündə

şax dururdu o.

Bütün təzyiqlərə sinə gərirdi,

Siyasi gücləri susdururdu o.

 

Sual yağmurundan çökürdü efir,

Hər sualdan əzab çəkirdi efir,

Dünyanın diqqəti Bakıda idi,

Gözü özgə gözdə tir gəzənlərin,

Bir gözü xəlvəti Bakıda idi,

Əli özgə cibdə yer gəzənlərin

Məkrli niyyəti Bakıda idi...

 

Bilsə də xisləti şərdi, böhtandı,

Hay yenə öz murdar məkrinə uydu.

Kürsüdən "Qarabağ Ermənistandır",-

Deyib öz fikrinə,

nöqtə də qoydu.

Hay hardan biləydi,

nədən biləydi,

Bu cılız "nöqtənin",

bu cır "nöqtənin"

Başına yumruqlu "Nida" gələcək.

Hayın uydurduğu hər xəritənin

Hər saxta rənginə vida gələcək...

 

***

 

Ali Baş Komandan birliyimizin

Dünyaya yayılan efir səsiydi,

Vətənin ərazi bütövlüyünün

Həm əsgəri idi,

həm də memarı,

Qələbə səsiydi,

zəfər səsiydi,

Dünyanın ən uca kürsülərində

Diplomat səsiydi,

səfir səsiydi,

Haqqın, ədalətin təntənəsiydi,

Vətənin Qarabağ düyünlərini

Çözürdü hər kəsin başa düşdüyü

Hər kəsin duyduğu, qandığı dildə:

 

-Erməni əsgəri yaxşı eşitsin,

Assın sırğa kimi qulaqlarından.

Ölmək istəmirsə rədd olub getsin

Çıxsın Azərbaycan torpaqlarından.

 

Bizim yumruğumuz birliyimizdir,

Bizim birliyimiz qələbəmizdir,

Qələbə rəmzinə çevrildi birlik,

Döndü Qarabağda "Dəmir yumruğ"a.

Biz bütün dünyaya sübut eylədik,

Göstərdik yenilməz birliyimizi,

Darmadağın oldu erməni mifi,

Erməni lobbisi, erməni kifi...

 

Getdi cəhənnəmə o atəşkəslər,

O boş danışıqlar, boş barışıqlar,

Getdi baş qatmalar,

cəhənnəm oldu,

Dartıb uzatmalar cəhənnəm oldu,

Saxta havadarlar, saxta arxalar,

O saxta havalar cəhənnəm oldu,

"Status-kvo"lar cəhənnəm oldu...

 

Nooldu bəs,

erməni havadarları,

Erməni dostları, vəfadarları,

Yabanı erməni, alaq erməni,

Özü öz məkrinə dolaq erməni,

Hələ "referendum" keçirməliydi,

Paytaxtı Şuşaya köçürməliydi,

Döndü cəhənnəmə o mif, o xülya,

O şərt,

o status,

avtonomiya!

 

Gəl, baxın Fransa deputatları,

Gəl, baxın Belçika deputatları,

Gəl, baxın Niderland deputatları,

Gəl, baxın sevimli haylarınıza,

Gəl, baxın hiyləgər taylarınıza,

Nə günə qoyublar kəndlərimizi,

Söküb dağıdıblar bəndlərimizi,

Xaraba qoyublar qəsəbələri,

Rusun, fransızın əsabələri...

 

Keçib talançılar,

canilər burdan,

Oğrular,

rəzilər,

fanilər burdan,

Hər yeri dağıdıb viran qoyublar,

Qırıb Zəngilanın meşələrini,

Söküb Ağdamın pir guşələrini,

Əbədi işğalda saxlamaq üçün

Hər giriş-çıxışda səngər qazıblar,

Adların üstünə adlar yazıblar,

Bu cılız məxluqlar,

quduz cüssələr,

Tikiblər hər yerdə hərbi hissələr.

 

Tərtər Qarabağın Naqasakisi,

Ağdam Qarabağın Xirosiması,

Hər yolda, keçiddə bir vandal izi

Hər daşda, divarda hayın siması.

 

Dağıdıb daş üstə daş qoymayanlar

Daşların altında daş gizlədirlər.

Çıxarıb göz üstə qaş qoymayanlar

Gözündə yalançı yaş gizlədirlər.

 

Hanı bəs millətlər təşkilatları,

Hanı bəs o küylü MDB, ATƏT,

Hanı bəs BMT qətnamələri,

Qətnamə-qətnamə donan həqiqət,

Avropa şurası hardadı indi,

Avropa birliyi hardadı indi,

Hanı cenevrələr,

konvensiyalar,

Hanı ədalətli reaksiyalar,

Əkin yerlərində səngər qazanlar,

Mina basdıranlar, mina əkənlər,

Günahsız qanlara düymə basanlar,

Mülki əhaliyə tətik çəkənlər,

Niyə qınanılmır tərəfinizdən,

Əksinə,

qudurub tərifinizdən...

Gör hansı düşmənlə qarşı-qarşıyıq,-

Hansı vəhşilərlə üz-üzəyik biz,

Hansı vəhşiliyə sinə gəririk

Hansı quldurları məhv edirik biz...

 

Daha bizlik deyil saziş meydanı,-

Nə ağıl, nə də ki, rəng yerimizdir.

Hər səngər birinci döyüş meydanı,

Hər səngər sonuncu cəng yerimizdir.

 

Erməni dostları yaxşı eşitsin,-

Yaxşı tənzimləsin öz yaddaşını.

Erməni faşizmi baş qaldırarsa

Bir də əzəcəyik onun başını!

 

***

 

Gəlirdi düşməni haqlı bilənlər,

İsti aşımızı soyudurdular.

Bizə dərs keçməyə göndərilənlər,

Dərs alıb evinə qayıdırdılar.

 

Dərs alıb fransız mediası da,

Lap elə almanın,

lap elə rusun,

Dərs alıb imansız mediası da,

Haqqın diqtəsiylə hesablaşırdı,-

Zamanın hökmüylə barışırdılar,

Vətənin Qarabağ qələbəsinə

Könülsüz-könülsüz alışırdılar...

 

Müzəffər ordumuz,

şanlı ordumuz,

Bu böyük zəfərin baş qəhrəmanı,-

Urusu urusca, farsı da farsca

Öyrətdi öyməyi Azərbaycanı...

 

***

 

Səni qazi-qazi qaytardım, Vətən,

Qəhrəman-qəhrəman qaytardım səni.

Səni şəhid-şəhid qaytardım, Vətən,

Cana can, qana qan qaytardım səni.

 

Özünü özünə qaytardım, Vətən,

Adını adına qaytardım sənin.

Közünü közünə qaytardım, Vətən,

Odunu oduna qaytardım sənin.

 

Ruh ruha calandı,

təpər təpərə,

Yol yola dirəndi,

sipər sipərə,

Dişim, dırnağımla qaytardım səni,

Didib cırmağımla qaytardım səni,

Əzmim, hünərimlə qaytardım səni,

Ordum, əsgərimlə qaytardım səni,

Dəmir birliyimlə qaytardım səni,

...və həmrəyliyimlə qaytardım səni!

 

İndi bu Vətənin hər yeri bizim,

Bura doğumluyuq,

bura bağlıyıq.

İndi bir adı var hər birimizin

İndi hər birimiz Qarabağlıyıq!

 

Hələ qarşımızda min-min uğur var,

Mehri, Dərələyəz, həm Zəngəzur var!

 

Vətən! Bir ürəkdə döyünən candır,

Qarabağ bizimdir,-

Azərbaycandır!

 

***

 

Hiss,

həyəcan,

təlatüm,

Ah yerinə qayıtdı.

Can yerindən oynadı,

Ruh yerinə qayıtdı.

Səngər-səngər açdı yer,

Şəhid-şəhid saçdı yer,

Gah yerindən qaçdı yer,-

Gah yerinə qayıtdı.

 

Atıb çiynindən dağı,

Şuşa öpdü bayrağı,

Qaytarıb Qarabağı

Şah yerinə qayıtdı.

 

***

 

Güman keçməz dağları,

Aşa-aşa qayıtdıq,

Yumruq kimi birləşib

Coşa-coşa qayıtdıq,

Biz Kəlbəcər-Kəlbəcər

Şuşa-Şuşa qayıtdıq,

Başın uca, üzün ,

Gözün aydın, Qarabağ!

 

Hər döyüşün başında

"Yurd yeri" var, "Cəngi" var,

Hər həmlədə ordumun

Nərəsi var, cəngi var,

Cəngavər oğulların

Şanlı zəfər rəngi var,

Gör nə deyir Lələdağ,-

Gözün aydın, Qarabağ!

 

Hər qazi bir qaladı,-

Bir qələbə örnəyi,

Şəhid-şəhid ovundu

Bu torpağın göynəyi,

Göydə mələklər öpdü

Neçə qanlı köynəyi,

Bu müqəddəs nura bax,

Gözün aydın, Qarabağ!

 

Vətəndi bu savaşın

Hər sirri, hər sehri də,

Bir atanın öyüdü,

Bir ananın mehri də,

Uçundu Göyçə-Göyçə

Zəngəzur da, Mehri də,

Silkələndi Ağrıdağ

Gözün aydın, Qarabağ!

 

Bir fırtına kükrədi

Qisas adlı limandan,

Yer əsdi, göy titrədi

Bu anddan, bu imandan,

Xalqın güvənc yeridi

Ta Ali Baş Komandan,

Dalğalan bayraq-bayraq,

Gözün aydın, Qarabağ!

 

Ramiz QUSARÇAYLI

 

525-ci qəzet.- 2022.- 11 may.- S.18-19.